ViP QHT Əməkdazlıq Alyansına etiraz edir

img

15-01-2013 [03:25]


2013-cü il yanvarın 14-də QHT Əməkdaşlıq Alyansı adlanan qurumun 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədə fəaliyyət gösətərən 24 siyasi partiya haqqında məlumatların daxil edildiyi geniş hesabatı açıqlanıb. Həmin hesabatda monitorinq subyekti kimi seçilmiş partiyaların təsnifatında Vətəndaş və İnkişaf Partiyası (VİP) yanlış olaraq, bilməyərəkdən yaxud da məqsədli şəkildə ?cəmiyyətdə nisbətən loyal müxalifət partiyaları?ndan biri kimi təqdim olunub. VİP özünə münasibətdə QHT Əməkdaşlıq Alyansının obyektiv reallığa əsaslanmayan bu qiymətləndirməsini rədd edir və aşağıdakıları xatırlatmağı vacib sayır: * Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) liderinin 2005-ci il parlament seçkilərinin kütləvi şəkildə saxtalaşdırılmış nəticələrini tanımasına etiraz edən sabiq AMİP-çilər tərəfindən bu partiyanın bazasında yaradılmış siyasi təşkilatdır. Partiyanın ölkənin siyasi səhnəsinə yeni adla çıxmasının səbəbəi isə hakimiyyətin saxtalaşdırmaya verdiyi dəstəyə görə AMİP liderini mükafatlandıraraq, legitim AMİP qismində onun tərəfdarlarını tanıması olub. Sabiq AMİP-çilər ölkədə məhkəmə hakimiyyətinin asılılığını və bu üzdən, hüquqi müstəvidə mübarizənin vaxt itkisi olacağını nəzərə alaraq, fəaliyyətlərini Vətəndaş və İnkişaf Partiyası (VİP) adı ilə davam etdirməyə qərar veriblər. VİP 2006-cı il mayın 28-də təsis edilib və 2007-ci ilin avqustunda rəsmi dövlət qeydiyyatına alınıb. * VİP yarandığı ilk dövrdən ölkənin siyasi həyatında fəal iştirakı ilə seçilib. VİP 2006-cı ildə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən, son illərin ən dayanıqlı siyasi ittifaqı hesab olunan ?Azadlıq? siyasi blokunun beş təsisçisindən (Azərbaycan Xalq Cəbhəsi (AXCP), Müsavat, Demokrat (ADP) və Liberal (ALP) partiyaları ilə birgə) biri olub. Eyni zamanda, ?Azadlıq? siyasi bloku fəaliyyətini dayandırana qədər onu tərk etməyən üç partiyadan (AXCP və ALP ilə birgə) biri olub. * VİP 2008-ci ildə kütləvi saxtakarlıqla keçirilmiş prezident seçkilərini boykot edib və onun nəticələrini rəsmən tanımayan beş müxalifət təşkilatından (VİP, Müsavat, AXCP, ALP, və Azərbaycan Naminə İctimai Forum (ANİF) biri olub. * VİP 2009-cu ildə keçirilən və Azərbaycanda faktik monarxiyanın qurulmasına xidmət edən Konstitusiya Referendumunun əleyhinə yaradılan ?Qarabağ və Respublika Uğrunda Hərəkat?ın təsisçilərindən və həmin referendumun nəticələrini rəsmən tanımayan altı müxalifət partiyasından (VİP, Müsavat, AXCP, ALP, ADP, Ümid) biri olub. * VİP 2009-cu ildə kütləvi saxtakarlıqla keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini rəsmən tanımayan müxalifət partiyalarından biridir. * VİP 2010-cu ildə hakimiyyətin ənənəvi saxtakarlıqla keçirdiyi parlament seçkilərinin nəticələrini tanımayan azsaylı müxalifət partiyalarından biridir. * VİP ölkənin siyasi səhnəsinə cəmi yeddi il əvvəl daxil olsa da, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəsmi protokolunda yer alan məhdud sayda müxalifət partiyalarından biridir. * VİP yeganə partiyadır ki, ölkədə siyasi fəaliyyətin maksimum məhdudlaşdırıldığı və müxalifətə qarşı təzyiqlərin xeyli gücləndiyi bir dövrdə siyasi meydana çıxıb və ardıcıl fəaliyyəti nəticəsində özünü təsdiqləməyi bacarıb. * VİP fəaliyyətdə olduğu bu yeddi ildə ölkə həyatının bütün sahələrində baş verən neqativ hallarla bağlı kəskin və prinsipial mövqe tutub, mövcud problemlərin həlli üçün ardıcıl təkliflərlə çıxış edib. Eyni zamanda, VİP ölkənin əsas müxalifət qüvvələrinin bir araya gəlmələri üçün davamlı təşəbbüslər göstərib və göstərir. Amma təəssüf ki, qeyd olunanlara baxmayaraq, QHT Əməkdaşlıq Alyansı adlanan qurumun haqında danışılan hesabatında VİP ?cəmiyyətdə nisbətən loyal müxalifət partiyaları?ndan biri kimi təqdim olunub. Halbuki zaman-zaman hakimiyyətin müxtəlif siyasi ssenarilərində yer alan, fəaliyyəti yalnız hökumətdən verilən tapşırıqları yerinə yetirmək olan bəzi təşkilatlar həmin hesabatda ?müxalifət partiyaları? sırasında qeyd olunublar. Bu məqam onu deməyə əsas verir ki, QHT Əməkdaşlıq Alyansı öz fəaliyyətində bəyan etdiyi siyasi neytrallıq prinsipini kobud surətdə pozaraq, rəhbərliyinin və ya əməkdaşlarının siyasi maraqlarını hazırladığı hesabatda əks etdirib. Daha dəqiq desək, hazırlanmış hesabatdan (konkret olaraq, VİP-ə aid hissəsindən) belə qənaətə gəlmək olar ki, sənədin müəllif(lər)i siyasi mənsubiyyətlərinin və bundan qaynaqlanan təəsübkeşliyin təsiri altında belə qeyri-obyektivliyə yol veriblər. Açıq görünür ki, bu hesabatda VİP-in ?loyal partiyalar? sırasında göstərilməsi VİP-in prinsipial müxalifət partiyası olaraq, cəmiyyətdə dayaqlarını tədricən gücləndirməsindən narahat olan müəyyən müxalif təşkilatların QHT Əməkdaşlıq Alyansına təsirinin nəticəsidir və bu münasibət qurumun neytrallığını . tamamilə şübhə altına alır. Bundan başqa, qurumun siyasi partiyalarla əlaqədar apardığı monitorinqin hər hansı elmi metodologiyaya əsaslanmaması onun hazırladığı sənədlərin ciddi qəbul olunmamasına da əsaslı zəmin yaradır. Vətəndaş və İnkişaf Partiyası (VİP) QHT Əməkdaşlıq Alyansının hazırlayıb təqdim etdiyi hesabatda VİP-ə yönəlik yol verilən bu ciddi yanlışlığa etiraz edir və sözügedən sənəddə VİP-lə bağlı bəhs etdiyimiz məqamın tezliklə obyektiv gerçəyə uyğunlaşdırılmasını, ictimaiyyətə bu barədə məlumat verilməsini istəyir. Əks halda, VİP QHT Əməkdaşlıq Alyansı ilə əməkdaşlığı dayandıracaq və bu qurumun qərəzli fəaliyyəti haqqında ictimaiyyəti, eyni zamanda, beynəlxalq təşkilatların Bakı ofislərini ətraflı məlumatlandıracaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA