Hafiz Hacıyev Türkiyədən sirli məlumatlarla geri dönüb

img

13-08-2012 [11:23]


Türkiyədə işgüzar səfərdə olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünən axşam saatlarında vətənə qayıdıb və vaxtın gec olmasına baxmayaraq İdarə Heyətinin toplanmasını istəyib. Bu barədə MİA-ya MMP-nin mətbuat xidmətində məlumat verilib. Partiyanın mərkəzi qərargahında İdarə Heyəti ilə yanaşı MMP rayon təşkilat sədrləri və təbliğat-təşviqat qruplarının rəhbərləri də toplantıda iştirak edib. Toplantıda ənənəvi olaraq öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib, məsələnin siyasi-iqtisadi tərəfləri haqda müxtəlif fikirlər söylənilib. Sonra partiya sədri Hafiz Hacıyev Türkiyə səfərinin təfərrüatları haqda toplantı iştirakçılarına məlumat verib. O, Türkiyədə lazım olan şəxslərlə görüşdüyünü və hələlik istintaq sirri olan önəmli məlumatlarla geri döndüyünü anladıb. Qeyd edək ki, Hafiz Hacıyev son aylar mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənərək ölməsi ilə bağlı Baş Prokurorluqda başlanılan istintaqa kömək məqsədi ilə, bu məsələdən xəbərdar, hazırda Türkiyədə yaşayan bəzi şəxslərlə görüşmək üçün qardaş ölkəyə səfər edib. Daha sonra partiya sədri bu günlərdə İctimai Palataya müraciət edəcəyini də qeyd edib. Müraciətin AXCP sədri Əli Kərimovun Londonda aldığı dəyəri bir neçə milyon olan villasını, Londonda təhsil alan övladlarının yaşayışına və təhsil haqqına, həmçinin həyat yoldaşının adına olan parfümeriya mağazasını hansı maliyyə qaynaqlarının hesabına əldə etməsi ilə bağlı olacağı məlum olub. Toplantının sonunda partiyadaxili məsələlər müzakirə olunub. 2013-cü il prezident seçkilərinin çox yaxınlaşdığını deyən İdarə Heyəti üzvləri rayon təşkilatlarında aparılan işlərlə maraqlanıblar. Təşkilat sədrlərinə sentyabr ayının 20-nə təyin edilən MMP Siyasi Şurasının növbəti iclasına gördükləri iş barədə hesabat hazırlamaları tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA