Qapı açıb-örtmək növbəsində dayananlar

img

04-12-2013 [19:09]



Bir ad günü məclisində məcburən iştirak etməli oldum. Bir gürcü qonağımız vardı. Ad gününü musiqili restoranda qeyd etmək istəyirdi. Adamı başa sala bilmədik ki, bura Tiflis deyil. Gürcü qonağımız bizim niyə restorana gedib kabinetlerdə gizlənməyimizi əsla anlaya bilmirdi. Onu başa salmağa çalışdıq ki, biz bir-birimizin davranışlarına arxayın deyilik, ona görə kabinetlərdə gizlənirik. Ya da bizi elə günə salıblar ki, bir-birimizin üzünə görünmək istəmirik. İstəmirik söhbətimizi kimsə eşitsin. Kabinetlərə yığışıb ölkədəki vəziyyət haqqında pıçıldaşırıq. Uzun müzakirədən sonra dostlar şəhərin adi hallanan restoranından birin seçdilər. Burda zəruri bir haşiyəyə çıxaraq qeyd edim ki, mən heç vaxt parıltıya, qab-qacağın bəzək-düzəyinə qaçmamışam. Həmişə dad axtarmışam. Demirəm çox restoran görmüşəm, amma az da görməmişəm. Hər şey bir tərəfə hardasa təxminən bu vaxta qədər yüzdən artıq banketdə olmuşam. Narazı deyiləm olmaya da bilərdi.

Dostların seçdiyi restoran şəhərin adi hallanan restoranından biri olsa da burda da hər şey zövqsüzlükdən, bayağılıqdan xəbər verirdi. On şiş kabab, bir kütüm qızartması, bir toyuq cığırtması, 750 qramlıq Nemiroff arağı və yüngülvari salat, turşu sifariş verdik. İki yüz doxsan üc manat hesab gəldi. Çaxırı gürcü qonağımız gətirmişdi. Belə yerlərdən uzaq qaçmağımda haqlı olduğumu bir daha anladım. Ürəyim sıxılırdı. Ətrafdakıların isə xoşbəxtliyi açıq-aşkar hiss olunurdu. Tez-tez koridora çıxıb hava alırdım. Burda qəribə bir mənzərə ilə rastlaşdım. Deməli zalda masa arxasında bir adam oturmuşdu. Bu adam restoranın administratoru idi. Yəqin hansısa cənabın əmisi oğlunun oğludur. Ya da xalası qızının əridir. Ya da dayısı qızının oğludur. Hansısa məclisdə yaxınlaşıb cənaba deyib ki, işsizəm. O da deyib ki, get otur filan restoranda pul hesabla. Restoranın müdirinin yəqin öz otağı var. O müdir də yəqin ki, kiminsə əmisi oğludur. Beləcə regionçuluğun hökm sürdüyü ölkədə hər kəs öz qohumunu, öz yerlisini ətrafına yığıb işin görür. Başqasına inanmır. Həm də qohum əqrabaya çörək verir. Restoranın da həqiqi sahibi yəqin ki, hansısa komitə sədridir. Ya nazirdir, ya da nə bilim kimdir. Hər halda mövcud siyasi gücün təmsilçisi və tərəfdarıdır. Mövcud siyasi gücün təbliğatçısıdır. Başqa cür mümkün deyil. Deməli bu restoranın administratoru tez-tez bayıra çıxırdı. Hər dəfə o bayıra çıxanda restoranın bir işçisi qaça-qaça gəlib onun üçün qapını açıb örtürdü. O adam da azca bayırda dayanırdı sonra bir də içəri girirdi. Sonra yenə bayıra çıxırdı. Yenə də restoranın işçisi qaça-qaca gəlib qapını onun üçün açıb örtürdü. Mən hiss etdim ki, kiminsə onun üçün qapı açıb örtməsi restoranın administratorunun hədsiz xoşuna gəlir. Çünki o özü də öz növbəsində restoranın müdiri üçün qapı açıb örtür və yəqin ki, bu xidmətdən hədsiz zövq alır. Restoranın müdiri də yəqin ki, restoranın sahibi üçün qapı açıb örtür və yəqin ki, o da öz növbəsində restoranın həqiqi sahibi üçün qapı açıb örtməkdən hədsiz zövq alır. Beləcə hərə bir adam üçün qapı açıb örtür. Eləcə də kimlərsə də onun üçün qapını açıb örtür. Beləliklə bütöv bir millət hal-hazırda qapı açıb örtməklə məşğuldur və kim bu ölkədə qapı açıb örtmək istəmirsə hədsiz dərəcədə ağır şərtlər altında yaşamağa məcbur olur. Mən administrator üçün hər dəfə qapını həvəslə açıb örtən cavan oğlanın sifətinə diqqətlə baxdım. O xoşbəxt görünürdü. İşindən razı idi. Elə gülümsəyirdi ki, yalnız öz peşəsindən, həyatından hədsiz dərəcədə razı adamlar elə gülümsəyə bilərlər. Əlbəttə onun özünü xoşbəxt hiss etməyə haqqı var. Qapı açıb örtməyə hazır bu ölkədə nə qədər adamlar var. Nə qədər adam onun yerində olmaq istəyir. O isə necə olubsa artıq həyatdakı ən ali məqsədlərindən birinə nail olubdu. O qapı açıb örtür. Deməli həyatənı az-çox təmin edibdir. Minlərlə, on minlərlə adam qapı açıb örtmək üçün növbədə dayanıbdır. Bu uzun növbədə irəli çıxmaq, kiminsə qapısın açıb örtmək şərəfinə nail olmaq asan məsələ deyil.

Bir balaca da restoranın muştəriləri haqqında yazmaq istəyirəm. Onlar özlərin çox rahat hiss edirdilər. Hiss etdim ki, bu onların adi gündəlik həyatlarıdır. Biz onların fonunda çox yazıq görünürdük. Bir balaca diqqətlə bizi müşahidə edən adam olsaydı görərdi ki, biz burda tam təsadüfi adamlarıq. Belə restoranlara rahat gedib gələn adamların Avropanı bəyənməməklərini, avropalılara hədyanlar yağdırmaqlarını səmimi qəbul etmək lazımdır. Burda onlar özlərini çox rahat hiss edirlər. Onların fəaliyyəti, inkişafı, pul qazanması üçün ölkədə tam münbit şərait var. Siyasətə qarışmırsan, qarışanda da ancaq mövcud siyasi gücə dəstək verirsən, özündən vəzifəliyə, özündən pulluya yaltaqlanıb, özündən zəifi basıb əzirsən, sənə tapşırılan qapını açıb örtürsən... Vəssalam, get yaşa. Ata-ana, qohum eqraba maşın alıb verəcək. Ev də alacaqlar. Lazımı yerdən qız da tapacaqlar. Səndən tələb olunan ağıllı olmaqdır. Pis adamlara, ölkənin sabitliyini pozanlara, inkişafımızı gözü götürməyənlərə, xarici təşkilatların təsiri altında olanlara qoşulmamaqdır. İyirmi ildir ki, bizim ölkədə yalan danışmaq, satqınçılıq, xəbərçilik, yaltaqlıq mükafatlandırılır. Yalan danışırsan sənə pul mükafatı verirlər. Dostuna xəyanət edirsən sənə deputat mandatı verirlər. Gördüyünü dilə gətirdikdə, doğrunu dedikdə, yaltaqlanmadıqda isə səni izləyirlər, döyürlər, həbs edirlər, işdən çıxarırlar, maddi çətinliklərlə üzləşməli olursan. Belə bir ölkədə onlar üçün "mən siyasətə qarışmıram" deyib yaşamaq cox asandır. Ona görə də "mən siyasətə qarışmıram" dəyənlərin Avropaya, avropalılara, onların bu rahatlığını pozmaq istəyən bir dəstə adama qarşı nifrətini səmimi qəbul etmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq