03-03-2013 [08:39]
Bakı Ağır Cinayətlər Məhkəməsində ?Azər-Ross? MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Ramil Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
İttihama görə, ötən il iyulun 11-i saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ?Azər-Ross? mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb. İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq ittihamı da meydana çıxıb.
Belə ki, ?Azər-Ross?un inşa etdiyi bınalarda vətəndaşlara ev satılsa da, onlara mənzil verilməyib. Məlum olub ki, şirkətin rəhbər şəxsləri H.Məmmədov və F. Hacıyev vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşən 26 vətəndaş zərərçəkən qismində tanınıb.
Prosesdə çıxış H. Məmmədov Ə. Piriyevin qətlinin sifarişçisinin Hacı İbrahim İbrahimov olduğunu bildirib. O, Hacı İbrahimin sabiq spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə olan münasibətlərindən danışıb. Onun sözlərinə görə, Hacı İbrahim R. Quliyevin Azərbaycanda dövlət çevrilişi cəhdi etməsinə yardımçı olub. H.Məmmədov qeyd edib ki, Hacı İbrahim R. Quliyevə bu məqsədlə 500 min manat pul da verib. Onun sözlərinə görə, İbrahimov həmin pulu eks-spikerə mərhum Ə. Piriyevin vasitəsilə göndərib.
Prokuror isə bildirib ki, cinayət işi üzrə Hacı İbrahim və Elmar Məmmədov ibtidai istintaqa ifadə veriblər. O, həmin ifadələrin məhkəmədə elan olunması barədə vəsatət qaldırıb.
H.Məmmədovun vəkili Ramiz Zeynalov Hacı İbrahimin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunmasına etirazını bildirib. O, qeyd edib ki, İbrahimovun özünün məhkəmədə dindirilməsi vacibdir.
Hakim vəkilə cavab olaraq bildirib ki, cinayət işi üzrə ifadəsi olan bütün şahidlərin dindirilməsini məhkəmə təmin edib. Onun sözlərinə görə, bütün şahidlərin məhkəməyə çağırılması üçün məktub göndərilib. Amma İbrahimov məktuba cavabında məhkəməyə gələ bilməyəcəyini yazıb. Hakimin dediyinə görə, İbrahimov səhhətində yaranan problemlərlə bağlı məhkəmədə ifadə verə bilmir və ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyir.
R.Zeynalov isə deyib ki, Hacı İbrahimin səhhətində yaranan problemlərlə bağlı məhkəməyə gələ bilməməsi inandırıcı görünmür. Ötən ilin sentyabrından cinayət işində vəkil kimi iştirak etdiyini vurğulayan vəkil bildirib ki, bu müddət ərzində İbrahimov 8 dəfə xarici ölkələrdə səfərdə olub.
H.Məmmədov da İbrahimovun məhkəməyə çağırılmasının tərəfdarı olduğunu bildirib. Hakimlər isə prokurorun vəsatətini təmin edib və Hacı İbrahimin və E.Məmmədovun ibtidai istintaqa verdikləri ifadələrinin məhkəmədə elan olunması barədə qərar qəbul ediblər.
Bundan sonra İ. İbrahimovun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb. O, ifadəsində göstərib ki, qətlə yetirilən Ə. Piriyevi 1996-cı ildə Bakı şəhər 7 saylı Dəmir-Beton Zavodunun özəlləşdirilməsindən sonra orada işləyən mühəndis kimi tanıyıb: ?Əflatun Piriyev xarakter etibarı ilə kobud, çılğın bir şəxs olsa da, işində məsuliyyətli, təmiz, tapşırılan işi vaxtlı-vaxtında yerinə yetirən və ən çox inandığım, hörmət etdiyim işçi olub. Onunla ancaq işgüzar münasibətimiz olub. 2005-ci ildə Əflatun Piriyev məni həmyerlisi Hümbət Məmmədovla tanış etdi. Söhbət əsnasında məlum oldu ki, Hümbət Məmmədov Rusiyada kommersiya fəaliyyəti ilə məşğul olur və indi öz biznesini Azərbaycanda, BƏƏ-nin Dubay şəhərində genişləndirmək istəyir. Əflatun Piriyev həmin ərəfədə hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olduğu üçün onu da öz fəaliyyətinə şərik qoşmuşdu. Bu məqsədlə ?Azər-Ross? MTK firmasını təsis etmişdilər. Onların hər ikisi bu və ya digər məsələlərlə bağlı iş prosesində çətinlikləri olarkən köməklik göstərilməsi üçün mənə xahişlə müraciət edirdilər. İmkan daxilində təmənnasız onlara köməklik göstərmişəm. Lakin son bir ildə Hümbət Məmmədovun bəzi hərəkətləri, davranışı xoşuma gəlmirdi. Bunun üçün onu yaxına buraxmırdım. Ancaq mobil telefonuma tez-tez zəng edib müxtəlif xahişlər edirdi. Bu xahişlərin biri də 2011-ci ilin təxminən aprel ayında olmuşdu. Məndən 135 min dollar dəyərində nisyə armatur götürdü və bir neçə gün sonra 50 min dolları qaytardı. 85 min dolları müxtəlif bəhanələr gətirərək qaytarmırdı. Bu günədək də borclu qalıb?.
Hacı İbrahim bildirib ki, 2011-ci il iyulun 8-də Türkiyəyə işgüzar səfərə gedib. İyulun 11-də isə Azərbaycandan ona mobil telefon vasitəsi ilə məlumat veriblər ki, ?Avesta? konserninin 12-ci mərtəbəsində yerləşən ?Azər-Ross?un ofısinə iki nəfər naməlum şəxs gələrək təsisçilərindən biri Ə. Piriyevi öldürüblər, mühasibi Ə. Əhmədovu isə yaralayıblar: ?Bu hadisə mənə çox pis təsir etdi, səfəri başa çatdırıb, Bakı şəhərinə gəldim. Əflatun Piriyevin hüzr mərasimində iştirak etdim. Mərhum Əflatun Piriyevin hüzr mərasiminə gedərkən mobil telefonuma Hümbət Məmmədov zəng edib dedi ki, niyə onunla maraqlanmıram? Ondan harada olduğunu soruşdum. Hümbət Məmmədov bildirdi ki, Nərimanov rayon Polis İdarəsindədir, onu Əflatun Piriyevin ölüm işi ilə bağlı istintaqa cəlb ediblər. Bu işlə əlaqədar lazım olan sənədləri toplayıb verir. Həmçinin əlavə etdi ki, müəyyən öhdəliklər var, onları yerinə yetirməyə köməklik istədi. Cavab verdim ki, onun öhdəliklərinə mənim aidiyyətim yoxdur. Hümbət Məmmədov da dedi ki, əgər köməklik etməsəm başımı möhkəm ağrıdacaq. Ona dedim ki, əlindən nə gəlirsə etsin, nə bilirsə danışsın, bir daha məni narahat etməsin. Telefon danışığını bitirib yas mağarına daxil oldum. Hüzr yerində olarkən mərhumun yaxınları yanıma toplaşaraq dərd-qəmlərini bölüşdülər. Söhbət zamanı mənə məlum oldu ki, onlar bu işin sifarişçisi kimi Hümbətdən şübhələnirlər. Açığı, bu xəbər mənə çox təəccüblü gəldi, buna inana bilmədim. Onlara da məsləhət verdim ki, hadisələri qabaqlamasınlar, istintaq özü araşdırmanı aparıb düzgün nəticəyə gəlsin. Bir neçə gün sonra televiziyada gedən məlumatlardan bildim ki, mərhum Əflatun Piriyevin ölümünü sifariş edən şəxs elə həqiqətən də, Hümbət Məmmədovdur. Ancaq onun sifarişini yerinə yetirən şəxslərin kim olduğunu, onları haradan tanıdığını, bu işdə başqa kimlərin də iştirakı olduğunu bilmir?.
Sonra şahid Elmar Məmmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Mərhumun ailəsinin vəkili Aslan İsmayılov yenə də Hümbət Məmmədov tərəfindən zorlandığı iddia olunan qızın ifadəsinin məhkəmədə elan olunması ilə bağlı vəsatət qaldırıb. O, bildirib ki, qapalı məhkəmə iclasında həmin ifadənin elan olunması vacibdir. Hakim növbəti məhkəmə iclasında bu məsələlərin araşdırılacağını bildirib və məhkəmə iclasını martın 7-dək təxirə salıb.