?Azərbaycanda daha ağır proseslər baz verəcək?

img

23-09-2012 [03:57]


[b]Fazil Mustafa: ?Hakimiyyət dəyişikliklərə getməsə, vətəndaş dövlət idarəetməsində iştirak edə bilməsə, o zaman narazı vətəndaş öz yerini başqa meydanlarda tapacaq?[/b] Parlamentdə təmsil olunan müxalifət partiyaları neçə ildir hakimiyyətdən islahatların aparılmasını tələb edir. Hətta ötən il üç partiya "İslahat qrupu" yaradaraq, bununla bağlı ölkə başçısına və Milli Məclisə təkliflər paketi göndərib. Bu məsələdə aktivlik nümayiş etdirən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa da Azərbaycanın indiki durumdan çıxmasının yeganə yolunun islahatlardan keçdiyini deyir. Görəsən, qarşıdan gələn 2013-cü il prezident seçkiləri hakimiyyəti islahatlar aparmağa sövq edəcəkmi? F.Mustafa bu məsələdə nikbin deyil. - Mən, hakimiyyətin öz siyasətində fərli bir yol tutacağını gözləmirəm. Yenə də ənənəvi yolla gediləcək. Bizim gözlədiyimiz islahatlar baş vermədi, bundan sonra da baş verəcəyi az ehtimal edilir. Hakimiyyət islahatlar apardığını iddia edir və o islahatların bütövlükdə ölkənin demokratikləşməsi üçün yetərli olub-olmaması müzakirə mövzusudur. Bizim istədiyimiz o idi ki, həm sosial, həm iqtisadi sahədə ciddi və fundamental dəyişikliklər baş versin. Bu da ölkə daxilindəki siyasi münasibətlərin daha da mədəniləşməsi və bütün prosedur qaydalarının, dialoq mühitinin formalaşması üçün zəmin yaratmalı idi. Təəssüf ki, bunların heç biri olmadı. Elementar olaraq adi bir Milli Məclis çatısı altında belə, hər hansı şəkildə müxalifətin idarəetmədə iştirakı nəzərdə tutulmadı, dialoq mühiti yaradılmadı. Eyni zamanda, iqtisadi azadlıqlar da ildən-ilə məhdudlaşmağa başladı. Ona görə də, hakimiyyətin 2013-ə nəzərən belə, islahatlar aparacağı ilə bağlı nikbin proqnoz vermək çətindir. - İllərdir hakimiyyət bu mövqedədir. Eyni zamanda, dünya birliyi də, Azərbaycan ictimaiyyəti də, müxalifəti də islahat tələb edir və bunun daha doğru yol olduğu bildirilir. Sizcə, hakimiyyət niyə doğru yolu seçmir? - Hakimiyyətin düşüncəsi ondan ibarətdir ki, müqavimət yoxdursa, deməli, hər şey düzdür, düz olanı da dəyişmək olmaz. Halbuki, daha ağıllı mühakimə edəndə müqavimətin olub-olmamağından asılı olmayaraq, gerçəkliklər daha ciddi şəkildə görünməlidir. Daha sakit bir ortamda bəlli bir islahatların həyata keçirilməsi hamının faydasına olardı. Amma iqtidar görür ki, müxalifətin mitinqlə, yaxud hansısa etiraz formalarından istifadə etməsiylə onun hakimiyyəti üçün hər hansı təhlükə yoxdur. Yəni, hakimiyyət özü üçün təhlükə yaranmayacağı vaxta qədər bu qaydanı davam etdirmək qərarı vermiş kimi görünür. Amma hakimiyyətin bu yanaşmasının sonu yaxşı nəticələnməyəcək. Çünki situasiyanın dəyişməsi təkcə ölkədaxili məsələ ilə bağlı deyil. Azərbaycan faktik olaraq, istər keçmiş hakimiyyətlər olsun, istər indiki hakimiyyət dövründə - ən vacib problemi həll etmək iradəsini ortaya qoya bilməyib. Qarabağ məsələsinin həlli istiqamətində heç bir müsbət irəliləyiş yoxdur. Ona görə də, bu problem həll olunmadığı üçün, Azərbaycanda daha ağır proseslərin baş verəcəyi gözlənilir. Bunu önləmək üçün mütləq cəmiyyətiçi barışa nail olmaq yönündə ciddi addımlara ehtiyac var. - Deyirsiniz ki, hakimiyyət dəyişikliyə getmək üçün lazımi müqaviməti görmür. Siz də başda olmaqla, Azərbaycan müxalifəti və cəmiyyəti niyə bunu bacarmır? - Bu, ilk növbədə Azərbaycanın indiki coğrafi şərtləri ilə bağlıdır. Çünki Azərbaycanda müxalifət zəif olduğu qədər, hakimiyyət də güclü sayılmaz. Hakimiyyət beynəlxalq konyukturanın müəyyən dərəcədə balans anlayışı içində özünün mövcudluğunu davam etdirməyə imkan tapa bilir. Çünki istənilən vaxt həmin ölkələr sabitliyi pozmaq gücündədir, istənilən vaxt yatmış vulkanları oyatmaq imkanına sahibdirlər. Bu baxımdan da, Azərbaycan hakimiyyətinin ən ağıllı yolu öz iradəsi ilə islahatlara getməsidir ki, bu, ümumi işin xeyrinə olardı. Bu, bilavasitə hakimiyyətin gələcəkdə özünü gözləyən təhlükələrdən sığortalanması deməkdir. Sığortalanmaq üçün də mütləq cəmiyyətiçi münasibətlərin daha da normallaşmasına çalışmaq lazımdır. - Onda "Hakimiyyət seçkiyə qədər islahata getməsə, 2013-də məğlubiyyətlə üzləşəcək",- kimi fikirləri əsaslı saymaq olarmı? - Yox. Hakimiyyət məğlubiyyətlə üzləşməyə hazırlaşmır, əksinə, qalibiyyət imkanları kifayət qədər çoxdur. Amma bu qalibiyyət ölkədə oturuşmuş bəlli dəyərlərin müəyyən dərəcədə hamı tərəfindən qəbul ediləcəyinə gətirib çıxaracaqmı? Bax, bunun söhbəti gedir. Hakimiyyət düşünməlidir ki, artıq möhkəmləndim, əlimdə bütün vasitələr var, bütün cəmiyyət sferalarına təsir göstərə bilirəm, beynəlxalq arenada bəlli bir siyasi çəkimi qəbul etdirə bildim. Bəs, qəbul etdirə bilmədiyi nədir? Müəyyən dərəcədə hamının mənimsədiyi, qəbul etdiyi hüquq qaydalarının, hüququn aliliyi prinsiplərinin önə çıxmasıdır. Artıq neqativ proseslər dayandırılmalıdır. Korrupsiya ilə bağlı məsələlərdə inandırıcı, qətiyyətli addımlar atılmalıdır. Digər tərəfdən, ölkədə iştirakçılıq formaları genişləndirilməlidir, vətəndaşın cəmiyyət həyatında, dövlət idarəçiliyində iştirakı istiqamətində addım atılmalıdır. Hakimiyyət dəyişikliklərə getməsə, vətəndaş dövlət idarəetməsində iştirak edə bilməsə, o zaman narazı vətəndaş öz yerini başqa meydanlarda tapacaq. Buna yol verməmək üçün hakimiyyət ölkədə islahatlar yolu ilə ciddi işlər görməlidir. Bu gün ən çox əzilən təbəqə olaraq sahibkarlar, iş adamları üçün normal iqtisadi əməkdaşlıq mühiti yaradılmalı, mülkiyyət toxunulmazlığı ali dəyərə çevrilməlidir. Amma indi ölkədə elə bir vəziyyət hökm sürür ki, ən zəngin adamın belə təminatı yoxdur. Belə bir ölkədə siyasi sabitliyin olmasından danışmaq bir qədər ciddi qarşılanmır. Ona görə də konkret nəticəyə varan qələbələr qazanmaq lazımdır. Yoxsa bir seçki prosesini udmaqla, "hər şey əldə olundu",- deyə lovğalanmağın yeri yoxdur. - Fazil bəy, artıq bir sıra qüvvələr qarşıdan gələn prezident seçkilərində iştirak etməklə bağlı qərar verib. Bu barədə BQP-nin qərarı varmı? - Partiyaların ilk növbədə seçkidə iştirak eləmək üçün yarandığı fəlsəfəsini qəbul elədiyimizə görə hər zaman seçkidə iştirakı vacib sayırıq. Çünki seçki kampaniyasına qoşulanda, öz ideyalarını yaymaq imkanı tapır, fikirlərini cəmiyyətlə bölüşmək imkanı qazanırsan. Qalib gəlmə məsələsinə gəlincə, təbii ki, Azərbaycanda gənc partiyanın, yaxud üzvlərinin sayı çox olmayan siyasi təşkilatın qələbə çalma imkanları məhduddur. Amma buna baxmayaraq, ideyalarımızın da qalib gəlmək imkanı böyükdür. Ona görə seçki prosesinə önəm verirəm ki, əslində bizim dəstəyimiz rəqəmlərlə yox, cəmiyyətin alt qatlarında olan milyonlarla insanlarla ölçülür. Bizimlə eyni düşünən insanların iradəsini ifadə edirik və öz siyasi düşüncəmizi onlarla paylaşırıq. Hesab edirəm ki, bu fürsəti qaçırmaq olmaz. Seçki prosesində kampaniyanın verdiyi imkanlardan istifadə edərək daha çox tərəfdar sayını qaçırmamaq üçün seçkidə iştirak edəcəyik. - Digər müxalifət nümayəndələri bildirirlər ki, bu seçki qanunvericiliyi, komissiyaları və bu anti-demokratik mühitlə seçkiyə getməyin əhəmiyyəti yoxdur... - Bunlar bəhanələrdir. Seçki komissiyaları, seçki qanunvericliyi və digər məsələləri bəhanə gətirmək lazım deyil. Əsası odur ki, cəmiyyət öz etirazını bildirməyi bacarsın. Əsas seçkinin beynəlxalq standartlara uyğun keçirilməsidir. Komissiyada üzvlərin yüzdə otuzu müxalifətdən olsa, nə dəyişəcək? Ona görə də, məncə, bu məsələlərlə baş yormaq əvəzinə, daha əlverişli və bərabər şərtlərlə seçki keçirilməsi üçün Azərbaycan reallıqlarını nəzərə alaraq konkret addımlar atmaq vacibdir. Yəni, ən azı bir dəfə hamını qane edəcək seçki keçirilsin ki, insanlar seçkinin nəticələrində özlərinin iştirakçılıq imkanlarından zövq ala bilsinlər. - Müxalifətin bir araya gəlməsi, vahid namizədin müəyyənləşməsi barədə müxtəlif mövqelər var. Bu barədə nə düşünürsünüz? - Hər halda, mən, daha vacib məsələləri arxa planda qoyub, təsiredici amilə çevrilməyən məsələlər üzərində müzakirələrin aparılmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, vahid namizəd məsələsi kökündən yanlış məsələdir, özü də bu barədə ikinci turda danışılsa, daha yaxşı olar. Bu zaman müxalifət öz gücünü birinci turda səfərbər edib, ikinci tura çıxaraq, ən azı hakimiyyəti islahatlar aparmaq üçün təsir göstərə biləcək kampaniya ortaya qoymağa müvəffəq ola bilər. - Parlamentdən kənar müxalifətdən kimi budəfəki seçkidə daha şanslı sayırsınız? - O cinahda heç kimi şanslı görmürəm. Parlament daxili müxalifətdə də indiki şərtlərdə hakimiyyətlə mübarizədən qalib çıxa biləcək adam görmürəm. Əgər qüvvə birləşərsə, ciddi bir təbəqəni ətrafında birləşdirə bilərsə, lazımi ab-havanı yaradarsa, o zaman müxalifətin də qalib gəlmək şansı ola bilər. - Müxalifətin Siz deyən birliyi baş tutan deyil. Belə çıxır ki, məğlubiyyəti bəri başdan qəbul edirsiniz? Xeyr. Bəri başdan heç nə qəbul olunmur. Azərbaycandakı kimi standartlarda olan ölkələrdə hələ heç nəyi bəri başdan demək olmaz. Yəni, sabah yuxudan oyananda belə, nəyinsə dəyişəcəyinə ümid eləmək olar. Bizdə heç nə sabitləşməyib. Ona görə də, müxalifət işini ağıllı təşkil edə bilsə və öz ətrafına ciddi elektorat toplamağı bacarsa, 2013-də qalib gələ bilər. Amma indi görünən mənzərə budur ki, hakimiyyətin maddi imkanları və digər resursları daha geniş olduğu üçün, onun üstünlük parametrləri daha çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA