Yoxsulluğun artması, benzinin bahalaşması ciddi narahatlıq yaradır - Partiyadan çağırış

img

20-11-2017 [16:22]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Mia.az xəbər verir ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə NATO təlimləri zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün və hazırki dövlət başçısı Ərdoğanın düşmən hədəfi kimi təqdim edilməsindən sonra yaranan insidentdən və Türkiyə ilə NATO arasındakı gərginlikdən narahat olduğunu bildirib. Qeyd edilib ki, Avroatlantik məkana daxil olan dövlətlərlə münasibətlərin getdikcə gərginlik fazasına daxil olması yolverilməzdir və bu fakt bütövlükdə müsəlman və türk dünyasında gedən demokratik proseslərin əngəllənməsinə xidmət edir.

İdarə Heyəti minimum əmək haqının gündəlik təlabatları ödəmə qabiliyyətində olmadığı, əhalinin yoxsulluq içində yaşadığı bir şəraitdə benzinin qiymətinin yenidən qalxmasından ciddi narahat olduğunu bildirib və bu qiymət artımının arxasında hakimiyyətin yeritdiyi yanlış iqtisadi siyasətin durduğunu qeyd edib. 

İdarə Heyəti YAP-ın 25 illik yubley tədbirində ölkə başçısının müxalif qüvvələr əleyhinə yönəlik səsləndirdiyi fikirlərə münasibət bildirib və vətəndaş həmrəyliyinə, milli bütövlüyə xələl gətirən bu cür çıxışları qətiyyətlə pisləyib. Qeyd edilib ki prezidentin yalnız bir partiya mənafeyinin qorunmasına xidmət edən bu cür çıxışı onun ölkənin bütün əhalisinə şamil edilən ali icraçı olaraq konstitusiya ilə üzərinə götürdüyü vəzifələrlə bir araya sığmayan məsələdir. Həmçinin bu yubleydə xalq və dövlət qarşısında heç bir layiqli xidməti olmayan bir çox YAP mənsubunun orden və medallarla mükafatlandırılması dövlət mənafeyinə ziddir.

İdarə Heyəti nümayəndəlik institutunun ləğv edilməsinə etiraz əlaməti olaraq Praktik Hüquqşünaslar Birliyi tərəfindən planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənfi cavab verilməsini və bu cavabın guya mitinqdə iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsində yarana biləcək problemlərlə və digər yersiz bəhanələrlə əlaqələndirməsini ciddi tənqid edib və peşə fəaliyyəti ilə bağlı planlaşdırılan mitinqin qarşısının alınması faktını hüquq qoruyucularının özünün hüquqlarının pozulnması kimi dəyərləndirib.

İdarə Heyəti Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi görüşdə Dağlıq Qarabağ məsələsinin çözülməsinə dair heç bir anlaşmaya gələ bilməməsindən təəssüfləndiyini bildirib və bunu arxasında Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq cəhdində olan Putinin istəyi ilə gerçəkləşməməsini diqqətə çatdırıb.

İdarə Heyəti Respublika Prokurorluğunun bir sıra vəkillərin fəaliyyətinə hüquqi qiymət verilməsi ilə bağlı verilən təqdimatı da tənqid edib, bu faktı ölkədə müstəqil düşüncəli vəkillərə qarşı aparılan siyasi kampaniyanın tərkib hissəsi kimi dəyərləndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR