Şriftin ölçüsü / 186 dəfə oxunub

Uzaqdanölçmə cihazı ilə reytinq (sizlik)…və ya bizim universitet 700-lüyə necə düşüb?!

17 Iyun 2017 [17:33]

Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkəti dünya universitetlərinin yeni reytinq cədvəlini açıqlayıb. Siyahının ilk üçlüyündə Massasuçes texnologiyalar İnstitutu, Stanford Universiteti, Harvard Universiteti yer alır.

Azərbaycandan isə Bakı Dövlət Universiteti və Xəzər Universitetinin adı siyahıda var. Əlbəttə, sevindiricidir. Ancaq maraqlıdır ki, öz infrastrukturu, elmi və təhsil potensialı ilə daha qabaqcıl olan bir sıra universitetlərin düşə bilmədiyi siyahıda Xəzər Universiteti böyük ənənələri və yaxşı infrastrukturu, maddi-texniki bazası olan Bakı Dövlət Universitetini də qabaqlayaraq 701-750-ci yerlərdə qərarlaşıb.

Və daha bir maraqlı fakt odur ki, siyahıda ölkəmizdən ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının adlarına rast gəlmirik. Bəs bu cür reytinq cədvəlləri necə, hansı prinsiplər əsasında tərtib olunur?

Prinsiplər barədə

Məlumat üçün bildirək ki, sözügedən reytinq – Böyük Britaniyanın Quacquarelli Symonds (QS) şirkəti öz reytinqi cədvəlini tərtib edərkən ali məktəblərin elmi nüfuzu, professor-müəllim heyətinin tələbələrin ümumi sayına nisbəti, akademik birliyin rəyi, professor heyətinin beynəlmiləl tərkibi, beynəlxalq elmi mükafatlar (Nobel, Kavli, Abelya), elektron kitabxana və geniş ədəbiyyat siyahısı, karyera mərkəzlərinin olması, tələbə kampusları, İKT-dən istifadə, universitetdə təhsil alan xarici tələbələrin sayı və s. kriteryaları əsas götürüb. Ölkəmiz üçün isə əsas meyar kimi yüksək bal toplamış tələbələrdir. Bu qiymətləndirmə meyarı reytinqin ciddiliyini bir qədər şübhə altına alır. Daha bir faktı qeyd edək ki, qiymətləndirmədə regional faktorlar nəzərə alınır: yəni Şərqi Avropa və Mərkəzi Asiya ilə Qərbi Avropa ölkələrinin qiymətləndirmə meyarları əsaslı şəkildə fərlənir.
Ancaq bu da son deyil…
…və başlıca prinsip barədə
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, QS-nin reytinq siyahısı yalnız bu şirkətə reytinqə düşmək üçün müraciət etmiş təhsil müəssisələri arasında qiymətləndirmə aparmaqla müəyyən edilir. Yəni əgər universitet öz reytinqini müəyyən etmək üçün sənədlərini şirkətə təqdim etməyibsə, onda bu siyahıda onun adına rast gəlinməyəcək – hansı səviyyədə keyfiyyətli təhsil versə, nə qədər mükəmməl proqramlara, maddi-texniki bazaya malik olsa belə…
Başqa sözlə, təşkilat universitetin təqdim etdiyi məlumatları yoxlamır. Məhz bu fakt öz-özlüyündə reytinq cədvəlinin "ciddiliyini” ifadə edir.
Bəs niyə digər reytinqlərdə yoxuq?
Dərhal qeyd edək ki, elə sözügedən QS təşkilatının daha ciddi qiymətləndirmə portfeli var: ulduz qiymətləndirməsi. Bu halda, təşkilat ödənişli əsaslarla müraciət edən müəssisədə monitorinq aparır və universitetin reytinqini ulduzla qiymətləndirir. Bax, bu qiymətləndirmə akademik çevrədə ciddi qəbul olunan reytinq siyahısı formalaşdırır.


Dünya universitetlərinin reytinqini ölçən bir sıra digər təşkilatlar da vardır. Onların arasında Böyük Britaniyanın "Times Higher Education" (THE) jurnalını xüsusilə qeyd etmək olar. Ancaq təəssüf ki, ölkəmizin heç bir universiteti bu jurnalın reytinq sıralamasında bu vaxta qədər yer almayıb.
Eyni sözləri "Economist”, dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics reytinqləri barədə də söyləmək olar. Nə qədər ziddiyətli olsa da, deməliyik ki, QS-nin reytinqində 700-1000-ci yerlərdə qərarlaşmış Xəzər və Bakı Dövlət Universiteti müstəqil qiymətləndirmə aparan "Webometrics”in sıralamasında 7000-ci yerlərə yaxın yerdədirlər. Bu qədər fərq hər halda, nəsə deməkdir…
Qeyd edək ki, dünya ali məktəblərinin Webometrics adlı reytinqi 2004-cü ildən bəri elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon y Cajal tərəfindən yaradılıb.

Təhsil ekspertləri nə deyir?
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərovsaytımıza açıqlamasında bildirib ki, belə reytinqlər həmişə nisbi xarakter daşıyır: "Britaniya şirkətinin açıqladığı universitetlərin reytinq siyahısını meyar kimi qəbul etmək olmaz. O sırada ADA, DİA kimi universitetlər də ola bilərdi. Açığı, mən bu Britaniya Şirkətinin adını ilk dəfədir ki, eşidirəm. Ola bilsin ki, bizim universitetlər də bu şirkəti lazımınca informasiya ilə təmin edə bilməyiblər. Ancaq istənilən halda, yarımçıq, tələsik reytinq cədvəli hazırlamaq olmaz”.

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişilideyir ki, universitetlərin reytinq cədvəlləri müxtəlif metodologiyalar əsasında tərtib olunur və nəticələrə subyektiv amillərin təsiri ehtimalı istisna edilə bilməz: "Əsasən müxtəlif sorğular əsasında fərqli kateqoriyalara əsaslanaraq reytinqlərin müəyyən olunması son illər geniş vüsət almağa başlayıb. Bu cür metodologiyada təbii ki, subyektiv amillər de yer alır. Ona görə reytinq cədvəllərini tam obyektiv saymaq düzgün deyil. Reytinq cədvəllərində müqayisə mənbələri əsasən anqlo-amerikan təhsil sisteminə əsaslanır. Məqsəd həm də biliyin "satılmasını" təşviq etməkdir. Müxtəlif ölkələrdə təhsilin məqsədləri fərqli olduğu üçün ümumi bir yanaşma da mümkün deyildir. Ancaq stimul baxımından reytinq cədvəlləri öz müsbət rolunu da oynayırlar. Rəqabətin yaranması universitetlərin də inkişafına səbəb olur”.
Ekspertlər hesab edir ki, ölkədə hansısa ictimai təşkilat bütün universitetlər barədə məlumatları toplayaraq beynəlxalq reytinq təşkilatlarına təqdim edə bilərdi. Bu halda, daha balanslı, daha şəffaf məlumatların təqdim edildiyinə ümid etmək olardı. Bu cür reytinq ölçən beynəlxalq qurumlar digər informasiya resursları vasitəsilə də məlumatları dəqiqləşdirməyə çalışmalıdır. İndiki vahid qlobal informasiya məkanın formalaşdığı dövrdə bu məlumatları əldə etmək, dəqiqləşdirmə aparmaq çətin olmamalıdır. Əgər şirkət bu cür informasiya bazalarına çıxış əldə edə, dəqiqləşdirmələr apara bilmirsə, deməli, imkanları məhduddur və bu cür reytinq cədvəli hazırlamaq üçün kifayət qədər potensialı mövcud deyil. Adətən belə siyahılarda ilk yerlərdə hər kəs tərəfindən qəbul olunan, ən nüfuzlu universitetləri göstərilir ki, reytinq cədvəlinin ciddiliyinə şübhə olmasın. İndiki halda isə bəzi qurumlara özünüreklam üçün fürsət yaranır, qeyri-səhih məlumatlar ictimailləşdirilir, bəzi universitetlər tələbə yığmaq məqsədi ilə özünü ölkədə yeganə normal tədris aparan təhsil müəssisəsi kimi təqdim edirlər.
Təhsil eksperti Elşən Qafarovisə deyir ki, universitetlərin reytinqi ilə bağlı Təhsil Nazirliyində dəfələrlə müzakirələr aparılıb: "Bəzi saytlar və sosial şəbəkələrdəki səhifələr universitetlərin reytinqini müəyyən etmək üçün sorğular, səsvermələr keçirirlər. Təhsil ocağının reytinqi səsvermə ilə müəyyənləşdirilərmi?!”
Benəlxalq təşkilatların reytinqlərinə gəldikdə isə ekspert deyir ki, universitetlərimiz özləri də bu reytinqləri hazırlayan təşkilatlarla əlaqə yaratmalıdır: "ADA, Aviasiya Akademiyası kimi universitetlər belə reytinqlər də mütləq yer almalıdır. Universitetlərimizlə bağlı dəyişiklikləri dünya reytinqlərini hazırlayan təşkilatlara təqdim etmək lazımdır. Ali təhsilin təşkilində, universitetlərimizin iş prinsiplərində, infrastruktur və maddi-texniki bazalarında ciddi dəyişikliklər var, bunu dünyaya çatdırmalıyıq. Bu, şübhəsiz ki, ölkəmizin də beynəlxalq imicinə müsbət təsir edəcək”.
Jurnalist Elnur Ağayevisə deyir ki, beynəlxalq reytinqlər riyazi dəqiqliklə hazırlanmadığından onu meyar kimi qəbul etmək də olmaz: "Bəzi reytinqlər sifarişlə, bəziləri ödənişlə, bəziləri isə sadəcə, formal xarakterli hazırlanır. QS-in reytinqi, sonuncu kateqoriyaya yaxındır. Monitorinq uzunmüddətli və daha detallı aparılmalıdır ki, onun ciddiliyinə şübhə olmasın. Vahid qiymətləndirmə olmadıqda gülməli mənzərə yaranacaq: ola bilsin, birinin başı böyükdür, birini isə ayağı – yanaşma sistemli və vahid olmadıqda bu ölçü fərqləri nəticəyə təsir edəcək. Bizim universitetlərdən ilk 1000-liyə düşənlər olacaqsa, bu yəqin ki, ilk növbədə ADA olacaq. İnsafən, son illərdə universitetlərimiz müəyyən irəliləyişlərə nail olublar. Sistemi, yanaşmanı dəyişirlər. Məsələn, UNEC-də rektor dəyişikliyi edildi, bir sıra irəliləyişlər var, ancaq müəyyən problemlərin aradan qaldırılması, universitetin potensialını realizə etməsi üçün yəqin ki, zaman lazımdır. Son zamanlar baş verən yenilikləri, şəffaf fəaliyyəti və güclənən maddi texniki bazası ilə Qərb Universitetini də qeyd etmək olar. Yüksək fikirləri Dövlət İdarəçilik Akademiyası barədə də söyləmək olar”.
Təhlilçilər haqlı olaraq qeyd edirlər ki, universitetlərin yoxlanılmamış məlumatları əsasında hazırlanan reytinq cədvəli beynəlxalq təşkilatın imicini, ciddiliyini şübhə altına alır. Çünki faktiki olaraq belə halda təşkilat universitetlərin alətinə, həqiqəti əks etdirməyən PR instrumentinə çevrilir. Belə halda ən optimal variant ondan ibarət olardı ki, şirkət yerindəcə monitorinq aparar, vahid sorğu sistemi ilə məlumatları toplamaqla qiymətləndirməni həyata keçirərdi.
P.S.Əlbəttə, nüfuzlu reytinq cədvəllərində ölkəmizə aid şirkətlərin, eləcə də təhsil ocaqlarının adının olmasına yalnız sevinə bilərik. Ancaq belə - heç bir monitorinq aparmadan, göndərilmiş məlumatlar və statistikalar əsasında müəyyən edilən reytinq cədvəlləri ilə rəqiblər üzərində süni üstünlük qazanmaq, daha çox tələbə cəlb etmək, nüfuz savaşında irəli çıxmaq üçün can atmamalıyıq. Əsas hədəf keyfiyyətli və keyfiyyətli xidmət olmalıdır: onda bütün yüksək reytinqlər bizi tapacaq!

Kamal Almuradlı, Elçin Zaman



SON XƏBƏRLƏR