19-12-2012 [05:09]
[b]İsa Qəmbər: "Hakimiyyət hələlik elə davranır ki, guya heç nə baş verməyib, hələ hər şey irəlidədir. Amma belə bir şey yoxdur, proses artıq yekunlaşmaq üzrədir, 2013-cü ildə bu, aydın şəkildə görünəcək"[/b]
2012-ci il yekunlaşmaq üzrədir. Bu il ictimai-siyasi proseslərdə ciddi dəyişiklik olmasa da, önəmli hadisələr baş verdi. Həm hakimiyyət, həm də müxalifət düşərgəsində əvvəlki illərdə müşahidə edilməyən gəlişmələr yaşandı.
Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətimiz də həm 2012-ci ilin ötən dövrü, həm də qarşıdan gələn seçki ilində gözləntilər barədə oldu.
- Hələlik biz, ilin yekunlarını qeyd eləməyə tələsmirik. Çünki ayın axırına hələ bir neçə həftə var. Azərbaycanda da, bölgəmizdə də hadisələr o qədər sürətlə, dinamik inkişaf edir və dəyişir ki, hər gün hansısa yeni məqamlar ortaya çıxır. Ona görə də, sadəcə, bir neçə qeydimizi edə bilərik. Əvvəla, bu il Azərbaycanda 2013-cü ilə hazırlıq kimi qeydə alına bilər. Çünki artıq ilin əvvəlindən başlayaraq bütün hadisələr ayrı-ayrı şəxslərin, siyasi qüvvələrin, hakimiyyətin və müxalifətin iradəsindən asılı olmayaraq, 2013-cü ilin prezident seçkilərinə indekslənməyə başladı. Bu mənada, bütün hadisələr də 2013-cü il prezident seçkiləri kontekstində dəyərləndirilir. İlin sonuna doğru bu tendensiya daha da güclənib. Ümumilikdə 2012-ci ilin ötən dövrünə qiymət verməyə gəldikdə, ölkədə azadlıqlar, demokratiya ilə bağlı nəinki hər hansı irəliləyiş oldu, əksinə, ölkədə gərginlik daha da artdı.
Eyni zamanda Qarabağın azad edilməsi istiqamətində heç bir irəliləyiş olmadı. Üstəlik, hakimiyyət özü də faktiki olaraq, etiraf etdi ki, uzun müddətdir Madrid prinsipləri əsasında aparılan, Praqa prosesi kimi dəyərləndirilən danışıqlar mərhələsi də faktiki olaraq iflasa uğradı və bu danışıqlar prosesindən heç bir irəliləyiş əldə olunmadı.
Təbii ki, müəyyən önəmli hadisələr də baş verib. Bunların arasında Rusiyanın Azərbaycanda istifadə elədiyi Qəbələ RLS-lə bağlı müqavilənin müddətinin başa çatması və Rusiyanın da bundan imtina etməsi çox önəmli hadisədir. Hesab edirəm ki, bu hadisə yaxın dövrə təsir edə biləcək kifayət qədər ciddi hadisədir. Bütövlükdə, Azərbaycanda avtoritar, görməmiş bir rejimlə xalq uğrunda mübarizə aparan demokratik qüvvələr, müxalifət arasında mübarizə davam edir. Bu mübarizənin həlledici hadisələri 2013-cü ilə aid olacaq.
- 2012-ci ilin ötən dövrü ərzində müxalifət bir sıra addımlar atıb, aksiyalar keçirib, dəyirmi masalar, müzakirələr təşkil edib. Ümumi götürdükdə, müxalifət, konkret olaraq, İctimai Palata və Müsavat Partiyası bu dönəmdə hansısa uğur qazana bildimi?
- Mən sizin birinci sualınıza cavabda da dedim ki, biz hələ ilin yekunlarını müəyyənləşdirmirik. Ona görə də, mənim cavabım prosesin də, ikinci sualınızda qoyduğunuz məsələnin də bütün müsbət və mənfi tərəflərini əhatə edə bilməz. Bu səbəbdən də sualınıza yalnız ümumi cavab verə bilərəm. Ümumi cavab isə ondan ibarətdir ki, 2012-ci ildə demokratik düşərgənin bu rejimə qarşı mübarizəsi davam etdi. Demokratik düşərgə Azərbaycan xalqının maraqlarını qorumaq, təmin etmək üçün mümkün olan bütün istiqamətlərdə fəaliyyət göstərdi. Müsavat Partiyası da bu istiqamətdə kifayət qədər fədakarlıqla öz mübarizəsini davam etdirdi. İstər kütləvi aksiyalar, istər dəyirmi masalar, dinləmələr, istərsə də bir sıra başqa təşəbbüslərlə Müsavat Partiyası və İctimai Palata ölkədə cəmiyyəti fəallaşdırmağa, cəmiyyətin baş verən proseslərdən maksimum xəbərdar olmasına çalışdı və müəyyən dərəcədə buna nail oldu. Amma proses davam edir və bu istiqamətdə biz demokratik qüvvələr olaraq, əlimizdən gələni edirik.
Qeyd etdiyim kimi, bu dönəmdə kifayət qədər maraqlı mərhələlər yaşandı. Elə təkcə Elşad Abdullayevin ortaya çıxardığı video-materialların Azərbaycan hakimiyyətini nə dərəcədə ifşa etdiyini, Azərbaycanın istər parlamentinin, istər digər hakimiyyət qurumlarının Prezident Administrasiyasından asılılığını, hər şeyin bir ailənin nəzarətində olduğunu aydın şəkildə sübut etdi. Yəni, bütün baş verənlərin də cəmiyyətə çatdırılmasında və şərh olunmasında demokratik düşərgə, İctimai Palata önəmli rol oynadı.
Onu da xüsusi vurğulamalıyam ki, hakimiyyətin qəddarlığına, həbslərə və cərimələrə baxmayaraq, il boyu keçirilən kütləvi aksiyalar müxalifətin, konkret olaraq İctimai Palatanın, bu qurumda təmsil olunan Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının və digər qüvvələrin fədakarlığının bir nümunəsi oldu. Bu qədər ağır şəraitdə, bu qədər repressiyalara qarşı bu qüvvələr, xüsusən də gənclərimiz, xanımlar, veteranlar yenə də çox böyük fədakarlıqla bu rejimə qarşı mübarizədə iştirak etdilər. Ona görə də bu, xüsusi qeyd olunmalıdır.
Hesab edirəm ki, 2011-2012-ci ildə demokratik düşərgənin təşkil etdiyi, İctimai Palatanın, Müsavatın və digər qüvvələrin etiraz aksiyaları, kütləvi tədbirlər Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizənin qızıl səhifələri kimi yazılacaq.
- Hakimiyyət nümayəndələri 2012-ci ili qiymətləndirərkən bildirirlər ki, bu il, iqtidarın hesabına yazılan daha bir uğurlu ildir. Sizcə, ötən dövr hakimiyyətə nə verdi, yaxud bu müddət ərzində hakimiyyətin 2013-ə yönəlik hər hansı qazancı varmı?
- Hakimiyyət o qədər ifşa olunub ki, bəzən xalq hakimiyyətin ifşası prosesində hadisələrə soyuqqanlı yanaşır.
Hakimiyyətin vəziyyətinə gəlincə, onun bu məsələlərə etinasız yanaşması məşhur bir lətifəni xatırladır. Mən o lətifəni tam şəkildə deməyəcəm. Amma mahiyyət budur ki, lətifənin qəhrəmanı deyir, indi bunu da söz edəcəksiniz. Yəni, hakimiyyət o dərəcədə ifşa olunmuş vəziyyətdədir. Sadəcə olaraq, cəmiyyət bu hakimiyyəti kifayət qədər tanıdığı və hakimiyyətdən hər hansı pozitiv gözləntisi olmadığı üçün baş verənlərə də belə yanaşır ki, biz bunu bilirdik.
Amma doğrudan da builki ifşa prosesi həddindən artıq güclü oldu. Demək olar ki, hakimiyyət heç vaxt bu dərəcədə konkret şəkildə ifşa olunmamışdı. Özünüz də bilirsiniz ki, bu hakimiyyəti rüşvətxor, korrupsioner, anti-demokratik adlandıranda, onların nəinki iqtisadi proseslərdə, hətta siyasi proseslərdə də korrupsiyaya yol verdiyini deyəndə, parlamenti rüşvətlə formalaşdırdıqlarını bildirəndə, hakimiyyət dairələri utanmaz-utanmaz deyirdilər ki, sübut edin. Bu videolar ortalığa çıxandan sonra heç kimin sübutla bağlı problemi qalmadı, çünki hər şey gün kimi aydındır. Ona görə də, hesab edirəm ki, bu il artıq cəmiyyətin konkret informasiya ilə məlumatlanması sahəsində elə önəmli hadisələr baş verdi ki, gələn il - seçki ilində bunlar özünü aydın şəkildə göstərəcək.
- Xalqın hakimiyyətin ifşa olunma prosesinə soyuqqanlı yanaşması bəlkə də Azərbaycan cəmiyyəti üçün normal qarşılanır. Amma əslində, bu cür hadisəyə cəmiyyətin reaksiyası sərt olmalı idi. ?ecə düşünürsüz, bu, cəmiyyətin passivliyi, yoxsa ölkədəki mövcud durumla bağlıdır?
- Cəmiyyətin bu məsələlərə zahirən sakit reaksiya verməsi heç kimi aldatmamalıdır. Bu, hakimiyyəti arxayınlaşdırmamalı, demokratik qüvvələri də ruhdan salmamalıdır. Sadə bir misal çəkim. Şahmat oyununda - əgər söhbət qrosmeysterlərin oyunundan gedirsə - görürsən ki, hansısa bir anda tərəflər heç-heçəyə razılaşdılar və yaxud da biri təslim oldu. Şahmatı professional səviyyədə bilməyənlər üçün sual yaranır ki, ax nə baş verdi, fiqurların əksəriyyəti taxta üzərindədir. Hələ heç nə aydın deyil, amma qrosmeysterlər görürlər ki, artıq oyunun taleyi həll olunub, ya hər iki tərəf heç-heçə razılaşmalıdır, ya da kimsə təslim olmalıdır. Həmin qaydada az-çox təcrübəli, məsuliyyətli qüvvələr üçün situasiya aydındır, o cümlədən də hakimiyyətin özü üçün. Yaxşı bilir ki, artıq hakimiyyətin ifşa prosesi başa çatıb və onun dəyişməsi zaman məsələsidir. Amma hakimiyyət hələlik özünü şahmatdan başı çıxmayan həvəskar səviyyəsində olan oyunçular kimi aparır və elə davranır ki, guya heç nə baş verməyib, hələ hər şey irəlidədir. Belə bir şey yoxdur. Proses artıq yekunlaşmaq üzrədir və hesab edirəm ki, 2013-cü ildə bu, aydın şəkildə görünəcək.
- İsa bəy, məlum olduğu kimi, 2013 seçki ilidir və bu ilə yönəlik siyasi qüvvələrin masa üstündə fəaliyyət proqramı olur. Sizcə, müxalifətin 2013 planı necə olmalıdır, prosesə nədən, haradan başlamaq lazımdır?
- Bu məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu ətrafda kifayət qədər ciddi və səmərəli müzakirələr aparılıb, bəzi məqamların müzakirəsi isə indi də davam edir. Həmin planları mərhələləri gəldikcə, zamanı yetişdikcə cəmiyyət də görəcək.
- Müxalifətin bir araya gəlməsi, birgə mübarizə və bu istiqamətdəki müzakirələr indiki mərhələdə nə dərəcədə önəmlidir?
- Hesab edirəm ki, həlledici müxalifət qüvvələri bir yerdədir və zaman keçdikcə, konkret qərarlar qəbul etmək zərurəti yarandıqca, bu, daha aydın görünəcək. Proses normal şəkildə gedir və hesab edirəm ki, müxalifətin birgə qərarlar qəbul etmək mərhələsi yaxınlaşdıqca, bütün cəmiyyət, o cümlədən siz qəzetçilər həmin qərarların şahidi olacaqsız.
- Siz "həlledici müxalifət qüvvələri bir yerdədir",- deyərkən İctimai Palatanın nəzərdə tutursunuz, yoxsa...
- Mən detallara getmək istəmirəm.
- Əgər İctimai Palatanı nəzərdə tutursunuzsa, bu qurumun da daxilində gərginlik var, monolitlik yoxdur. Hətta vahid namizəd məsələsi ciddi problemlərə də səbəb olmuşdu. Sizcə, seçkiyə gedən yolda əsas müxalifət birliyi kövrək deyilmi?
- İctimai Palatada çox maraqlı, önəmli müzakirələr gedir. Mən əminəm ki, bu müzakirələr çox önəmli nəticələrə gətirib çıxaracaq. Düşünürəm ki, İctimai Palatadakı müzakirələr demokratik düşərgənin 2013-cü ilə daha yaxşı hazırlanmış vəziyyətdə çıxması, seçkilərdə iştirakı ilə bağlı daha enerjili şəkildə meydana çıxmasına şərait yaradacaq.
- Son dövrlərin əsas mövzularından biri də vahid namizədin müəyyənləşməsidir. Hazırda vahid namizədin müəyyənləşməsi tezdir, yoxsa zamanıdır?
- Mən dəfələrlə demişəm ki, önəmli olan demokratik düşərgənin seçkilərdə ciddi iştirakı və cəmiyyəti toparlaya bilməsidir. Ona görə də, bu mərhələdə vahid namizəd mövzusu məni maraqlandırmır.
- Siz 2013-lə bağlı iddianızı ortaya qoymusunuz, ona görə soruşuram ki, kiməsə güzəşt etmək imkanı varmı?
- Siyasət canlı bir prosesdir. Təcrübəli siyasətçilər də hər bir qərarın nə zaman verilə biləcəyini kifayət qədər yaxşı bilirlər. Proses gedir və prosesin tələb olunan anında yeni məsləhətləşmələr, yeni qərarların verilməsi mümkündür. İndiki mərhələdə biz seçki ilə bağlı nə demək istəmişiksə, onu da demişik.
- İndiki situasiyanı nəzərdən keçirdikdə hakimiyyətin 2013-cü il seçkilərini hansı şərtlər əsasında, hansı formada keçirəcəyini demək olarmı? Hakimiyyət Qərbin və beynəlxalq güclərin təpkisi ilə demokratik seçki keçirə bilərmi?
- Hakimiyyət hər zamankı kimi 2013-cü ildə də saxta üsullarla seçki keçirməyə, seçkiyə oxşar bir tamaşa gerçəkləşdirməyə çalışır. Ona görə də, hakimiyyətin hər hansı dəyişiklik etmək, islahat aparmaq, tərəflər üçün bərabər imkanlar yaratmaq fikiri yoxdur. Ancaq bu, hakimiyyətin yanaşması və istəyidir. Mən əminəm ki, dünyada və Azərbaycan cəmiyyətində gedən proseslər nəticəsində biz vəziyyəti dəyişə və ölkədə həqiqi seçki keçirməyə nail olacağıq. Hazırda bu istiqamətdə çalışmalarımız davam edir.
- Qərbin, böyük güclərin budəfəki seçkilərdə demokratik qüvvələrin yanında olacağı gözlənilirmi?
- Bu il beynəlxalq əlaqələrimizi daha da intensivləşdirmişik. Gürcüstanda, Türkiyədə, Almaniyada, Belçikada, ABŞ-da önəmli görüşlərimiz olub. İstər bizim xarici səfərlərimizdə, istərsə də xarici diplomatlarla Bakıda keçirilən görüşlərdə bu məsələlərlə bağlı kifayət qədər məlumat əldə etmişik. Bütövlükdə situasiya bizi qane edir. Ayrı-ayrı yanlışlar, çıxışlar ola bilər, amma bütövlükdə beynəlxalq birlik dünyada azadlığın, demokratiyanın genişlənməsi mövqeyindədir və bu mövqe Cənubi Qafqaza, Azərbaycana bilavasitə aiddir.
ABŞ Dövlət Departamentinin rəsmisi Tomas Melianın açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, azad dünya, Qərb tərəfindən Azərbaycanda da ciddi demokratik proseslərin getməsinə çox böyük diqqət ayrılır. Sadəcə, hər kəs bunu dərk etməlidir ki, Azərbaycanda vəziyyəti biz dəyişməliyik. Beynəlxalq birliksə sadəcə olaraq, bu proseslərə dəstək verir və verəcək.
- İsa bəy, son olaraq Müsavat Partiyasının qurultayı ilə bağlı məsələyə toxunmaq istərdim. Məlumdur ki, uzun müddətdir partiya ali tədbirini keçirə bilmir və bu yöndə müxtəlif fikirlər səslənir. O da bildirilir ki, qurultay prezident seçkilərinə qədər keçirilməyəcək...
- Təəssüf ki, hakimiyyət bu günə qədər qurultayımızı keçirmək üçün bizə yer ayırmadı. Üstəlik, hakimiyyət nümayəndələrinin bir neçə açıqlamaları oldu ki, Müsavat Partiyasına qurultay keçirmək üçün yer ayrıla bilər, amma bu istiqamətdə heç bir addım atmadılar. Yəni, bizim qurultayın keçirilməməsində Müsavatla bağlı heç bir problem yoxdur, problem hakimiyyətin bizə yer ayırmamasındadır. Yer ayrılan kimi Müsavat Partiyasının qurultayı keçiriləcək.
Zaur ƏHMƏD