ilyas ismayılov Suriyadakı hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

img

10-07-2012 [12:55]


Ədalət Partiyasının sədri, Milli Məclisinin deputatı İlyas İsmayılov Suriyadakı hadisələrlə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Partiyanın mətbuat xidmətindən verilən müraciətdə deyilir: ?Hörmətli xanımlar və cənablar! Yaradılmışların ən önəmlisi İNSANDIR. İnsanın varlığı yalnız bioloji deyil, eyni zamanda, onun məzmununu təşkil edən dəyərlərlə ölçülür. Bu dəyərlər öz təsbitini müxtəlif beynəlxalq hüquq normalarında - mötəbər insan haqları konvensıya və paktlarında tapıb. Bu gün dünyamızın müxtəlif yerlərində fərqli səbəblərə - din, irq və cinsinə - görə insan haqları ciddi şəkildə pozulmaqdadır. İnsanın ən önəmli hüquqlarından biri ruhən azad olmaqdan keçir. Ruhən azad olmaq yalnız dini azadlıqlarla bitmir, eyni zamanda, seçmək və seçilmək hüququ ilə ölçülür. Feodal dövründən qalma diktatura və varislik rejimləri ? özünü qanundan üstün tutmaq, özünü və çevrəsini əlahiddə hesab edib başqalarını öz fikir və arzularına tabe etmək, insanları əsarət, qorxu və inamsızlıq içərisində saxlamaq, cəmiyyətin inkişafının qarşısını almaq - dünya üçün ən böyük təhlükələrdəndir. Buna görə demokratiya və insan haqlarının müdafiəsində duran ölkələr, haqlı olaraq, diktatura və avtoritar idarəçilik üsul-idarəsinin cağımız üçün qəbulolunmaz olduğunu bəyan edirlər. Nəzərə almalıyıq ki, ayrı-ayrı fərd və sosial qrupların, ümumilikdə xalqın, mahiyyət etibarı ilə mütəşəkkil cinayətkar dəstəsindən ibarət olan repressiv dövlət aparatına müqaviməti və mübarizəsi ya nəticəsizdir, ya da böyük fəlakətlərə səbəb olur. Bu gün biz zamanında sivilizasiya mərkəzi olan müsəlman Şərqində heç bir çərçivəyə sığmayan öz maraqları naminə öz əhalisinə, xalqına qarşı inzibati imkanlardan istifadə edərək terror törədən mütəşəkkil cinayətkar dəstənin mövcudluğunu seyr edirik. Məhz bəşəriyyətin bu qətliama seyriçi mövqeyində qalması yolverilməzdir. Əfsuslar olsun ki, bir neçə dövlət yanlış olaraq bu qətliama ümumbəşəri dəyərlər prizmasından deyil, şəxsi maraqlar prizmasından yanaşır. Hərçənd ki, insan haqları ümumbəşəri dəyərdir və onun çərçivələri yoxdur. Nəzərə alsaq ki, cinayətkar Əsəd rejimi dünya tərəfindən terrorçu kimi qəbul edilmiş PKK, ASALA kimi təşkilatların himayədarı və dəstəkləyicisidir, o zaman bu rejimin nə dərəcədə təhlükəli olduğunu anlamaq çətin deyil. Bu gün Suriya xalqını silahlarla təchiz edərək mütəşəkkil hərbi maşına malik olan Əsəd rejiminə qarşı mübarizəyə təşviq etmək mənasız insan tələfatına yol açmaqdan başqa bir şey deyil. Odur ki, Türkiyənin Suriya ilə bağlı cəhdlərini yerində və haqlı hesab edirəm. Dünya birliyinin Türkiyənin Suriyadakı qan tökülməsinin dayandırılması ilə bağlı etdiyi müraciətlərini cavabsız qoymamağa çağırır və bu hadisəyə veriləcək təcili reaksiyanı insanlıq adına önəmli davranış kimi qiymətləndirirəm. Türkiyənin Suriyadakı qanın dayandırılmasında göstərdiyi həssaslığa dünya birliyinin Əfqanıstan, Liviya və digər totalitar rejimlərlə mübarizədə göstərdiyi kimi aktiv mübarizə üsulunu tətbiq etməklə dəstəkləməyə çağırıram, Suriya xalqının həsrətlə arzuladığı haqları və azadlıqlarının onlara qaytarılmasına dəvət edirəm. Gözlərimizin önündə cərəyan edən zülmə seyriçi qalan hər kəs ən azı Əsəd qədər bu zülmün ortağına çevrilir. Dünya birliyini bu zülmə Türkiyənin göstərdiyi təpkiyə dəstək verərək son qoymağa, insanlıq ayıbı olan bu vəziyyətin önünü kəsməyə, zaman qarşısında üzərinə düşən missiyanı yerinə yetirməyə çağırıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA