Deputatın partiyası DiN-lə bağlı yenidən bəyanat yaydı

img

07-06-2012 [09:36]


İyunun 7-də VHP-nin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: ?Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov mətbuata açıqlama verərək VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildirib. Ehsan Zahidov həbsin xırdalıqları barədə geniş izahatında Niyaz Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, Niyaz Qubadova qarşı polis şöbəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə təmin olunmaması və s. barədə VHP-nin bəyanatında yer alan məqamların yanlış olduğunu söyləyib. Bu açıqlama VHP olaraq bizi də bəzi məqamları incəliyinə qədər ictimaiyyətə çatdırmağa vadar edir. Ehsan Zahidovun bildirdiyi kimi, doğrudan da Abşeron Rayon Polis Şöbəsində təhqiqat VHP-nin rayon təşkilatının sədri Niyaz Qubadovun qardaşı Xamis Qubadovun oğurluq faktıyla bağlı 102 qaynar xəttinə müraciətindən sonra başlayıb. Xamis Qubadov həyətindən 5 kub taxtanın oğurlanması haqqında şikayət edib və daha sonra polisə ərizə verib. Təhqiqatçılar Niyaz Qubadovun kirayə verdiyi evə gələrək oğurluq faktıyla bağlı araşdırmaya başlayıblar. Buna səbəb oğurluğun Niyaz Qubadovun kirayəyə verdiyi evin həyətindən edilməsidir. Niyaz Qubadov kirayəyə verdiyi evinə gəlib və polislərə taxtanın oğurlanmadığını, dostu Arzu Bəqəliyevin xahişinə əsasən, taxtanı ona hədiyyə etdiyini söyləyib. Polislər isə oğurluqda Niyaz Qubadovu ittiham ediblər və mübahisə etdiyini əsas gətirərək onu zorla, mülki maşınla polis şöbəsinə aparıblar. Niyaz Qubadov Masazır bələdiyyəsində komissiya sədridir və seçkili orqanda təmsil olunan şəxs kimi onun həbsi yalnız məhkəmənin qərarı ilə baş verə bilər. Ancaq Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları Niyaz Qubadovu zorla polis şöbəsinə apardıqdan sonra həbs qərarı almaqla qanunsuzluq ediblər. Hadisə haqqında məlumatlandırılan Arzu Bəqəliyev istifadəyə yararsız, yalnız yandırılmaq üçün götürdüyü taxtanı dərhal Niyaz Qubadovun həyətinə qaytarıb, Xamis Qubadov isə taxtanın oğurlanmadığını, qardaşı Niyaz Qubadovun onu dostuna bağışladığını öyrənən kimi polis şöbəsinə gedərək ərizəsindən imtina edib və oğurluq faktının olmadığını yazıb. Ehsan Zahidovun dediyi kimi, həmin tarixdə - 3 iyun 2012-ci ildə, saat 19:30 radələrində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Abşeron Rayon Polis Şöbəsinə gedərək rəhbərliklə görüşüb. Doğrudan da Arzu Bəqəliyev Sabir Rüstəmxanlının yanında dindirilib. Ancaq Ehsan Zahidovun açıqlamasından fərqli olaraq Arzu Bəqəliyev deyib ki, mən taxtanın aparılması üçün razılığı Niyaz Qubadovdan almışam, ancaq Xamis Qubadovun bu işdən xəbərsiz olduğunu bilməmişəm. Niyaz Qubadov da bu barədə qardaşına məlumat verməyib və nəticədə qardaşı taxtanın oğurlandığını düşünüb. Sabir Rüstəmxanlının iştirakı ilə Arzu Bəqəliyevi dindirən polis şöbəsinin rəhbərliyi doğrudan da heç bir oğurluq faktının olmadığını müəyyənləşdirib və daha sonra millət vəkilinə anlaşılmazlığın aradan qaldırıldığını və hüquqi prosedurlar həyata keçirildikdən sonra saxlanılanların azad olunacağını bildirib.Lakin bütün bunlardan sonra Abşeron Rayon Məhkəməsi təxminən saat 22:00 radələrində Niyaz Qubadovun polisə müqavimət ittihamı ilə 10 sutka inzibati cəzaya məhkum olunması haqqında qərar çıxarıb. Maraqlıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi bu gün Niyaz Qubadovla bağlı iddiaya baxarkən məhbusun azadlığa buraxılacağını bildirsə də, hökm elan olunarkən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qeyri-rəsmi aşıqlamasında isə hakim ona təzyiq edildiyini bildirib və ona görə də qərarı qüvvədə saxladığını söyləyib. Bu faktlar bir daha təsdiqləyir ki, Niyaz Qubadov sifarişlə həbsdə saxlanılır. Niyaz Qubadovun vəkillə təminatdan özünün imtina etməsi barədə məlumat isə, görünür, Ehsan Zahidova və DİN rəhbərliyinə ötürülən növbəti yanlış informasiyadır. Niyaz Qubadov vəkillə təmin edilməyib, onun doğmalarından yemək götürülmür və polislərin Niyaz Qubadova qarşı sərt münasibətinə polis şöbəsinə gedən doğmalar və qohumlar hamısı şahiddir. Belə ki, əvvəlcə razılıq verilsə də, saxlanılanın Niyaz Qubadov olduğunu bildikdə polislər yeməyi qəbul etməkdən qəti şəkildə imtina edirlər. Bütün olayı xırdalığına qədər qeyd etməklə Daxili İşlər Nazirliyi rəhbərliyinin və ictimaiyyətin müfəssəl məlumatlandırılmasına çalışdıq. Ümid edirik ki, DİN rəhbərliyi Niyaz Qubadovun həbsində maraqlı olanları və DİN-ə təhrif olunmuş informasiyaların ötürülmə səbəblərini aydınlaşdıracaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA