Şriftin ölçüsü / 508 dəfə oxunub

Əliyevin seçki qərarı nələrə indekslənib? - Deputat erkən seçkidən yazır

07 Fevral 2018 [13:53]

Zahid Oruc,

millət vəkili,

****

90-cı illərin reallığını nə qədər istəsək də beyinlərdən silə bilmərik. Hər dəfə dövlətin verdiyi qeyri-ənənəvi qərarlar zamanı hamının uyğunlaşdığı və qəbul etdiyi qaydaların dəyişməsi avtomatik olaraq, Sovetlər Birliyinin dağılmasından sonrakı hadisələri yada salır.

Əlbəttə, çoxdan yaranmış sindromun səbəblərini müxtəlif sosial-psixoloji amillərlə izah etmək olar. Axı dövlətçilik təcrübəsi zəif olan xalqların hamısında itirmək və qorxmaq duyğusu var. Amma siz imperiya keçmişini uğurla istismar edən qardaş Türkiyədə "yox olmaq” və "xəritədən silinmək” təhlükəsini müşahidə edə bilməzsiniz. Belə mənəvi-ruhi hal türk milli xarakterinə çoxdan yaddır. Lakin Azərbaycanda hakimiyyətin müvazinətinin pozulduğu və dayanıqlığını itirdiyi andaca avtomatik olaraq dövlət maşını da çökür, müstəqillik və azadlıq arzularının məcmusu olan atributlar da bir göz qırpımında yerlə-yeksan olur.

Deməli, SSRİ-nin çöküşündən sonrakı tariximizin yenidən dirçələrək gündəliyə qayıtmaq təhlükəsi hələ qalır və beyinlərdəki xaosu qazıyıb atmaq üçün müəyyən bir zamana ehtiyac var. Məhz o səbəbdən, hətta qanuniliyinə kiminsə şübhə ilə yanaşdığı keçmiş seçki hadisələri belə, tankın və topun lüləsindən çıxan siyasi talelərdən daha yaxşı qəbul olunur. Kimsə ayağa qalxıb həmin nəticələri silahla dəyişdirməyə cəhd göstərmir.

Hamı qəlbinin dərinliyində yaxşı anlayır ki, lokal bir ərazidə, yaxud, hakimiyyət qollarından birində edilən qanunsuzluq bütövlükdə ölkənin Birinci şəxsi tərəfindən gedilən strateji kursa xələl gətirə və bizi yolumuzdan döndərə bilməz. Əslində həqiqətdə də belədir.

Açıq desək, məsələn, bir parlament üzvünün yerində olmaması, yaxud, korrupsiyaya bulaşan nazirin qurduğu cinayətkar sistem dövlətin etimadını itirən şəxsin özfəaliyyəti hesab edilir və ona görə də milli iradəni ifadə edən TƏK BİR ADAMIN şəxsiyyəti bütün pisliklərdən uca tutulur, bəzənsə, müqəddəsləşdirilir.

"İlham Əliyev güclü siyasi qrossmeyster kimi, apreldən sonra Azərbaycana qarşı köklənən qüvvələri qabaqlayır, planları pozur və öz dövlətçilik ssenarisini ortaya qoyur”

Yoxsa keçmiş MTN ətrafında yaşananlar yetərliydi ki, vətəndaş itaətsizliyi və sosial üsyan qaçılmaz olsun. Əgər adamlar gedib kimisə sarayında linç edərək "samosud”a məruz qoymursa, deməli, daxillərində dövlətin rəhbərinin ədalətinə və günahkarları cəzasız qoymayacağına dərindən inanırlar.

Buradan belə bir nəticə hasil olur: legitimlik deyilən fenomen təkcə şəffaf qutudan çıxmaqla müəyyənləşmir, həm də dövlətin əl atdığı ilk baxışda qeyri-hüquqi görünən aktlara vətəndaşların göstərdiyi itaət və anlayışla ölçülür.

Diqqət yetirin, şəraitin bizi idarə etdiyi 1993-cü ilə qədərki dövrün özünəməxsusluğu təkcə Xalq Cəbhəsi adlı milli qüvvələrin hakimiyyətə gəlib dərhal Konstitusiyanı qəbul elətdirə bilməməsində deyildi, hərçənd ki, o vaxtlar Azərbaycanın taleyi qanunlardan daha güclü xarici qüvvələrdə və daxildə şərtləri diqtə edən dəstələrdə idi. Onları heç bir hüquq çərçivəsi ilə buxovlamaq olmurdu. Ancaq düz 25 ildir ki, hətta hamının qane olmadığı şəraitlərdə belə xarici dairələrin və ölkəiçi iqtisadi-siyasi mənafe qruplarının razılaşması ilə yaranmış düzəni heç kəs pozmaq istəmir. Niyə belədir, sizcə? Nədən kütlələrin və elitanın arasında ən aqressiv məsələ ətrafında da sonda konsensus tapıla bilir?

 Fikrimizcə, ona görə ki, arzuolunmaz ssenarilərin hara aparıb çıxaracağını hər kəs yaxşı anlayır.

KELT 2.jpg (55 KB)

Bəs "hakimiyyətin yıxılması, dövlətin çöküşü”dür, deyib bütün qərarlara haqq qazandırmaq, dövlətin idarəçilik quruluşunu və şəklini istədiyin kimi dəyişmək olarmı? 

Suala cavab verməzdən əvvəl, ”Göylər imperiyası” adlanan Çin dövlətini böyük bir qitənin əzəmətli imperiyasına çevirən Tsin Şixuanın tarixdə formalaşmış "qəddar” obrazını xatırlamaqda fayda var.

Rəqib tayfalarının başçılarına birləşmək təklifi verən hökmdarın müraciətinə itaət göstərməyənlərlə necə sərt və amansız davrandığını deyənlər, çox sonralar sərhədləri və möhkəm özülü qazılmış bir dövləti ayrı cür qurmağın qeyri-mümkünlüyünü etiraf etməyə məcbur olmuşdular.

İndi başqa bir mətləbə keçək. 

Seçkilərin təsadüf etdiyi bir əsrlik yaşın müasir dövrümüzə təsirindən danışaq. Anlamağa çalışaq ki, respublika quruluşunu, müstəqil dövlətçiliyin 100 illiyini qeyd etməyə hazırlaşan və Cümhuriyyət ideallarının ardıcılları olduqlarını sübut etmək istəyən bir xalqın 11 aprel seçkilərinə münasibəti necə olmalıdır?

Qəribə səslənsə də deməliyik ki, varislik ənənələrinə əməl etmək bütün hallarda uğurlu nəticələri şərtləndirmir. Niyəsi, əlbəttə, çoxdur. Əvvəlcə, gəlin görək, Şərqin demokratik dövlətini ərsəyə gətirənlər, xalqın istiqlalını qorumaq üçün öyündükləri nailiyyətlərin kölgəsinə sığınıb sağ qala və elan etdikləri bağımsızlığı əldə saxlaya bildilərmi?

Əhatəli yanaşma üçün respublika quruluşunun birinci növbədə nəyə ehtiyac duyduğunu bilmək lazımdır. Yazıb-oxuması Rusiya-İran müharibəsinin nəticələrinə bağlı olan bir xalqın savadlılıq dərəcəsi, yaxud, mədəni səviyyəsi bir-birinə nəzarət edən 3 hakimiyyət qolundan ibarət dövlət yaratmaqda həlledici rol oynaya bilməzdi. Zatən, çarizmin süqutundan sonra müstəqilliyinə qovuşan xalqların hamısında toplumun intellektual çəkisi Avropadan qat-qat geri qalırdı. Hətta öz qədimliyi ilə öyünən ermənilər belə, Osmanlıdan qalan idarəetmə səriştələri ilə regionda üstün bir statusa iddia edə bilmirdilər. Lakin davamlı sabitlik olmadan və əlverişli regional-beynəlxalq şəraitdən kənarda Fransa burjua inqilabının nəticələrini gətirib Qafqazlarda və Orta Asiyada əkib istədiyin bəhrəni ala bilməzdin.

KELT 4.jpg (61 KB)

Beləliklə, 100 il əvvələ qayıdanda qarşılaşdığımız acı mənzərə bizi düşündürməlidir. Nə, fəxarət mənbəyimiz olan çoxmillətli parlament modeli, nə də Milli Şura tərəfindən özgür, açıq və plüralist formada idarə olunan ölkənin bir qrup nəfssiz mütəfəkkiri Azərbaycanın istiqlaliyyətini itirməkdən sığortalaya və işğaldan xilas edə bilmədilər.

Əksinə, ölkənin ağır müharibəyə çəkildiyi şəraitdə yüz faizlik demokratik normaları gerçəkləşdirməyə çalışanlar təhlükəsizlik maraqları naminə bir qədər avtoritar, yaxud, "dəmir əl” idarəçiliyinə keçsəydilər, bəlkə də vəziyyət başqa cür olardı.

Halbuki müharibəyə at belində qoşulan qazi Mustafa Kamal bir millətin öndərinə çevriləndən sonra onu diktaturada günahlandıranlarla üz-üzə qaldı. Beynəlxalq irticanı sarsıtmaq Atatürk üçün o qədər çətin deyildi, nəinki, məhkəməsiz həbsə atılan adamlara görə çəkildiyi qınaqlar...

Ancaq xalqın sitayiş elədiyi və öz taleyini tapşırdığı adam milli mənafelər tələb edəndə qəddar görünməkdən heç vaxt qorxmadı. Ona görə 1-ci dünya müharibəsinin külündən yoğrulan Türkiyə Respublikasının varlığı üçün qapanan partiyalar və boğulan səslər heç zaman xalqın siyasi varlığından üstün yerə qoyula bilməz.

"... İki gün öncə Birləşmiş Ştatların dövlət katibinin xüsusi nümayəndəsi ayrıca olaraq, gəlib məcburi köçkünlərin seçkilərdən sonra torpaqlara qayıdış planına necə yanaşdıqlarını bilmək istəyir. Görünür, Ağ Evdə Putin-Əliyev arasında Qarabağ münaqişəsinin çözümü üzərindən daha böyük platformada... birləşmək qorxusu var və verilən siqnallara uyğun diplomatlar hərəkətə keçib”

Göründüyü kimi, hamının qəbul etdiyi azad seçkilərlə formalaşan bizim şanlı Cümhuriyyətimiz də bolşevik hücumunun qarşısını Tomas Cefersonun və Şarl Mönteskyönün ideyaları ilə ala bilməzdi. Əksinə, mövcud olduğu 23 ay ərzində 5 dəfə hökumət dəyişən ay-ulduzlu iqtidarımızın 11-ci Qızıl Ordunun əsgərləri qarşısında itaət göstərməkdən ayrı yolu qalmadı. Nədən ki, demokratiya köynəklərindən heç də həmişə təhlükəsizlik kəməri biçmək  olmur.

Faktiki olaraq, əsrin sonlarında özünü milli hakimiyyətin lideri sayan Əbülfəz Elçibəy arzuladığı dövləti yalnız demokratik vasitələrin gücü ilə bərqərar edə bilməzdi. Surət Hüseynovun tankları döyüş bölgələrindən çıxıb paytaxta üz tutanda bir kimsə onun qabağını böyük Məmməd Əminin əsərləri ilə saxlayacağına inanmırdı. O üzdən yıxılmasını hər zaman Rusiyadan verilən əmrlərə bağlayan bir hökumət addımlarını Kremlin hərəkətləri ilə sinxronlaşdırmağı bacarmalıdır.

KELT 1.png (605 KB)

İlham Əliyevin seçki qərarı Moskva və Vaşinqton arasında gedən amansız müharibənin növbəti raunduna indekslənib. Putinin bütün çevrəsini ona qarşı qaldırmağa və elitada parçalanmağa yaratmağa hesablanan son sanksiyalar əslində bir vaxtlar İran əleyhinə tətbiq olunan qadağaların eynisidir. Lakin rus xalqını iqtisadi təcridetməyə məruz qoyub onu çara qarşı qaldırmaq siyasəti tarixdə bir dəfə nəticə veribsə, bu o demək deyil ki, aclıq və müharibə 21-ci əsrdə də yeni inqilaba səbəb olacaqdır. Əksinə, Rusiya zəif olanda daha böyük təhlükəyə çevrilir. Ona görə də Tramp Putin əleyhinə körüklənən davanı müdafiə etmir. Belə şəraitdə Bakı siyasi əqrəbləri çox uğurla dəyişərək, dövlətçiliyi üçün mühüm qərarlar çıxarır.

Kimin onu necə qiymətləndirməsindən asılı olmayaraq, Azərbaycanda oktyabr seçkiləri növbəti beynəlxalq mənafe qruplarının, o cümlədən, Cənubi Qafqazı yenidən formatlamağa çalışan Qərbin növbəti toqquşma ünvanı ola bilərdi. Ermənistan çox uyğun vaxtda Rusiyanın kölgəsində ona qarşı yönələn təhdidlərdən yan keçməyə çalışsa da, sürprizlər hələ qabaqdadır.

Hakimiyyətin ağırlıq mərkəzi dəyişən kimi Baş nazir taxtına oturan Sarkisyan siyasi və iqtisadi qruplara əvvəlki nəzarəti itirə bilər. Belə olan halda Qarabağda hərbi vəziyyətin dəyişəcəyi istisna olunmur. İlham Əliyev güclü siyasi qrossmeyster kimi, apreldən sonra Azərbaycana qarşı köklənən qüvvələri qabaqlayır, planları pozur və öz dövlətçilik ssenarisini ortaya qoyur.

Əslində bölgəsəl maraqların tarazlığı naminə Qərb də rəsmi Bakının seçkilərin ertələnməsi qərarını qəlbən alqışlayır, əlində olan ATƏT, Avropa Şurası kimi institutları ona qarşı qaldırmır. Yalnız onu görmək lazımdır ki, iki gün öncə Birləşmiş Ştatların dövlət katibinin xüsusi nümayəndəsi ayrıca olaraq, gəlib məcburi köçkünlərin seçkilərdən sonra torpaqlara qayıdış planına necə yanaşdıqlarını bilmək istəyir. 

Görünür, Ağ Evdə Putin-Əliyev arasında Qarabağ münaqişəsinin çözümü üzərindən daha böyük platformada, məsələn, Avrasiya İqtisadi Birliyində birləşmək qorxusu var və verilən siqnallara uyğun diplomatlar hərəkətə keçib.

KELT 3.jpg (72 KB)

Halbuki Avropa Birliyinin strateqləri yaxşı bilir ki, ötən ilin noyabrında Brüsselə gedib tərəfdaşlıq sammitində iştirak edən İlham Əliyevdən başqa heç kəs Qərblə uzlaşma xəttini belə uğurla apara bilməz. Təqvimlə işləyənlərin və məğlubiyyətlərini ilin müxtəlif aylarına, fəsillərinə bağlayanların ötən ilin sentyabrında imzalanmış yeni neft müqavilələrindən nəticə çıxarmağa zəkası çatmır. Transmilli şirkətlərə 2050-ci ilə qədər Azərbaycanda sabitlik lazımdır. Onlar hazırki kursu inkar edənlərin təhlükəsini yaxşı anlayırlar. Ona görə də regional neft-qaz savaşını qazanan bir lider kimi İlham Əliyevin rəqiblərini daxildəki isimlərdə axtarmaq sadəlövhlükdür.

Azərbaycan siyasətinin patriarxı Heydər Əliyev kimi onun oğlu da qlobal siyasətin müstəvisində hərəkət edir. Dövləti regional proseslərin impulsları ilə əlaqələndirməsən, savaşın episentrinə düşəcək. Ukrayna kimi...

İlham Əliyevin rəqibi olmaq istəyən Qarabağ münaqişəsi ətrafında təmərküzləşən qüvvələr və xarici təzyiq əsasında Bakıya öz siyasi vektorunu dəyişməyi diqtə etmək istəyənlərdir. Prezident onları yaxşı tanıyır. Masası üzərində bir çox məxfi raporlar olan və gizli savaşlardan heç zaman çəkinməyən rəhbər üçün ölkəmizə qarşı aparılan savaş mərkəzlərini məğlub etmək daha önəmlidir. Yoxsa, hansısa hökumətiçi qruplar və cərəyanlar adı ilə uydurulan daxili müxalifətə görə Əliyev  qrafikini, məntiqini və yolunu heç vaxt dəyişmir.

1993-cü ildən sonra Moskvadan uzaq düşən bütün dövlətlər hakimiyyət saatlarını Avropa üstə kökləməyə çalışırlar. Neft-qaz döyüşünü udan və Amerikaya-Rusiyaya gəlib danışıqları Bakıda aparmağı təklif edən bir ölkənin lideri həqiqətən "Şərqin, incə iş” olduğunu bir daha dünyaya nümayiş etdirir. Bütün arteriyalar gəlib Azərbaycanda birləşir. İran, Rusiya, Türkiyə, Amerika və Avropa Birliyi yalnız BİR LİDERİN regional tarazlıq və daxili konsolidasiya yarada biləcəyini yaxşı anlayır. Ona görə də dövlət başçısı ilə klaviatura mübarizəsi aparanlar "qara qutu”nun içərisində də fəxri təqaüdə namizəddilər.

Şahmat dili ilə desək, İlham Əliyev ağlarla başlayır və udur!

"Yeni Müsavat”



Digər Xəbərlər

SON XƏBƏRLƏR