"Şamaxı" AFFA İntizam Komitəsinin klubun U-15 komandasının məşqçisi Vüqar Süleymanovla bağlı qərarından apellyasiya şikayəti verəcək.

Bu barədə mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib.

"Klub olaraq, ümumilikdə həmin oyun zamanı baş verən olaylarla bağlı təəsüflənirik. Amma İntizam Komitəsinin qərarlarında yanlışlıqların olduğunu hesab edirik. Qərardan AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət veriləcək", - deyə klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, aprelin 22-də keçirilən "Metak"la görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq(Report).