ilqar Altay: "Mövcud hakimiyyət bir nəfərin üzərinə biçilib"

img

09-03-2013 [08:13]


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil hüquqşünas-tədqiqatçı İlqar Altay xeyli müddətdir ki, mətbuatda görünmür. İndiyə kimi fəal vətəndaş mövqeyi ilə seçilən İlqar Altayın qəfildən mətbuatda görünməməsi bizim də diqqətimiz çəkdi. İ.Altyala əlaqə saxlayıb bu və digər suallarımıza cavab almağa çalışdıq. - İlqar bəy, mətbuatda görünmürsünüz? Bunun ciddi bir səbəb var? - Bir neçə ay Avropada, Alamaniya və Avstriyada oldum, həm xidməti, həm də şəxsi işlərimlə əlaqədar. Əlbəttə, yaxşı olardı ki, daim öz ölkəmdə olub fəaliyyət göstərim. Ancaq indiki dövrdə Azərbaycanda ictimai-siyasi həyat iqtidar, müxalifət və onların arasında var-gəl edənlər arasında bölünüb. Tam müstəqil, neytral və bitərəf insanlar üçün mühit demək olar ki qapanmış vəziyyətdədir. Başlıca səbəb budur. - Almaniyada Azərbaycana münasibət necədir? - Almaniya öz tarixi, ənənəsi olan böyük bir xalqın sistemli mexanizmə malik demokratik dövlətidir. Azərbaycana münasibət məsələsində isə, bizim ölkə orada tədricən daha çox tanınır. Həm sürətli iqtisadi inkişaf tempi, həm də bütün postsovet respublikalarında olduğu kimi demokratik prinsiplər defisiti olan ölkə kimi. Ancaq ümumi münasibət pis deyil. - Ancaq son dövrlər bu münasibətlər korlanma həddinə çatıb. Hər iki ölkənin aparıcı mətbuatı qarşı tərəfi tənqid atəşinə tutur. Hətta Eynulla Fətullayev Almaniyadakı hüquq pozuntuları barədə təhqiqatlar aparır, bəyanatlar yayır... - Özünüz qeyd etdiniz ki, bu qarşıdurma mətbuat səviyyəsindədir, dövlət yox. İki dövlət arasındakı münasibətlərin necə qurulmasını mətbuat və yaxud hər hansı bir fərd tənzimləmir. Bu münasibətlər xalqların istəyi və dövlətlərin marağı üzərində qurulur. Eynulla bəyi başa düşmək olur. Həbsdən çıxıb, bugünkü taleyinə uyğun konkret ictimai-siyasi cığırla irəliləyir. Görünür, həmin proqramda Almaniyanı da "vurmaq" var. Ancaq tam əminəm ki, Almaniya kimi insan azadlıqlarının bərqərar olduğu dövlətdə hüquq pozuntusu axtarmaqda məqsəd heç də bu tanınmış dövləti silkələmək deyil. Çünki reallıqda bu, heç mümkün də deyil. Bu layihəni ortaya qoyan qüvvənin əsas məqsədi Eynullanı illərlə müdafiə etmiş beynəlxalq demokratik qüvvələrə qarşı qoyub kim olduğunu tanıtdırmaqdır. Ona da təbii ki, nail olurlar. - Son dövrlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşdiyi bildirilir. Bununla paralel olaraq ABŞ-la Azərbaycan hakimiyyəti arasında yaxınlaşma müşahidə olunur. ABŞ-ın xarici siyasət rəsmiləri İlham Əliyevin 3-cü prezidentlik iddiasını sakit qarşılayırlar. Sizcə, Azərbaycanın uzun müddət balansda saxladığı münasibətlərin bu cür kəskin dəyişməsi nə ilə bağlıdır? - Mənim fikrimə və təhlilimə görə bu dəyişiklik görüntü xarakterli bir gedişdir. Əslində heç nə dəyişməyib. Zənnimcə, bu gedişlər 2013-cü il prezident seçkilərinə hesablanmış və bəlkə də Moskva ilə razılaşdırılmış bahalı proyektdir. 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəldiyi kövrək, təlatümlü dövrdə onu ABŞ və Türkiyə ilə birlikdə dəstəkləyən əsas dövlət Rusiya oldu. Mərhum Heydər Əliyev bu məsələni birinci növbədə Putinlə razılaşdırdı. Çünki o vaxt zamanın tələbi belə idi. İlham Əliyev Rusiya ilə qarşıdurmaya getməz. Çünki Azərbaycanın Rusiya ilə münaqişədə itirəcəyi çox şey var, Gürcüstan və Saakaşvilidən fərqli olaraq. Düşünürəm ki, seçkilərdən sonra Moskva ilə dərhal və əvvəlkindən daha isti yaxınlaşma olacaq. Ya bu ərəfədə ABŞ-ı şirnikləndirib onun dəstəyini almağa hesablanıb bu gediş. Ya da ABŞ-la da razılaşdırılıb bu məsələ, eynən 2003-dəki ssenari kimi. Və məqsəd yenə Avropanı azdırıb, onun Azərbaycana olan maraqlarını kənarda qoymaqdır. Saakaşvilinin Azərbaycana məlum səfəri və səfər sonrakı Rusiya təhlükəsi baradəki bəyanatı da düşünürəm ki, həmin siyasi texnologiyaya xidmət edir. - Sizcə qarşıdakı prezident seçkilərində iqtidar içərisindən əsas namizəd kim olacaq? İqtidarda başqa bir namizədin olması, yəni bu barədə fikir ayrılığı nə dərəcədə real görünür? - Yaddan çıxarmayaq ki, mövcud hakimiyyət ilk yaranışından bir nəfərin üzərinə biçilib. Bu biçim, mütləq hakimiyyət İlham Əliyevdədir. Qalan kimsə iqtidar içərisindən bu vəzifəyə heç qəlbinin dərinliyində belə iddia edə bilməz və etməz. Hətta bunu xəyal edib prezident ola bilsə belə, özünü bu hakimiyyətdən olan ağır, ziddiyyətli narazılıq yükünün altına verməz. - Müxalifətdən real namizəd kimi görürsünüz? - Mənim hesablama və analizimə görə bu gün əsl müxalifət içindən İlham Əliyevə alternativ ola biləcək yeganə fiqur AXCP sədri Əli Kərimli ola bilər. Bunu açıq və vicdanla deməliyəm. Özünün bacarığı, əzmi, liderlik qabiliyyəti və bütün potensialı ilə. Ancaq bir şərtlə ki, onu İsa Qəmbər, Eldar ?amazov, Lalə Şövkət və digər demokratik liderlər dəstəkləsinlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA