"Artıq hakimiyyətin qara günləri bazlayıb, narazı kütlə isə lidersizdir"

img

23-03-2013 [07:58]


[b]"Azərbaycanda siyasiləşməyən, narazı olmayan cəmiyyət, qrup, qüvvə yoxdur. Amma həmin narazı kütlə müxalifətin yanında deyil. Bu gün xalq bütövlükdə müxalifətdir, amma onun lideri yoxdur"[/b] Qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid mövqedən çıxış etməsi vacib məsələ kimi qoyulsa da, bu istiqamətdə ortaq məxrəcə gəlinməyib. Vahid güc mərkəzinin yaradılmasından danışılsa da, artıq bir sıra müxalif partiyalar öz liderlərinin namizəd olacağını bildiriblər. Bu sırada Klassik Xalq Cəbhəsi Patiyası da (KXCP) var. Ölkədəki ictimai-siyasi proseslərlə bağlı fikirlərini "Reytinq"lə bölüşən KXCP sədri Mirmahmud Mirəlioğlu namizədliyinin irəli sürülməsinə baxmayaraq, vahid güc mərkəzinin yaradılma imkanlarının tükənmədiyini deyir: - Hazırda ölkədəki ictimai-siyasi vəziyyət seçki ilinə adekvat deyil. Adətən seçkilərdə belə bir vəziyyət olmur, əslində, həm cəmiyyətdə, həm də siyasi düşərgədə seçki fəallığı olmalıdır, amma bu gün Azərbaycanda bu fəallığı hiss etmirəm. [b]- Niyə ki, əvvəlki illərə nisbətən cəmiyyətdə aktivlik var, xüsusən də son bir neçə ayda etirazlar davam etməkdədir...[/b] - Cəmiyyətdəki bu aktivliyin seçkiyə aidiyyatı yoxdur. Son etirazlar da əsgər ölümləri, gəncliyin öz sözünü deməsi ilə bağlıdır. Onu da vurğulamaq lazımdır ki, bu etirazlar siyasi xarakter daşımır. Bu, təbii prosesdir, onun genişlənməsi, yaxud sönməsi barədə dəqiq bir fikir söyləmək olmaz. Amma ehtimal olunur ki, bu etirazlar daha da genişlənəcək. [b]- Quba, İsmayıllı və digər rayonlardakı lokal etirazlar onu göstərir ki, artıq insanlar narazılığını ifadə etməkdən çəkinmirlər. ?ecə düşünürsünüz, bu narazılıqlar seçki yaxınlaşdıqca daha da kütləviləşə bilərmi?[/b] - Bir sıra məsələlər var ki, siyasətçi nəzəri cəhətdən o barədə danışmaz, amma biz bəzən danışmaq məcburiyyətində qalırıq. Bu narazılıqlar illərdir yığılıb qalan problemlərin təzahürüdür. Bəzən deyilir ki, ölkədə sosial partlayış ola bilər. Regionlarda olan son etirazlar da gecikmiş sosial partlayışın bir təzahürüdür. Bəli, yerlərdə də, paytaxtda da narazılıqlar, sosial problemlər var və zaman-zaman bu və ya digər formada özünü büruzə verir. Amma bu gün etirazını bildirən insanlar siyasi cəhətdən fəal deyillər. Bu gün siyasi fəal olan insanların əksəriyyəti ölkədən kənardadır. [b]- Mirmahmud bəy, ölkədə kifayət qədər narazı kütlə var. Bəs o kütləni niyə siyasi müstəviyə çəkmək olmur?[/b] - Burada zorla və hakimiyyət tərəfindən aldadılan insanlar var. Aparıcı, öncül, ana, ata və s. bu cür adlandırılan qüvvələrin nə dərəcədə bu ada layiq olmalarını göstərən ən dəqiqi tərəzi son 20 ildir. Bu 20 ildə bu adamlar cəmiyyəti, ətrafındakı qüvvələri heç yerə apara bilməyiblərsə, deməli, həm özlərini, həm də xalqı aldadıblar. İndi isə, sovet dövründəki kimi pambıq hesabatları verirlər. Amma bu hesabatlar da bir işə yaramır. Bu gün ölkədə mülkiyyət hüququ, söz hüququ, müxtəlif hüquqlar pozulur, narazılıqlar artır, sosial partlayışlar olur, amma o narazılar siyasi çevrəyə tərəf gəlmirlər. O narazıların əksəriyyətinin siyasi müstəviyə gəlməməsinin səbəbi aparılan siyasətdir. [b]- Burada müxalifətin, yoxsa hakimiyyətin yanlış siyasətindən söhbət gedir?[/b] - Hakimiyyətin yanlış siyasəti ayrı bir məsələdir. Hakimiyyətin bu yanlış siyasətindən hamı narazırdır. Bu gün bütövlükdə xalq müxalifətdir, amma bu gün o xalq müxalifətin yanında deyil, deməli, onun məsuliyyəti bizim, müxalifətin üstündədir. [b]- Bu məsələdə Sizin məsuliyyətiniz nə qədərdir?[/b] - Ədalətlə, insafla yanaşsan, nə qədər istəsən, mənim də məsuliyyətim var. Amma buna baxmayaraq, mən əlimdən gələni etməyə çalışıram. Mən, bu həftə ərzində 18 rayonda olmuşam. Hər bir rayon təşkilatının rəhbərləri ilə bir başa təmasda olmuşam, vəziyyətlə maraqlanmışam, zona müşavirələri keçirmişik. Amma nə olsun? Bu, mənim təşkilatıma aiddir. Başqaları özünə cavabdehdir, ancaq təkcə KXCP ilə iş bitmir. Ona görə də həmin o narazı kütlə siyasi müstəviyə gəlmir. [b]- Bəs vəziyyətdən çıxmaq üçün nə təklif edirsiz?[/b] - Çıxış yolu hər zaman var. Biz hazırda çalışırıq ki, təşkilatımızı qoruyub saxlayaq, inkişaf etdirək. Təşkilatımıza qarşı daxildən, kənardan, müxalifətdən, iqtidardan hər zaman hücumlar olur. Bəzən bunu nəzərə alırıq, bəzən də enrji sərf edib ardınca gedirik. Bütün bunlara baxmayaraq, yolumuzda yürüyürük. Hesab edirik ki, günlərin bir günü bu gün əsgər ölümlərinə, öz həmyaşıdlarının hüquqlarının müdafiəsinə qalxanlar, müxalifətdə, siyasətdə olanlara "Dur!" deyəcəklər. [b]- Son dövrlərə qədər müxalifətin birliyini, vahid namizədin vacibliyini qeyd edirdiniz, amma artıq özünüz prezidentliyə namizəd olmaq qərarı vermisiniz. Birlik imkanları bitdi deyə, belə bir qərar verdiniz?[/b] - Xeyr! Birlik imkanları hələ də var və bu imkanlar tükənən deyil. Onu da qeyd etmək istəyirəm ki, KXCP-nin öz namizədini irəli sürməsi hələ seçkiyə təkbaşına getmək deyil, əslində, birliyə nail olmağın yeni taktiki gedişidir. Əgər son nəticədə müxalifətin ümumi birliyi alınacaqsa, biz yenə də o birlikdə olacağıq. Boynumuza alaq ki, bu günə kimi seçdiyimiz taktika ən azı öz istədiyimiz nəticəni vermədi. Bu birlik hətta Əbülfəz Elçibəyə müyəssər olmadı. Amma budəfəki seçki ilində gözlənilən birliyin baştutma ehtimalı daha böyükdür. Hesab edirəm ki, yeni yanaşmanı konkret tələb formasında qoymaq lazımdır. [b]- Namizədliyinizi irəli sürəndən bəri kimlərsə Sizi dəstəkləyəcəyini bildiribmi?[/b] - Belələri həm var, həm də yoxdur. Biz hesab edirik ki, namizəd kimi kimdənsə dəstək almaq, kiməsə dəstək vermək barədə düşünmək hələ tezdir. Bir halda ki ümumi birlik imkanları hələ tükənməyib, hələ də bu yöndə səyləri davam etdiririk. Namizəd məsələsinin qəti şəkildə ortaya atılması doğru deyil. İndiyə qədər birlik deyəndə, bəzi liderlər özünü, bütövlük deyəndə, təşkilatını, qohum-əqrəbasını, kirvəsini nəzərdə tutub, ona görə də nəticə olmayıb. Bu səbəbədən də acı təcrübəni nəzərə alıb yanlışları təkrarlamamalıyıq. [b]- Ümumi birlik yaranacağı təqdirdə dəstəklənən namizəd olmalıdır. Bu gün ortada belə bir namizəd varmı?[/b] - Bu suala gəldikdə, ona ümumi nəzəri cavab vermək olar, ancaq konkret ad çəkmək mümkün deyil. Zaman gələr, diqtə eləyər ki, bu mövqeyinizi ictimaiyyətə çatdırın... Amma hələki belə bir şəxs yoxdur. [b]- Mirmahmud bəy, bildiyiniz kimi, "El" hərəkatı adlı yeni bir qurum yaranıb. Bu qurumun perspektivi barədə nə deyə bilərsiniz?[/b] - Vallah, sıradan bir məsələ kimi yanaşıram. Bu təşkilatla bağlı məlumatım mətbuatda yazılanlardan o tərəfə keçmir. Orda tanıdığım, tanımadığım adamlar var. İstənilən yeni yaranan təşkilatın əleyhinə danışmazlar - prinsipini əsas götürüb, əlavə bir söz deyə bilmərəm. [b]- "El" hədəf olaraq siyasiləşməyən narazı kütləni özünə tərəf çəkməyi planlaşdırır. Sizcə, bu istəklərinə nail ola biləcəklərmi?[/b] - Azərbaycanda siyasiləşməyən, narazı olmayan cəmiyyət, qrup, qüvvə yoxdur, hər kəs siyasiləşib. Ancaq həmin narazı kütlə müxalifətin yanında deyil. Bu gün xalq bütövlükdə müxalifətdir, amma onun lideri yoxdur. Bir dəfə olub - o da Əbülfəz Elçibəy idi. O gündən bəri yoxdur. [b]- Vaxtiylə Sizin dəstəklədiyiniz İsa Qəmbər necə?[/b] - O, bizim liderimiz olub. O vaxt birlikdə kim var idisə, onlar İsa Qəmbəri dəstəkləyirdi, o da həmin adamların lideri idi. Yəni, ümumilikdə narazı kütlə hazırda lidersizdir. [b]- Hazırda "El" hərəkatının rəhbərliyi AXCP və Müsavatla danışıqlar aparır. Bu məsələdə Siz nə düşünürsünüz?[/b] - Biz tərəfdən heç bir problem yoxdur. Bizdən iqtidaryönlü mətbuat nümayəndələri də müsahibələr alırlar, söz soruşurlar, bəyəm biz onlardan imtina edirik? Yəni, siyasətdəsənsə, bu yolda gedirsənsə, istənilən adamla, istənilən qüvvə ilə danışıq aparmalısan. "El" hərəkatından hələlik bizə müraciət edən yoxdur, əgər olarsa, o zaman danışarıq. Mənə elə gəlir ki, burada maksimum iki-üç təşkilatla əməkdaşlıq nəzərdə tutulur, onlarla da danışıqlar aparırlar. Hər halda, bu təşkilatın qarşısında gələcəkdə Milli Şuranın yaradılması qoyulub, sonra namizəd məsələləri, filan nəzərədə tutulub. Qarşıdakı dövrdə müraciət edərlərsə, müzakirə apara bilərik. [b]- Hakimiyyət yenidən dialoq təklifi ilə çıxış edir...[/b] - Eşidin, amma inanmayın! Bu, o qədər qeyri-ciddi məsələdir ki, bu barədə bizə sual verməyə belə ehtiyac yoxdur. Hətta eşitsəniz ki, hamı bir araya gəlib hakimiyyətlə dialoqa gedir, onu da blef hesab edin. Yadınızdadırsa, keçən il də deyirdilər ki, payızda dialoq olacaq, amma heç nə olmadı. İndi vəziyyət nə qədər ağır olsa, bunları nə qədər sıxışdırsalar belə, bu hakimiyyətdən səmimi dialoq gözləməyin. [b]- Mirmahmud bəy, belə bir mövqe tutan hakimiyyəti seçkidə nə gözləyir?[/b] - Artıq hakimiyyətin qara günləri başlayıb, çox böyük narahatlıqları var. Bunun da əsas səbəbi 2013-cü ilin prezident seçkiləridir. İndiyə kimi yürüdülən siyasətin yanlış olması, heç bir problemin həll edilməməsi, hətta özləri demiş, "analoqu olmayan iqtisadi siyasət"in də onlara kömək etməkdə aciz qalması hakimiyyəti ciddi narahat edir(reytinqinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA