istiqlalçı Deputatlar Məclisi bəyanat verdi

img

18-01-2013 [11:01]


İstiqlalçı Deputatlar Məclisinin (İDM) növbəti toplantısı keçirilib. İDM mətbuat xidməti tərəfindən yayılan press-relizdə bildirilir ki, toplantıda bir sıra mühüm məsələlər müzakirə edilib. Hacıbaba Əzimov, Firudin Cəlilov, İsa Qəmbər, İbrahim İbrahimli, Məryəm Həsənova, Arif Hacılı və İDM-ın digər üzvləri çıxış ediblər. Müzakirələrin yekunlarına əsasən İstiqlalçı Deputatlar Məclisi 20 Yanvar faciəli hadisələri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyinin göstərişi ilə Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin iri kontingentinin Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna qanunsuz yeridilməsi nəticəsində heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qarşı qəddarcasına qətliam aksiyası həyata keçirilib. ?Rəsmi məlumata görə, Bakıda və respublikanın Lənkəran, Neftçala və digər rayonlarında xalqa qarşı hərbi təcavüz nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur. Yüzlərlə erməni kriminal ünsürlərini tərkibinə qatan işğalçı ordu tərəfindən Bakının zəbt edilməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur?. İDM-in bəyanatında qeyd edilib ki, qabaqcadan düşünülüb hazırlanmış 20 Yanvar qətliamı, bu amansız təcavüzkar əməliyyat Azərbaycan Xalq Cəbhəsinin rəhbərlik etdiyi milli azadlıq hərəkatını boğmaq məqsədi daşıyıb. ?Lakin Azərbaycan xalqı qanlı 20 Yanvar hadisələrində öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını, Vətənin azadlığı və müstsəqilliyi naminə ən ağır sınaqlara sinə gərməyə, mətanət və fədakarlıq göstərməyə, hətta şəhidlər verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirmişdir?. İDM təəssüflə bildirib ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına, eyni zamanda əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli cinayət əməlini törədənlər öz cəzalarını almayıblar. ?Yuxarıda göstərilənləri əsas tutaraq və Azərbaycan xalqının ali mənafeyini və iradəsini ifadə edərək Istiqlalçı Deputatlar Məclisi hakimiyyətdən 20 Yanvar hadisələrində əli xalqın qanına batmış şəxslərin qısa müddətdə məsuliyyətə cəlb edilməsini və cəzalandırılmasını, müqəssirlərin tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməsini tələb edir?-deyə bəyanatda qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA