Dövlət Neft Fondunun vəsaitlərinin həcmi ilk dəfə 40 milyard dolları keçdi

img

26-04-2019 [16:11]


1999-cu ildə yaradılan bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçib.

Bu barədə Mia.az-a ARDNF-dən məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib:

"2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil etmişdir.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 332,0 milyon manat təşkil etmişdir.

2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA