ADP idarə Heyətinin növbəti toplantısı keçirilib

img

11-02-2013 [04:54]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyində ənənəvi olaraq ictimai-siyasi vəziyyət, təşkilati və cari məsələlər olub. İctimai-siyasi məsələlərlə bağlı ADP sədrinin müavini Taliyət Əliyev çıxış edərək ötən həftə ərzində ölkədə baş vermiş bir sıra ictimai-siyasi hadisələri müzakirəyə təqdim edib. İlk öncə ölkədə son vaxtlar Binə Ticarət Mərkəzində və İsmayıllıda keçirilən kütləvi aksiyalar və bu hadisələrdən sonra həmin aksiyalarda iştirak edən şəxslərə qarşı aparılan repressiya kampaniyası geniş müzakirə olunaraq, bir daha qəti şəkildə pislənilib, istər cari ilin yanvar ayında Binə Ticarət Mərkəzində və İsmayıllı rayonunda baş vermiş hadisələrin, istərsə də otən ilin mart ayında Qubada baş verən hadisələrin siyasi nəticələrini nəzərə alaraq, bu hadisələrin aşkarlıq şəraitində araşdırılması üçün müstəqil ictimai təhqiqat komissiyasının yaradılmasının vacibliyi qeyd edilib. Toplantıda ?Daş Yuxuları? romanının müəllifi Əkrəm Əylisliyə qarşı hakimiyyət tərəfindən aparılan kampaniya da müzakirə predmeti olub. İdarə Heyəti bu əsəri bir daha mili mənafeyimizə uyğun olmayan bir əsər kimi dəyərləndirib, eyni zamanda bildirilib ki, Azərbaycan iqtidarının Əkrəm Əylisliyə qarşı yalançı vətənpərvərlik kampaniyası aparması ölkə Konstitusiyasının və qanunlarının kobud surətdə pozulmasıdır, demokratiyanın ruhuna ziddir, bu kampaniya Azərbaycanın beynəlxalq təpkilərlə üz-üzə qoymasına və Dağlıq Qarabağ proiblemində status-kvonun saxlanılmasında erməni-rus birliyinin əlinə əsas vermiş olur. İdarə Heyəti hakimiyyətdən Əkrəm Əylisliyə qarşı zorakılığa çağırışlar, onun şərəf və ləyaqətini təhqir edənlərin qanun qarşısında cəzalandırılmasını tələb edib. Müzakirələrdə ötən həftə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hazırkı dövlət başçısı İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək prezident seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərarını kəskin tənqid edərək bildirib ki, bu hadisə adı çəkilən qurumun nizamnaməsi, cəmiyyətdə olan yeri ilə ziddiyyət təşkil edir və bu qurum özününün təmayülünə uyğun fəlaliyyət göstərmək əvəzinə iqtidarın əlində alət olaraq siyasiləşmiş bir quruma çevrilmişdir. İdarə Heyəti Ədalət Partiyasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılovun Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə əlavələr təklifini həmin kateqoriyalara aid olan şəxslərin biznes fəaliyyətinin qadağan olunması ilə bağlı mövcud qanunvericiliyin reqlamentasiyasına istiqamətlənən müsbət təklif kimi dəyərləndirib, eyni zamanda bu təklifin Milli Məclis tərəfindən qəbul edilməməsini tənqid edərək bildirib ki, ölkə parlamenti bu hərəkəti ilə ölkədə rüşvət və korrupsiyanın qarşısının alınmasında maraqlı olmadığını bir daha göstərdi. Toplantının sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA