11-09-2012 [05:16]
Qarşıdan ən önəmli proses olan prezident seçkiləri gəlsə də, müxalifət düşərgəsində ikitirəlik, soyuq münasibət hələ də davam edir. Bəzi müxalifət qüvvələri bir araya gəlmk istiqamətində çalışsalar da, bir qism müxtəlif bəhanələrlə birliyin baş tutmasına mane olurlar. Tanınmış hüquqşünas Qurban Məmmədov da bir müddət əvvəl müxalifətin bir araya gəlməsi yönündə fəaliyyət aparsa da, nəticə əldə edə bilmədi. Qurban bəylə söhbətimiz də elə bu mövzuda oldu.
- Məncə, real müxalifət qüvvələri hazırda bir yerdədir, İctimai Palatada təmsil olunurlar. İctimai Palatanı bəyənməyən, bu və ya səbəblərdən kənarda qalan qüvvələr də başa düşdükləri qaydada öz mübarizələrini aparırlar. Amma müxalifət qüvvələrinin birləşməməyinin yeganə səbəbi özünü müxalifət nümayəndəsi hesab edən, cəmiyyətə özünü radikal müxalifət kimi sırayan adamların hakimiyyət tərəfindən idarə olunmasıdır. Yəni, onlar hakimiyyət mətbəxində hazırlanan bəzi ideyaları ortaya atırlar və bununla da müxalif düşərgədə parçalanma, pərən-pərənlik mənzərəsi yaradırlar.
- Gəlin, mücərrəd danışmayaq. Kimləri nəzərdə tutursunuz?
- Bilirsiniz, mən imanımı yandıra bilmərəm. Bu, mənim subyektiv fikirlərimdir, deyirəm. Bir adamı ittiham eləmək üçün gərək əlində fatkın ola. Mənim bu adamların bəzilərinin hakimiyyətlə işbirliyində olması ilə bağlı faktım var, amma bu gün onu açıqlamağın zamanı deyil. Çünki o adamların arxasında real mübarizə aparan, aktivlik nümayiş etdirən adamlar, gənclər var. Mən onları da sındırmaq istəmirəm və ona görə də bü gün bu barədə danışmaq istəmirəm.
- Amma Siz bununla onların aldanmasına göz yumursunuz...
- Xeyr. Hesab edirəm ki, bir gün gələcək bu adamlar səhv elədiklərini başa düşüb haqq yoluna gələcəklər. Bu səbəbdən də indidən onları ictimaiyyətin gözündən salmağı məsləhət bilmirəm.
- Qurban bəy, əsas müxalifət qüvvələrinin İctimai Palatada cəmləşdiyini deyirsiniz. Ancaq İP-dən kənarda da xeyli qüvvələr var. İndi Siz Sərdar Cəlaloğlunu, Lalə Şövkəti, İqbal Ağazadəni, Mirmahmud Mirəlioğlunu əsas müxalifət saymırsınız?
- Onlar da müxalifətdirlər və öz bildikləri qaydada mübarizə aparırlar. Amma bunların birliyinə mane olan bəzi ünsürlər var ki, hakimiyyət tərəfindən idarə olunurlar. Müxalifətin birləşməsi real olan bir mərhələdə hakimiyyətin həmin o əlaltıları vahid namizəd və bu kimi digər zərərli təkliflərlə ortalığa düşürlər. Bununla da daxili çəkişmələr, söz savaşı, bir-birindən güclü olmalarını sübut etməyə çalışanların mübarizəsi başlayır və müxalifətin birliyi məsələsi çox uzaqlara gedir.
- Bəs Siz nə təklif edirsiniz? Müxalifətin biriliyi lazımdırmı, yaxud hansı formatda bir araya gəlmək daha məqsədəuyğundur?
- Görünür, cəmiyyətin, xalqın, müxalifətin birliyinin yaranması üçün obyektiv şərtlər yoxdur. Xalqı etiraza gətirən milli ideya ortalıqda olmadığına görə bu gün dediyimiz birlik alınmır. Bu ideya nə vaxt ortalığa çıxacaq, nə vaxt tam şəkildə yetişəcək, nə vaxt xalqı ehtirasa gətirib onun hisslərində oturacaq, bax onda müxalifət də, xalq da birləşəcək. Hazırda real şərait ondan ibarətdir ki, müxalifətin birləşməsinə zərurət hiss olunmur. Bununla da bizim, yəni azlığın arzuladığı birliyə nail olmaq mümkün deyil.
- Qurban bəy, o fikirlər də səslənir ki, xalq bu müxalifətdən gördüyünü görüb, ona görə də müxalifətlə bağlı hər hansı bir proseslə maraqlanmır. Bu fikirləri bölüşürsünüzmü?
- Bu fikirlərdə də müəyyən həqiqət var. Bəzi müxalifət liderləri zaman-zaman hakimiyyətlə əməkdaşlıq ediblər, bəzən kütləvi tədbirlərdə səhv qərarlar qəbul ediblər. Bütün bunların hamısı dolayısı ilə öz izini buraxıb. Təbii ki, bu məsələnin də təsiri var bunu gözardı eləmək olmaz. Ona görə də müxalif qüvvələr elə ciddi bir fəaliyyət göstərməlidirlər ki, xalqın onlara olan inamı bərpa edilsin.
- Qurban bəy, Müsavat başqanı İsa Qəmbər 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı bəyanatı müxalifət düşərgəsində birmənalı qarşılanmadı. Bu barədə Siz nə düşünürsünüz?
- Mən şəxsən mən hesab edirəm ki, İsa Qəmbər indiki seçki şəraiti, MSK-nın hazırkı tərkibi qaldıqca, prezidentliyə namizədliyini verməyəcək. Görünür, onun bu barədə verdiyi bəyanat da siyasi məqsədlər üçündür. Başında aölı olan siyasətçi indiki rejimin keçirdiyi seçkidə iştirak eləməz. Son 15 ildə keçirilən seçkilərdə bəlloi olub ki, bu hakimiyyət seçki keçirmir. Sadəcə, səndən, məndən istifadə edərək keçirdiyi tamaşaya demokratik don geyindirir, nəticəni də özləri bildikləri kimi elan edir və bununla da beynəlxalq aləmi aldadırlar. İsa Qəmbər kifayət qədər təcrübəsi olan siyasətçidir. İnanmıram ki, bu gedişlə İsa Qəmbər namizədliyini irəli sürsün.
- İddiasını ortaya qoyanlardan biri də keçmiş lideriniz Rəsul Quliyevdir...
- İsa bəy üçün dediyim fikirlər hamı üçün keçərlidir. Başında ağlı olan heç bir siyasətçi indiki rejimlə, indiki qaydalarla, nəticəsi öncədən bəlli olan bir oyunda iştirak eləməz.
- Ümumiyyətlə, Rəsul Quliyevin siyasi perspektivini görürsünüzmü?
- Mən Rəsul Quliyev adlı səhifənin çoxdan vərəqləndiyi fikrindəyəm və düşünürəm ki, bundan sonra ondan nəsə gözləməyə dəyməz. Onu da nəzzərə çatdırım ki, İlham Əliyev mənim üçün Rəsul Quliyevdən daha məqbul prezidentdir.
- Bu günlərdə Sərdar Cəlaloğlunun Azərbaycan xalqına qorxaq, alçaq, rəzil deməsi ciddi müzakirə mövzusu oldu və etirazlar səsləndi. Sizcə, xalqı bu şəkildə qiymətləndirmək nə dərəcədə doğrudur?
- Artıq elm sübut edib ki, hər bir xalqın, hər bir fərdin belə ymüsbər və mənfi cəhətlərinin ortaya çıxması üçün hansı şərait yaradılırsa, ona uyğun cəhətlər də özünü göstərir. Yəni, bir cəmiyyətdə yaltaqlıqla yaşamağın mümkün olduğunu qəbul elətdirə bilirsənsə, cəmiyyət yaltaqlığı dəstəkləməyə başlayır. İnsanın bətnində xeyir və şər qüvvələri bərabərdir. Onlardan hansısa biri üçün real şərait yaranırsa, o cəhət özünü daha qabarıq büruzə verir və inkişaf edir.
Bir məsələni də unutmayaq. Azərbaycan xalqı 20 yanvarda olan xalqdır. 88-89-cu illərdə meydanlarda yatan da Azərbaycan xalqıdır. Bu xalqı qorxaqlıqda, alçaqlıqda, riyakarlıqda ittiham eləməyə haqqımız yoxdur. Amma 1993-cü ildə bu tərəfə son 10-15 ildə məhz bu cəhətlərin meydana çıxması üçün şərait yaradılıb deyə, həmin cəhətlər də əsas yer tutub.
- Xalq da, müxalifət də bu vəziyyətdədirsə, onda qarşıdan gələn 2013-cü il seçkilərindən gözləmək olar?
- Gəlin etiraf edək ki, İlham Əliyev prosesləri o qədər ustalıqla idarə edir ki, vəziyyət belə davam edəcəyi təqdirdə 2013-cü ildə yenə də bəzi özünü müxalifət adlandıran qüvvələr seçkiyə gedib ona qanuni don geyindirəcəklər, oyunbazlıq edəcəklər. Bütün bunların nəticəsi olaraq İlham müəllim yenidən prezident seçiləcək. Bax, indiki durum davam elədikcə, Azərbaycan xalqının, Azərbacaan dövlətinin vəziyyətində heç bir dəyişiklik ola bilməz. Bu vəziyyətdən çıxmaq üçün xalqla işləmək, səbrlə mübarizə aparmaq, hakimiyyətlə dialoq, yaxud müəyyən işbirlikləri ilə vəziyyəti dəyişməyə cəhd eləmək lazımdır. Qarşıdurma ərəb ğlkələrindəki kimi olmamalıdır. Hadisələr də onu göstərdi ki, belə qarşıdurmalara millətlərə, dövlətlərə xeyir eləmir. Hesab edirəm ki, müxalifət birləşib xalqın mütləq əksəriyyətinin öz ətrafına cəlb eləsə, İlham Əliyev də, onun komandası da çox normal islahatlara başlayarlar. Yəni, bu gün ortada olan narazılıq aradan qalxar.
- Hakimiyyətdən illərdir islahat tələb edilir, amma hələlik ciddi tərpəniş yoxdur. Hakimiyyət islahata maraqlı deyil, yoxsa islahata gedəcəyi təqdirdə çökəcəyindən qorxur?
- Qətiyyən. Bu hakimiyyət çökəsi deyil. Mən əksinə düşünürəm ki, islahatlar bu hakimiyyəti gücləndirəcək. Bir də insafən etiraf edək ki, islahatlar tədricən gedir. Bizim cəmiyyətin şüuru da birdən-birə geniş islahatlara hazır deyil. Bu, acı da olsa, bir reallıqdır. Çox adam bunu anarxiya kimi qəbul edə bilər. Əbülfəz Elçibəyin hakimiyyətdən yıxılmasının bir səbəbi onun hədsiz demokratiya şəraiti yaratması oldu. Ancaq son dövrlər hakimiyyət müəyyən dəyişikliklərə başlayıb. Yadınıza gəlirsə, eks-prezidentlərin staatusu haqqında qanun qəbul olunmurdu, bunun uğrunda mübarizə gedirdi. Artıq bu qanun qəbul olunub və icra mexanizmi işə düşüb. Ayrı-ayrı idarələrdə iş mexanizmi dəyişdirilib, mümkün qədər çalışırlar ki, vətəndaşla məmur arasında əlaqələr internet vasitəsiylə olsun ki, rüşvətxorluğa şərait yaranmasn və s. Bu baxımdan da hesab edirəm ki, ləng də olsa, islahatlar gedir. Sadəcə olaraq, bunu bir qədər sürətləndirmək lazımdır. Bunda iqtidar da, müxalifət də maraqlı olmalıdır.
- İslahatlardan danışırsınız, amma hələ də 15-20 illik nazirlər vəzifədədir, insan haqları hələ də tapdalanır, milyardlar talanır, rüşvət və korrupsiya tüğyan edir. Bəs islahatlar bunlara təsir eləmir?
- Bunların hamısı var və bunlara qarşı xalq birlikdə mübarizə aparmalıdır. Heç kəs gözləməməlidir ki, müxalifət adında hansısa ağatlı oğlan gəlib olun həyatını xilas edəcək. Qəti belə bir şey olmayacaq. Ona görə də ümumxalq mübarizəsi olmalıdır ki, nəticə əldə edə bilərk. Siz elə bilirsiniz ki, İlham Əliyevin xəbəri var ki, Dövlət Reyestr Xidmətində hər gün rüşvət yığılır? İlham Əliyevin elə bir imkanı da yoxdur ki, hər məmurun yanına əli silahlı bir əsgər qoysun ki, rüşvət almasınlar. Rüşvəti verən adi vətəndaş deyilmi? Gəlin, elliklə rüşvət verməyək görək, kim, hansı məmur rüşvət ala biləcək? Bir çeyi birdəfəlik dərk etmək lazımdır ki, İlham Əliyev qılıncı sıyırıb bu rüşvətxorlara qarşı mübarizə apara bilməyəcək. O başqa məsələdir ki, Saakaşvili rüşvətin kökünü kəsib. Gürcüstanda bu məsələyə başqa bir yanaşma, başqa bir komanda var. Amma bu gün İlham Əliyevin o cür komandası yoxdur. Hakim komandanın əksəriyyəti korrupsiya ilə məşğul olur. Bu baxımdan, xalqın özü prezidentə kömək eləməlidir. Hər birimiz razstlaşdığımız məmurun boğazından yapışmalıyıq ki, niyə rüşvət istəyirsən. Məhkəmlərdə vəkillər hakimlərə rüşvət vermək üçün bir-biri ilə yarışa girirlər. Azərbaycanda rüşvət verib iş udurlar. Gəlin görək, heş bir vəkil hakimə rüşvət təklif eləməsə, hakim kimdən pul alacaq. Mən öz yaxın sahəmdən misal gətirdim ki, bu işin içindəyəm. Bu mənada rüşvət və korrupsiyaya qarşı hərə öz adından mübarizə aparmalıdır. Əgər bu məsələ də hakimiyyət, müxalifət və ən əsası cəmiyyət əl-ələ verməsə, bu bataqlıqdan qurtula bilməyəcəyik. Bütövlükdə cəmiyyət bir arada olsa və bir məqsəd üçün çalışsa, islahatlar da, dəyişikliklər də nəticə verər.
#601;yanat da siyasi m#231;#601;txorlu#601; d#601;, hakim kimd