Milli Məclisin anlaşılmayan layihələri - Deputatın "Qanunda nə yazıldığını tam başa düşmədim" sözünə hüquqşünas rəyi

img

13-03-2019 [14:20]


Azərbaycanda mütəmadi olaraq, hətta demək olar ki, hər gün qanunlara dəyişiklik edilir və ya yeni qərarlar qəbul edilir. Lakin əksəriyyət  dəfələrlə  dəyişiklikliyi  oxuyub tanış olsa da, anlaya bilmir, qanunu necə tətbiq edəcəyi haqqında təsəvvürü olmur. 

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Tahir Kərimli parlamentdə qəbul edilən qanunla bağlı  "Mən o qanuna səs verdim, ancaq qanunda nə yazıldığını tam başa düşmədim. Bu məsələyə diqqət artırılmalıdır”- deyə bildirib. Görünür, parlament üzvləri belə qanunlardan baş aça bilmir. Bəs sadə xalq bunu necə dərk etsin?

Tanınmış hüquqşünas Əliməmməd Nuriyev "Yeni Sabah”a açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə, qanunların  dilinə münasibətdə konkret, dəqiq olması, ümumi abstrak terminlərdən istifadə edilməməsi tələblərdən biridir:

"Bu baxımdan təəssüf ki, qanunlar hazırlanarkən onun geniş ictimai müzakirəsi , eyni zamanda ölkə üzrə hansı qanunlara tələbin olması istiqamətində müvafiq təhlillər həyata keçirilmir. Azərbaycanda bu, geniş yayılmayıb. Hesab edirəm ki, Milli Məclis , həmçinin qanunvercilik təşəbbüs subyektləri tərəfindən qanunlar  hazırlanarkən araşdırmalar da aparılmalı və bu qanunlara nə qədər ehtiyacın olduğu müəyyən edilməlidir. Bu günlərdə Milli Məclisdə daxili reqlament haqqında qanuna mühüm bir dəyişiklik edildi ki, istənilən qanun ictimai müzakirəyə çıxarılmalıdır. Parlament  artıq bu proseslərə başlayıb. Bu, qanunların keyfiyyətinə də təsir göstərən amildir”.

Ə.Nuriyev qanunların tez-tez dəyişilməsi məsələsindən də söz açıb:

"Əslində normativ hüquqlar haqqında qanunun tələbinə görə, qanun qəbul ediləndən 6 ay sonra ona dəyişiklik edilə bilər. Bu da qanunlarda sabitliyin artmasına mühüm təsir göstərən amillərdəndir. Niyə qanunlar  tez-tez dəyişilir və ya yeni qanunlar qəbul edilir? Bunun əsas səbəbi sürətli inkişafdır. Bir sıra hallarda qanunvericilik inkişafdan geri qalır. Ona görə də qanunvericiliyin tez-tez dəyişilməsi məcburiyyəti yaranır, ictimai münasibətlərin tənzimlənməsi prosesində iştirak edir. Xüsusilə informasiya kommunikasiya texnologiyalarının tətbiqi, informasiya təhlükəsizliyi o qədər sürətlə inkişaf edir ki, dünyada  yeni standartlar yaranır. Və bu da qanunvericiliyin proseslərlə ayaqlaşmasını zəruri edir. Bu məsələlər kompleks şəklində həll edilməlidir”.

Hüquqşunas  bildirib ki, istənilən qanunlara, eyni zamanda qərarlara geniş izahatların verilməsi yaxşı olardı:

"Bu gün qanunvericilik qəbul ediləndən sonra onun anlaşıqlı, sadə dildə ifadə edilməsi üçün bələdçilər hazırlanmalıdır. Onlar  qanunda nələrdən bəhs edildiyini cəmiyyət üçün aydınlaşdırmalıdırlar. Qanun normasının  tətbiqi və ya istifadə edilməsi müəyyən edilməlidir. Qanunu sadə insanların başa düşəcəyi dilə çevirmək lazımdır. Bu məsələlər istiqamətində problemlər var və aradan qaldırılmalı, müvafiq tədbirlər görülməlidir. Qeyd etdiyim kimi ictimai müzakirələr, sorğuların keçirilməsi, şərhlərin verilməsinə  ehtiyac var. Boşluqları aradan qaldırmaq mümkündür”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA