"Beli bükülmüş vətəndaşlara o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?” - Ekspert Neft Fondunu "topa tutdu"

img

13-03-2019 [14:37]


"Dövlət Neft Fondu 2018-ci ildə yeni anti-rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən Dövlət Neft Fondu vur-tut 0,35% gəlir əldə edib! Belə yerdə deyiblər ki, aldım qoz-verdim qoz!”

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Nemət Əliyev Feysbuk-dakı səhifəsində yazıb.

O bildirib ki, Fondun gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir: "0,35%-lik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik".

İqtisadçı mətləbdən uzaqlaşmadan yazır ki, belə bir imkanın millətimizin əlindən alınması səbəbləri haqqında düşünməyi çox vacib sayır: "Neft Fondunun gəlirlilik səviyyəsi heç əvvəlki illərdə də diqqətçəkən olmayıb və hər cür tənqidə hədəf gəlib. İllik gəlirlilik səviyyəsi 2017-ci ildə 1,88%, 2016-cı ildə 1,92%, 2015-ci ildə 1,24%, 2011-ci ildə 0,83%, 2010-cu ildə 0,99% və s olub. Bu faizlər Azərbaycan banklarının Azərbaycanda tətbiq elədiyi faiz dərəcələri ilə müqayisədə bir heçdir. Fondun 2018-ci ildə göstərdiyi nəticədən isə danışmağına dəymir.

Nəticə çıxarmaq baxımından ibrətamizdir ki, çökmüş vəziyyətdə olan Azərbaycan bankları idarə elədikləri 7,4 milyard dollarlıq kredit resursları ilə 2018-ci ildə Azərbaycan müştərilərinin canından 1 milyard 753 milyon manat faiz gəliri çıxarıb. Başqa sözlə desək, 5 dəfə az resursla 9,7 dəfə çox gəlir götürə bilib batmış banklarımız. Elə isə çökmüş banklarımızın yerli müştərilərin canından çıxardığını 26 mərtəbəli göydələn tikələn Neft Fondumuz, niyə əcnəbi müştərilərin cibindən çıxara bilməyib?

 Dünyanın maliyyə bazarlarında maliyyə resurslarının qiymətləri bahadırsa,Fond niyə qazana bilməyib o bahalıqdan? Yox, əgər bu dərəcədə ucuzluqdursa, o zaman bahalı pul siyasətinin təsirindən beli bükülmüş vətəndaşlarımıza o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA