Qarabağ Komitəsində qalmaqal böyüyür: "Əsas hədəfdən tam yayınırlar, mən istefa vermədim"

img

07-03-2019 [12:57]


Dünən  Qarabağ Komitəsinin iclasında Akif Nağının komitənin idarə heyətindəki üzvlüyü müzakirə edildi. 

Məsələ səsverməyə qoyuldu və 26 nəfər  lehinə, 5 nəfər əleyhinə səs verdi. Səsvermədə iştirak etməyən üzvlər, 3 bitərəf şəxslər də var idi. Nəticə olaraq A.Nağının idarə heyətindəki üzvlüyünə xitam verildi.

Digər tərəfdən  eks-baş nazir Pənah  Hüseyn iclasdakı çıxışında qeyd etdi ki, Akif Nağı 6 aydan sonra seçkilərlə yenidən Qarabağ Komitəsinə ( QK) qayıda bilər. 

"Hər kəs qarabağlıdır, hamı Qarabağ üçün çalışır. Belə bir məqamda iclasların siyasi partiyaların ofislərində keçirilməsinin Qarabağa aidiyyatı yoxdur, bu məsələni siyasiləşdirməkdir kimi fikirlər doğru deyil. Əgər sabah QK-nın iclasının YAP-ın qərargahında keçirilməsi təklif ediləcəksə, biz ora da gedə bilərik. Ayrı-seçkiliyi torpağa salmayaq, onu partiyalara köçürməyək. Biz bütün Azərbaycanı siyasi mənsubiyyətindən asılı olmayaraq Qarabağ məsələsi ətrafında birləşdirmək missiyasını öz üzərimizə götürmüşük. Ona görə də Akif Nağının fikirləri nəzəri, əməli, siyasi cəhətdən yanlışdır. Sabah kimsə mən qərargaha getmirəm deyirsə, artıq öz müxalif mövqeyini ortaya qoyur və bu,  əsasnaməmizə ziddir. Pənah Hüseyn  gedəcəksə, komitə dağılmayacaq. Dağılan qoy Pənah Hüseyn olsun! Kim gedəcəksə də, yerinə başqaları gələcək və Qarabağ ideyasını yaşadacaq”- deyə P.Hüseyn bildirib.

Məsələ ilə bağlı Qarabağ Azadlıq Təşkilatının ( QAT) sədri Akif Nağı "Yeni Sabah”a açıqlama verib.

 O bildirib ki, dünənki qərar arzuolunan nəticə deyildi:

 "İstəməzdim ki, QK-nın idarə heyətindən uzaqlaşdırılmaqla bağlı qərar qəbul edilsin.  Çünki Qarabağ Komitəsinin bütün Azərbaycanın , əsas aparıcı partiyaların, ictimai təşkilatların birliyi kimi düşünürdük, o istiqamətdə işlər də gedirdi.  Onlar QK-nı bir ovuc balaca partiyaların komitəsinə çevirmək yolu ilə gedirlər. Bu anlaşmazlıqdır, təəssüf edirəm. 

Mən istefa vermədim, müəyyən bir məqamdır, bəlkə başa düşərlər deyə düşündüm, amma əksi oldu. Hər halda işlər istədiyimiz istiqamətdə getmədi. Azərbaycan torpaqları 25 ildir işğal altındadır. Bir yerə yığışıb çıxış yolu tapmaq lazımdır.  Yoxsa burda iclaslar hansısa qərargahda keçirilsin və.s kimi məsələləri qabartmaqla komitəni çox cılızlaşdırırlar. Azərbaycanda indiyə qədər  Qarabağ uğrunda mübarizə aparan əsas mərkəz QAT olub və biz fəaliyyətimizi davam etdirəcəyik. 

Qarabağla bağlı Azərbaycanda iki əsas mərkəz var. Biri QAT-dır, biri də Dağlıq Qarabağın azərbaycanlı icması. Kimin xoşuna gəldi, gəlmədi reallıq budur. Hər halda bu iki mərkəzin əlaqələndirilməsini də düşünürdüm.  Burda hakimiyyət, müxalifət məsələsi olmamalıdır. Əgər nəticəyə nail olmaq istəyiriksə, hamı bu mərkəzin ətrafında birləşməli idi”.

A.Nağı  6 aydan sonra yenidən QK-ya qayıtmaq ehtimalından da danışıb:

"Təzədən qayıtmaq üçün Akif Nağının şansı var kimi fikirlər söz oyunlarıdır. Qərarı bu şəkildə , tələsik qəbul edirlərsə, xoşagələn deyil. Akif Nağının iştirakı olmadan, həmin iclasa dəvət edilmədən belə etmək yanlışdır. Mən  cəmi iki iclasda olmamışdım. QK-da elə adam var, 20 dəfə iştirak etməyib. Bu da ayrı məsələdir.  

 Qarabağ uğrunda güc mərkəzi görmək istəyirlərsə, bu işdə varıq. Yoxsa bu gün bir partiyada, sabah başqasında – partiya- partiya oyun oynayacaqlarsa, bu , düzgün yol deyil.  Ciddi şəkildə nəsə etmək fikirləri varsa, bir yerdə davam edək.  Bütün böyük partiyalar kənarda qalıb. 

Əsas hədəfdən tam yayınırlar. Qarabağın işğaldan azad olunması üçün ciddi təkan verən proseslərə xidmət edən, məqsədyönlü qurum yaranmalıdır.  29 sentyabr mitinqi tam əyani şəkildə göstərdi. Azərbaycanın bütün aparıcı partiyaları Qarabağ mitinqini dəstəklədilər. Bu, Azərbaycan tarixində bəlkə də görünməmiş bir şeydir.  Mərhələ hamının bir araya gəlməsinə doğru gedirdi. Görünür, bu düşüncələr nəsə sərf etmədi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA