VIP prezidentə müraciət etdi

img

21-07-2012 [03:45]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədə yaranmış ictimai-siyasi vəziyyət, VİP Mərkəzi Aparatı haqqında Əsasnamə ilə partiyadaxili sənədləşmə işinin təkmilləşdirilməsinə dair Təlimatın təsdiqlənməsi və cari məsələlər müzakirə olunub. Gündəlikdəki birinci məsələ haqqında çıxış edən VİP sədri Əli Əliyev ölkədə yaranmış ümumi vəziyyəti geniş təhlil edib, müxalifət düşərgəsində gedən prosesləri dəyərləndirib və bu kontekstdə partiyanın həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verib. Ə.Əliyevin çıxışından sonra söz alan Siyasi Şura üzvləri məsələ haqqında fikirlərini bildirərək, VİP-in fəaliyyətinin intensivləşdirilməsi tempinin saxlanmasının və daha da artırılmasının vacibliyini qeyd ediblər. Gündəlikdəki növbəti məsələnin müzakirəsində iştirak edən Siyasi Şura üzvləri VİP Mərkəzi Aparatı haqqında Əsasnamə ilə partiyadaxili sənədləşmə işinin təkmilləşdirilməsinə dair Təlimatın təsdiqlənməsinin zəruriliyini vurğulayaraq, qeyd olunan layihələrə əlavə təkliflərini irəli sürüblər. Siyasi Şura davamlı müzakirələrdən sonra hər iki layihənin əsasən təsdiqlənməsi haqqında qərar qəbul edib. VİP Siyasi Şurasının üzvləri cari məsələlərin müzakirəsi zamanı ilk olaraq, İslam aləminin müqəddəs Ramazan Bayramı münasibəti ilə Azərbaycan və dünya müsəlmanlarına təbriklərini çatdırıblar. İclasda son günlərdə Dövlət Sərhəd Xidmətinin hərbi bazasında və Heydər Əliyev Mərkəzində baş vermiş genişmiqyaslı yanğın hadisələri ilə bağlı narahatlıq ifadə olunub. Siyasi Şura üzvləri bu olayların milli təhlükəsizlik kontekstindən qiymətləndirilməsinin vacibliyini önə çəkərək, hökuməti və müvafiq dövlət strukturlarını qeyd olunan istiqamətdə daha çevik fəaliyyət göstərməyə çağırıblar. Daha sonra ölkədə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi və Azərbaycnın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəxsi nümunə göstərmiş gənclərimizin hər zaman böyük ehtiramla xatırlanmasının vacibliyini bildirən Siyasi Şura üzvləri bu məqsədlə milli qəhrəman Mübariz İbrahimovun adının əbədiləşdirilməsi üçün VİP Mərkəzi Aparatı adından prezident İlham Əliyevə müvafiq müraciət göndərilməsini məqsədəuyğun sayıblar. İclasda Milli Mətbuatın 137-ci ildönümü münasibəti ilə ölkə mediasına təbrik də ünvanlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA