“Sən get, mən gəlim” kimi kor məntiq, yarıtmaz qisasçı baxışlar..." - Əflatun Amaşov yazır

img

29-10-2019 [09:23]


Əflatun AMAŞOV,

Millət vəkili, Mətbuat Şurasının sədri

***

Azərbaycan mediasında islahatlar.

Baxıram, son günlər mövzuya xüsusi maraq var. Əlbəttə, maraq olmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə məmurların bir-biri ilə rəqabətində mətbuatın bir növ, alətə çevrildiyini bildirib, məsələnin yolverilməzliyini, hətta dözülməzliyini vurğulayıb.

Ümumən dövlət başçısının media ilə əlaqədar hər fikri, belə desək, "yol xətirəsi”dir. Əslində onun istər kütləvi informasiya vasitələrimizin dünya standartlarına cavab verən fəaliyyət mahiyyətinin zəruriliyinə, istərsə də jurnalistlərimizin peşəkarlıqlarının artırılmasına, hazırlıq səviyyələrinin yüksəldilməsinə, xüsusən də xarici dil biliklərinin gücləndirilməsinə dair zaman-zaman bölüşdüyü düşüncələr böyük islahatçılıq motivinə köklənir.

Prezident işıqlı, parlaq simadır, yenilikçidir, yeni fikirlərə açıqdır. O, jurnalistikanın qlobal informasiya məkanındakı çəkisini hər kəsdən daha gözəl qiymətləndirməyi bacarır. Yəni dövlət başçımızın media həssaslığının islahatçılıq ruhunu hər zaman hiss etmişik. Nəzərə alaq ki, ölkədə bu sahədə əldə edilən uğurların hərəkətverici qüvvəsi, ideya örnəyi də məhz cənab İlham Əliyevdir.

Media ictimaiyyətinin nümayəndələri olaraq bizlər Prezidentin köməkçiləriyik. Köməyimiz təkliflər vermək, onların həyata vəsiqə qazanmasına dəstək göstərməkdir. Nə dərəcədə dəstəkləmişik, məsələ üzərində dayanmaq olar. Uğurular kifayət qədərdir. Nöqsan və çatışmazlıqlar da yetərincədir.

Mərkəzdə dayananı hamı görür. Onu tənqid etmək asandır. Heç də hesab etmirəm ki, hər kəs reallıqları düşünməlidir. Hansısa redaksiyada çalışan və həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəkən peşəkar jurnalistin özünün reallıqları və həqiqətləri var. O, üzləşdiyi durumu obyektiv qiymətləndirməməkdə haqlı görünə bilər. Amma tənqid edənlərin hamısı onun vəziyyətini düşünərəkmi danışır? Əsla yox. Kimsə öz yerini isti saxlamaq istəyir, kimsə öz xidmətini təklif edib daha çox fayda götürməyi planlaşdırır və sair…

Bizə at izinin it izinə qarışdığı cəmiyyət, bunun media cameəsindəki təzahürü lazım deyil. Bəli, illərdir obyektiv reallıqlardan danışırıq. Bildiririk ki, Azərbaycanda reklam bazarı demək olar, yox səviyyəsindədir, mediamız iqtisadiyyatımızda zəif təmsil olunur, qəzet yayımı sahəsindəki vəziyyət ürəkaçan deyil.

Vaxtilə KİVDF də məhz ona görə yarandı ki, mətbuat bazar iqtisadiyyatının mənfi təsirlərindən sığortalansın. Müəyyən mənada sığortalandı, dirçəldi, inkişaf etdi. Yaşadığımız regionun KİV-ləri ilə hər hansı paralellər aparmaq niyyətindən uzağam. Əlbəttə, üstünük. Amma nəyə görə özümüzü zəiflərlə müqayisə etməliyik? Biz daha güclü olmalıyıq. Bəlkə KİVDF-ni ələ keçirib, qurumun hazırkı 4 milyonluq büdcəsini 40 milyona çatdırmağı düşünməklə vəziyyətdən çıxmaq mümkündür?! Mümkündür, amma bunun adı islahatmı olacaq?

Bunu da demişik ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərində 2016-cı ildən tətbiq edilməsinə başlanılan əlavə dəyər vergisi mediamızın iqtisadi durumuna mənfi təsirini göstərməkdədir. Söhbət KİVDF-nin büdcəsinin təqribən yeddidə biri həcmində olan məbləğdən – 600 min manat vəsaitdən gedir. Hazırkı reallıqları nəzərə alsaq, bu, heç də kiçik rəqəm deyil.

Sosial elan və reklamların KİV-də bölüşdürülməsinə dair beynəlxalq təcrübənin tətbiqini vacib saymışıq. Mətbuat Şurasının İdarə Heyətinin oktyabrın 18-də keçirilmiş iclasında səslənmiş təkliflərdən biri də bu idi ki, dövlət qurumlarının büdcələrində təbliğat məqsədilə ayrılmış vəsaitin həmin qurumların özlərinin təsis etdikləri KİV-lərə deyil, ictimai rəyə real təsiri olan media orqanlarına yönləndirilməsi təmin edilməlidir. Burada söhbət daha böyük miqyaslı vəsaitdən gedir.

Göründüyü kimi, əlverişli şəraitin yaradılması və qanunvericilik tədbirləri vəhdətdə olmalı, bir-birini tamamlamalıdır. Nəzərə alaq ki, biz KİV-lərə dövlət dəstəyinin ümumiyyətlə göstərilmədiyi, hər bir media orqanının özünü müstəqil şəkildə təmin etməyi bacardığı mərhələyə çatmağı hədəfləyirik. Bu, hələlik mümkün deyil və buna görə günahkar yalnız KİVDF-dirmi?

KİVDF tənqid edilir. Razıyam, iş olan yerdə tənqid də olmalıdır. Ancaq tənqid obyektiv xarakter daşısa, daha səmimi görünər. Qoy, jurnalistlər üçün tikilmiş binadan mənzil sahibi olan 400 nəfərdən biri desin ki, bunun müqabilində KİVDF-də kiminləsə bir stəkan çay içib? Hansı redaktor Fonddan yardım alarkən kiməsə bir manat pul qaytarıb? Hansı jurnalist müsabiqədə yer tutarkən aldığı mükafatı kiminləsə bölüşüb?

KİVDF "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun tədbirlər görür. Jurnalistlər üçün müsabiqələrin təşkili, KİV-lərin layihələrinin maliyyələşdirilməsi qurumun işinin ana xəttidir. Amma fəaliyyət dairəsi genişlənməlidir. Onlayn jurnalistikanı kənarda saxlamaq olmaz. Bu məqsədlə mediaya dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını dəfələrlə təklif etmişik.

Çox yaxşı olardı ki, biz jurnalistikanı imtiyazlı peşəyə çevirək. Məsələn, qardaş Türkiyədə jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər, çoxsaylı digər üstünlüklərə də malikdirlər. Bu gün tənqidi mövqe tutanların bəziləri bir vaxtlar jurnalistlər üçün hər hansı imtiyazın tətbiqini doğru saymırdılar. Deyirdilər ki, bu, jurnalisti dövlətdən asılı hala gətirəcək. Ancaq düşünmürdülər ki, dövlətin jurnalistikaya qazandırdığı imtiyaz peşənin idarəçilikdəki mövqeyinin nəzərə alınmasından qaynaqlanır. Bu mövqenin əlahiddəliyi informasiyalı cəmiyyət quruculuğunun şərtidir. İnformasiyalı cəmiyyət isə şəffaflığın təminatıdır.

Jurnalistlər dövlət tərəfindən evlə təmin olunurlarsa, bu, media təmsilçilərinin sosial müdafiəsini gücləndirməyə yönələn tədbirdir. Yəni mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ona görə önəm verilir ki, cəmiyyətin informasiya tələbatının ödənilməsinin təminatçısı olan jurnalistlərin əməyi stimullaşsın, qayğıları azalsın, onlar daha məhsuldar işləsinlər. Bu gün islahatçılığı inkarçılıq kimi anlayan bəzi yaşlı-gənc dostlarımız zamanında buna da qarşı çıxırdılar.

Halbuki vaxtilə prosesin içərisindəydilər. Fikir bildirirdilər və fikirlərinə hörmətlə yanaşılırdı. Təklifləri həyata vəsiqə qazanırdı. Sonra nə oldu? Bu gün onları hərəkətə gətirən iddiaları özünü göstərməyə başladı. Ona görə də media sahəsində zaman-zaman tutulmuş islahat xəttini, prosesi məhz dövlətin apardığı üçün, tənqidə məruz qoyanların hazırda musiqilərini islahatçılıq notlarına kökləmələri şübhəlidir, səmimiyyətdən uzaqdır. İndi də görünür, nəyəsə ümüd edirlər…

Media sahəsində islahatlar getməlidir. Yuxarıda bunun ayrı-ayrı komponentlərini vurğuladım. Onu da bildiridim ki, mövcud istiqamətdə hazırda əldə edilən inkişaf Prezident İlham Əliyevin islahatçılıq xəttinin nəticəsidir.

Əlbəttə, zaman dəyişir. Tələblər, baxışlar, idarəçiliyə münasibət dəyişir. İnsanlar da həmçinin. Cənab Prezident kimi vəzifəyə təyin edəcək, kimi azad edəcək, dövlət başçısı olaraq onun öz işidir, öz seçimi və iradəsidir. Ancaq kimlərsə islahata «sən get, mən gəlim» prinsipinə söykənərək baxmamalıdır. Bu, sağlam yanaşma və məntiq sayıla bilməz. Bəsit kampaniyaçılıqla guya islahata dəstək verdiklərini düşünənlərin kim olduqlarını hamı gözəl bilir.

Hamı dövlətin media siyasətinin həyata keçirilməsinə məsul şəxs olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovu da yaxşı tanıyır. Onun istər Ulu öndər Heydər Əliyev ideyalarına, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyi heç bir müzakirə predmeti ola bilməz. Ə.Həsənovun işinə prinsipial yanaşmasını gözü götürməyənlər hər zaman olub. Hazırda media ilə bağlı yuxarıda qeyd etdiyim bəsit kampaniyaçılıq təfəkkürünün başlıca hədəfi də odur.

Sosial şəbəkədə profil yaradaraq cənab Həsənov barədə hədyanlar yayanlar, müxtəlif aşağılayıcı fikirlər irəli sürənlər heç şübhəsiz, "sən get, mən gəlim” kimi kor məntiqin, yarıtmaz qisasçı baxışların tərəfdarlarıdır. Belələrinin söz və ifadə azadlığını, plüralizmi, şəffaflığı irəli sürən baxışları bəşəri dəyərlərlə uğursuz imitasiyadan başqa bir şey deyil.

Bir daha bildirirəm ki, cənab Əli Həsənov Azərbaycan dövlətinə, dövlətçiliyinə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa tam sadiqliyi ilə seçilən uğurlu və səriştəli iş icraçısıdır.

Bu keyfiyyəti onun ictimai-siyasi xadim, parlaq dövlət adamı statusunu təsdiqləyən ən mühüm göstəricidir.

Gəlin, ədalətli olaq.

Dövlət idarəçiliyinə, medianın cəmiyyətdəki roluna, ümumən medianın mahiyyətinə obyektiv prizmadan yanaşaq. İslahata ən böyük dəstəyimiz elə bu olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR