ibrahim ibrahimli yoxa çıxıb; Bakıya qayıdan sabiq deputata zəng çatmır

img

08-04-2013 [01:16]


Aprelin 6-da Naxçıvanda oğurlanaraq döyülən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, milli azadlıq hərəkatı liderlərindən olan İbrahim İbrahimli Bakıya qayıtsa da, nömrəsinə zəng şatmır. Bu isə onun silahdaşlarını narahat etməyə başlayıb. Xatırladaq ki, İbrahim İbrahimli Naxçıvanın Babək rayonunun Tumbur kəndində bacısı oğlunun yas məclisində olarkən təhdid olunub. Daha sonra məclisdən çıxıb gələrkən yolda özünü MTN və DİN əməkdaşları kimi təqdim edən mülki geyimlilər onu maşından düşürüb aparıblar. Həmin şəxslər İbrahim bəyi Duzdağ adlanan yerə gətirib kimsəsiz bir ərazidə döyərək, işgəncə verib, təhqir edərək daha sonra yolda ataraq gediblər. İ.İbrahimli döyüldükdən sonra Naxçıvandakı bir gününü Sərdar Cəlaloğlunun Cəhri kəndindəki evində keçirmişdi. Qeyd edək ki, İbrahim İbrahimlinin döyülməsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğu düşünülür. Ötən gün İctimai Palata, AXCP bəyanat yayaraq hadisəni pisləyib və hakimiyyətdən cinayəti törədənləri tapıb cəzalandırmağı tələb edib. Dünən günorta saatlarında İbrahim bəylə əlaqə saxlayıb durumu ilə maraqlandıq. Hazırda Naxçıvanda olduğunu qeyd edən İ.İbrahimli saat 16-da Bakıya qayıdacağını və bundan sonra açıqlama verə biləcəyini söylədi. Əslən Naxçıvandan olan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirdi ki, özü də daxil olmaqla bir neçə hüquq müdafiəçisi Naxçıvana gedərkən döyülüb. Muxtar Respublikada vəziyyətin çox ağır olduğunu deyən hüquq müdafiəçisi bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirdi: ?Bizə də o zaman Naxçıvanda hücumlar təşkil olundu. Naxçıvan aeroportunda bizim üçümüzü də döydülər. Naxçıvanın məsələsini beynəlxalq təşkilatlara çıxarmaq lazımdır. Naxçıvanlılar Naxçıvana gedib-gələ bilmirlər. Gedəni də döyüb geri göndərirlər, bu, biabırçılıqdır. İbrahim İbrahimli qayıtdıqdan sonra mətbuat konfransı keçiriləcək. Ondan sonra biz də bilirik nə edəcəyik. Bu nə dərəcədə ədalətlidir, biz heç birimiz Naxçıvana gedə bilmirik, yasda iştirak edə bilmirik, toya gedə bilmirik. Belə şey olarmı, bu, biabırçılıqdır?. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, BQP İbrahim İbrahimlinin döyülməsi ilə bağlı bəyanat hazırlayır. F.Mustafa İ.İbrahimlinin döyülməsi hadisəsini pislədiklərini və hüquq-mühafizə orqanlarının günahkarları tapıb cəzalandırmasını tələb etdiklərini dedi: ?İbrahim İbrahimlinin Naxçıvanda döyülməsi ilə bağlı biz bəyanat verəcəyik. Biz İbrahim İbrahimliyə qarşı edilən hadisəni pisləyirik. Bu hadisəni törədən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırma aparıldıqdan sonra məsuliyyətə cəlb olunmasını tələb edirik. Hesab edirəm ki, bütün hallarda bu, yolverilməzdir. Ölkə vətəndaşlarının kimliyindən asılı olmayaraq hüquq və azadlıqlarını qorumaq hüquq-mühafizə orqanlarının borcudur?. F.Mustafa Naxçıvandakı vəziyyəti Milli Məclisdə qaldıra biləcəyini qeyd etdi: ?Milli Məclisdə bu məsələlər dəfələrlə qaldırılıb. Amma Milli Məclisin hər hansı bir şəkildə bu hadisələrə təsir göstərmək imkanları yoxdur. Bütövlükdə ölkə ərazisində baş verən bütün hadisələr, zorakılıqlar, yaxud hansısa siyasi motivlə cəzalandırılmalar və başqa hallarla bağlı dəfələrlə münasibət bildirilsə də, Milli Məclisin qanunların icrasına nəzarət imkanları yoxdur. Bu baxımdan bu kimi hadisələrlə bağlı çıxışlar effekt vermir. Təbii ki, bu və digər hadisələr, vətəndaşların hüquqlarının pozulması gündəmə gətirilə bilər. Sadəcə, hazırda real təsir imkanları yoxdur. Ümumiyyətlə, hüquq-mühafizə orqanlarının Milli Məclisə hesab verməsi təmin olunmayınca bu kimi məsələlərdə bir irəliləyiş əldə olunmayacaq?. Dünən gündüz saatlarında İbrahim bəylə bir daha telefonla danışdıq. Bizə ətraflı danışmaq istəmədi, yalnız Bakıya qayıtdıqdan sonra bizimlə əlaqə saxlayıb ətraflı danışacağını bildirdi. Saat 17 radələrində yenidən İbrahim bəyə telefon açdıq. Bizə bildirdi ki, Bakıya çatıb, hazırda yoldadır. Evə çatdıqdan sonra özü bizimlə danışacaq. Ancaq bundan sonra İ.İbrahimlinin telefonu qapadıldı. Ev telefonunu qaldıran xanım isə İ.İbrahimlinin hazırda yolda olduğunu, bir azdan evə çatacağını bildirdi. Hətta onu da bildirdi ki, İbrahim bəyi Hava Limanında oğlu qarşılayıb. Hazırda evə qayıdırlar. Ancaq bundan sonra dəfələrlə cəhd etməyimizə baxmayaraq, ev telefonunun dəstəyini qaldıran olmadı. Axşam saatlarına qədər etdiyimiz zənglər cavabsız qaldı. Qeyd edək ki, İbrahim İbrahimli ilə bağlı bu vəziyyət narahatlıq yaradıb. Belə ki, qəzetimizə açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu da İ.İbrahimli ilə danışa bilmədiyini, zənglərinin cavabsız qaldığını söylədi. Mətbuata xüsusi diqqət göstərən, heç zaman çəkinməyən bir şəxs kimi tanınan İbrahim İbrahimlinin Naxçıvanda olarkən danışmaqdan imtina etməsi, Bakıya qayıtdıqdan sonra isə telefonlara cavab verməməsi istiqlalçı deputata qarşı təzyiqlərin olduğuna işarədir. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA