Şriftin ölçüsü / 708 dəfə oxunub

Prezident seçkilərinə namizədliyi irəli sürülənlər neçə nəfər oldular... - SİYAHI

13 Fevral 2018 [13:33]

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərdən sənəs qəbuluna fevralın 20-də start veriləcək. 

Qanunvericiliyə görə, prezidentliyə namizəd olmaq istəyən şəxslər sənədlərini səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün qalmış saat 18.00-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərini MSK-ya təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq.

Modern.azsaytının məlumatına görə, bu günə kimi xeyli şəxsin namizədliyi irəli sürülüb. 

Bunlar hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, Azərbaycan Xalq Cəbhəsi partiyasından ayrılan qanadın rəhbəri Razi Nurullayev, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, AĞ Partiya başqanı Tural Abbaslı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdir.

Bundan əvvəlki seçkilərdə namizədliyini irəli sürənlərin bir qismi indiki seçkilərdə iştirak etməmək qərarı alıblar.

Məsələn, 2013-cü ilin prezident seçkilərində Milli Şuranın sədri Cəmil Həsənli, Ümid Partiyasının sədri İqbal Ağazadə namizəd olsalar da, bu dəfə növbədənkənar seçkilərdə iştirak etməyəcəklər.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ötən prezident seçkilərində namizəd olsa da, bu il deyəsən əksini müşahidə edəcəyik. Həmçinin ötən seçkilərdə namizəd olmuş Ədalət Partiyasının sədri İlyas İsmayılov da builki növbədənkənar seçkilərlə bağlı qərarını açıqlamayıb.

Budəfəki seçkidə Müsavatın keçmiş lideri İsa Qəmbər də iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkilərin aprelin 11-nə təyin olunub.




SON XƏBƏRLƏR