27-02-2013 [01:07]
Onu başa düşmək çətin deyil. Əslində ağrılı taledir. Bir ölkənin prezidenti olasan, dövlət müstəqilliyi haqqında Konstitusiya Qanununu, ölkənin BMT-yə üzv olması barədə sənədi təsdiqləyəsən, amma ömrünün 20 ildən çoxunu ağır şərtlər altında mühacirətdə keçirəsən...Özünün də dediyi kimi, heç də sadə məsələ deyil. Ancaq ?Eks-prezidentlərin statusu haqqında? Qanunun qəbulundan sonra vətəninə qayıtması da onun əhvalında ciddi dəyişikliyə səbəb olmayıb.
Azərbaycanın birinci prezidenti cənab Ayaz Mütəllibovla ilk görüşümüzdə mən bunu açıq-aydın sezdim. Bu kədər təkcə onun ömrünün mühacirət mərhələsi, yaxud da övladını vaxtsız itirməsi ilə bağlı deyildi. Səmimi söhbət zamanı ürəyini açıb dedi ki, o, 20 ildən sonra döndüyü Azərbaycanın 20 faiz torpaq itkisi ilə baş-başa qalmasına çox üzülür, dərin sarsıntı keçirir.
Köməkçi və mühafizəçiləri ilə bərabər yas məclisinə gedəcəyi səbəbindən onunla elə yaşadığı binanın birinci mərtəbəsindəki rahat, səliqəli bir guşədə söhbətləşdik. Bir sıra hallarda ona vaxtla bağlı işarə edən köməkçisinə isə narahat olmamağı deyib sualları təmkinlə, yüksək mədəniyyətlə cavablandırdı.
[b]- Söhbətimiz həm də sizin istefanızın ildönümü ərəfəsinə təsadüf edir. İllər keçəndən sonra həmin günləri necə xatırlayırsınız? Bu gün analoji situasiya ilə üzləşsəydiniz hansı addımı atardınız?[/b]
- O günləri xatırlamağı sevmirəm. Təkcə ona görə yox ki, mən həmin vaxt prezident səlahiyyətlərini vaxtından əvvəl dayandırmalı oldum. Əsas səbəb odur ki, mən planlaşdırdığım işləri həyata keçirə bilmədim. Mən bilmirdim ki, opponentlərim üçün hakimiyyət necə dəyərlidir. Hakimiyyətə yiyələnməyin nələr hesabına başa gəlməsinin onlar üçün heç bir əhəmiyyəti yox idi. Azərbaycan hakimiyyəti ilə müxalifətin birləşməsi istiqamətində bir sıra amillər mövcuddur ki, o vaxtlar onların əhəmiyyətini qiymətləndirmək olduqca çətin idi. Əvvəla deyim ki, Ali Sovetə AXC-nin bütün tanınmış funksionerlərinin seçilməsinin özü çox maraqlı bir faktdır. Onlar ürəyi yananlarla birlikdə parlamentin tərkibində 25 nəfərlik demokratik fraksiya yaratmışdılar. Üstəlik, müxalifətlə paritet əsaslarla Ali Sovetin tərkibində Milli Şura da yaradılmışdı. Ayrı-ayrılıqda kommunistlərdən və demokratlardan ibarət olan hər iki fraksiyada 25 deputat təmsil olunmuşdu. Bu, Azərbaycanın ermənilər tərəfindən təcavüzə məruz qaldığı bir şəraitdə qüvvələrin birləşdirilməsi ideyasının real təcəssümü idi. Təəssüf ki, müxalifətə yaxın olmaq yolunda şüurlu surətdə atdığım bütün bu addımlar qarşı tərəfdən mənim zəifliyim kimi qavranıldı. Onlar işləməyimə mane olmaq üçün əllərindən gələn hər şeyi edirdilər və Milli Şuranı siyasi kluba çevirmişdilər. Halbuki postsovet məkanında digər belə bir demokratik nümunə tapmaq yəqin ki, çətin olardı.
Yaxşı xatırlayıram, 1992-ci il martın 6-sı axşam saatlarında mənim istefa verib-verməməyim haqqında məlumat almaq üçün İsa Qəmbər və Arif Hacıyev yanıma gəldilər. Mən başa düşürdüm ki, istefa verməyim haqqında məndən məlumat almaq üçün onlar necə tələsirlər. Bu, onların sifətində yazılmışdı. Onlar məni inandırmağa çalışdılar ki, daha küçədə insanların qarşısını ala bilmirlər və onlar baş verəcək hadisələrin nəticələrinə zamin durmurlar. Mən başa düşürdüm ki, onlar məsələni şişirdirlər və bununla da mənə təzyiq göstərmək istəyirlər. Həmin vaxt Ali Sovetin qarşısındakı meydanda yüzə yaxın adam qalmışdı. Yeri gəlmişkən, mən hələ gündüzdən parlamentin binasından sakitcə çıxıb öz kabinetimə gedə bilərdim. Məsələ mənim nəzərimdə başqa cür idi. Düşünürdüm ki, tutduğum postdan kənarlaşdırmaq üçün əleyhidarlarım mənə qarşı daha hansı təxribatları hazırlaya bilər və nəticədə nə qədər qanlar tökülə bilər. Xocalı və onun baş verməsindən bir neçə ay əvvəl komanda üzvlərimin həlak olduğu vertolyot qəzası zəncirin bir həlqəsi kimi mənə qarşı yönələn təxribatlar idi. Və əgər taleyimin tələbinə tabe olmayaraq müqavimət göstərsəydim, daha nə qədər qan tökülə bilərdi... Həmin vaxtlar başımın üzərində qaldırılan balta ötüşəcəkdimi? Çox güman ki, yox. Çünki qərar insanların həyatına biganə olan, vicdan əzabı çəkməkdə özünü narahat etməyənlər tərəfindən verilmişdi. Hər halda, müsahibələrimdə kompromis təklif etdim. Bildirdim ki, səlahiyyətlərimi bölüşdürmək yolu ilə onların bir qismini Nazirlər Kabinetinə verməyə hazıram. Bu zaman əlavə etdim ki, respublikanın xaricdə olan nüfuzuna ziyan vurmaq lazım deyil və bizim razılığa gəlməyimizə heç nə mane olmur. Üstəlik, onu da bildirdim ki, Rusiya qoşunlarının köməyi ilə Xocalı şəhərini geri qaytarmaq və Dağlıq Qarabağ üzərində öz nəzarətimizi bərpa etmək üçün geniş imkanım var. Onların davranışlarından belə anladım ki, əgər bunu həyata keçirməyə qadirəmsə, deməli, məni heç kəs hakimiyyətdən uzaqlaşdıra bilməyəcək. Artıq baş vermiş tarixi hadisələrə şərti yanaşmaq düzgün olmadığı üçün mən də bu gün ?həmin situasiya ilə üzləşəcəyim halda hansı addımı atardım? sualı ətrafında düşünmək və ya danışmaq istəmirəm.
[b]- Siyasətdən getdiyinizi bəyan etsəniz də, bir çoxları inanmadı. 2013-də prezidentliyə namizəd olacağınız, yaxud namizədlərdən birinin - çox güman ki, hakimiyyət namizədinin Bakı elektoratı tərəfindən dəstəklənməsi uçun aktiv fəaliyyətə başlayacağınızı təxmin edənlər var. Bu iddialarla bağlı nə deyə bilərsiniz?[/b]
- Bəyan edirəm ki, heç bir siyasi təşkilatın üzvü deyiləm. Amma bir Azərbaycan vətəndaşı kimi ölkənin taleyinə biganə deyiləm və deyiləsi vacib olan sözlər barəsində susa bilmərəm. Müsahibə üçün mənə çoxlu xahişlər gəlir. Siyasətdə və gündəlik həyatda mövcud olan müxtəlif problemlərə dair fikirlərim insanları maraqlandırır. Mən suallara cavab verərkən, əsasən prezident olduğum dövrdə baş vermiş tarixi hadisələri şərh edirəm. Mən heç bir təşviqat prosesində iştirak etmirəm.
[b]- Müxalifətin, İctimai Palatanın fəaliyyətini, seçki hazırlıqlarını izləyirsinizmi? Sizcə, bu gün müxalifətdə çatışmayan əsas məsələ nədir?[/b]
- Xeyr, izləmirəm. Deyə bilmərəm.
[b]- Müxalifətin seçkiyə vahid namizədlə qatılması seçkilərin nəticələrinə həlledici təsir göstərə bilərmi?[/b]
- Bu sualın cavabını zaman verəcək.
[b]- İsa Qəmbərin mənzilində aparılan axtarış, ev əşyalarının müsadirə üçün siyahıya alınmasına münasibətiniz necə oldu?[/b]
- Hesab edirəm ki, işin bu cür hərəkətlərə gətirib çıxarmasına yol vermək lazım deyildi. Şübhə edirəm ki, bu hərəkət prezidentin razılığı ilə olub. Ona görə də bunun təxribata bərabər olması düşüncəsinə üstünlük verirəm. Mənim təcrübəmdə belə bir hadisə 1991-ci ilin avqustunda baş vermişdi. Bakı Şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Bəxtiyar Əliyevin tapşırığı ilə AXC-nin qərargahına basqın edilmişdi. Onda bir neçə nəfər əzişdirilmişdi. Xüsusən Sabir Rüstəmxanlı xəsarət almışdı. Onun və bir neçə digər şəxsin başına sarğı qoyulmuşdu və onlar bu sarğılarla uzun müddət gəzib döyülmə hadisəsinin fəsadlarını nümayiş etdirmişdilər. Əlbəttə ki, bundan xəbərim yox idi. Bununla belə, onlar belə düşünmək istəyirdilər ki, bunlar mənim razılığımla olub.
[b]- Ayaz müəllim, ?Milyarderlər ittifaqı? ilə bağlı fikrinizi bilmək istərdim. Uzun müddət Rusiya paytaxtında yaşayıbsınız, yəqin ki, bu qurumun üzvlərindən bir çoxunu şəxsən tanıyırsınız, Abbas Abbasovla isə bir komandada işləyibsiniz. Siz bu təşkilat haqda nə deyə bilərsiniz?[/b]
- Vallah, dəqiq bir şey deyə bilmərəm. Tanımağa gələndə tanıyıram. Ancaq bu 20 ilin ərzində heç biri ilə əlaqəm olmayıb. O ki qaldı onların yeni təşkilat yaratmasına, məncə, məqsəd azərbaycanlıları fəallaşdırmaqdan ibarətdir. Yəni bunların diaspor şəklində fəal olmasından söhbət gedir. Səbəb budur və bu səbəb də önəmlidir. Çünki başqa xalqlarla müqayisədə - elə erməniləri nəzərdə tuturam - bizimkilər siyasi mənada zəifdir. Məsələn, Rusiyanın siyasi qurumlarında azərbaycanlılar demək olar ki, heç təmsil olunmayıb. Əgər məqsəd yuxarıda dediyimdirsə, onda yəqin ki, həmin istiqamətdə o təşkilatı gücləndirmək lazımdır. Ancaq orda başqa məqsəd nə var, məsələnin pərdəarxası nədir, bu barədə heç nə deyə bilmərəm, çünki əlaqəm də olmayıb.
[b]- Rəsmi Bakı bu təşkilatın yaranmasına olduqca sərt reaksiya verdi, Diaspor Komitəsinin bəyanatı da oldu. Hesab olunur ki, bu qurum Azərbaycanın daxili işlərinə qarışmaq istəyir, Rusiyanın əlində oyuncaqdır və sair. Bu yanaşmanı bölüşürsünüzmü?[/b]
- Konkret bir söz deyə bilmərəm. Amma fakt budur ki, Rusiya kimi böyük bir dövlət bizim qonşumuzdur. Onun öz maraqları var. Siz heç zaman ona deyə bilməzsiniz ki, sən bunu elə yox, belə elə. Onlar öz bildiklərini edəcəklər. Ancaq sən çalış bu qonşuluqdan özünə xeyir tap. Məsələn, xeyrimiz son 20 ildə azərbaycanlıların kütləvi şəkildə Rusiyada işləməsidir. Yəni Azərbaycanın iqtisadi problemləri ilə əlaqədar həmvətənlərimizin müvəqqəti olsa da, orda məskunlaşıb işləməsi burdakı yaxınlarına da böyük kömək idi. Bunu həmişə nəzərdə saxlamaq lazımdır. Dəfələrlə demişəm, bəli, qismət belə olub ki, 20 il orda yaşamışam, amma mənim başqa azərbaycanlılardan heç bir fərqim yoxdur. Bu artıq-əksik sualları mənə verməyin ki, burada kimi görürəm. Heç kimi görmürəm, heç kimlə də marağım yoxdur və heç kim də mənə maraq yetirməyib. Hətta müsahibələrimin birində dedim ki, 1992-ci ilin mayında Rusiyaya getdim, bir neçə il ərzində sıravi məmur da mənə zəng etmədi. Demədi ki, a kişi, sən həmin o adamsan ki, bizimlə əl verib müqavilələrə qol çəkmisən, nə var, nə yox, bəlkə bir köməyə ehtiyacın var. Vallah, sizi inandırıram ki, belə bir hal olmayıb. Ancaq burda belə bir təsəvvür yaranmışdı ki, guya mən gecə-gündüz onlarla oturub dünya problemlərini həll edirəm.
[b]- Hətta ehtimallar var idi ki, siz ölkəyə Azərbaycanın növbəti Nərimanovu statusunda gələcəksiniz...[/b]
- Mən də ona görə çalışdım. Yəqin çalışmağımın nəticəsidir ki, Allahın və ölkə prezidentinin köməyi ilə qayıtdım, Nərimanov kimi orda qalmadım.
[b]- Amma maraqlısı budur ki, qayıdıb Nərimanovun abidəsinin yaxınlığında məskunlaşdınız...[/b]
- Siz Nəriman Nərimanovun adını çəkdiniz. Müsahibələrimin birində də demişdim ki, mən Məhəmməd Əmin Rəsulzadə ilə Nəriman Nərimanovun taleyini yaşamadım, vətənimə qayıda bildim. Biz azərbaycanlılar əqidədən asılı olmayaraq hamılıqla birləşməliyik. Məhəmməd Əmin də, Nərimanov da ilk növbədə azərbaycanlı olub. Biz buna hörmət etməliyik. Ancaq təəssüflər olsun ki, o zamandan, 1917-ci ildən bəri bəzi adamlarda bu ayrı-seçkilik qalıb.
[b]- Moskvada olarkən Nərimanovun məzarını ziyarət etdizinizmi?[/b]
- Hə, orda olmuşam. Gündə liberallar sataşırlar ki, bunu dağıtmaq lazımdır.
[b]- Ayaz müəllim, yaşadığınız mənzil özünüzündür?[/b]
- Bəli, dövlət tərəfindən verilib.
[b]- Eks-prezidentin imtiyazlarından bütövlükdə yararlanırsınızmı?[/b]
- Əsasən. Bilirsiniz, bu, yeni bir qanundur, tədricən təkmilləşdirmək lazım gələcək. Ona görə də ehtiyac duyanda hansısa məsələləri işgüzar qaydada telefonla həll edirik.
[b]- Mühafizə də həmişə sizinlədir?[/b]
- Mühafizəm var. Amma mən hara gedirəm ki. Heç yerdə olmuram.
[b]- İstədiyiniz məkana sərbəst qaydada çıxa bilirsiniz?[/b]
- Əlbəttə.
musavat.com