CEYHUN BAYRAMOVLA LAVROVDAN QARABAĞ AÇIQLAMASI: "Danışıqlar sadəcə danışıq xətirinə yox,.."

img

26-08-2020 [15:31]


“Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.

Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi körüşdən sonra mətbuat konfransında dilə gətirib.

“Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xətirinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, - Rusiya rəsmisi qeyd edib.

Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib/Report.

Lavrov deyi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay Bakı və Yerevana səfər etməyi nəzərdə tutur: "Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalı, o cümlədən sərhəddəki toqquşmalara son qoyulmalıdır".

Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonrakı mətbuat konfransında “Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir”, deyə bildirib:

"Belə ki, avqustun 23-də səhər sübhdən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə hücum etməyə cəhd göstərib, onlar geri oturdulub, komandirləri isə əsir götürülüb”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqeyin beynəlxalq hüquq normaları və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə söykəndiyi də diqqətə çatdırılıb: “Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR