23-02-2013 [05:25]
Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov həftənin əvvəlində deputat seçildiyi 106 saylı Seçki dairəsini əhatə edən Ağstafa və Qazax rayonlarında səfərdə olub. O, fevralın 20-də Ağstafada, 21-də isə Qazaxda keçirilən rayon İcra hakimiyyətlərinin 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında iştirak edib.
Səfərlə bağlı partiyanın mətbuat xidmətinə açıqlama verən İlyas İsmayılov bildirib ki, hər iki konfransda çıxış edib. Və çıxışlarının ikisində də bu rayonlarda həqiqətən də böyük quruculuq-abadlıq işlərinin görüldüyünü vurğulayıb: ?Milli Məclisə oradan seçilmiş deputat olaraq mən də onların bu uğurlarına sevindiyimi bildirdim. Əlbəttə, mənim və ya başqa deputation onlara hər hansı göstəriş, tapşırıq vermək səlahiyyətimiz yoxdur. Biz onlara yalnız uğurlarının daha da çox olması üçün müəyyən arzularımızı, istəklərimizi bildirə bilərdik. Elə də etdim və bəzi arzularımı onların nəzərinə çatdırdım?.
Mətbuat xidməti bildirir ki, İlyas İsmayılov çıxışlarında daha sonra bunları deyib: ?Yəqin ölkə başçısının 12 fevral müşavirəsindəki məşhur çıxışı yadınızdadır. Həmin çıxışda səslənən fikirləri nəzərə alaraq hesab edirəm ki, biz öz fəaliyyətimizə, işlərimizə qiymətvermə meyarını dəyişməliyik. İndiyədək adətən statistik metoddan istifadə etmişik və edirik. Yeri gəlmişkən, XIX əsrdə uzun illər İngiltərənin baş naziri və Mühafizəkarlar Partiyasının sədri olmuş Bencamin Dizraelinin maraqlı bir fikri var. O deyirdi ki, üç növ yalan var ? birinci yalan adi yalandır. Yəni, tutaq ki, kimsə kiminsə bağından meyvə oğurlayb çıxır, amma hardan gəldiyini soruşanda ?məktəbdən qayıdıram? deyir. İkinci yalan murdar və çirkin yalandır. Məsələn, bildiyiniz kimi, amerikalılar İkinci Dünya Müharibəsindən sonra Xirosima və Naqasakiyə atom bombası atmışdılar. Bunun nə ilə nəticələndiyini izah etməyə yəqin ki, ehtiyac yoxdur. Amma görün İngiltərənin o vaxtkı baş naziri Çörçill öz xatirələrində nə yazır. O iddia edirdi ki, guya bu addımı atmasaydılar, yaponlar bir millət olaraq tamamilə məhv olarlarmış. Çünki onlar o vaxt artıq imperatora yox, hərbçilərə tabe idilər və hərbçilər də göstəriş veriblərmiş ki, məğlub olduqları təqdirdə bütün yaponlar kütləvi şəkildə xarakiri-intihar edib özlərini öldürməlidirlər. Guya ABŞ atom bombasını məhz bunun qabağını almaq üçün atıbmış. Bax bu, çirkin və iyrənc yalandır. Üçüncü yalan isə statistikadır. Məşhur siyasətçi statistikanı yalanın ən iyrənc və dəhşətli forması hesab edirdi. Əlbəttə, mən statistikadan heç də tam istifadənin əleyhinə deyiləm. Amma statistikadan adətən o hallarda istifadə olunmalıdır ki, orada səbəblə nəticə arasındakı əlaqə görünmür. Görünən halda isə ondan istifadə etməyə dəyməz.
Dediyim odur ki, biz bu məsələyə bir az geniş və fərqli yanaşmalıyıq. Və mən hesab edirəm ki, bizim öz fəaliyyətimizə qiymət verməyimizin birinci meyarı İlahi qanun olan ədalət olmalıdır. Belə etsək insanlararası münasibətlərdə, vətəndaşlarla dövlət arsındakı münasibətlərdə tolerantlıq nümayiş etdirmiş olarıq. Bu isə öz növbəsində vətəndaşlarla dövlət arsında qarşılıqlı əməkdaşlıq mühitinin yaranmasına gətirib çıxarar. Biz məsələyə ədalət meyarından yanaşsaq, onda heç bir klan, yaxud korrupsiyaya uğramış hansısa qrup cəmiyyətə hökmranlıq edə bilməz. Cəmiyyətin bütün təbəqələrinin arzu və istəkləri, ehtiyacları nəzərə alınar. Hamı qanun və məhkəmə qarşısında bərabər olar. Məhkəmə də sifariş yox, qanunlar əsasında işləyər. Fərdin və bütün vətəndaşların hüquqlarının təminatçısı rolunda çıxış edər. Belə olarsa, haqqında Prezidentin də kəskin fikir bildirdiyi məmurların və onların övladlarının harınlığı hallarının da qarşısı alınar. Qiymətləndirmənin ikinci meyarı inam-xalqın inamı olmalıdır. Məsələn, bizdə hüquq-mühafizə orqanlarının fəaliyyətinə qiymət həmişə cinayətlərin sayına və onların üstünün açılması faizinə görə verilib. Həmin tendensiya bu gün də davam edir. Halbuki bir çox ölkələr, lap elə şimal qonşumuz Rusiya da o metoddan çoxdan imtina edib. İndi onlarda həmin orqanların fəaliyyətinə əhalinin inamı əsas götürülməklə qiymət verilir. Lazım gələndə hətta sorğu da keçirirlər ki, əhali filan güc strukturuna inanır ya yox? Burada bütün dinlərin əsasını təşkil edən məşhur ?özünə rəva bilmədiyini, başqasına da rəva görmə? deyiminin müəllifi, böyük mütəfəkkir Konfutsi ilə bağlı bir əhvalatı xatırlatmaq, məncə, yerinə düşər. Bir gün şagirdlərindən biri ondan soruşur ki, ?müəllim, hansı üç şərt olsa ölkəni idarə etmək olar??. Cavab verir ki, ?birinci çörək, ikinci ordu, üçüncü isə xalqın inamı?. Onda şagird soruşur ki, ?bəs o üç şərtdən hansı biri olmadan keçinmək olar??. Filosof deyir ki, ?ordu olmasa?. Şagird əl çəkmir: ?bəs qalan o iki çərtdən hansı biri olmasa ölkəni idarə etmək olar??. Konfutsi cavab verir ki, ?çörək olmasa?. Yəni idarəçiliyin, rəhbərliyin ən əsas şərti xalqın inamını qazanmaqdır. Yəqin yaşlı və orta nəsil nümayəndələrinin yadındadır və şübhə etmirəm ki, yeni-cavan nəslin təmsilçiləri də oxuduqlarından, eşitdiklərindən bilirlər ki, Böyük Vətən Müharibəsi dediyimiz savaşda qazanılan qələbənin əsas şərtlərindən biri məhz əhalinin dövlətə və onun rəhbərinə olan inamı idi. Yəni xalq öz rəhbərinə inanmalı, rəhbər də bu inamı qazanmağı bacarmalıdır.
Heredot deyirdi ki, hər bir xalqın həyatı üç mərhələdən keçir: birinci mərhələ - qələbə, ikinci mərhələ - bu qələbənin yaratdığı eyforiyadan lovğalanmaq, üçüncüsü - bunun labüd və məntiqi nəticəsi olaraq mənəvi düşgünlüyə düçar olub məğlub olmaq. Ona görə də biz təkəbbürə qarşı mübarizə aparmalı, təvazökar olmalyıq. Təvazökarlıq insanın yaraşığı olmalıdır. Yeri gəlmişkən, böyük rus yazıçısı Lev Tolstoy deyirdi ki, insanın qiymətini kəsr xətti ilə müəyyən etmək olar. Kəsrin surətində onun əsl qiyməti, məxrəcində isə özünün özü haqda fikri durur. Yəni insanın özünün özü haqda fikri nə qədər yüksək olsa, kəsr bölünəndə surəti aşağı düşər. Ümumiyyətlə, vəzifəli şəxsin xalqı özünə inandırmağının, yəni əhalinin inamını qazanmasının bircə yolu var, o da şəxsi nümunədir. İndi elə bir dövrdə yaşayırıq ki, artıq heç kimi sözlə inandırmaq, piarla öz tərəfinə çəkmək olmur. Qədim romalılar da deyirdilər ki, ən qısa əmr şəxsi nümunədir.
Amma elə adamlar var ki, vəzifəcə özündən səlahiyyətlisini görəndə ona verilən işgəncədən mazoxist kimi, tabeçiliklərindəkilərə əziyyət verərkən isə sadist kimi həzz alırlar. Halbuki belə olmamalıdır. Vəzifə tutan, xüsusən də yüksək vəzifə tutan şəxs hamıya, ən çox da tabeçiliyindəkilərə həm biliyi, həm ədaləti, həm alicənablığı, həm gözütoxluğu, həm də davranışı ilə nümunə olmalıdır. Mən sizlərə məhz bunu arzulayıram?.