Aydın Mirzəzadə: ""Mən həmin video barədə bir söz deyə bilmərəm. Kimin korrupsiyaya meyli varsa..."

img

11-03-2013 [01:18]


Son iki ay ərzində ard-arda bir neçə əsgərin müəmmalı ölümü yenidən ictimaiyyətin diqqətini orduya yönəldib. Müstəqil və müxalifətyönlü media, ictimaiyyət nümayəndələri baş verənlərə görə ordu rəhbərliyini ittiham edirlər. Hakim Yeni Azərbaycan Patiyasının (YAP) Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə məsələyə fərqli prizmadan yanaşır: - Hazırda bu məsələlər ətrafında müvafiq qurumlar tərəfindən çox ciddi araşdırmalar aparılır, hərtərəfli öyrənilir. Hesab edirəm ki, belə halların baş verməməsi üçün lazımi tədbirlər görüləcək. Hər bir əsgər Azərbaycan dövləti üçün qiymətlidir, onun qorunması, hərbi xidmətini başa vurub sağ-salamat evinə qayıtması vacib məsələlərdən biridir. Dövlət bunun üçün lazım olan hər bir addımı atacaq. Mən, indidən baş verən hadisələrlə bağlı hər hansı rəy vermək istəməzdim. Çünki yerində verilməmiş və tələsik rəylər işin xeyrinə deyil. Bu məsələdə hansısa komandiri günahlandırmaq da doğru olmazdı. Ümumiyyətlə, bu kimi məsələlərə kompleks baxılmalıdır. Həm əsgərin xidmət etdiyi yerin şəraitini, həm də cəmiyyətin üzərinə düşən vəzifəni öyrənmək lazımdır. Çünki hər bir ailə xidmətə gedən əsgəri həm fiziki, həm də psixoloji cəhətdən hazırlamağı bacarmalıdır. Müəyyən tibbi tələblərə cavab verməyənlər hərbi xidmətə çağırılmırlar. Ancaq bununla belə, ailə bilməlidir ki, əsgər hərbi xidmətə gedəndə sağlam olmalıdır. Onun tamam fərqli bir situasiyaya düşməyə, müxtəlif psixologiyalı, müxtəlif təbəqələrdən çıxmış həmyaşıdları ilə bir yerdə olmağa hazırlamaq lazımdır. Yəni, mən burada həm cəmiyyətin, həm də hərbi strukturların məsuliyyətinin bərabər götürülməsinə tərəfdaram. Hesab edirəm ki, aparılmış araşdırmalar nəticəsində, yeri gəldikcə, cəmiyyətə məlumatlar veriləcək. [b]- O fikirlər də səslənir ki, orduda neqativ halların intensivləşməsi bu sahəyə ictimai nəzarətin olmaması ilə bağlıdır. Həmkarınız Fazil Mustafa isə deyir ki, orduya parlament nəzarəti olsa, bu qədər acı nəticələr olmaz. Siz nə düşünürsünüz?[/b] - Təəssüf edirəm ki, deputat həmkarım burada bir neçə məsələni dəyişik salır. Birincisi, dünyanın heç bir yerində ordu üzərində parlament nəzarəti anlayışı yoxdur. Ordu tək komandirlik prinsipi üzərində qurulur və ümumilikdə Ali baş komandana tabedir. Ordunun bir neçə tabelilik vəziyyətinə gətirilməsi ona operativ nəzarəti, həmçinin, ordunun döyüş qabiliyyətinin aşağı düşməsinə gətirib çıxara bilər. Orduya ictimai nəzarət deyilən bir anlayış var. Bu isə ictimaiyyət nümayəndələrinin vaxtaşırı hərbi hissələrə səfər etməsi, komandirlərlə, əsgərlərlə görüşməsi, hansısa müzakirələrin keçirilməsindən ibarətdir. Hazırda Azərbaycanda belə bir ənənə mövcuddur. Bunun nəticəsidir ki, Azərbaycanda hər gün cəbhə xətti boyunca on minlərlə posta on minlərlə əsgərimiz döyüş növbəsinə çıxır və göründüyü kimi də itkilər yoxdur. Ona görə də mən məsələyə soyuq düşüncə ilə munasibət bildirilməsinin tərəfdarıyam. [b]- Son dövrlər müəmmalı əsgər ölümlərinin artması və bunun qısa müddətdə ictimailəşməsində başqa məqamların olduğu da bildirilir. İddialara görə, həm daxildə, həm də xaricdə elə qüvvələr var ki, bu məsələləri qabartmaqla Müdafiə naziri Səfər Əbiyevi hədəfə gətirməyə çalışırlar. Bu iddiaları real saymaq olar?[/b] - Tamamilə əsassız iddialardır, hətta bunu şərh etmək belə istəməzdim. Azərbaycan öz daxili vəziyyətinə özü tam nəzarət edə bilən güclü dövlətdir. Hansısa bir xarici qüvvənin Azərbaycanın daxili işinə müdaxilə etməsi qeyri-mümkündür. Təbii ki, bu kimi məsələlərin siyasiləşdirilməsi cəhdləri hiss edilir. Ömründə hərbi xidmətdə olmayan bəzi gənclər aksiyaya çıxaraq əsgər ölümlərinə etirazlarını bildirirlər. Bir dəfə əlinə silah götürməyən və hərbi xidmətin nə demək olduğunu bilməyən insanlar ordunun reforması ilə bağlı "möhtəşəm" təkliflər verirlər. Mən isə hesab edirəm ki, ordu faktoruna məsuliyyətlə yanaşmaq lazımdır və istənilən halda ordunun dövlətin müstəqilliyinin qorunmasında vacib faktor olduğu yaddan çıxarılmamalıdır. [b]- Aydın müəllim, son dövrlər Azərbaycana şimaldan da təhdidlər gəlir. Hazırda Rusiya hakimiyyəti tərəfindən dəstəklənən "Azər Ross"un keçmiş prezidenti Söyün Sadıqov da Azərbaycanda hakimiyyətin mənimsənildiyini bildirir...[/b] - Gəlin, ciddi adamların ciddi bəyanatlarını müzakirə edək. [b]- Gürcüstan prezidenti Saakaşvili də Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırladığını bəyan etmişdi...[/b] - Bununla bağlı Azərbaycan tərəfindən müvafiq cavab verildi. Hesab edirəm ki, hazırda bu məsələ Azərbaycan üçün aktual deyil. [b]- 12 fevral müşavirəsində dövlət başçısı məmurlara sərt xəbərdarlıq etdi, onun ardınca bir neçə rayonun icra başçısı dəyişdirildi. Ancaq bəzi qüvvələr bu dəyişikliklərin imitasiya xarakteri daşıdığını və ciddi nəticələr verməyəcəyini bildirir...[/b] - Öncə onu qeyd edim ki, cənab prezident xaraktercə islahatçı adamdır. O, mütəmadi olaraq, cəmiyyətin inkişafı ilə bağlı həm ciddi fəaliyyət göstərir, həm də bu fəaliyyətin davamlı olması üçün vaxtaşırı ciddi bəyanatlar verir. Şübhəsiz ki, hər bir bəyanatın konkret nəticəsi olur. Cənab prezidentin məlum çıxışına gəlincə, o çıxış ümumilikdə bir çox məsələləri əhatə edirdi. Hər bir məsələnin qoyuluşu Azərbaycanın bugünkü maraqlarına cavab verir. Hələ elə aktual məsələ olmayıb ki, cənab prezident ona münasibət bildirməsin, həmin məsələyə özünün obyektiv mövqeyini ortaya qoymasın. Prezidentin bu günə kimi səsləndirdiyi məsələlərlə bağlı çox böyük işlər görülüb və bundan sonra da görüləcək. İslahatlar hər zaman aparılıb, bundan sonra da aparılacaq. Kimin nə deməsindən asılı olmayaraq, son illər olan dəyişikliklər və inkişaf görülən işlərin nəticəsidir. [b]- Bu günlərdə Gəncənin icra başçısının videosu yayılmışdı və görüntülərdə onun sahibkarları hədələdiyi müşahidə olunurdu. Belə çıxır ki, bəzi məmurlar hələ də ölkə başçısının tapşırıqlarına əməl etmir... [/b] [b]- Mən həmin video barədə bir söz deyə bilmərəm. Amma Elmar Vəliyev Gəncəyə icra hakimiyyəti başçısı təyin ediləndən sonra həmin şəhərdə xeyli işlər görüb. Belə də isə, cənab prezidentin sahibkarlara diqqət, onların qayğılarına hərtərəfli yanaşmaqla bağlı tələbləri hər kəsə aiddir.[/b] [b]- Son dövrlər korrupsiyaya qarşı mübarizə intensivləşsə də, hələ də bu istiqamətdə atılan addımlar tam mənasında təqdir olunmur. Yəni, adı iri korrupsiyada hallanan məmurların deyil, xırda məmurların həbsinin gözdən pərdə asmaq xarakteri daşıdığı iddia edilir. Bu barədə nə deyə bilərsiniz?[/b] - Bu gün hakimiyyətin korrupsiyaya qarşı apardığı mübarizəsi kampaniya xarakterli deyil. Eyni zamanda, antikorrupsiya tədbirləri sifarişlə yerinə yetirilmir. Təəssüf ki, bu məsələyə öz siyasi maraqları çərçivəsində baxan müəyyən qüvvələr də var. Onlar özlərinə sərf etməyən məsələlərin üzərinə total hücumu indi də başqa bir müstəvidə etməyə çalışırlar. Hesab edirəm ki, antikorrupsiya tədbirləri ümumən sistem kimi götürülüb. Bir müddət əvvəl iki rayonu əhatə edən bir sistem yaradılıb və bu sistem gələcəkdə bütün Azərbaycanı əhatə edəcək. Yəni, bu ASA? xidmətin əhatəsi daha da genişləndiriləcək, bununla da vətəndaş məmurla təmasda olmadan özünün problemlərini həll edə biləcək. Ona görə də mən, sizin qeyd etdiyiniz həmin o iddiaları qəbul etmirəm, onların əsassız olduğunu düşünürəm. Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin fəaliyyətinin əsas istiqamətlərindəndir və bu fəaliyyət bundan sonra da davam edəcək. Bu, kiminsə marağı əsasında deyil, fakta görə, eyni zamanda, məqam yetişəndə həyata keçirilir. Kimin korrupsiyaya meyli varsa, dövlət ona qarşı amansız olacaq. [b]- Aydın müəllim, artıq seçkiyə elə də çox vaxt qalmayıb. Rəsmi kampaniya başlamasa da, siyasi qüvvələr seçki hazırlıqlarına start veriblər. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasında hansı işlər görülür?[/b] - Üzvü olduğum partiya seçkilərə daima hazırlaşır. Hər zaman partiya təşkilatlarında üzvlərin seçkilərə hazırlığı, onların həm təbliğat, həm təşkilati işlərdə iştirakı üçün lazım olan bütün addımlar atılır. Hazırda partiya daxilində qarşıdan gələn prezident seçkisinə çox ciddi hazırlıq işləri gedir. Gələcəkdə komissiyaların işində iştirak, müşahidəçilik, təbliğat-təşviqat, eyni zamanda partiya üzvlərinin üzərinə düşən siyasi vəzifənin yerinə yetirilməsi ilə bağlı müvafiq işlər aparılır. Seçki Məcəlləsinin icazə verdiyi dövrdə isə artıq rəsmi şəkildə fəaliyyətə başlanılacaq. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası budəfəki seçkilərdə də ən hazırlıqlı siyasi qüvvə olduğunu sübuta yetirəcək. [b]- YAP bu günə kimi bir neçə dəfə İlham Əliyevin namizədliyini irəli sürüb, amma ölkə başçısı hələlik bu barədə qərarını verməyib. ?ecə düşünürsünüz, bu seçkilərdə hakimiyyətin başqa bir namizədinin olma ehtimalı varmı? [/b] - Ortada özünün sədrini yenidən prezident görmək istəyən Yeni Azərbaycan Partiyasının mövqeyi var. Partiyanın həm ayrı-ayrı nümayəndələri, həm sıravi üzvlər cənab İlham Əliyevi yenidən Azərbaycanın prezidenti görmək istədiklərini bildirirlər. Eyni zamanda, bunu YAP-la müttəfiq olan partiyalar, bir çox ictimai təşkilatlar, ayrı-ayı ziyalı qrupları istəyirlər. Bu gün cəmiyyətdə də prezident İlham Əliyevin fəaliyyətindən böyük razılıq var və onun fəaliyyətinin davam etməsi arzulanır. Onun özünün qərar verməsinə gəlincə, zamanı çatanda, bu da baş tutacaq. reutinqinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA