ilyas ismayılov: "Əgər dövlət bazçısının mövqeyi ardıcıl zəkildə həyata keçirilsə..."

img

24-02-2013 [05:44]


[b]Milli Məclisin üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Azərbaycanda bizneslə məşğul olan məmurların və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı təklif etdiyi layihənin parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında geri qaytarılması barədə qəzetimizin öətən sayında məlumat vermişdik. Təklifi qəbul olunmayan İ.İsmayılov isə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayaraq, bildirib ki, Milli Məclisin müvafiq komitəsinin bu qərarı dövlətin maraqlarına yox, korrupsiyanın çiçəklənməsinə qulluq edir. İ.İsmayılovla söhbətə bu mövzudan başladıq.[/b] - Bildiyiniz kimi, təklif etdiyim layihə barədə komitədə ciddi müzakirə aparılmadan qərar qəbul edilib. Ona görə də bununla bağlı Prezidentə müraciət ünvanlamışam. Müraciətdə bildirmişəm ki, korrupsiyaya qarşı mübarizənin uğurlu olması həm də müvafiq qanunvericilik bazasının yaradılmasını tələb edir. Çox təəssüf ki, bu təkliflər ya sükutla qarşılanır, ya da onların müzakirəsinə maneçilik törədilir. Ən arzuolunmaz hal budur ki, bizdə varlı adamlar biznesmenlər deyil, qanunsuz bizneslə məşğul olan vəzifəli şəxslərdir. Bu isə ölkəmizdə korrupsiyanın yüksək həddini müəyyən edir. Ona görə də Cinayət Məcəlləsinə vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə məsuliyyəti nəzərdə tutan xüsusi norma əlavə edilməlidir. Mən bütün bunları nəzərə alaraq, 2011-ci ildə Milli Məclisə bu barədə qanun layihəsi təqdim etdim. Amma bu layihə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində yalnız iki ildən sonra "müzakirə" edildi və parlamentin plenar iclasına tövsiyə olunmadı. Təəssüf doğuran odur ki, komitə üzvləri bu mövqelərini ortaya qoyanda "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini nəzərə almadılar. Halbuki həmin Qanunun 9.3.3-cü maddəsində birbaşa göstərilir ki, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq korrupsiyaya aparan hüquqpozmadır. Həmin Qanunun 10-cu maddəsinin 10.1-ci bəndində isə yazılıb ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunun 3-cü maddəsinin 2-ci bəndində də bildirilir ki, dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilir. Mən bunu nəzərə alaraq, ölkə başçısına məktubumda da qeyd etdim ki, müvafiq komitə yanlış və korrupsiyaya töhfə verən mövqe tutdu. Bu səbəbdən də, ölkə başçısından bütün bu göstərilənləri nəzərə alaraq qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, Milli Məclisə bu məsələ ilə bağlı layihə göndərməyi xahiş etdim. [b]- Ölkə başçısına yazdığınız məktuba cavab almısınız?[/b] - Hələlik heç bir nəticə yoxdur. Bu barədə başqa bir söz deyə bilmərəm. [b]- İlyas müəllim, 12 fevral tarixində keçirilən iclasda dövlət başçısı məmurlar və onların övladlarının harınlığından da danışaraq, sərt xəbərdarlıq elədi. Prezidentin bu mövqeyini necə dəyərləndirirsiniz?[/b] - Prezidentin bu mövqeyini müdafiə edirəm. Çünki heç bir məmurun özünü xalqdan üstün tutmağa ixtiyarı yoxdur. Hansısa məmurun xalqa yuxarıdan aşağı baxmağa haqqı çatmır. Təəssüf ki, Azərbaycanda belə hallar çoxdur. Prezidentin də bunu dilə gətirməsinin profilaktik əhəmiyyəti var və bunun bir nəticə verəcəyinə inanıram. Bu mənada, ölkə başçısının bu addımını təqdir edirəm. [b]- Ölkə başçısının məlum çıxışından sonra bir sıra kadr dəyişiklikləri oldu. Bundan sonra da kadr islahatlarının davamlı olacağını gözləyirsiniz?[/b] - Arzu edirəm ki, başlanan kadr dəyişiklikləri davam eləsin, yarımçıq qalmasın. Çünki dəyişiklik hər zaman müsbət nəticə verir. [b]- Son dövrlər bölgələrdə də narazılıqlar artıb. Seçki ili olduğunu nəzərə alaraq, narazılıqların artan istiqamətdə inkişaf edəcəyini gözləmək olarmı?[/b] - Bu gün ölkədə narazılıq var. Prezident də bu səbəbdən belə çıxış elədi. Əgər dövlət başçısının bu mövqeyi ardıcıl şəkildə həyata keçirilsə, narazılıqlar aradan qalxar, məmurlar da özlərini insan kimi apararlar. Yox, əgər məmurlar bundan sonra da özbaşınalığa davam eləsələr, narazılıqlar artacaq. [b]- Bəziləri ölkədə inqilabi vəziyyətin yetişməsindən də danışırlar...[/b] - Hələlik elə də böyük təlatümlər gözlənilmir. Mən heç vaxt məsələləri maksimalist dərəcədə şişirtməyin tərəfdarı olmamışam. Ona görə də inqilabi vəziyyətin yetişməsini iddia edənlərlə razı deyiləm. Bəli, ölkədə narazılıq var. Ancaq bunu aradan qaldırmaq mümkündür. Hər halda narazılığı yaradan səbəbləri araşdırıb, onu aradan qaldırmaq lazımdır ki, problemlər həllini tapsın. [b]- İlyas müəllim, seçki ilidir, bu dönəmdə müxalifətin hazırki durumunu necə dəyərləndirirsiniz?[/b] - Hərənin öz siyasi strategiyası, öz dəst-xətti var. Ona görə də başqa siyasi qüvvələrin fəaliyyətinə qiymət vermək niyyətində deyiləm. Hər bir partiyanın öz rəhbəri, öz strukturları var və onlar seçki ilə bağlı mövqelərini bəyan edə bilərlər. Kimin hansı durumda olduğunu deməyi isə lüzumsuz sayıram. [b]- Müxalifət partiyasının sədri kimi 2013 seçkilərində müxalif düşərgənin alternativ ola biləcəyinə inanırsız?[/b] - Hər bir siyasi təşkilatın özünə görə gücü, dayağı var. Əlbəttə ki, müxalifət seçkidə ciddi alternativ ola bilər, amma bunun üçün zəruri olan addımlar atılmalıdır. Əgər müxalif düşərgədə olan qüvvələr fəaliyyətlərini əlaqələndirib vahid güc kimi ortaya çıxsalar, daha yaxşı olar. Mən də arzu edirəm ki, müxalifət budəfəki seçkidə vahid mövqedən çıxış edə bilsin. Birgə mübarizə zamanı effekt daha yaxşı olur. Ancaq onu da demək istəyirəm ki, müxalifət partiyalarının mövqeyi ilə hesablaşmaq lazımdır. Yəqin ki, hakimiyyət də bunu nəzərə alaraq, müxalifətin mövqeyi ilə hesablaşar. [b]- Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı narazılıqlarını ifadə edir və hakimiyyətə təpki göstərirlər. Bu təpkiləri ədalətli sayırsınız?[/b] - Mən bu məsələdə fərqli düşünürəm. Hər bir beynəlxalq təşkilatın öz məqsədi var. Onlar Azərbaycandakı mövcud vəziyyətlə balğı hakimiyyətə təzyiq etməklə hansısa güzəştlər əldə etmək istəyirlər. Bu baxımdan, onların mövqelərini tam ədalətli saymaq olmaz. Ona görə də mən, beynəlxalq təşkilatların hay-küyünə o qədər də bel bağlamıram. Problemlərin həllini istəyiriksə, bunu daxildə, öz gücümüzə eləməliyik. Bizim maraqlarımızı özümüzdən başqa heç kim təmin edə bilməz. [b]- Prezident seçkiləri ilə bağlı Ədalət Partiyasının planları nədən ibarətdir?[/b] - Hələlik seçkiyə xeyli vaxt var. Ona görə də planlarımızı bəribaşdan açıqlamaq niyyətində deyilik. [b]- Bəzi müxalifət partiyalarının sədrləri namizəd olacaqlarını bəyan ediblər. Bu məsələyə münasibətiniz necədir?[/b] - Bu, hər bir partiyanın daxili işidir. Kim, hansı partiya öz namizədini müəyyənləşdirib, seçkidə iştirak edəcəyini bəyan edibsə, öz işidir. Bizim partiyamız hesab edir ki, hələlik vaxta var və vaxtından əvvəl mövqe bildirməyə ehtiyac yoxdur. [b]- Siz də prezidentliyə namizəd olmağı düşünürsünüz?[/b] - Mənim niyyətim də partiyanın niyyəti ilə eynidir. Hələ vaxta var, zamanı gələndə qərarımı bildirərəm. [b]- VİP və Yaşıllar Partiyası ilə əməkdaşlıqla bağlı danışıqlar aparırdınız. Bu məsələ nə yerdədir?[/b] - Hazırda hər üç partiya arasında danışıqlar gedir və hər hansı qərar verilməyib. Onu da nəzərə çatdırım ki, bizim danışıqlarımız seçki ilə bağlı deyil. Sadəcə olaraq, partiyalar fəaliyyətlərini birləşdirmək niyyətindədirlər. Əsas məqsədimiz də odur ki, Azərbaycanda hüquqi dövlət qurulsun, insan hüquqları təmin olunsun, qanunların aliliyi prinsipi həyata keçsin. Hələlik bu istiqamətdə danışıqlar gedir(reytinqinfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA