"İşləmək istəyən iş tapar..." - Prezident İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində + FOTO

img

22-10-2018 [20:36]


Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

Dövlət başçısı deyib ki, meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib: "Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında "Taxtakörpü” və "Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir. Gələcək planlarımızda da meliorativ tədbirlərin görülməsi xüsusi yer tutur. Növbəti illərin Dövlət İnvestisiya proqramlarında da bu layihələr öz əksini tapacaq. Xüsusilə, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq. Əvvəlki illərdə də bu sahəyə böyük diqqət göstərmişik və qeyd etdiyim layihələr bunun əyani sübutudur. Növbəti illərdə daha böyük diqqət göstəriləcək. Çünki bu, ilk növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir. Digər tərəfdən, başqa infrastruktur layihələrinin icrası demək olar ki, başa çatır. Biz əlbəttə ki, növbəti illərdə də yolların çəkilişi, qazlaşdırma, içməli su layihələrinin icrası ilə məşğul olacağıq. Ancaq meliorativ tədbirlərin həyata keçirilməsi, hesab edirəm ki, əsas prioritet məsələ olacaqdır.

"Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq. Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək. Eyni zamanda, su olan yerdə məhsuldarlıq da artır. Biz bu artan məhsuldarlığı görürük. Xüsusilə, biz bunu iri fermer təsərrüfatlarının fəaliyyətində görürük. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında məhsuldarlıq təqribən 50 sentnerə yaxındır, ya da ki, ondan çoxdur. Ona görə, həm meliorativ tədbirlər, həm kənd təsərrüfatı sahəsində aparılan çox ciddi islahatlar, elmi yanaşma, torpaqlardan düzgün analizin aparılması və fermerlərə buna uyğun olaraq tövsiyələrin verilməsi, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikasının dövlət xətti ilə ölkəmizə gətirilməsi, - qeyd etməliyəm ki, bu il 5 mindən çox, keçən il 9 mindən artıq texnika aqrolizinq xətti ilə gətirilib fermerlərə verilmişdir, - gübrələrin, yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi, fermerlərin vergilərdən tamamilə azad olunması, - torpaq vergisi istisna olmaqla, - bütün bu tədbirlər və üstəgəl sahibkarlığın inkişafına təkan verən tədbirlər, güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlərin verilməsi və eyni zamanda, kompleks tədbirlər nəticəsində biz kənd təsərrüfatının inkişafına nail oluruq. Mən tam əminliklə deyə bilərəm ki, növbəti illərdə bu sahədə daha da böyük irəliləyiş, uğurlar olacaqdır. Çünki əvvəlki illərdə də bu sahə inkişaf edib, ancaq hazırda ən müasir texnologiyalar, elmi yanaşma əsasında, düzgün təhlil və infrastruktur layihələrinin icrası nəticəsində biz kənd təsərrüfatını inkişaf etdirəcəyik. Bu, bizim iqtisadi gücümüzü artıracaq, qeyri-neft sektorumuzu gücləndirəcək, eyni zamanda, məşğulluğu da artıracaqdır. Çünki hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdir. Ancaq nəzərə almalıyıq ki, hər il ölkə əhalisi 100 min nəfərdən çox artır, hər il 100 mindən çox uşaq doğulur. Bu da bizim böyük sərvətimizdir, üstünlüyümüzdür. Ancaq bizim iqtisadi inkişafımız, xüsusilə iş yerlərinin yaradılması bu inkişafa uyğun şəkildə təmin edilməlidir. Ona görə, məşğulluğun artırılması daim gündəlikdə duran məsələdir.

"Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik. Böyük maliyyə vəsaiti tələb edən beton su kanalının çəkilişi 53 min hektara, - hansılar ki, ya tamamilə suvarılmayıb, ya da ki, qismən suvarılıb, - yeni həyat gətiririk, imkanlar yaradırıq ki, vətəndaşlar əksinlər, becərsinlər, pul qazansınlar, daha yaxşı yaşasınlar, evlər tiksinlər və xalqımızın rifahı yüksəlsin. Budur bizim əsas məqsədimiz və bu məqsədə çatmaq üçün biz əlimizdən gələni edirik. Nəticələr də göz qabağındadır. Qeyd etdiyim kimi, məşğulluqla bağlı problemlər həll olunur, sahibkarlara bundan sonra da böyük diqqət göstəriləcək. İki milyard manatdan çox güzəştli kreditlərin verilməsi özlüyündə böyük nailiyyətdir, böyük nəticədir. Biz investisiyaların təşviqi ilə bağlı çox önəmli addımlar atmışıq, yeni mexanizm işlənilib. Təkcə aparılan islahatlar nəticəsində, investisiya təşviqi mexanizmi işə düşəndən sonra yerli sahibkarlar ölkə iqtisadiyyatına 2 milyard manatdan çox sərmayə qoyublar. Yəni, imkanlar var, həm kreditləşmə yolu ilə, həm sahibkarların öz vəsaiti hesabına münbit şərait yaradılıb, investisiya iqlimi çox müsbətdir və dövlət dəstəyi də göz qabağındadır. Onu da bildirməliyəm ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq". 

Prezident İlham Əliyev qeyd edib ki, rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir: "Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun. Fermerlər vergilərdən azaddırlar, torpaq vergisindən başqa, o da çox cüzi bir rəqəmdir. Subsidiyalar verilir. Yanacaq, gübrə, kreditlər güzəştli şərtlərlə, elə faizlə verilir ki, indi o faizlə heç bir yerdə kredit almaq mümkün deyil. Rayonlarda aqroparkların, sənaye zonalarının, yeni infrastrukturun yaradılması, meliorativ tədbirlər, həmçinin yol, elektrik enerjisi, qazlaşdırma, içməli su layihələri üçün dövlət dəstəyi göstərilir. Budur bizim siyasətimiz və bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və gözəl nəticələrə gətirib çıxarır. Bu gün açılışına toplaşdığımız Araz çayının beton su kanalının çəkilişi çox önəmli, əlamətdar hadisədir. Bu layihənin icrası nəticəsində ölkəmiz daha da inkişaf edəcək, xalqımız daha da yaxşı yaşayacaqdır". 

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR