Şriftin ölçüsü / 587 dəfə oxunub

"Zırıldama, rədd ol çölə, vaxtımı alma” - İcra başçısı şəhid xanımını təhqir etdi

25 Aprel 2017 [16:54]

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımı Avropa.info-ya şikayət edib.

Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:

"İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. 

Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, "zırıldama, rədd ol çölə, vaxtımı alma”, deyib qovdu”.

Bahar Əliyeva bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: "Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, "evin ortasına qab qoyub çimin. Mənə nə bundan?!”".

Şikayətçinin sözlərinə aydınlıq gətirmək üçün Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Şəfayət Əsgərovla əlaqə saxladıq.

Ş.Əsgərov bizə açıqlamasında Mərdan Camalovun belə bir fikir söyləmədiyini təkzib etmədən, bizim özümüzə birbaşa sual ünvanladı: "Siz müstəntiqsinizmi, sizə nə dəxli var?”.

İcra başçısının müavini daha sonra "bu mövzuyla bağlı məni narahat etməyin” deyib, telefonu bağladı.

Görünür, icra başçısının müavini Şəfayət müəllimin KİV haqqında qanunlardan heç bir xəbəri yoxdur və o, jurnalistin ünvanlandığı suala cavab verməli olduğunu bilmir.



SON XƏBƏRLƏR