Premyer liqada növbəti oyundan sonra keçirilən mətbuat konfransında mia.az-ın əməkdaşının suallarını cavablandıran "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov klub rəhbərlərinin ünvanına sərt danışıb.
Mia.az xəbər verir ki, baş məşqçi futbol komandalarına əcnəbi mütəxəssislərin və baş məşqçilərin təyin olunmasının səbəbinin rəhbərlərin qərarı ilə bağlı olduğuna diqqəti cəlb edib.
Yeri gəlmişkən, Premyer liqanın 25-ci turu çərçivəsində Yevlaxda keçirilən oyunda "Karvan-Yevlax" "Zirə"ni qəbul edib. Gərgin oyunda meydan sahibləri ikinci hissənin sonuna yaxın hesabı açmağa nail olsalar da, hakim epizodun oyundankənar olduğuna qərar verib. Bundan sonra emosional böhran yaşayan "Karvan" oyunçuları oyunun sonunda vəziyyətə nəzarəti əldən verərək, qapısından qol buraxıb. Maraqlıdı ki, "Karvan"nın qeydə alınmayan yeganə qoluna həmin anda ilk reaksiya verən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov olub. Onun əl işarəsi ilə etirazından sonra hakim VAR-a yollanıb və qolu ləğv edib.
Meydanda yaranan təxminən 4 dəqiqəyə yaxın fasilə azarkeşlərin və "Karvan" oyunçularının etirazıyla müşayiət olunub. Qol ləğv ediləndən 10 dəqiqə sonra aktivləşən "Zirə" vurduğu qolla meydan sahiblərini məyus edib. Yeri gəlmişkən, "Karvan"nın ardıcıl məğlubiyyət seriyasının ardından turnir cədvəlindəki yeri 8 xalla ümidverici heç nə vəd etmir: autsayder olaraq təhlükə hələ də var. Təbii ki, əgər qarşıdakı son 8 turda vəziyyəti dəyişməyə nail olmasa, Premyer liqanı yüzdəyüz tərk edəcək. Hazırda klubun yerli futbolun inkişafı yolunda həyata keçirdiyi ardıcıl tədbirlərin və töhfələrin fonunda bu durum üzücü görünür.
Qol epizodlarının ləğvi də birmənalı qarşılanmır. Xüsusilə bu hallar zamanı rəqibin etirazı nəzərə alınırsa, tərəfleşlik iddiası ortaya atılır.
Mia.az-ın əməkdaşı mətbuat konfransında Rəşad Sadıqovdan əvvəlcə bunu soruşub:
- Mənə belə gəlir ki, məhz sizin etirazdan sonra "Karvan"nın qol epizodu nəzərə alınmadı və sanki "Zirə"nin qalib olması üçün dəstək verilməsi görüntüsünü ortaya qoydu. Ən azından azarkeşlərin belə düşündüyünü gördünüz. Çünki o andan etibarən vəziyyət dəyişdi, oyunun tempi aşağı düşdü və qısa vaxt da olsa, yenilik etməkçün imkan və şans qazandınız.
- Bizə şans yaradırlar? O qədər hakim haqsızlıqlarıyla üzləşirik.
- Amma bu, oyunun nəticəsinə təsir etməyəndə heç kimdə şübhə doğurmur. Sizin etirazdan sonra oyun dayandı, ab-hava dəyişdi. Sizin qoldan sonra oyunçularınızın psixoloji üstünlüyü yarandı.
- Mən sizi başa düşürəm. Amma qol haqlı olaraq qeydə alınmadı. O ki qaldı bizə qalib olmaqçün şərait yaradılmasına, mən 6 ildi, bu komandadayam və bizim lehimizə verilən qərarlar, məsələn, penalti, yaxud qırmızı vərəqələrin sayı maksimum 1-2 olub.
-Fürsət düşmüşkən, bir mövzuyla bağlı mütəxəssis olaraq fikrinizi bilmək istəyirəm. Premyer liqada il-ildən əcnəbi mütəxəssislərin və baş məşqçilərin sayı artmaqdadı. Təbii ki, biz yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyıq, onların təcrübəsinin yayılmasını və inkişafını istəyirik. Amma iş ondadı ki, əcnəbilər gəlir və bizim məşqçilərin bacara bilmədiyini bacarır. Sizcə, bunun sirri nədədi? Eyni komanda, eyni infrastruktur, eyni hazırlıq, məşqlər, imkanlar. Niyə futbolçular əcnəbi məşqçi ilə qol vurur, amma yerli məşqçi ilə uduzur?
-Məsələn, kimi nəzərdə tutursunuz?
-Saşa İliç, Valdas Dambrauskas, Yuri Vernidub.
-Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev, Aftandil Hacıyev və digərləri öz komandasını Avrokuboklara aparıb.
-Sadaladığınız məşqçilərdən indi yalnız Ayxan Abbasov işləyir. Mən də deyirəm ki, onlara uzunmüddətli şans verilmir.
-Məşqçilərin uzun müddət bir yerdə olması da mümkün deyil axı.
-Niyə? Qurban Qurbanov 17 ildir bir yerdə işləyir.
-O da komandadan, klubdan asılıdı. Qurban müəllim elə bir komandada ola bilərdi ki, 2 ildən bir klubunu dəyişərdi. Burada söhbət ustalıqdan gedirsə, bəli, ola bilər ki, kimsə kimdənsə üstün olsun. Özü də indinin məsələsi deyil ki. İllərdi, bizdə əcnəbi məşqçilərə həvəs olub. Hansı klubun ki, pulu az olur, yerli məşqçiylə danışır ki, az büdcəylə işini görsün, ortaya bir şey çıxarsın. Klub rəhbərlərinin pulu çox olanda isə əcnəbi məşqçilərə üstünlük verir. Elə götürək, milli komandanı. Əcnəbiləri gətirirlər, sonra görürlər ki, əcnəbi məşqçilər effekt vermir, çox tənqid olunur, yenə azərbaycanlı məşqçilərə qayıdırlar. Bu, sırf klub rəhbərlərinin qərarıdı, onlardan soruşmaq lazımdı bunun səbəbini. Ola bilsin, əcnəbilərlə işləmək daha komfortdu, bilmirəm əsas səbəbini. Amma heç bir halda mən məşqçilərimizi əcnəbilərlə müqayisə etmərəm. Futbolçularımız peşəkarlıq və digər keyfiyyətlərə görə əcnəbi futbolçulardan fərqlənə bilər. Amma yerli məşqçilərimizə də əcnəbiyə verilən büdcə və imkanlar verilsə, daha fərqli nəticələr əldə edilə bilər. Bu mövzunu oturub danışsaq, çox uzun olacaq. Yerli məşqçilər heç bir əcnəbidən geri qalmır.
- Onda bəs niyə onların sayı azalır Premyer liqada?
- Bu bəzən onların şəxsi qərarıyla da bağlı ola bilər. Məşqçi bəzən pauza götürür, bəzən təklifdən imtina edir. Bunlar normal hal hesab edilir.
Onu da qeyd edək ki, "Karvan-Yevlax" baş məşqçisi Fizuli Məmmədov mia.az-ın əməkdaşının sualına cavabında qolun ləğvi ilə razılaşdırılmadığını bildirib. Onun sözlərinə görə, ləğv üçün yetərli əsas olmayıb.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax