ViP bəyanat verdi

img

07-06-2012 [05:06]


"Qarabağ münaqişəsinin nizamlanması prosesində uzunmüddətli vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin yüksək səviyyəli dövlət rəsmiləri ikili standartlatra əsaslanan mövqe nümayişini davam etdirirlər". Bu fikirlər Vətəndaş və İnkişaf Pariyasının bəyanatında yer alıb. Daha sonra bəyanatda bildirilir: "Bu sırada Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi xanım Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik ifadə etdiyi fikirlər ciddi narahatlıq və təəssüf doğurur. H.Klintonun Qarabağ münaqişənin tənzimlənməsində Helsinki Yeun Aktına istinad olunmasının zəruriliyi və həmin sənəddə təsbit edilmiş prinsiplərin - əsasən, dövlətlərin ərazi bütövlüyüynün toxunulmazlığı və öz müqəddəratını təyinetmə hüququ - ayrılmaz olduğunu bəyan etməsi ziddiyyətli yanaşma olduğu qədər də, Azərbaycanın ərazi bütövlüyünə sayğısız yanaşma kimi qiymətləndirilməlidir. ABŞ dövlət katibi tərəfindən Qarabağ münaqişəsinin hərbi həllinin olmadığını bəyan edilməsinin arxasında Azərbaycanı beynəlxalq hüquqa əsaslanaraq, güc tətbiqi ilə öz ərazi bütövlüyünü bərpa etmək niyyətindən çəkindirmək məqsədinin dayandığı şübhə doğurmur. Təəssüf ki, H.Klinton təcavüzkar Ermənistan rəhbərliyini işğalçılıq syasətindən imtina etməyə çağırmaq əvəzinə, rəsmi İrəvanın qeyd olunan siyasətini stimullaşıran fikirlər səsləndirib. Çox maraqlıdır ki, H.Klinton İrəvanda güc tətbiqindən imtina haqqında danışdığı zaman Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın sərhəd yaşayış məntəqələrinə hücuma keçiblər və bunun nəticəsində Azərbaycan Ordusunun 5 hərbçisi şəhid olub. Bəhs olunan son hərbi təxribat Ermənistanın işğalçılıq siyasətindən nəinki geri çəkilmək istəmədiyini, əksinə təcavüzkar planlarını daha da genişləndirdiyini birbaşa təsdiqləyir. Göründüyü kimi, ABŞ da daxil olmaqla, böyük dövlətlərin Ermənistanı bütün vasitələrlə himayə etməsi İrəvanı yeni işğal kampaniyasına həvəsləndirib". Vətəndaş və İnkişaf Partiyası (VİP) ABŞ dövlət katibi H.Klintonun Azərbaycanın ərazi bütövlüyünə qeyd olunan münasibətinə və Qarabağ münaqişəsinin həllinə yönəlik səsləndirdiyi fikirlərə qəti etirazını bildirir. VİP Azərbaycan hökumətini ölkənin dövlət maraqlarını şübhə altına alan bu kimi bəyanatlara təcili olaraq qəti və birmənalı münasibət bildirməsini zəruri sayır. Eyni zamanda, VİP növbəti dəfə Azərbaycan hakimiyyətini ATƏT-in Minsk Qrupunun vasitəçiliyndən imtina etməyə və danışıqlar prosesini birtərəfli qaydada dayandıraraq, ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində qəti addımlar atmağa çağırır. Vətəndaş və İnkişaf Partiyası (VİP) ermənilərin son hərbi təxribatı zamanı Azərbaycan Ordusunun 5 hərbçisinin şəhid olması ilə əlaqədar onların ailələrinə və millətimizə başsağlığı verir! Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA