Şriftin ölçüsü / 143 dəfə oxunub

Mehriban Əliyeva sərgi açılışında və qala konsertdə - Fotolar

18 Mart 2017 [09:38]

Martın 17-də Heydər Əliyev Mərkəzində "Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi ilə təşkil olunan tədbirlər silsiləsi geniş və maraqlı proqramı ilə diqqət çəkir.

Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi "Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirdi, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğuladı, Novruz bayramı münasibətilə xalqımızı təbrik etdi.

Sonra "Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Аyzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı oldu.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Macarıstanın birinci xanımı Aniko Levai sərginin rəmzi açılışını bildirən lenti kəsdilər.

Sərgi ilə tanışlıq oldu. Bildirildi ki, 1857-ci ildə Macarıstanda dünyaya gələn bu rəssam peşə təhsilini ölkəsində aldıqdan sonra həm Budapeştdə, həm də Münxendə, Vyana və Parisdə, Antverpen və Madriddə sərgilərini açır. Lakin Şərq motivləri hər zaman rəssamın diqqətini çəkir və bu minvalla o, dostları ilə birgə səyahətə çıxaraq Qafqaza gəlir. Qafqaz mövzusu rəssamın yaradıcılığında bütöv bir silsiləni təşkil edir. O, Tbilisidə, Bakıda və Dərbənddə dünya rəsm sənətkarlığının nadir incilərini yaradır. Dünyanın bir çox muzeylərində rəsmləri qorunan Ferents Аyzenhut əsərlərinin bədii səviyyəsinə görə hələ sağlığında bir çox dövlət mükafatlarına layiq görülüb. XIX əsrin sonu, XX əsrin əvvəllərində Ferents Аyzenhutun Bakıda, ümumiyyətlə, Qafqazda çəkdiyi rəsmlər indi dünya mədəni irsinin nadir nümunələri sırasındadır və onlardan 26-sı məhz "Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilk dəfə nümayiş etdirilir.

"Azərbaycanda Macarıstan günləri” çərçivəsində təşkil olunan qala konsertdən öncə çıxış edən Macarıstanın mədəniyyət məsələləri üzrə dövlət katibi Peter Hoppal bu tədbirin macar xalqının milli mədəniyyətini xaricdə uğurla təcəssüm etdirdiyini bildirdi. Xalqlarımız arasında tarixi bənzərliklərin olduğunu diqqətə çatdıran qonaq bir neçə gün ərzində Bakıda Macarıstanla bağlı bir sıra elmi və mədəni tədbirlərin keçiriləcəyini, bu tədbirlərin dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına xidmət edəcəyini vurğuladı.

Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert oldu.

Bakı tamaşaçıları qarşısında 70 nəfərlik heyətlə çıxış edən Macarıstanın Dövlət Xalq Ansamblının konserti macar xalq musiqi və rəqsləri ilə müşayiət olundu, tamaşaçılara unudulmaz anlar yaşatdı.





SON XƏBƏRLƏR