Zəfər Quliyev: "Ölkədə inqilabi vəziyyət yarana bilər"

img

17-02-2013 [05:22]


"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin vəzifəli şəxsləri sərt şəkildə tənqid etməsi, onun ardınca bir sıra kadr dəyişikliklərinə imza atması ictimai-siyasi gündəmi dəyişib. Bəziləri bunu hakimiyyətin islahatlara başlaması kimi qiymətləndirsə də, bir qism imitasiya xarakterli dəyişiklik sayır. Tanınmış politoloq Zəfər Quliyev də bizimlə söhbətində ciddi proseslərin başladığını deyir: - Prezidentin məlum çıxışı yanvarda baş verən hadisələrlə, xüsusilə də İsmayıllı rayonundakı xalq üsyanı və digər etirazlarla bağlı idi. Məlumdur ki, İsmayıllıda bəzi məmurların və onların övladlarının özlərini qudurğan aparması böyük etiraza səbəb olmuşdu. İsmayıllıdan sonra bir sıra rayonlarda da lokal etirazlar müşahidə edildi və orda da narazılıq əsasən, yerli icra hakimiyyətləri ilə bağlı idi. Yəni, bu ilin yanvarında Azərbaycana xas olmayan dinamik proseslər getdi. Bütün bunlar göstərdi ki, narazılıq təkcə İsmayıllıda deyil, bütövlükdə ölkəni bürüyüb. Prezident başda olmaqla, hakimiyyət də başa düşür ki, vəziyyət daha da kritikləşməyə doğru gedir. Hakimiyyət bu etirazlara ilk reaksiyasını İsmayıllıda verdi və o da çox yanlış bir metod oldu ki, narazılara qarşı zorakılıq elədilər, kütləvi həbslər baş verdi. Ancaq sonrakı proseslər göstərir ki, iqtidar da başa düşür ki, təkcə güc yolu ilə ölkəni qorxu altında saxlamaq, sabitliyi təmin etmək, prosesləri bu şəkildə seçkiyə qədər davam etdirmək mümkün deyil. Ona görə də islahata meyl yolunu tutdular. [b]- Dövlət başçısının məmurlara xəbərdarlığı və bundan sonrakı addımlar islahata start kimi qiymətləndirilə bilər?[/b] - Bunu islahata meyl kimi də dəyərləndirmək olar. Amma bunu görüntü kimi dəyərləndirənlər də var. Mən hələlik buna qiymət vermirəm, çünki qiymət vermək üçün ciddi addım atılmayıb. Lakin görüntü naminə atılan addım da olsa, vəziyyətdən doğan addımlardır. [b]- İsmayıllının icra başçısının istefaya göndərilməsini məlum xəbərdarlığın real addımlarla əvəzlənməsi kimi dəyərləndirmək olarmı?[/b] - Prezidentin çıxışından sonra ilk reaksiyalar o oldu ki, konkret addımlar atılmayacaq. Çünki əvvəlki illərdə də bu tipli xəbərdarlıqlar olurdu, lakin ciddi addımlar atılmırdı. Ona görə, budəfəki xəbərdarlıq da imitasiya kimi qəbul olunurdu. İsmayıllının icra başçısının istefaya göndərilməsi isə real addımların atıldığına sübut oldu. Onu da xüsusi vurğulayım ki, əvvəlki ənənəyə uyğun olmayaraq, İsmayıllıya həmin rayondan olan şəxsi başçı təyin etdilər. Bu da rayondakı gərginliyi nisbətən azaltmağa hesablanıb. İsmayıllının icra başçısının istefaya göndərilməsindən sonra dəyişiklik etməsəydilər, onda hamı deyərdi ki, prezidentin çıxışı və ondan sonrakı addımı İsmayıllı hadisəsinə ünvanlanmışdı. Dəyişiklikləri yeni bir xətt kimi göstərmək üçün, başqa rayonun da icra başçısı vəzifəsindən kənarlaşdırıldı. Güman etmək olar ki, bu proses davam edəcək. Bu isə prosesin görüntü olmadığını göstərir. Artıq hakimiyyət seçkiqabağı daxili narazılıqları, eyni zamanda, xarici amilləri də nəzərə alır. Ona görə ki, son vaxtlar beynəlxalq aləm dəyişikliklərin vacibliyini hakimiyyətin nəzərinə çatdırırdı. Hakimiyyət çox gözəl anlayır ki, heç nəyi dəyişmədən, ənənəvi siyasət yürütməklə seçkini udmaq mümkünsüzdür. Çünki vəziyyət də, cəmiyyət də dəyişib. Mən hesab edirəm ki, hakimiyyət öz xoşu ilə deyil, məcburən bu dəyişikliyə gedir. Hər halda, hakimiyyət məcburən də olsa, nəyisə dəyişməyə başlayıb və bu, müsbət qiymətləndirilə bilər. [b]- Ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizədən də narazı qaldığını bildirdi. ?ecə düşünürsünüz, bu istiqamətdə daha sərt tədbirlər görülə bilərmi?[/b] - Korrupsiyaya qarşı mübarizə hakimiyyət üçün daha ağır, daha çətin, o qədər də real görünməyən məsələdir. Hansısa kadr islahatı aparmaq, ard-arda icra başçılarını dəyişmək olar. Çünki bu dəyişikliklər hakimiyyətin yüksək dairələrinə təsir etmir, yəni, onun siyasətinin mahiyyətini dəyişmir. Bu dəyişikliklər ən yüksək səviyyəli məmurların maraqlarına ciddi şəkildə təsir eləmir. Əksinə, bu cür xətt hakimiyyət üçün əlverişlidir, ona görə ki, bununla cəmiyyətdə olan gərginliyi azaltmaq mümkündür. Ancaq korrupsiya ilə mübarizə prinsipial şəkildə həyata keçirilsə, bu, artıq iqtidarın ən yüksək kürsüdə olan məmurlarının maraqlarına toxunar. Bir də ki, indi korrupsiyaya qarşı mübarizə özünə qarşı mübarizə kimi bir şeydir. Bu da heç bir effekt verə bilməz. Amma hakimiyyət bir tərəfdən də korrupsiyaya qarşı mübarizəyə məcburdur. Çünki bu, sistemli islahatların tərkib hissəsidir. Həm daxildə, həm də beynəlxalq aləmdə hakimiyyətdən tələb olunur ki, korrupsiyaya qarşı ciddi mübarizə aparılsın. Güman edirəm ki, qısa müddətdə yeni-yeni həbslər olacaq. Lakin bunlar aşağı səviyyəli korrupsiya faktları ilə bağlı ola bilər. Hətta orta məmur eşalonuna da toxunması mümkündür. Amma inanmıram ki, bütün faktlar üzərində mübarizənin şahidi olmayacağıq. Hər halda, bunu da müsbət qiymətləndirmək olar. Yəni, heç olmasa, aşağı səviyyədə rüşvətxorluq aradan qaldırılar. Zaman keçdikcə, bu mübarizənin məntiqi sonuna çatmaq üçün pillə-pillə yuxarı qalxmaq məcburiyyətində qalacaqlar. Bütün bunlar hakimiyyətin özünümüdafiə hissindən doğur. İndi anlayırlar ki, kadr islahatı aparılmasa, ölkədə inqilabi vəziyyət yarana bilər. Ancaq hakimiyyətin səmimi islahat aparacağı inandırıcı deyil və imitasiya üçün müəyyən gedişlər edəcək. Mümkündür ki, bu görüntünü daha da dərinləşdirmək üçün başqa addımlar da atsınlar. [b]- 2005-ci il seçkiləri ərəfəsində yüksək vəzifəli məmurları həbs etdilər. Onlara qarşı korrupsiya və rüşvətxorluq ittihamı irəli sürülürdü. Sizcə, 2013 seçkiləri ərəfəsində də yüksək vəzifəli məmurlardan kimlərsə korrupsiyaya qarşı mübarizə adı ilə həbs oluna bilərmi?[/b] - Hakimiyyət özünə siyasi cəhətdən sadiq olan, aşağıdan tutmuş ən yuxarı kürsüdəki məmura qədər heç kimi cəzalandırmır. Hətta məcbur olub istefaya da göndərəndə, sakit şəkildə sərəncamını verir və heç bir cəza olmur. Qubada baş verən hadisələr zamanı icra başçısı istefaya göndərildi, amma onun sonrakı aqibəti məlum olmadı, eyni zamanda, həmin hadisələrə görə məsuliyyətə cəlb edilmədi. O cümlədən də İsmayıllının icra başçısı vəzifədən çıxarıldı. Sabah onun qardaşı, nazir Füzuli Ələkbərov da istefaya göndərilə bilər, lakin hakimiyyət bunları cəzalandırmır. Ona görə ki, bunların günahı xalq qarşısındadır, hakimiyyət qarşısında yox. Yəni, hakimiyyətin bu məsələdə ikili yanaşması var. Hansı məmur insanlar qarşısında günah işlədirsə, onu uzaqbaşı vəzifədən çıxarırlar. Amma kimsə hakimiyyətə qarşı hansısa oyunlarda iştirakçıya çevrilirsə, xəyanət edirsə, ona qarşı sərt cəza tətbiq olunur. Hətta cinayət işi olmayanda da, dərhal belə bir zəmin yaradır və həbs edirlər. Necə ki, 2005-ci ildə Fərhad Əliyev, Əli İnsanov və digərlərinə qarşı belə elədilər. Hakimiyyətin yanaşmasında ilk növbədə siyasi motivlər var. Elə Fərhad Əliyevlə Əli İnsanova qarşı da ilkin ittiham o idi ki, dövlət çevrilişi hazırlayırlar, hakimiyyəti dəyişmək istəyirlər. Ona görə də, hesab edirəm ki, kadr islahatı adı altında bir çox adamlar dəyişdirilə bilər. Lakin səs-küylü məhkəmə prosesi o vaxt yarana bilər ki, hansısa bir nazir, yaxud yüksək çinli məmur hakimiyyətin daxilində parçalanmalar yaratsın, onların təbirincə desək, xəyanət etsin. Onları hər şeydə, o cümlədən korrupsiyada ittiham edə bilərlər. [b]- Gülər Əhmədovanın həbsi də ciddi hadisə kimi qiymətləndirilir. Sizcə, bir neçə ay gözlədikdən sonra bu addımın atılması hansısa ssenarinin olmasından xəbər verir?[/b] - Doğrusu, heç kim gözləmirdi ki, Gülər Əhmədova həbs oluna bilər. Ancaq son hadisələr fonunda bu da baş verdi. ?əzərə alsaq ki, Gülər Əhmədova məsələsini ortaya çıxaran Elşad Abdullayev bu həbslə kifayətlənmək fikrində deyil, prosesin bununla qapanmayacağını demək olar. Elşad Abdullayev bildirib ki, onda başqa videomateriallar da var və lazım gəlsə, açıqlana bilər. Hakimiyyət Gülər Əhmədova ilə kifayətlənə bilər, amma bu prosesi başladanların dayanmayacağı şübhəsizdir. Yeni videomateriallar yayılsa, başqa yüksək vəzifəli məmurların adları çəkilsə, cəmiyyətdə yeni-yeni gözləmələr yaranacaq və tələb ediləcək ki, bu iş məntiqi sona çatdırılsın. Hakimiyyət bu məsələni dondurmağa çalışsa da, müəyyən mərhələdən sonra məsələyə yenidən qayıtmaq məcburiyyətində qalacaq. Hesab edirəm ki, Gülər Əhmədovadan sonra daha ciddi, daha səs-küylü həbslər ola bilər. [b]- Zəfər bəy, hazırda seçki ilini yaşayırıq və hakimiyyətdən bütün müstəvilərdə islahat tələb edilir. Bunlardan ən vacibi siyasi islahatlardır. Hakimiyyətdən bu istiqamətdə hansısa addımlar atmağı gözləməyə dəyər?[/b] - Hakimiyyət istər-istəməz dəyişikliyə məcburdur. Ötən ilin sonlarında kimsə desəydi ki, yanvarda bu cür proseslər baş verəcək, heç kəs inanmazdı. Amma seçkilərə qalan 8 ay ərzində nələr baş verəcək, bu barədə proqnoz vermək çox çətindir. Hesab edirəm ki, daxildə baş verən hadisələrin dinamikası davamlı olarsa, hakimiyyət gərginliyi azaltmaq üçün tək kadr islahatları ilə kifayətlənməyib başqa addımlar da atmalı olacaq. Hətta siyasi sahədə də müəyyən dəyişikliklərə gedə bilərlər. Opponentlərlə dialoqa getmək məsələsinin gündəmə gəlməsi də mümkündür. Televiziyada plüralizm yaratmaq üçün müxalifətə imkan verilə bilər. Yəni, hakimiyyətə qarşı təzyiq, ölkədəki fəallıq artdıqca, başa düşəcəklər ki, güclə hər şeyə nail olmaq mümkün deyil. Buna görə, yarı imitasion da olsa, hansısa islahatlara gedəcəklər. Onu da xüsusi vurğulamaq istəyirəm ki, burada beynəlxalq aləmin və aparıcı ölkələrin reaksiyası hakimiyyət üçün önəmlidir. Onların seçkilərə, hakimiyyətin davranış modelinə, atdığı addımlara münasibəti bir sıra proseslərə ciddi təsir edəcək. [b]- Bu təzyiqlər hər zaman olub, bu dəfə fərqlilik nədən ibarət ola bilər?[/b] - Artıq dünyada fərqli və geniş proseslər gedir. Bu mənada, bu il fərqli tələblər də ola bilər. Beynəlxalq təşkilatlar, böyük ölkələrin Azərbaycan hakimiyyətindən tələbləri artacaqsa, onda məcbur olub qapı-pəncərəni bir az da açacaqlar. Artıq Azərbaycanı qapalı şəkildə saxlamaq mümkün deyil. Bu mənada, bu il hakimiyyətin ən azı özünü qorumaq üçün dəyişikliklərə getmə imkanları böyükdür. [b]- Belə bir məqamda müxalifətin yaranmış vəziyyətdən istifadə edərək, önə çıxmaq imkanları var, yoxsa proseslərin arxasınca sürünəcək?[/b] - Bu ilin ilk aylarında proseslər o qədər sürətlə inkişaf etdi ki, Azərbaycanın bütün siyasi qüvvələri bundan geri qaldı. Onlar da məcbur oldular ki, sonradan proseslərə münasibət bildirməklə özlərini prosesə yaxınlaşdırsınlar. Hazırda müxalifət düşərgəsində müzakirələr gedir ki, dinamik proselərdən geri qalmamaq üçün aktiv olmaq lazımdır. Bu gün müxalifət çalışır ki, prosesləri nəzarətdə saxlamağın mümkün olduğu məcraya gətirsinlər. Amma bu, çox çətin məsələdir. Ona görə ki, bir çox səbəblərdən müxalifət xeyli dərəcədə marginallaşmışdı və cəmiyyətlə əlaqələrini itirmişdi. İndi vacibdir ki, müxalifət bu körpünü qısa müddətdə bərpa etsin. Bunun üçün müxalifət kabinetlərdən çıxıb cəmiyyətin içinə getməlidir, cəmiyyətlə davamlı əlaqədə olub, insanları öz tərəfinə çəkməyi bacarmalıdır. [b]- Sizcə, bunu bacaracaqmı? [/b] - Müxalifətin bu işin öhdəsindən gələ biləcəyini indidən demək çətindir. Lakin əgər bunu bacarmasa, itirən müxalifətin özü olacaq. Bu il həm iqtidar, həm müxalifət, həm də Azərbaycan cəmiyyəti üçün çox vacib bir dönəmdir. Bu il kim xalqa yaxın olacaqsa, o, həm xalqın rəğbətini qazanacaq, həm də öz siyasi gələcəyini təmin edəcək. [b]- Zəfər bəy, indiki situasiyanı nəzərə alaraq, 2013-də ciddi dəyişikliklərin baş verəcəyini demək olarmı?[/b] - Mən hələ ötən il proqnozlaşdırmışdım ki, gələn il Azərbaycan üçün dəyişikliklər ili olacaq. Bu dəyişikliklərin bəziləri mənfi xarakter də daşıya bilər, bəziləri isə müsbət olar. Amma görünən odur ki, son illərdə formalaşan durğunluq get-gedə yox olur. Hesab edirəm ki, seçkiyə qədər Azərbaycanda çox ciddi dəyişikliklər baş verəcək. Hakimiyyətin siyasətində isə bir çox məcburi dəyişikliklər olacaq. Eyni zamanda, cəmiyyətin özündə aktivlik yaranacaq. Nə qədər təhlükəli məqamlar yaransa belə, strateji baxımdan Azərbaycan islahatlara, dəyişikliklərə məhkumdur. Ən yaxşı halda, seçkidən sonra indiki hakimiyyət bu dəyişikliyi gerçəkləşdirəcək. Ən pis halda isə Azərbaycanda inqilabi yolla dəyişikliklər olmalıdır. [b]Zaur ƏHMƏD[/b]#305; deyir: - Prezidentin m#305;qlar olurdu, lakin ciddi add#305;xar#601; kifay#351;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA