"SİYASİ QƏTLLƏRLƏ ƏLİYEVLƏRƏ AÇILAN ATƏŞ…" – Zahid Oruc iqtidarın yeni siyasi kursundan yazır
15-09-2020 [17:42]
Zahid ORUC,
STM İdarə Heyətinin sədri, millət vəkili“
***
2004-cü ilin soyuq yanvar günləri… Böyük Heydər Əliyevin siyasi rəqiblərinin nəzərində “kövrək hakimiyyət”in, səhhəti ilə bərabərlik və məchulluq işarəsi qoyulan Azərbaycan dövlətinin gələcəyini xilas edən oğul Əliyev birinciliyi qazanandan cəmi 3 ay sonra ilk vədini yerinə yetirməyə qərar verir. Prezident komandasına bəyan edir ki, o, 90-cı illərin əvvəllərində iki hakimiyyətin süqutuna səbəb olan (indi 27 illik susqunluqdan sonra hər qarış torpaq uğrunda savaşına sənədli şəhadətlər verən) səhra komandiri Surət Hüseynovu, ardınca separatçı Ələkrəm Hümmətovu və rusiyalı nazir Pavel Qraçovun milli əlaltısı Rəhim Qazıyevi həbsdən azad edəcəkdir.
O zamanadək Təhlükəsizlik Şurasının məxfi iclaslarında xeyli təlatümlü dövlətlərarası, yaxud daxili gərginlikləri müzakirə edən keçmiş-yeni komanda üzvləri Əliyevi ehtiyatla bu yoldan çəkindirməyə çalışır. Hələ üstəlik, birinciliyə gələn kimi, Laçın Cavadovun – bir vaxtlar Qarabağ uğrunda döyüşlərdə ordu birləşmələri ilə eyni səngəri bölüşən Xüsusi Təyinatlı Polis Dəstəsi başçısının – yüksək status, ad və şöhrət qazanan, sonralar xarici qüvvələrin əli ilə kövrək dövlətçiliyin üzərinə qaldırılan Rövşən Cavadovun didərgin düşən oğlunun Bakıya, babasının dəfninə gəlişinə, bir sözlə, düşmənçiliyin aradan qalxmasına göstəriş verilir.
Kimsə bu jestə XTPD başçısının qiyama baxmayaraq, vətən qarşısında xidmətlərinə Əliyevin müsbət dəyər verməsi də saya bilərdi.
Amma o dövrün ictimai-siyasi mühitində həbsdə sabiq yüksək dövlət adamlarını buraxmaq, bu yolla cəmiyyətə barış gətirmək və hakimiyyətin güclü olduğunu göstərmək çox riskli addım sayılırdı. Nazirlərdən biri açıq şəkildə qarşıdakı illərdə yeni toqquşmaların qaçılmaz olacağını, həmin adamların yenidən başağrısına çevriləcəyini dilə gətirmişdi. Aparatda hökm sürən qeyri-müəyyənliyi Əliyevin dəmir məntiqi, özünəməxsus inadı ortadan qaldırır.
Prezident tarix boyu Qafqazlara yaxın-uzaq xaricdən ixrac olunan konfliktləri əsas hədəfə çevirmək və milli birliyi gücləndirmək üçün ilk növbədə, daxili düşmənçiliyi – fərq etməz, o tayfa, etnik, milli səciyyə daşıyır, yoxsa uğursuz hərbi əməliyyatların, kürsü uğrunda vuruşmaların hesabına meydana çıxıb, onları əvf etməyə çağırır. O, yeni Azərbaycan dövlətini qurarkən əsrlərlə bir-birini əvəz edən, süqut və itkilərə səbəb olan ənənələri durdurmaq naminə güclü iradəyə malik olduğunu göstərmək istəyir.
Gerçəkdən də ata Əliyevin yeri gələndə məcburən əl atdığı sərt cəza tədbirləri artıq öz bəhrəsini verib, sabitlik dönməz xarakter alıb və indi insanların, eləcə də Qərbin, ilk neft tranşını qəbul edən Avropa dövlətlərinin dəstəyini qazanmaq üçün prezident hamının güvənəcəyi, o cümlədən dünənki müttəfiq respublikalar – Ukraynada inqilabla hakimiyyətə gələn Yuşşenko, Gürcüstanda Saakaşvili ilə eyni ideallara malik olduğunu sübut etməyə çalışır. Hər kəs 90-cı illərdə hərbi-silahlı qruplara başçılıq edən məhbusların – Elçibəy hakimiyyətini silkələyən adamların azadlığa çıxaraq adi həyatda zəifliyini görüb ölkə başçısının düzgün qərar verdiyinə, milli təhlükəsizliyin sarsılmazlığına qəti inanırlar.
O zamanlar Bakını açıq-gizli səfərlərə qərq edən rəsmi Vaşinqton təmsilçiləri Riçard Armitac, Barri Lovenkron, Daniel Frid, Devid Kramer, bir qədər sonra britaniyalı nazir Cek Stro və başqaları bir-birinin ardınca demokratik inkişaf yolu seçən bir müsəlman ölkəsini keçmiş sosialist respublikalarına nümunə göstərirlər. Yəqin, ona görə ki, Birləşmiş Ştatların o vaxtlar regionda aydın siyasəti vardı. Çox sonralar Rino Harnişdən elçi mandatını qəbul edən xanım Enn Dörsi həmin prinsipləri aydın şəkildə dilə gətirmişdi. Ağ Ev strateqləri regionun hər an destabilizə olacağını nəzərə alıb birinci yerə düzgün olaraq, təhlükəsizliyi qoymuşdular. Ondan ötrü Əfqanıstanı əsas gətirib üç Qafqaz ölkəsinin ordularına NATO dərslərini keçir, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində “Nasosnı” hərbi aerodromuna 37 milyon dollar xərc çəkib ehtiyat arxa dəhliz yaradırdılar.
Vaşinqtonun sonrakı planları enerji ilə bağlı idi, yalnız sonda demokratiya, insan haqları sahəsində hədəflər gəlirdi. Lakin bütün sovet məkanını yenidən fəth etmək, bolşevik mirasını dağıdıb yerində tam birqütblü-Qərbyönlü üsul-idarə qurmaq üçün bir–birinin ardınca baş qaldıran sui-qəsdlər və təxribatlar hakimiyyəti özünümüdafiəyə məcbur etdi. Diqqət edin, Əliyev idarəçiliyi əfv və milli barışdan başlamışdı, lakin onu strateji hədəflərindən çəkindirmək üçün gündəliyi dəyişdirdilər.
Qarabağdan Bakıya- yerini dəyişən atəş səsləri…
İlham Əliyevin prezidentliklə əksər hallarda uzlaşmayan səmimi obrazına, ədalətli hökmdar baxışlarına qarşı ilk atəşi Laçın Cavadovu aradan götürməklə cavab verdilər. Hətta ən naşı adamlar belə, qətlin iqtidara necə zərbə vuracağını yaxşı başa düşürdü. Revanşist planlarına görə bütün mühacir həyatı boyu hakimiyyətə nifrinlər yağdıran, hər an xarici orduların üzərində Bakıya daxil olacağını bəyan edən Mahir Cavadov belə zəhərlənərək öldürülən qardaşı oğlunun cəsədini iqtidarın üzərinə atmadı. O, tanınmış müxalifyönlü jurnalist Arzu Abdullaya müsahibəsində deyir: “Laçının xaincəsinə öldürülməsi ilə nəinki mən, hətta hakimiyyət tərəfdarları da barışa bilmədilər”.
Ardınca inqilab üçün qurbanların daha səsküylü üzvlərinə “növbə” çatdı. İlk baxışda, Qarabağda atəşkəs idi, lakin daxildə səssiz müharibənin düyməsi basılmışdı. ”Monitor” jurnalı 2003-ci il seçkilərində məğlubiyyətə uğrayan və “Azadlıq” meydanını döyüşlə qaytarmağa can atan “milli demokratlar”ın pərən-pərən düşmüş xaotik kütləsinin açıq-gizli körüklədiyi tribunaya çevrildiyinə görə daim müxtəlif nazirlərlə, yaxud iqtisadi mənfəət qrupları ilə toqquşurdu və artıq xarici məxfi dairələrin hədəfinə gəlmişdi. Onun hər sətri “Marselyoza” sədaları altında Bastiliyanı tutan üsyançıların davamçısı ruhunda özünü aparan jurnalist Elmar Hüseynovun inqilabi vərəqələrini ona qarşı xain əməliyyata “əsas”a çevirdilər.
Qələmə qarşı atəş açıldı. O qanlı aktdan sonra media kapitanlarından biri yazmışdı ki, 90-cı illərin qorxusunu indi “blok sindromu” əvəz edib. Doğru müşahidə idi. Evinin kandarında amansız gülləyə tuş gələn Elmarın ölümü təkcə “qorxulu Bakı”da deyil, dünyada böyük əks-səda doğurdu. Amerika Dövlət Departamenti onu “demokratiya və azad mətbuat üçün böyük itki” adlandırırdı. Əlbəttə, Vaşinqton haqlı idi. Lakin ilk neft pullarının hökumətdə məmur burjuaziyasına, yoxsa, xariclə hesablaşmağa gedəcəyinin hesabını aparan beynəlxalq müdafiə və hücum təşkilatları olayı Azərbaycan dövlətinin-bəli, məhz dövlətinin üstünə atıb ondan 2005-ci il parlament seçkilərində qanunverici hakimiyyəti bölmək şansıtək istifadə etdilər.
O vaxtlar cəmi iki illik rəhbərliyi dövründə Qərb diplomatiyasının sərt üzü və pafoslu deklarativ idealları arxasında gerçək iqtisadi-siyasi mənfəətləri üçün çalışdığını görən Əliyev hamıdan çox bu güllələrin onun strateji kursuna, sabitliyə və geopolitik seçiminə atıldığını yaxşı bilirdi. Dövlət başçısı “hadisədən sarsıldığını” söyləyərkən bizim ölkəni jurnalistlərin hər gün öldürüldüyü Eritreya ilə bir sıraya qoymağa çalışanları qarşısında görüb demişdi: “Bu ləkəni Azərbaycanın üzərindən götürməliyik”.
Təəssüflər olsun, kim bilir, bəlkə də öz adı ilə çağırılması mümkün olmayan və müxtəlif qara əllərlə izi itirilən terrorun məhz siyasi yolumuza, müstəqilliyimizə atılan güllələr olduğuna günün birində hamı əmin olacaq. Çünki izi itirmək üçün də hansısa izlər qalır… Bax, onda günahkar axtarışı duracaq və “rejimin qəddarlığı”ndan bəhs edən, müxtəlif titullu adlarla Elmarın irsini istismar edənlərin sırasında elə əsil suçlular cavab verəcəklər.
Elmarın cansız cəsədini atası Sabir kişidən alıb onu küçə-küçə, şəhər-şəhər gəzdirmək istəyən və eynən 92-ci ildə olduğu kimi, Şuşadan Xiyabana gətirilən şəhidlərin üzərindən Ali Soveti fəth edənlər bu dəfə də Qış sarayına qanuni yolla deyil, millətin qan yaddaşını istismar edərək gəlmək fikrindəydilər…
Olmadı. Plan işləmədi. Sabir Hüseynov onu qəlb ağrısı ilə Sarayda qəbul edən “Birinci şəxs”in övlad itirmiş ataya ehtiramını və yanğısını görüb ölkəsini tonqala atmaq istəyənlərin fitvasından uzaq durdu.
Bəli, Ukraynada jurnalist Georgi Qonqadzeni narıncı inqilab üçün seçən əllər neft Bakısını vətəndaş müharibəsinə sürükləyə bilmədilər.
2005-ci ilin siyasi lövhəsi: demokratiyanın rəngi…
Əliyev 21-ci əsrin ilk parlament seçkilərini Amerika və ATƏT-in tələb etdiyi standartlarla keçirəcəyinə dair inamlı və cəsarətli “Siyasi İslahatlar Bəyənnaməsi”ni imzaladı. Bütün ölkə yenidən iki cəbhəyə – dövlətçilər və revanşistlərə bölünürkən, iqtidarın yuxarı eşalonlarında yeni qovğalar meydana çıxdı. Fərhad Əliyev, Əli İnsanov adlı iki çəkili nazirin saray ambisiyalarına dair şifrəli dosyeləri prezidentin masası üzərinə qoyulurkən, daşlar yerindən tərpəndi. Bu, artıq tarixdən ən adil hökmdarı belə qəti və sərt cəza tədbirinə məcbur edən fərqli idarəetmə sınağı idi.
O qədər dostluq, çörək və etibar, mərdlik və xeyirxahlıq duyğuları ilə siyasi birinciliyə gələn İlham Əliyev bunları həzm edə və bağışlaya bilərdi, lakin qoca Şərqin öyrəşdiyi rəhbər obrazı sərtlik tələb edir axı. Əks halda komandada biriliyi qorumaq sadəcə mümkün deyildi. Çevrəsini, əsil siyasi dayaqlarını hələ qurub başa çatdırmamış, Namiq Abbasov, Əli Nağıyev və üsyankar Sirus Təbrizlini ram etməmiş İqtisadi İnkişaf nazirinin rusiyalı liberal iqtisadçı Qaydarcasına tərtib etdiyi “islahatlar paketinə və antiinhisarçılıq platforması”na bürünən itaətsizlik hərəkatını zərərsizləşdirmək gərək oldu. O cümlədən hakim partiyanın qurucularından və uzun illər qərbi azərbaycanlıların “xaç ata”sı statusuna iddiası ilə öndər Əliyevdən sonra daha yuxarı kürsülərə göz dikən İnsanovla bağlı qapılar arxasında gedən gizli danışıqları bilən rəhbər təkcə ona sədaqət andı içənlərin deyil, eləcə də Moskva, Vaşinqton və Brüsselin planlarını deşifrə edib addımlarını səbrlə seçkilərdən sonraya saxladı. Lakin o, demokratiyanın hər xarici paytaxta görə dəyişən rəngini bir də heç vaxt unutmadı…
Parlament yarışına Fərhad Əliyevin 62 nəfərlik siyahısı ilə gedən, yəni, xalq hakimiyyətinin yarısına iddia edənlər ifşa edilincə, meydanda yalnız iki qüvvə qaldı-siyasi vasilik tərəfdarları və məxməri inqilabçılar… Əslində narıncı libaslıların vəd etdiyi gələcək ənənəvi torpaq itikləri və xaosdan başqa bir şey deyildi. “Azadlıq bloku”nun hakimiyyətin administrativ resursları qarşısında efir məkanından bütün bölgə narazılarını səfərbər etməsinə, xaricdən inqilab sponsoru-milli sorosumuz Rəsul Quliyevin Ukrayna hava limanına qədər gətirilməsinə baxmayaraq, rəngli çevriliş layihəsi iflasa uğradı.
Doğrudur, amansız rəqabət sayəsində Milli Məclisin tərkibi çox da güclü yerli liderlərlə zənginləşmədi, amma ADP sədri Sərdar Cəlaloğlunun çox sonralar haqlı olaraq dilə gətirdiyi “bir fraksiya”dan artıq – 35 nəfərlik heyətlə təmsilçiliyə çatacaq qədər yerlərə razı olmamaları “milli demokrat”ların ölkədə düşmənçiliyə, qara ittihamlara keçidini təmin etdi və sonrakı illər maksimalist iddiaları, inkarçılıq ideologiyaları ilə əks cəbhə tam yarımqapalı qeyri-leqal rejimə keçdi.
Təşkilati dayaqlarını və beləliklə, funksionallığını itirən liberal demokratik düşərgədə-müxalif partiyalar ətrafında xarici maliyyə qaynaqlarından məhrum edilmə tədbirlərinin görüləcəyi artıq zaman məsələsi idi. Lakin 2006-cı ilin oktyabrında iki qiyamçı nazirin həbsi digər ölkəiçi hadisələri kölgədə qoydu, müasir Azərbaycan tarixinin ən böyük dərslərindən birinə çevrildi.
Saray müxalifətindən çəkilən güclü əllər və Gəncədən Tiflisə açılan xilas yolu…
Doğrudur, çox sonralar “Wikileaks”in qurucusu Culian Assanc dünyanın bir nömrəli kəşfiyyat “anbarı”nı aləmlə bir edəndə gözlərimiz önündən qaranlıq pərdə çəkildi, buradan gedən surğuclu məlumatlar arasında Britaniya Xarici İşlər naziri Cek Stronun nə üçün Amerikanı Fərhad Əliyevin yerinin Londona dəyişdirilməsi və orada sığınacaq verilməsini təmin etməsi üçün rəsmi Bakı ilə vasitəçilik missiyasına dair xahişlər yer alır, Ağ Evin tərəddüdlərini gördükdən sonra onlar da “azərbaycanlı nazirə mühacirət” layihəsindən əl çəkirlər. Bunları biz sonralar biləcəkdik. Amma bəsirət gözü siyasətçinin bir nömrəli atributudur. Artıq hakimiyyət olimpində qəti dayanan Əliyev Qərbin, Rusiyanın, İranın casus şəbəkələrinin partiyalardan 3-cü sektora və mediaya doğru həmlə etdiyini görüb taktiki planlarında dəyişiklik edir.
Hadisələrin dramatizmi, əlbəttə, burada qeyd olunanlardan daha gərgin və mürəkkəbdir. Bir yandan da Rusiya XİN-nin müavini Kislyak özü ilə çoxməchullu bir planla Qəbələ RLS-Dəryal informasiya Mərkəzini ABŞ-la birgə istismar edəcəklərinə dair rəsmi Bakıya qapalı qovluq gətirir və beləliklə, daxili sarsıntıların üstünə əlverişli coğrafi bölgə uğrunda savaşın gərginliyi də əlavə olunur. Xəzər akvatoriyasının zəngin ehtiyatlarını qazıb çıxaran və milyardlarla dollar fayda götürən “bp”, “Amoko”, “UNOKAL” və “Penzoil” şirkətlərinin fəaliyyətindən onsuz da İranda rahatsız idilər, indi Tehran bir yandan da Qəbələyə gələcək Amerika komandoslarını süngü ilə qarşılamağa hazırlaşır.
Dövriyyəyə daxil olan səfir, çevikliyi ilə həmkarlarından seçilən xanım Enn Dörsi İlham Əliyevdən xahiş edir ki, İran prezidenti Əhmədinecatın gözlənilən səfərinin təxirə salınmasına, olmadıqda onunla görüşə xüsusi rəsmiyyət və təntənə verilməməsinə çalışsın. Heyrətamiz diplomatik gedişdir, deyilmi? Partiya sədrləri üçün əsil geosiyasət dərsliyidir. Əlbəttə, məqsəd aydındır, artıq dünya bazarlarına çıxan Xəzər neftinin gətirdiyi milyardlar Azərbaycanı gücləndirdikcə Avropa qurumları, bəzən onların libası altında qonşu dövlətlər onsuz da zəif müxalifət və deşifrə olunmuş təsir agentləri müqabilində İlham Əliyevin xarici siyasət manevrlərini gücləndirəcəyinə heç bir şübhə yerləri qalmır.
Gəlin, o dövrün sürətlə dəyişən iqtisadi göstəricilərinə bir də baxaq: müharibənin yaratdığı və sovetlərin dağılması ilə humanitar fəlakət yaşayan Azərbaycan 2007-ci ildə neft gəlirləri hesabına ÜDM-i görünməmiş həddə, 25 faiz səviyyəsində artmağa başlamışdı. Belə böyük gəlirlər fonunda Norveçdə uğurla sınaqdan çıxan Dövlət Neft Fondunun yaradılması, 5 milyard dollara çatan valyuta rezervlərini xaricdə şəffaf idarə etməyə başlaması, büdcənin hər il bir milyard manat tempilə artması, regionlarla-paytaxt arasındakı kəskin qeyri-mütənasibliyin aradan qalxması, daim sosial partlayış potensialı daşıyan qaçqın və şəhid ailələrinin təbii sərvətlərdən faydalanması həm sosial ədalət, həm də xarici güclərin getdikcə artan təsiri qarşısında kütlədən zireh çəkməyə imkanlar açırdı. Ona görə də 2008-ci ilin barıt qoxulu avqust günlərində Rusiya və Gürcüstan arasında meydana çıxan 5 günlük müharibədə – Qafqazda yenidən alovlanan savaş zamanı İlham Əliyev onlarla dövlətin Moskva qarşısında qorxub gizlənməsinə rəğmən, Saakaşviliyə köməyə gedən bir neçə dövlət-hökumət başçısına Azərbaycan üzərindən uçuş zolağı, Gəncə hava limanına enişə icazə, ardınca da onları böyük maşın kartejinin müşaiyəti ilə Tbilisiyə daxil olmaq üçün əsilzadələrə xas qorxmazlıq nümayiş etdirmişdi. Əksini təsəvvür edə bilirsizmi, yəni, hadisələr bir ayrı şəraitdə Qarabağ hərbi rayonunda silahlı eskalasiyaya keçsəydi, Türkiyə rəhbərindən başqa, daha hansı liderin oxşar yardıma gedəcəyi sual altındadır. Əliyevin bir vaxtlar Cavad xanın Tiflisə açdığı xilas yoluna bənzər comərdliyi isə gürcülərin yaddaşında tarix boyu yaşayacaq…
Hələ üstəlik, telefonu götürüb, baş nazir Putinə “atılan bombaların Batumidə Ceyhana gedən neft kəmərlərini hər an zədələyə biləcəyi”ni dilə gətirməyə kimsə cürət etməzdi, çünki bu, faktiki olaraq, gürcü-rus müharibəsinin tərəfinə çevrilmək demək idi. Kremlin qəzəbi və Qərbə gedən yolları bağlamaq istəyi “cəmi 4 saata tuta biləcəyi” paytaxt Tbilisi qədər ona yaxın idi və beləliklə, on illərlə qurulmuş iqtisadi-siyasi və energetik arteriyalar bir anda qapanıb Cənubi Qafqazı “barıt çəlləyi”nə çevirərdi. Saakaşviliyə inansaq, Kremldə qalstukundan tutulub küncə sıxılan Fransa lideri Sarkozinin düşdüyü vəziyyət bağlı qapılar arxasında əsil siyastin nədən ibarət olduğunu anlamağa imkan verir.
Böyük qapanma…
Əliyev regional xilaskar kimi, 2008-ci ilin seçkilərini qətiyyətlə qazandı, ardınca referendum keçirib prezidentlik müddəti ətrafında dövlətçiliyin qeyri-sabitliyinə xidmət edən planların, ətrafında gizli mərkəzlərin və müxtəlif iqtisadi-regional qrupların xəyallar qurduğu Konstitusion müddəaların (prezidentlik müddəti üçün məhdudiyyətlərin ləğvi) dəyişilməsinə nail oldu və artıq xeyli müddətdir onunla xarici radiolar və 3-cü sektorun diliylə danışan avrokomissarlara şərtlərini irəli sürdü. “Azadlıq”, “Amerikanın səsi” və BBC kanalları, eləcə də Milli Demokratiya, Respublikaçılar, Açıq Cəmiyyət institutlarının inqilab dərslərini, məşqlərini, praktiki təlimlərini alan və bununla da Brüssel, Vaşinqtonun onları müdafiə etdiyini hər addımda gözə soxan qüvvələrin propoqandası, eləcə də Moskva və Tehranın təzyiqləri qarşısında Qərblə müxtəlif platformalarda yaxınlaşma siyasətinin qiymətləndirilməməsinə cavab olaraq, ilk böyük “qapanma” qərarı verildi.
O günlər Ağ Ev təmsilçiləri “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və digər təzyiq qrupları vasitəsilə Azərbaycanın yerini hər il on pillə aşağıladıb, faktiki olaraq, onu geriqalmış Afrika ölkələri ilə bir tutmaqla demokratiya ixracının ən mühüm platsdarmına, çevriliş ünvanlarından birinə çevirdilər. Dövlət katibi xanım Klinton dünyaya səsləniş nitqində əlifba sırasıyla A-dan Z-yə, bəli, Azərbaycandan Zimbabveyə qədər onların qlobal maraq dairəsinə daxil olduğunu və fərqli qitələrə azadlıq bayrağını sancacaqlarını söyləməsi cəmi bir ovuc ölkədaxili liberal-antisistem qüvvələrini xeyli ürəkləndirmiş, gələcək “ərəb baharı” dalğasında inamla Atlantik okeanından gələn səslərə qulaq verməyə fürsət açmışdı. Qafqazları “demokratiya laboratoriyaları”nda hazırlanan reseptlərlə idarə etməyə cəhd göstərmək isə tarix boyu regionu ən azı 4 imperiyanın-fars, rus, ingilis və osmanlının bölgə uğrunda müharibələrindən dərs almamaq demək idi.
Əliyev o günlər tez-tez Abşeron sahillərində qəbul etdiyi avroçinovniklərə yetərincə aydın mesaj vermişdi: Rusiya televiziyalarının bağlandığı kimi, xarici yayımların ölkə içində az qala sovetlərə qarşı ideoloji hücum silahına çevrilən məlum “üçlüyə” yalnız bərabər şərtlər daxilində icazə veriləcək, eləcə də Yuşşenkonun, yaxud Saakaşvilinin öz siyasi rəqiblərinə qarşı tətbiq etdiyi sanksiyalardan sonra onları Strasburqda, yaxud Brüsseldə qətiyyən kimsə mühakiməyə qalxmırsa, qərarvermədə bunlar əsas meyar olacaq.
Ölkəmizin ağır şərtlər altında, ən azı iki dövlətin təxribatlarının əhatəsində prezidentin Avrointeqrasiyaya doğru böyük məsafə qət etdiyinin etiraf olunmaması demokratiyaya gedən yolda düyünə çevrildi və yalnız bir seçimə yer saxladı: təhlükəsizlik!
Nəyin bahasına olur-olsun, müstəqilliyi qoruyub saxlamaq, min illər sonra qanla qazanılmış istiqlaliyyəti hifz etmək! Hə, hesabat kitablarındakı indeksləri yaxşılaşdırmağa vaxt-zaman olacaq, təki dövlət yaşasın! Axı tarix belə nümunələri çox görüb.
Böyük idealları kiçik maraqlara qurban verən qruplar – azadlıqdan kəsilən parçalar…
Əlbəttə, “qapanma” siyasi sistem üçün də, müstəqillikdən sonra böyük inkişaf yolu keçən sosial institutların vəziyyəti baxımından da xeyli mənfi nəticələr doğurdu. Başqa cür də ola bilməzdi-təhlükəsizlik naminə gedilən məhdudiyyətlər sanki siyasi karantin vəziyyəti yaratdı. Partiyaların fəaliyyətinin bloklanması, medianın pultla idarəçiliyi, 3-cü sektorda təmsil olunanlara total olaraq “casus şəbəkələrinin yerli əlaltıları” kimi yanaşılması sovet dövrünün ideoloji savaş ənənələrini dövriyyəyə qaytarırdı. Onun da əvəzini iqtidarın yüksək eşelonlarında təmsil olunan və mövqelərinə görə bütün sferalara çıxış imkanı əldə edən qüvvələrin daxili mübarizəsi tutdu. O vaxtkı iqtisadi qrupların təsir ugrunda şaxələnməsi və hakimiyyətin bütün qollarında kök salmaları informasiya məkanını daimi kompramatlarla doldurmağa səbəb oldu, bir-birini zəiflətmək mübarizəsini sabitlik üçün təhlükəyə çevirdi və özünüqoruma istinktinin dövlətçilik mənefiyindən üstün tutulduğu bir gerçəklik yaratdı. Nəticədə, siyasi meydan hər gün daha da daralırdı. Çünki hərə öz mərtəbəsində və çəkisində azadlıqdan bir az kəsirdi.
Hər nazirlik, komitə, xalq məclisində ayrıca özgürlüyünü qorumağa cəhd edən lokal qruplar meydana çıxmışdı. Biz öz aramızda, mandatlı-mandatsız həmfikir olanların, dövlətçi insanların məhdud saylı qeyri-rəsmi fraksiyasını yaradırdıq. Çünki böyük mənada açıq siyasi platformalarda liderə, dövlətə və millətə xidmətin fərdi nümunələrini təqdim etmək istəyənlər küncə sıxılmışdı.
Partiyalar, QHT-lər və parlament zəifləmiş, institusional təsisatlar imitasion mahiyyət kəsb etməyə başlamışdı və yekunda öz yerini dagıdıcı xarici mərkəzlərə verməkdəydilər. Beləcə, ölkənin milli informasiya məkanı uzun illər dövlətçi ideallara bağlı olan və strukturlaşa bilən, xalqa aydın yollar göstərən, rəqabət mühitində istedadlı insanların öndə tutulduğu bir vəziyyətdən, hər addımda linçə qadir, daimi günahkar axtarışlarına və elitar çaxnaşmalara xidmət edən bir ortama daxil oldu.
Xalq alternativsiz yaşamır – “İslamı yer üstündən qovdular, gedib zirzəmiyə çəkildi”…
Qəribə vəziyyət idi – biz azad fikir daşıyıcıları və birinci şəxsə klişelərdən uzaq, xordan fərqli səslə xidmət etməyə çalışanlar hər ay parlamentin mühüm hakimiyyət qolu kimi necə “qurudugunu” görür və səsimizin gerçək təsirinin gərəksizliyini hiss edirdik. Əvəzində xalqın yığışdığı istənilən məclis gerçək alternativə çevrilir, qədim Romada oldugu kimi, varlı əyanların Senatı millətdən qopanda gizli yığıncaqlar əsil həqiqətin dartışıldığı millət məclisinə dönürdü. Təkcə bir nümunə – Təzə Pir məscidində mərasimlərə qatılan hər təbəqədən olan insanların diskursu, müzakirə mühiti və azadlığı ondan cəmi bir kilometr yuxarıda dayanan Milli Məclisin əzəmətli sarayından daha uca görünürdü. O üzdən “xalq alternativsiz yaşamır” deyənlər haqlıdılar və bir vaxtlar qapıdan qovulan “Müsəlman qardaşları”nın gedib zirzəmidən bir də 2011-ci ildə vulkan kimi meydana çıxması da tarixi faktdır..
Xarici siyasət kursunda da bu məcburi reverans soyuq müharibənin güclənməsinə səbəb olmuşdu. 2010-cu ildə Əliyev Medvedevlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan tarixi müqavilələri qazandıqdan sonra xanım Klintonun Sürix protokolları ilə faktiki birincinin demarşına – onunla görüşə getməməyə mənəvi-siyasi və hüququ əsas qazandı. Azərbaycan prezidenti İstanbuldan aramsız zənglərlə onu mədəniyyətlərarası dialoq adı ilə Ermənistanla sərhədlərin açılmasına çağıran və bununla da İrəvanı Moskvadan qoparacığını düşünən, ardınca regionu antikreml proyektlərinə qoşacağını hesablayan Birləşmiş Ştatların faktiki 2-ci şəxsinin israrlı dəvətindən qətiyyətlə imtina etdi. Bu Cənubi Amerika dövlət başçıları üçün vendetta sayıla bilərdi. Lakin Şərq, gerçəkdən, incə və mürəkkəb fenomendir. Burada küləklər hər gün bir səmtə əsir. İstiqamətini peşəkar siyasi meteoroloqlar belə, tuta bilmir.
Digər tərəfdən, Klintonun yüksək ranqı ona külli miqdarda gizli gəlirlər qazandırırkən, “ərəb inqilabı”nın üsündən adlayıb özü Amerika birinciliyi uğrunda mübarizəyə qalxanda “Wikileaks” platforması onun ərəb şeyxlərindən aldığı milyonları faş edincə, xanım katib məğlubiyyətə uğradı və beləliklə, onun Bakı planı iflas etdi. Əks halda, Amerikanın ilk qadın prezidenti Əliyevlə siyasi hesabını çəkəcəkdi.
Qərbin hüquqi dəyərlərinə, süni intellekt məhsullarına, təhsilinə, ədəbiyyatına, bir sözlə, siyasi istismara xidmət etməyən, iqtisadi-ticari əlaqələrimizin 35 faizini özünə cəlb edən şirkətlərinə hər zaman “yaşıl işıq” yandıran milli hökumətimiz siyasi vassallığı, region dövlətlərinə qarşı forpost olmanı və Nulandın gətirdiyi siyahı ilə hakimiyyət qurmağı sonadək qəbul etmədi.
Söyüş azadlığı və“insan-insanın canavarıdır” deyən avropalı mütəfəkkir haqlıdır?
Bu yerdə, artıq Azərbaycan lideri əleyhinə Avropa küçələrinə yeridilən və bir vaxtlar İran rəhbərlərinə qarşı Qərb gizli ajanslarının gözdənsalma kampaniyası ilə oxşarlıq təşkil edən nifrət və aşağılama – indiki dillə desək, “infodemiya” hər saat sürəti ilə şiddətini artırırdı və ölkədə qapanan həqiqət kanalları, bağlanan şaxtalar havalanma sistemlərini işləməyə qoymadığından, istər məhdud ziyalı kəsiminin, istərsə də ucqarlarda bir vaxtlar sovet radioları ilə qulağını xaric səslərə verən kütlənin məlum ovqatını formalaşdırırdı. Axı zamanında Tomas Hobs bir-birinə canavarlıq edən insanların yaratdıqları inkvizisiyanı görüb sərhədsiz azadlığın fəsadlarından xəbər vermişdi…
Bəli, ardınca xarici maliyyə yardımlarının qonşu Tbilisi üzərindən verilməsi zamanı Saakaşvili də rəsmi Bakıya qarşı planları pozmağa kömək etdi, dostluğa və xeyirxahlığa dönük çıxmadı. “Gürcü arzusu” əvvəlcə müxtəlif təxribatlara meydan açandan sonra yüz il əvvəlki cümhuriyyətçi fədailərdən fərqli olaraq, gizli “Nina” mətbəələrində Bakı əleyhinə çap olunan “boyevaya listovka”ların faydasızlığını görüb, geri çəkildi. İllər sonra Əliyev rusiyalı jurnalist Solovyova müsahibəsində deyəcəkdi ki, qeyri-leqal maddi kanalları kəsilən qərbyönümlü paytaxt demokratları menşeviklərə çevrildilər.
Ancaq bu zaman böyük neft bumunun gətirdiyi başgicəllənmə, hakimiyyətdə məmur burjuaziyası, iri şirkətlər üzərindən ölkənin idarə olunması təcrübəsi gizli xəfiyyə Eldar Mahmudovun qurduğu imperiyanın dağıdıcı hala gəlməsi ilə öz apogeyinə çatdı, millət üçün misilsiz əmək verən liderin çoxmiqyaslı quruculuq siyasətini zərbə altında qoydu və belə adamların yaratdıqları süni “vahid komanda” mənzərəsi çat verdi.
Qazaxıstan səfərini başa vurub ölkəyə dönən Əliyev ona hər gün məxfi dosyelər gətirən və yüzlərlə insanın taleyini məhv edən çekist şəbəkəsini, sprut çetesini darmadağın etdi, eyni zamanda idarəçilikdə hamını vahimədə saxlayan və daim kompromat savaşı ilə təhdid edən generalların təkcə piramidal qanqsterliyinin deyil, eləcə də iqtisadiyyatın azad nəfəs almasının yolunu açdı. Bu, əsil xalq hakimiyyətinə gedən “Yeni Kurs”un başlanğıcı idi.
İndi heç kəsdə şübhə yoxdur ki, əgər prezident ölkənin təhlükəsizlik sistemini yenindən qurmasaydı, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 günlük aprel müharibəsi, faktiki, olmayacaqdı. Xatırladaq ki, həmin vaxtlar Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edən Con Kerri demokratiya idealları ilə ərazilərin təslimçiliyini vahid bir siyasətdə birləşdirəcəklərinə inanırdı. Keçmədi. Əksi baş verdi və Əliyev planları pozdu.
Bir qədər sonra düşmənlə səngərdən belə pul qazanan antitəhlükəsizlik nazirliyinin qalığı, əlbəttə, Gəncə və Tərtərdə məlum “xəyanət planları” ilə xeyli adamın taleyini qırdı və hazırda bütün hüquq-mühafizə orqanlarının qarşısında dayanan ən böyük vəzifə o düyünü açmaqdır.
Lakin Əliyev öz qəti qərarını vermişdi. Uğurlu strateji beynəlxalq layihələr ölkənin iqtisadi müstəqilliyini təmin edib, əldə olunan resurslar 90-cı illərin hərbi əməliyyatlarında dağılan ölkənin bərpasına şərait yaradıb və ən əsası, Silahlı Qüvvələr xaricdən təhlükələrə müqavimət göstərəcək səviyyəyə çatıb, belədə komanda içərisində qanunsuz əməllərə yuvarlanan adamlara dözüm limitinin bitdiyini elan etməyin artıq vaxtı idi. Ölkənin simasını köklü şəkildə dəyişmək üçün prezident bir neçə nazirlikdə – Vergilər, Nəqliyyat və Gömrük orqanlarında hökm sürən korrupsiya zəncirinin böyük sahibkarlar ordusunun qandallarına – “Qordi düyünü”nə çevrilməsinə həlledici zərbə endirdi, “holland sindromu”nun deyil, məmur xəyanəti və oğurluğunun, etibar etdiyi adamların nəfsinin və acgözlüyünün daha böyük bəla olduğunu millətinə açıq dedi. Bu qədər məmurun birdən-birə asiyə çevriləcəyi, yaxud əks-elitaya transfer edərək müxalif qüvvələrin sıralarını genişləndirıcəyi barəsində çəkindirici bəyanatlara baxmayaraq, ölkə başçısı qərarından dönmədi.
2017-ci ildə parlamentdə uzun illər humanitar, mədəniyyətlərarası platformada daxildə və xaricdə ölkəmizə böyük nailiyyətlər qazandıran Mehriban xanım Əliyevanın hakimiyyət liderliyinə doğru haqq etdiyi status – Birinci vitse-prezidentliyin rəsmiləşməsindən sonra islahatların sürəti və effektivliyi qat-qat artdı. Onun idarəçiliyə gətirdiyi çəki və düzən sonrakı illərdə böyük milli intibahın təkanverici qüvvəsi oldu. Uğurlu siyasi tandemə qarşı hücumların bir gün belə ara verməməsi sübut edir ki, Şərq qadınının dövlətçiliyin möhkəmləndirilməsindəki müstəsna yeri düşmənləri çox qorxudur.
Bəli, çirkli məmurlardan azad olduqca hakimiyyət və ona paralel xarici söyüş-nifrət qruplarının azğınlığı da güclənirdi. O vaxtkı müxtəlif ranqlı hakim komanda üzvlərinin xaricə uzanan əllərinə dair indi ortaya çıxan faktlarsa acı ikrah doğurur. Heydər Əliyev sovetlərin zirvəsində olanda məhz belə xəyanətlər görmüşdü və onun pencəyini tutanlarla, kürəyinə qılınc çəkməyə hazır olanların bir çox hallarda eyni adamlar olması siyasəti hədsiz təhlükəli peşəyə çevirməklə bərabər, 1987-ci ildən sonrakı milli faciələrin miqyasını da düşünməyə hər birimizi dəvət edir.
Lakin rəsmi Bakı artıq Parisdən, Amsterdamdan, yaxud Berlindən terror zehniyyəti ilə Azərbaycanı hər gün təhdid edənlərin Qarabağda səngərdəki düşmənlə eyni adamlar olduğunu yaxşı bilir. “Moskvadan asılı olan rejim, sərvətləri dağıdanlar” və başqa ittihamlarla hər gün ölçüsüz telezəhər yayan, bir neçə qitədə qlobal konsorsiuma çevrilən və kəşfiyyat məlumatlarının sızdırıldığı OCCRP təşkilatı da daxil müxtəlif korrupsioner qurumların bəstələdiyi “landromat hekayə”tləri Liviyaya, Tunisə qarşı vaxtilə həyata keçirilən və bəhrəsini vermiş bir siyasətdir, amma neft Bakısında əcnəbi siyasi texnoloqlar uğursuzluqla üzləşdilər.
Əliyevin yeni xalq hakimiyyəti – əhədi kəsilənlər dəyişəndə…
Səbəb, əlbəttə, hamıya bəllidir. Əliyev fenomenini və xalqın qəlbinin dərin qatlarında ona olan sevgini qəbul edə bilmirlər! Gerçəkdən o məhəbbəti və inamı dağıtmaq üçün atəş zolaqları hər gün genişlənir, mənəvi linç və informasiya qətliamı dərinləşir. Bəli, ya diqtəyə tabe olmalısan, ya da hər gün informasiya artilleriyası altında işləməyə məcbursan…
Yeni prezidentlik müddəti ilə 2019-cu ildən məmur oliqarxiyasını tamamilə idarəçilikdən uzaqlaşdıran İlham Əliyevin hər addımı, imzaladığı yeni aktlar tarixi xarakter daşıyan “Yeni hakimiyyət”ə vəsilə oldu. O, əvvəlcə Hökuməti, daha sonra Administrasiyanı yeniləşdirərək, paralel olaraq, antidevalvasiya qərarları, şəhid ailələrinin haqq etdikləri ödənişlərlə həssas təbəqələri bəd niyyətli qüvvələrdən qoparmağı bacardı. Axı Stolıpinin islahatlarını çara qarşı çevirənlər əbədiyyən sağdılar.
Bəli, dövlət başçısı indi ən ucqarda yaşayan sakinin dili ilə danışır. Uzun illər müxtəlif ranqlı rəsmilərin əməllərindən ziyan çəkən adamlar hər gün İstiqaliyyət küçəsi 19-dan verilən direktivlərin onların həyatını və gələcəyini dəyişən tarixi fərmanlar olduğuna daha çox əmin olurlar. Lakin qarşıdakı vəzifələr o qədər miqyaslıdır ki, yenidən güclü dövləti növbəti nəsillərə daşımaq üçün, birinci olaraq, xalqa təqdim edilən zəhərli propoqandaları durdura biləcək milli informasiya məkanını bərpa etmək, qələmi və sözü idarəçiliyin fövqünə qaldırmaq, xaricdən asılı beyinlərin şəbəkə terroruna qurban olmaqdan çıxarıb onları dövlətin müttəfiqinə çevirmək ən mühüm vəzifədir.
Bəli, Əliyev uzun bir yol gedir. Qüdrətli Azərbaycan dövlətini gələcəyə aparan uzun yol. Şərqə və Qərbə, Cənuba və Şimala çəkilən möhkəm magistral yollar!
İndi bütün komandasında gələcək naminə vahidliyi təmin etmək, siyasi sistemin və institusional təsisatların, milli ziyalıların və ictimai rəy liderlərinin dövlət orbitinə qaytarılmasına nail olmaq, müxalif partiyalarla siyasi saziş, ictimai müqavilə ilə konsensus tapmaq və parlamentdən kənar qüvvələrin büdcədən maliyyələşdirilməsinə getməklə onların sosial aqressivliyini, xaricdən asılılığını azaltmaq, həmçinin dövlət şuralarında idarəçilikdə iştiraka cəlb etməklə münasibətləri hüquqi müstəviyə qaytarmaq, dialoq mühitini daimi çalışan və qərarlarla irəliyə gedən bir müstəviyə çevirmək, siyasi mədəniyyəti bərpa edərək destabillik doğuran mənəvi terroru durdurmaq, yeni kommunikasiya inqilabının gətirdiyi çağırışlara hazır olmaq Əliyevin qurduğu “yeni xalq hakimiyyəti”nin ali məramıdır. Burada ən böyük dəst-xətt uğurlu məmur karyerasını yaşayanları da kölgədən çıxarmaq, millətinə ləyaqətlə xidmət edənləri göstərməyi bacarmaq, ictimai fikirdə daşlaşmış “vurulmuş adamlar” gerçəkliyini dəyişdirmək, kadrların rotasiyasını normal hadisə kimi cəmiyyətə qəbul etdirmək və yeni nəslin qarşısında fərqli bir elita olduğunu göstərmək ən böyük vəzifədir!
Vahid komanda milli birliyin əsas şərtidir, səmimi adamları qorumaq və şübhəçi ruhun pandemiya kimi yayılmasına imkan verməmək ən düzgün yoldur.
Məmur obrazlarını dəyişərkən, bu adın vətəndaşlarda qorxu və qəzəb doğurmaması üçün sosial pilləkənlər yaxşı işləməlidir. Kadrların işə, karyera liftlərində irəliləməsinə ənənəvi çətirlər deyil, bilik və bacarıq əsas verməlidir. Əks halda, kimlərsə yenidən özünü tayfa təfəkkürünün daşıyıcısı kimi hiss edəcək, millətləşməni unudacaq və qanunlarla hərəkət arxa plana keçəcək. Müstəqilliyimizin 30-cu yubiley ilinə çatarkən, yüzlərlə nailiyyətimiz kimi, uğurlu kadrlar qalereyasını da dünyaya göstərməyi bacarmalıyıq. Yoxsa, institusional yaddaşı itirmiş olarıq. Hakimiyyətin hansı qolunda olursan ol, özünü qorumaq hissi hüquqa deyil, qəyyumçuluğa dayanacaqsa, dəyişən konyunkturadan asılı olaraq, adamlar bütün etik dəyərləri tapdalayıb sağ qalmaq üçün çarpışacaqsa, elan etdiyin ideallara və siyasi əqidəyə bağlılıq hamının gözündə əriyib yox olacaqdır. “Siyasətdə gərək başını deyil, sifətini qoruyasan” kəlamı elə-belə deyilməyib. Heydər Əliyev irsinin saxta müdafiəçilərə ehtiyacı yoxdur.
Ən başlıcası, müxtəlif səbəblərdən və bəlli addımlarla pozulan informasiya mühitində harmoniyanın qələmin müqəddəsliyini bərpa etməkdən keçdiyi qəbul olunmalıdır. Jurnalistikamızın durumu milli təhlükəsizliyimizi təhdid edən ön faktor halına gəlib. Zərdab və zərdabilik fiziologiyamızdan daha çox, mədəni dünyamızı sağaltmaq və qaranlıqlaşmış mühitimizi işıqlandırmaq üçün bizə hava-su kimi lazımdır. Sosial şəbəkələr, əslində, daim tektonik silkələnmələrə qadir olan bir kommunikasiya inqilabi kimi yaradıldığından, dövlətin təməllərini silkələyə bilən qeyri-sabit informasiya məkanını deyil, digər alternativ açıq müzakirə müstəvilərini genişləndirmək, parlamentdən çap mediasına, mərkəzi idarələrdən yerli hakimiyyət strukturlarına, bütün hökumət və onun bölgələrdəki təşkilati dayaqlarınadək xalqı canlı diskussiyalara qaytarmaq yeni elitanın cari və perspektiv qayğılarını təşkil etməlidir. Nifrətin yayılma arealını dürüst, obyektiv, həqiqi düşüncə axarlarına meydan açmaqla aradan qaldırmaq olar. Hər gün android ekranlarımıza gələn və özünü təklif edən sürüşkən xəbər kütləsinin yerini sistemli işlər aparıldığında maksimum altı aya dolğun, intellektual və millətin qurucu gücünü artıran proqramlar, görüşlər, layihələr, dialoqlar tutacaqdır.
Ola bilsin, dövlətin zahiri fasadında demokratiya və söz azadlığı kimi fundamental istilahlar daha çox qabardılsın, amma şərqli məfkurəsi ədaləti hər şeydən uca tutur! Xalqı eşitmək və onun qəlbinin dərinliyini duymaq İlham Əliyevin yeni tip dövlət quruculuğunun mənəvi təməllərini təşkil edir. Ona görə də pandemiyanın gətirdiyi qlobal siyasi-iqtisadi axınlar bizim suveren milli dövlət yolumuzdan çıxarmağa qoymayacaq. İnam və etibar hissi minillik tariximizin, islamın təməlində dayanan məhək daşları kimi, indi Əliyevin dövlətinin əsasında durur və onu daimi tənqid, şübhəçilik təlqin edən digər quruluşlardan fərqləndirir.
Ona görə də beyinlərdə özünə kök salan və ideoloji, siyasi boşluğun nəticəsində rəsmi kursdan qopmuş vətəndaşlarımızla dialoq-daimi kommunikasiya rejiminə qayıtmaq, korrupsiya cinayətlərinə qarşı mübarizəni dövlətin əleyhinə yönəldənlərin qarşısında şəffaf məhkəmələr quraraq qanunun torunu yırtıb keçən akulaları tutub saxlamaq, “yuxarılara aşağılar”ın ləyaqətini qəbul etdirmək, onunla daima hesablaşmağa yönəltmək və millətdən qoparılan sərvətləri dövlətin, xalqın büdcəsinə qaytarmaq bir neçə cəbhədə savaş aparan insanları vahid bayraq altında birləşdirməyin yeganə formuludr. Lakin bununla bərabər, dövlət və məmur arasında bərabərlik işarəsi qoyaraq, ötən on illərin uğur hekayələrini təbii, yaxud məcburi vəzifələrdən qoparılan adamlarla birgə tapdamaq düşmən iddialarının qalib gəlməsinə yol açır, kütləvi qaralama kampaniyasının yaratdığı sosial dopinq altında ən yaxın tərəfdarlar ordusunu passiv müşahidəçiliyə sürükləyir. Uğursuz və cinayətkar kadrların əməllərinə qiymət verərkən, “çirkli su ilə bərabər uşağı, – indiki halda dövləti, – çölə atmaq olmaz”! Ötən 16 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolunu on, iyirmi odioz, antisosial məmur, yaxud digər yüksək ranqlı fiqurun üzərindən qiymətləndirmək rəqiblərin məntiq tələsinə düşmək deməkdir.
Bilirsiz, Heydər Əliyevi tarixi şəxsiyyətə çevirən onun bir partiyanın, ayrıca məmur korpusunun, yaxud konkret bürokratik sistemin deyil, bütövlükdə xalqın lideri olması idi. İndi pislik piramidalarını dağıdıb dürüstlüyü Azərbaycanın simasına çevirən lider də məhz İlham Əliyevdir! Şəxsiyyətin dövlətlə taleyinin bir-birinə qarışdığı Azərbaycan gərçəkliyində mütləq əksəriyyət Onun qələbəsində, uğurunda, yenilməzliyində maraqlıdır!
Əksini düşünənlər üçün, Onun alternativi xaosdur! Lakin Əliyev siyasi olimpə qədəm qoyduğu daha ağır dövrün gündəliyinə yenidən qayıdır – O, özünü hakimiyyətə ən qatı rəqib elan edənlərə belə barış, mərhəmət və konsensus təklif edir. ”Yeni arxitektura” düşmənçiliyə investisiya qoyulmasının durdurulması deməkdir!
Ernest Heminqueyin romanının epiqrafına çevrilən məhşur sözləri ibrətamiz qəbul edib “90-cı illər ssenarisi”nə qayıtmamaq və gələcəyimizin quruculuğunda yer almaq istəyənlər üçün bir çağırış kimi səsləndirə bilərik: “Zəngin kimin üçün çaldığını soruşma, o, sənin üçün çalır!
Strateq.az
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."