Naxçıvanda həbs olunan sahibkara dəhzətli izgəncə verilib; Sahibkardan jurnalistlərin əleyhinə ifadə də alınıb

img

26-12-2012 [10:55]


Naxçıvanda həbs olunan sahibkara və kürəkəninə Sədərək Rayon Polis Şöbəsində ağır işgəncələr verilib. Dekabrın 8-də Türkiyə ilə sərhəddə yerləşən Sədərək gömrük keçid məntəqəsində baş verən insident zamanı döyülərək həbs edilən sahibkar Məmməd Qurbanov və Nadir Məmmədova Sədərək Rayon Polis Şöbəsində ağır işgəncələr verilib. Bu barədə məlumatı ?Turan?a həbs edilən hər iki şəxsin vəkili Xalid Bağırov verib. Vəkilin dediklərinə görə, dekabrın 24-də məsələni araşdırmaq üçün Naxçıvana gəlib. O, Sədərək Rayon Prokurorluğunda müdafiə ilə bağlı orderi təqdim etdikdən sonra Böyük düzdə yerləşən təcridxanada müvəkkilləri ilə görüşüb. X. Bağırov bildirib: ?Dekabrın 24-də mən təcridxanada Məmməd Qurbanov və Nadir Məmmədova təkbətək görüşdüm. Eyni zamanda araşdırmanı aparan prokuror Teymur Vəliyev mənim iştirakımla Nadir Məmmədovdan ifadə aldı. Görüş zamanı aydın oldu ki, dekabrın 8-dən 11-dək hər iki müvəkkilimə Sədərək Rayon Polis Şöbəsində ağır işgəncələr verilib. Onlara 3 gün ərzində yemək və su da verilməyib. Məmməd Qurbanov saatlarla çılpaq halda əlləri arxadan çarpaz vəziyyətdə bağlı açıq havada saxlanılıb. Bu vəziyyətdə onun ayaqlarına soyuq su da tökülüb. İşgəncələr əsasən Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən verilib?. Vəkilin sözlərinə görə, bu hərəkət Beynəlxalq İşgəncələr Əleyhinə Komitənin qəbul etdiyi 6 işgəncə növündən biridir. Görüş zamanı vəkil N.Məmmədovun üzərində işgəncə izlərinin olmasının şahidi olub. X.Bağırov: ?İşi aparan prokuror mənim iştirakımla Nadir Məmmədovdan ifadə aldı. İfadə zamanı mənim tələbimlə Məmmədovun bədəninə baxış keçirdik. Gördüm ki, onun bədəninin müxtəlif yerlərində döyülmədən qalan göyərmə izləri var. Amma tibbi ekspertizada bunların heç biri qeyd olunmamışdı. Bu zaman mən təcridxananın rəisini dəvət edərək zərbə izlərini ona da göstərdim. Təcridxana rəisi Məmmədovun təcridxanada döyülmədiyini, bura gətirilərkən izlərin ola biləcəyini bildirdi. Burada mənə aydın oldu ki, tibbi ekspertizanın rəyi saxtadır və mən yenidən tibbi ekspertizanın keçirilməsini tələb etdim?. Vəkilin bildirdiyinə görə, Nadir Məmmədovla görüş zamanı o deyib ki, Sədərək Rayon Polis Şöbəsində işgəncə verərək ondan İlqar Nəsibov və Elman Abbasovun əleyhinə ərizə alınıb. Məcburi yazılan ərizədə bildirilib ki, N. Məmmədov hər iki jurnalistin göstərişi ilə o hərəkətləri törədib. İfadə zamanı isə N.Məmmədov tamamilə başqa ifadə verdi. O bildirdi ki, jurnalistlər ora qayınatası M.Qurbanovun şikayəti əsasında gəlib və onun jurnalistlərlə heç bir söhbəti olmayıb. Vəkil X.Bağırov qeyd edib ki, görüş zamanı tam aydın oldu ki, N.Məmmədova işgəncə jurnalistlərin əleyhinə ifadə almaq üçün verilib. O, çox möhkəm qorxudulub və təzyiq altındadır. Xatırladaq ki, naxçıvanlı sahibkarlar Nadir Məmmədov və Məmməd Qurbanov dekabrın 11-də Sədərək məhkəməsi tərəfindən istintaq dövründə 2 ay müddətinə həbs olunublar. Həbsə və CM-in 315.1 və 315.2-ci maddələri ilə (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) cinayət işinin qaldırılmasına səbəb dekabrın 8-də Sədərək gömrük məntəqəsində onlarla gömrükçülər arasında münaqişə səbəb olub. Nəticədə sahibkarlar gömrükçülər tərəfindən döyülüb. Münaqişəyə isə M.Qurbanovun Türkiyədən gətirdiyi mallara görə rüşvət verməkdən imtina etməsi səbəb olub. Bundan sonra mal müsadirə edilib, sahibkarlar özləri həbs olunublar. Araşdırma aparmaq üçün dəvət olunan jurnalistlər də təzyiqlərə məruz qalıblar(?Turan?).

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA