Lalə Şövkət: "Bu siyasətlə siz ölkəni fəlakətə sürükləyirsiniz"

img

25-01-2013 [01:16]


Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət son günlər ölkədə baş verən hadisələrlə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda deyilir: "Yanvarın 23-də məmurların və onların qohumlarının özbaşınalığından və fironluğundan bezmiş bir qrup İsmayıllı sakini hakimiyyətdən bu siyasətə son qoymaq tələbi ilə dinc etiraz aksiyası keçirmişlər. Bu aksiyalar indi de davam etməkdədir. Lakin, Azərbaycan iqtidar nümayəndələri onlarla problemi dinc yolla həll etmək əvəzinə şəhərə silahlı qüvvələr yeritmiş, heç bir zərurət olmadan insanlara qarşı zorakılıqla cavab vermiş və aksiyanı amansızlıqla yatırmağa cəhd etmişlər. Bunun nəticəsində insanların bu zorakılığa etirazı daha da genişlənmiş və güc strukturları ilə yüzlərlə insanın qarşıdurmasına çevrilmişdir. Dinc insanlara qarşı zəhərli qazlardan istifadə edilmişdir. Çox sayda aksiyaçılar xəsarət almış və həbs edilmişdir. 2012-ci ildə analoji Quba hadisələrini, bir neçə gün əvvəl Binə ticarət mərkəzində öz qanuni haqlarını tələb edən sahibkarların etiraz aksiyasını zorla yatıran iqtidar bilməlidir ki, bu hadisələrin əsl səbəbi iqtidarın yeritdiyi talançı, korrupsion və ədalətsiz siyasətdədir. Quba, Binə və İsmayıllı hadisələri göstərir ki, bunlar sadəcə təsadüfi etiraz aksiyaları deyil, insanları işsizliyə, yoxsulluğa, dilənçiliyə məhkum etmiş siyasətə qarşı hər an baş verə biləcək böyük üsyanın ilkin qığılcımlarıdır. İnsanlar milyardlarla dollar məbləğində xalq əmlakının talamış məmurların və onların qohumlarının fironluğundan, özbaşınalığından, cəzasızlığından, həyasızlığından bezmiş və artıq itirəcəkləri bir şey qalmamışdır. Hesab edirəm ki, ölkədə iqtidarın bütün başqa cür düşünənlərə düşmən kimi baxılmasına son qoymadan, köklü siyasi və sosial-iqtisadi islahatlar aparmadan, azad və ədalətli seçkilər keçirmədən ölkəni bu dərin mənəvi, mədəni, siyasi, sosial-iqtisadi uçurumdan çıxarmaq mümkün deyil. Azərbaycan hakimiyyətini Qubada, Binə Ticarət Mərkəzində, İsmayıllıda həbs olunmuş bütün etirazçıları, qalan siyasi dustaqları dərhal azad etməyə, bütün təqsirkar məmurları cəzalandırmağa, ölkədə siyasi repressiyalara son qoyulmasına, təxirəsalınmaz sistemli və köklü islahatlara çağırıram. Yada salmaq istəyirəm ki, öz xalqı ilə mübarizəyə çıxan hakimiyyət tarixən həmişə məğlub olub. Bir daha iqtidara müraciət edirəm, bu siyasətlə siz ölkəni fəlakətə sürükləyirsiniz!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA