08-07-2012 [05:05]
[b]Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ?Yeni Müsavat?a müsahibə verib. Mia.az müsahibədə yer alan fikirlərin oxucular üçün maraqlı olacağını düşünüb, olduğu kimi dərc edir:[/b]
[b] - İqbal bəy, Azərbaycan cəmiyyətində son bir neçə ayda canlanma müşahidə olunur. Ölkədəki ümumi ab-havanı necə dəyərləndirirsiniz?[/b]
- Azərbaycanda durum vətəndaşın arzu etdiyi səviyyədə deyil. Ancaq Azərbaycanda və ölkənin ətrafında bir proses başlayıb. Bu proses demokratikləşməyə çox ümid verir. Demokratikləşmə həm daxildəki fərqli fikir daşıyıcılarının basqısı nəticəsində, həm beynəlxalq aləmin israrlı təkidləri nəticəsində hərəkətliliyə keçib. Qabaqkı illərdən fərqli olaraq Qərb Azərbaycan hakimiyyətinə yumşaq güc tətbiq etməyə başlayıb. Siyasi məhbus məsələsi tam çözülməsə də 2 aprel məhbuslarının azad edilməsi müsbət olaydır, media kapitanları ilə hakimiyyət nümayəndələrinin görüşlərinin təşkil olunması, vətəndaş cəmiyyəti institutları ilə ictimai məzmun daşıyan məsələlərin müzakirəsi bu prosesin tərkib hissəsidir. Sentyabrda siyasi partiyalarla görüş olacağı planlaşdırılır. Müzakirələrin predmeti 2013-cü il prezident seçkiləri ola bilər. Bu müzakirələr Seçki Məcəlləsinə dəyişikləri də gündəmə gətirə bilər. Demokratiya hadisə deyil, prosesdir. Başlayan prosesi demokratikləşməyə doğru ağılla apara bilsək, hakimiyyət qabaqkı illərdəki kimi geriyədönüşü təkrarlaya bilməyəcək. Durum çox ümidlidir.
[b] - Sizcə, Qərbdən demokratiya mehinin əsməsi daha çox daxili faktorların, yoxsa regiona diqqətin artması nəticəsində baş verir? [/b]
- Bunları bir-birindən ayırmaq mümkün deyil. Əsas olan odur ki, cəmiyyət mütləq demokratikləşməlidir, ölkədə siyasi islahatlar keçirilməlidir, Qərbə inteqrasiya siyasəti ardıcıl, davamlı şəkildə yürüdülməlidir. Düşünürəm ki, indiki məqamda insanları yalnız 2013-cü il seçkisi üzərində kökləmək gərək deyil. Çünki bəzən hədəflər əldə edilməyəndən sonra demokratik prosesə güc verən böyük bir kəsim prosesdən geri çəkilir. Bunun nəticəsidir ki, Azərbaycan cəmiyyəti hər seçkidən sonra sanki 0 vəziyyətinə qayıdır. Buna yol vermək olmaz. Biz demokratiya məsələsində Gürcüstan, Baltikyanı ölkələr, Ukrayna, hətta Rusiya qədər irəliləyə bilməmişik, ancaq biz Özbəkistan, Türkmənistan da deyilik. Bütün bunlar Azərbaycanda uzun illər demokratiya uğrunda ardıcıl mübarizə verən insanların sayəsində baş verib. Hakimiyyətin repressiyalarından, basqılarından qorxmayaraq bu qədər fədakarlıq edən insanlar hələ varsa, üstəlik ümidverici bir gənclik yetişirsə, bu, bizim qazancımızdır.
[b]- Siz bayaq, qərbin hakimiyyətə yumşaq basqılarından danışdınız. Bu, məmurlara qarşı sanksiyalar tətbiq edilməsinə səbəb ola bilərmi? [/b]
- Mən istəməzdim Azərbaycan məmurları Avropa strukturlarının aşırı basqısı ilə üzləşsin. Çünki bunun əks təsirləri ola bilər. Bu, Azərbaycan hakimiyyətinin üzünü Qərbdən Rusiyaya çevirməsi ilə nəticələnə, daxildə fərqli fikirlilik daha ciddi basqılarla üzləşə bilər. Nəticədə inqilabi bir mərhələnin başlaması üçün zəmin yaranar. Azərbaycan hakimiyyətinin dünyada gedən prosesləri dərk edərək buna imkan verməməsini arzulayıram. Avropa da bu yumşaq güc tətbiqinə uzun bir dönəmdən sonra qərar verib. Ona görə ki, bunun Rusiyanın yenidən regiona qayıtması üçün bəhanə ola biləcəyini dərk edir. Bu metodu Belorusa tətbiq etdikdə, nəticə gözlənilən kimi olmadı. Suriyada Bəşər Əsəd rejimini götürək. Əgər dünya bu gün Bəşər Əsəd kimi qanlı bir rejimin aradan qaldırılmasına hazır deyilsə, Azərbaycan kimi azad olmayan ölkələrlə bağlı da maraqlar toqquşacaq. Bu, Azərbaycan cəmiyyətinə, demokratik kəsimin ümumi strateji yoluna heç bir halda uyğun deyil.
[b]- Azərbaycanda ciddi müzakirə edilən məsələlərdən biri də siyasi məhbuslarla bağlıdır. AŞPA-nın Azərbaycan üzrə siyasi məruzəçisinin səsləndirdiyi 89 nəfərlik siyahı birmənalı qarşılanmayıb. Siyasi həbs həyatı yaşayan bir insan kimi necə düşünürsünüz, kimlər siyasi məhbus sayıla bilər?[/b]
- Ədalətli məhkəmə sistemi yaradılmayana qədər Azərbaycanda ən qatı cinayətkarı belə siyasi məhbus elan etmək olar. Məhkəmə hakimiyyətin bir qoludur. Onun fəaliyyəti ilə hüquqları pozulan şəxs siyasi məhbus elan edilə bilər. Məhkəmədə obyektivlik yox, rüşvət, qərəz varsa, məhkum edilən şəxslərin hamısı siyasi məhbusdur. Hakimiyyət nümayəndələri beynəlxalq qurumların belə sərt təpkilərindən inciməməlidirlər. Həbs ediləndən məhkəmə bitənə qədər hüquqları dəfələrlə pozulursa, onlar siyasi məhbus elan ediləcəklər. Ona görə də məhkəmə sistemində ciddi islahatlar vacibdir.
[b] - ?Siyasi Partiyalar haqqında? Qanunun tətbiqindən sonra rəhbəri olduğunuz Ümid Partiyası da dövlət büdcəsindən maliyyələşdiriləcək. Bu vəsaiti daha çox hansı istiqamətdə xərcləməyi düşünürsünüz? [/b]
- İlk sırada onu deyim ki, maliyyənin bu şəkildə ayrılması, fikrimizcə, yanlış addımdır. Bu haqda qanunun müzakirəsi zamanı dəfələrlə fikirlərimi bildirmişəm. Maliyyə bütün partiyalara ayrılmalı, yalnız 2015-ci ildən sonra proses partiyaların cəmiyyətdəki mövqeyinə görə davam etməli idi. Siyasi partiya yeganə yerdir ki, dövlət adamı yetişdirir. Dövlətinin, xalqının gələcəyini düşünən bir iqtidar bu instituta yardım etməyə borcludur. Avropa ölkələrinin, qonşu Türkiyənin, hətta Rusiyanın siyasətinə baxın - bu baryerləri onlar çoxdan aşıb. Ona görə də cəmiyyətdə, hətta ən sərt formada bir-birini tənqid eləyən siyasi qüvvələr arasında dialoq baş tutur. Dövlətin gələcəyi üçün bu, fövqəladə vacib bir məsələdir. Bizim cəmiyyətin ən böyük problemi bu gün münasibət problemidir. Azərbaycan iqtidarının da, müxalifətinin də üzündən qəzəb tökülür. Azərbaycanda düşünürlər ki, leksikona rəqib qüvvəyə qarşı ən ağır ifadələr gətirmək mənsub olduğun siyasi qüvvəyə ən yaxşı xidmətdir. Biz bundan mümkün qədər tez imtina etməyi bacarmalıyıq. Bu, baş vermədən münasibətlər sistemini, cəmiyyətin düzənini nizamlamaq mümkün olmayacaq. Vəsaitin xərclənməsinə gəlincə, hələlik onun hansı formada ayrılacağını, hansı miqdarda olacağını dəqiq bilmirik. Ona görə də görüləcək işin miqyası ilə bağlı söz demək mümkün deyil.
[b]- Azərbaycanda köklü dəyişikliklər üçün üçüncü qüvvə faktorunu vacib sayanlar da var. Ünvan kimi də Rəsul Quliyevi göstərirlər. Bəziləri isə düşünür ki, ?Rəsul Quliyev planının? ideya müəllifi hakimiyyətdir...[/b]
- Mən hər kəsin şəxsiyyətinə hörmət edirəm, amma siyasətçi üçün tarixi imkan deyilən anlayış var. Rəsul Quliyev bütün tarixi imkanlarının yemiş, tükətmiş siyasətçidir. 2003-də, 2005-də son şanslarını özü tükətdi. Rəsul Quliyev Azərbaycanı tanımır. Azərbaycanı tanımayan insan Azərbaycana rəhbərlik edə bilməz. Rəsul Quliyevin tanıdığı 1996-97-ci illərin Azərbaycanı çox-çox uzaqlarda qalıb. Ölkədə ona səs verə biləcək zavod düşüncəli insanlar yoxdur, əksinə, dünyaya fərqli düşüncə ilə baxan ciddi bir gənclik yetişməkdədir. Rəsul Quliyev düşünürsə ki, neftayırma zavodundakı xidmətlərinə görə, hələ insanların yaddaşında qalıb, yanlışlığa yol verir. O zavodu çoxdan söküblər. Onun daha bir yanlışlığı isə siyasətə regional aspektdən yanaşmasıdır. Sülhəddin Əkbərə hörmət edirəm. Ancaq ən uğursuz variant məhz onun partiyaya sədrliyinə gətirilməsidir. Azərbaycan İlham Əliyevin hakimiyyəti dönəmində eks-prezident Heydər Əliyevin hakimiyyəti illərindəki yerliçilikdən xeyli uzaqlaşıb.
[b]- Sizcə, Rəsul Quliyevin hakimiyyətdə dayağı heç yoxdur?[/b]
- Bu, absurddur. Əgər onlar varsa, o dayaqlardan biri hakimiyyətdən xahiş-minnət eləsin, R.Quliyevin ölkəyə gəlişinə icazə verilsin.
[b] - Hətta Ayaz Mütəllibovun gəlişinə də icazə verildi... [/b]
- Mənə bir məsələ çox gülməli gəlir. Rəsul Quliyev birinci olmaq iddiasındadır. O nazirlər, başqa məmurlar ki, guya Rəsul Quliyevin tərəfdarlarıdırlar, dəyişiklik olsa, onlar yenə də öz yerlərində qalacaqlar. Hakimiyyət o zaman içərisindən laxlayır ki, komanda üzvləri gəminin batdığını görür, başqa bir qüvvənin yanında yer almağa çalışır. Bu gün ictimaiyyətdə Rəsul Quliyevin gələcəyi ilə bağlı zərrə qədər işıq yoxdursa, nədən kimsə onun yanında yer almalı, isti aşına soyuq su qatmalıdır? Bunlar hamısı uğursuz piardır.
[b] - Ayaz Mütəllibovdan söz düşmüşkən, onun Azərbaycana qayıtmasına münasibətiniz necədir?[/b]
- ?Eks-prezidentlər haqqında? Qanunun qəbul edilməsi Azərbaycan dövlətçiliyi baxımından olduqca önəmli bir addım idi. Mütəllibovun Rusiyadan Azərbaycana gəlməsi, Əbülfəz Elçibəyin ailəsinə status verilməsi çox müsbət olaydır. Mütəllibov pisi ilə, yaxşısı ilə Azərbaycanın tarixinin bir parçasıdır. Prezidentlər dövlətin simvollarıdır. Əgər hakimiyyət dönəmi ilə bağlı hər hansı xidməti, ya yanlışı varsa, eks-prezident mükafatını da, cəzasını da öz ölkəsində almalıdır. Nə Ayaz Mütəllibovu, nə rəhmətlik Əbülfəz Elçibəyi bu xalqın tarixindən kimsə silə bilməz. Buna heç kim cəhd eləməsin. Sovet dönəmi 70 il Rəsulzadəyə qarşı siyasət yürütdü, ancaq onu xalqın yaddaşından silə bilmədi. Bu torpağa bağlı hər kəsin ürəyində bir Rəsulzadə məhəbbəti var. Heydər Əliyev də eks-prezidentdir. Sabah İlham Əliev də eks-prezident olacaq. Nədən Azərbaycan ona sahib çıxmamalıdır? Bu, 3-5 il üçün qəbul edilən qərar deyil ki...
[b] - Cəmiyyət Milli Məclisi Qarabağ məsələsinə diqqətsizlikdə də qınayır. Məsələn, vətəndaş hələ də anlamır ki, Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentində çıxış edən deputat niyə öz parlamentində onun soyqırım kimi tanınması haqqında məsələ qaldıra bilmir. Səbəb nədir?[/b]
- Azərbaycan hakimiyyətinin Qarabağ məsələsini həll etməyə gücü çatmır. Əgər gücü çatsaydı, bunu mütləq edərdi. Hakimiyyətə Qarabağ məğlubiyyəti ilə bağlı hər hansı sənədə imza atmamaq iradəsi arzulayıram. Ancaq bu, çözülməyəcək məsələ deyil. Qarabağ məsələsinin yolu birmənalı olaraq demokratikləşmədən keçir. Azərbaycan hakimiyyəti elə bir xarici siyasət doktrinası hazırlayıb həyata keçirməlidir ki, Qarabağ düyününü çözə biləcək qüvvələr Azərbaycan hakimiyyətinin qarşısında deyil, yanında olsun.