Müxalifət Cümhuriyyət gününü qeyd etdi

img

28-05-2012 [11:22]


Bu gün İctimai Palata Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümü ilə əlaqədar ulu öndər Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən abidəsini ziyarət etdi. Azərbaycan müxalifəti Novxanıda izdihamlı bayram mitinqi keçirdi. Qeyd edək ki, İctimai Palatanın təşkilatçılığı ilə keçirilən bayram törəninə ?Qarabağ? blokunun təmsilçiləri də qatılmışdı. Bayram mitinqi Rəsulzadənin abidəsinin yerləşdiyi parka yürüşlə başladı. ?Sən bizimsən, bizimsən, Durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, Ey şanlı Azərbaycan!?- misralarını səsləndirərək meydana daxil olan yüzlərlə insan Rəsulzadənin abidəsini əhatəyə aldı. Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli böyük öndərin abidəsi önünə əklil qoydu. Bayram mitinqi himnimizin oxunması ilə başladı. Törənin aparıcısı İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev Cümhuriyyət günü münasibətilə hamını təbrik etdi. Rahim Hacıyev qeyd etdi ki, 1918-ci ildə Azərbaycanda Cümhuriyyətin qurulması Azərbaycan xalqının qürur duyduğu hadisə olub: ?Müstəqillik, suverenlik çox mühüm məsələdir. Heç kim ləyaqətli yaşamaq hüququnu insanların əlindən ala bilməz. Biz AXC-ni yaradan insanları yad edirik, onların ruhları qarşısında baş əyirik?. Müsavat başqanı İsa Qəmbər bildirdi ki, 1918-ci il mayın 28-i Azərbaycan xalqının tarixində ən şərəfli günlərin birincisidir: ?94 il əvvəl Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yoxdan bir bayraq yaradılaraq Azərbaycan xalqına və dünyaya təqdim edildi. Bu dövlət dünyaya günəş kimi doğdu. Bu dövlət Azərbaycan xalqına elə bir şərəfli nümunə yaratdı ki, bu nümunə bir xalqın yüz illərlə yaşamasına, azadlıq, demokratiya uğrunda mübarizəsinin davam etdirilməsinə nümunə oldu. Hər birinizi təbrik edirəm. Arzu edirəm ki, bu gün millətimizə uğurlar gətirsin. Azərbaycanın hər bir vətəndaşı bir əcnəbi ilə görüşündə ölkəmizi tanıtmaq üçün Azərbaycanda şərq xalqları arasında ilk demokratik cümhuriyyət yaradıldığını bildirir, həmin cümhuriyyətin insan haqları sahəsində atdığı addımları, qadınlara səsvermə hüququ verilməsini deyir, bununla da Azərbaycanın müasirliyini təqdim edir. Amma hakimiyyət nümayəndələri bunların kimlərini etdiyini deməyi unudurlar, Müsavatın, Rəsulzadənin adını çəkmirlər. Rəsulzadənin silahdaşlarının adlarını xəsisliklə işlədirlər. O böyük insanlar dövləti qurdular. Rəsulzadə xalqımıza azadlığın dadını bildirdi. Bunlar isə istəyirlər ki, xalq azadlığın da dadını bilməsin. Bu iki zümrə arasında fərq bundan ibarətdir. Bu hakimiyyət xalq üçün yox, özləri üçün çalışanlardır. Bu gün böyük bir susqunlar ordusu var. Xalqımızın narazı olan böyük hissəsi susqunluğa üstünlük verir. Amma bu müvəqqətidir. Bir - iki il öncə ərəb ölkələrində də susqunluq var idi. Amma 2011-ci ildən başlayaraq ərəb xalqları ayağa qalxdılar və haqlarını tələb etməyə başladılar. İnanıram ki, bizim xalqımız da ayağa qalxacaq. Mənə bunu deməyə ciddi amillər əsas verir. Dostlarımızın bir qismi bu bayramı növbəti dəfə zindanda qarşılayırlar. Arif bəy başda olmaqla, onların hamısını salamlayıram və bayram münasibətilə təbrik edirəm. Onlar zindanda da azadlıq uğrunda mübarizələrini davam etdirirlər, Arif bəy, Tural bəy, Rüfət bəy, Əhəd bəy, Sahib bəy, Məhəmməd bəy, Şahin bəy, Zülfüqar bəy, Babək bəy, Ülvi bəy müstəqil hüquq müdafiəçisi Vidadi İsgəndərli və müasir gəncliyin simvollarından birinə çevrilən Bəxtiyar Hacıyev zindanda ədalət və həqiqət uğrunda mübarizələrini davam etdirirlər. Dostumuz Arif Hacılı bir ildən çoxdur zindandadır. Ancaq özünün deyil, zindan yoldaşlarının azadlığa buraxılması üçün çağırışlar edir. Budur əsl ləyaqət, cəsarət və fədakarlıq nümunəsi!?. İ.Qəmbər mayın 28-də doğum günü olan vicdan məhbusu, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlini də təbrik etdi: ?Bu gün gənc mübariz Əhəd Məmmədlinin 30 illik yubileyidir. O, 30 yaşını həbsxanada qarşılayır. Əhəd hakimiyyətin təzyiqlərinə baxmayaraq, mövqeyini və ləyaqətini cəsarətlə qoruyub saxlayır, mübarizəsinə davam edir. Bu gün Həsən Kərimlinin ad günüdür. Azərbaycanın ləyaqətini qoruyanlar məhz bu insanlardır. Azərbaycanın azadlığa layiq və qadir olduğunu məhz sizlər sübut edirsiniz. Bunu razılaşdırılmamış aksiyalarda cəsarətiniz və dözümünüzlə sübut edirsiniz. Ona görə də sizləri və adını çəkdiyim bütün dostlarımızı bir daha salamlayıram. Sizlərin simasında xalqımızın qalib gələcəyinə əminəm?. Müsavat başqanı bildirdi ki, bu 28 may fərqli bir 28 Maydır: ?Adətən parlament seçkilərindən bir-iki il sonra fərqli bir sükut yaşanırdı. İnsanlar inamlarını itirib gözləyirdilər ki, görəsən, nə olacaq. Bu iki ildə Azərbaycanda demokratiya uğrunda mübarizənin çox önəmli səhifələri yazılmış oldu. Cəmiyyət İctimai Palata olaraq yaradıldı, hakimiyyətə təkliflərini bildirdi və Azərbaycan xalqını dünyaya bir daha təqdim etdilər. Bunun nəticəsidir ki, bütün dünya gözünü Azərbaycana dikib. Dünya mediasının Azərbaycan haqqında bu qədər yazmasının səbəbi ?Eurovision? deyil. Azərbaycanın demokratik qüvvələrinin mübarizəsi dünya mediasının diqqətini Azərbaycana çəkdi. Bu xalqı azadlığa layiq xalqıdır. Azərbaycan xalqı azadlıq uğrunda mübarizədə qalib gələcək. Azərbaycan xalqının tarixi ?Eurovision?la başlamır. ?Eurovision?la da bitməyəcək. Mübarizəmiz davam edəcək. Yüz ildə Azərbaycan xalqı böyük nümunələr ortaya qoyub. Əbülfəz Elçibəyin dövründə üçrəngli bayrağımız bir daha qaldırıldı. Bu gün bizim borcumuz bu böyük insanların yolunu davam etdirmək, həqiqi demokratik cəmiyyət qurmaq, torpaqlarımızı işğaldan azad etmək, Azərbaycanı bu quldur, görməmiş hakimiyyətin əlindən azad etmək, Azərbaycan vətəndaşını dünyanın ən qürurlu vətəndaşı halına gətirməkdir. Bu yolda sizə uğurlar arzulayıram. Bu yol Rəsulzadənin başlatdığı, Əbülfəz Elçibəyin davam etdirdiyi yoldur. Bu gün bu missiyanı davam etdirmək hamımızın boynundadır. Eşq olsun sizlərə, Tanrı Azərbaycanımızı qorusun!?. AXCP sədri Əli Kərimli isə dedi ki, 28 May onlar üçün əziz bir tarixdir: ?Bu gün biz 94 il əvvəl babalarımızın biz azərbaycanlılar üçün heçdən yaratdığı dövlətin yaratdığı günü qeyd etmək üçün toplaşmışıq. Çox təəssüf ki, Azərbaycanda xalq tərəfindən seçilməyən, bu xalqın dəyərlərini bölüşməyən hakimiyyət olduğuna görə, bu günə layiq olduğu qiymət hələ də verilməyib. Ona görə də mən diqqəti bu günün nə qədər müqəddəs olmasına cəlb etmək istəyirəm. Bizim bir çox bayramlarımız var. Biz böyük sevinclə tək bizim yox, bir çox şərq xalqlarının qeyd etdiyi Novruzu qeyd edirik. Biz bəşəriyyətin böyük çoxluğuna qoşulub Yeni İli sevinclə keçiririk. Biz dini bayramlarımızı bütün müsəlman dünyası ilə qeyd edirik. Bir də xalqımıza sırınan süni bayramlar var. Onların ömrü də indiki rejiminki qədərdir, ona görə də biz onları saymırıq, boykot edirik. Amma biz azərbaycanlıların bir gerçək milli bayramı da var, o bu gündür, istiqlalımızın elan edildiyi, qürurlu bir gün. Əziz həmvətənlərim! Bu gün bizim üçün yalnız müqəddəs bir tarix deyil. Bu gün bizim üçün həm də, sabaha istiqamətdir. Baxın, hazırda millət olaraq nə qədər məhrumiyyət içindəyik. Sərvətlərimiz bir qrup acğöz talançı tərəfindən məhv edilir, mənimsənilir. Azərbaycan vətəndaşlarının hüquqları, azadlıqları əllərindən alınır və ölkəmiz dünyada 25 azad olmayan dövlətlər sırasındadır. Torpaqlarımızın 20 faizini 20 ildir düşməndən ala bilmirik, Azərbaycan hakimiyyətini isə 40 ildir bir ailə əsir götürüb onu da azad edə bilmirik. Bütün bu baş verənlərə görə əslində bizdə bir özündən bədgümanlıq yaranardı, biz düşünərdik ki, yəqin, bu bizim millət olaraq keyfiyyətimizə dəlalət edir. Amma yox, bu işıqlı nümunə bizdə natamamlıq kompleksi yaratmağa qoymur. Hər dəfə xatırlayırıq ki, yox, yaşadığımız məhrumiyyətlər halal haqqı, millətimizin təbii halı deyil. Millətimizin süni şəkildə bu vəziyyətə salınıb. Çünki bu millət 94 il əvvəl o 25 ən qabaqcıl millətin biri olubsa, 94 il sonra düşdüyü vəziyyətə görə millət yox, onun içindən çıxan bu acgözlər, nadanlar, feodal düşüncəlilər məsuliyyət daşıyır. Bu nümunə - AXC bizim hamımızı çağırır ki, Azərbaycanımızı xilas edək. Ona görə mən dedim ki, AXC dünənki şərəfli tarix olmaqla yanaşı sabaha yönələn hədəfdir, bir mayakdır. Biz o hədəfə yetişib millətimizi azad edəcəyik. Biz hər il həm də bura böyük Məhəmməd Əmin Rəsulzadəyə hörmətimizi ifadə etməyə gəlirik. Bu böyük insan çox təzadlı bir tale yaşayıb. Allah ona böyük bir istedad vermişdi. O, gözəl bir siyasətçi, tarixçi, ədəbiyyatçı, yazar idi. Təpədən dırnağa qədər Azərbaycan sevdalısı mübariz idi. Onun bəxtinə çox çətinliklər də düşmüşdü. Rəsulzadə həyatı boyunca nə qədər haqsızlıqlar, məhrumiyyətlər yaşadı... Ona olan bu haqsızlıqlar nə yazıq ki, o dünyasını dəyişəndən sonra da davam elədi. Bu gün natamamlıq kompleksi ilə yaşayan Azərbaycan yönəticiləri hələ də Rəsulzadəyə qısqanclıqla yanaşırlar, onun böyük kimliyini etiraf etmək istəmirlər. Lazım olanda onun böyüklüyünə sığınırlar, beynəlxalq tədbirlərdə öyünürlər ki, bəli 94 il öncə ilk dəfə şərqdə, müsəlman dünyasında Azərbaycanda demokratik respublika qurulub. Buna baxmayaraq, yenə də əllərinə fürsət düşən kimi Rəsulzadəni aşağılamaq vərdişlərindən əl götürmürlər. Ona görə də biz bu böyük insana layiq olduğu qiyməti vermək istəyirik. Burda bildirirk ki, başqa böyük öndərimizin Əbülfəz Elçibəyin dediyi kimi zaman hər şeyi yerbəyer edir. Nə 70 illik sovetlər Məhəmməd Əmini xalqın gözündən sala bildi, nə də 20 illik sülalə rejiminin yalanı onun tarixdəki rolunu kiçildəcək. Bu millət Rəsulzadəyə rəğbətini, sevgisini günü-gündən artıracaq. Mən bu bayram günündə deyirəm ki, ey böyük insan, Sənin yolundayıq, Sənin başlatdığın bu müqəddəs yolu davam etdirəcəyik. Bizlərə əmanət qoyduğun demokratik cümhuriyyəti təzədən bərpa edəcəyik, bu yolda optimizmimiz azalsa, səndən güc alacağıq, səndən dözüm, mətnlik alacağıq, səndən Azərbaycanı sevməyi öyrənəcəyik?. Ə.Kərimlinin çıxışından sonra mitinq iştirakçıları hakimiyyəti istefaya çağırdılar. Yerdən ?İstefa?, ?Azadlıq? şüarları səsləndi. ?Qarabağı? bloku adından çıxış edən ADP-nın sədri Sərdar Cəlaloğlu Respublika gününə laqeyd münasibətinə görə hakimiyyəti tənqid etdi. O bildirdi ki, M.Ə.Rəsulzadə qısa müddətdə xalqa azadlığın şirin dadını dadızdırıb, indiki hakimiyyət isə o şirin dadı acı edib: ?İki gün əvvəl ?Eurovison? kimi dəbdəbəli tədbirə ev sahibliyi etsə də, Respublika günü kimi müqəddəs və önəmli gündə heç bir təbdir görmədi?. Koordinasiya Şurasının üzvü, yazıçı-publisist Mehriban Vəzir isə qeyd etdi ki, 28 May respublikaçılığın doğum günüdür: ?Biz bu gün respublikamızın davasını aparırıq. Məhəmməd Əmin Rəsulzadə üçrəngli bayrağı endirəndə açıb ürəyinin başına qoyub. Özü də deyib ki, mən bu bayrağı yaratdım. Amma indi onu endirmək məcburiyyətindəyəm. Bu bayraq yerə yox, Azərbaycan türkünün yanmış ürəyinə enir?. M.Vəzir əlavə etdi ki, 1988-ci ildə xalqımız yenidən ayağa qalxıb, üçrəngli bayrağımızı yenidən ucaltdı: ?Məhəmməd Əmin Rəsulzadədən sonra ikinci böyük öndərimiz Əbülfəz Elçibəy üçrəngli bayrağımızı parlamentin binasına asdı?. İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin bayramını təbrik etdiyini söylədi: ?Çünki bu bayram Azərbaycan xalqının bayramıdır. Bu bayram bizim və sizin bayramınızdır. Eşq olsun sizlərə! Azərbaycana müstəqillik qazandırdıq. Demokratiya da qazandıracağıq. Müstəqil Azərbaycan demokratik Azərbaycan olacaq!?. Pənah Hüseynin çıxışı coşqu ilə qarşılandı. İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli də Azərbaycan xalqını da bayram münasibətilə təbrik etdi. Onun təbrikindən sonra ?Azərbaycan? şüarları qalxdı . Bundan sonra cümhuriyyət qurucularının şəninə alqışlar ucaldı. İ.Ibrahimli çıxışına davam etdi: ?Müsavat ideyaları daşıyanlar illərlə təqib olundu. Amma bu ideyalar Azərbaycan xalqının qəlbində yaşadı. Nəhayət, Elçibəyin rəhbərliyi ilə ikinci dəfə Azərbaycan demokratik respublikası bərpa olundu. Eşq olsun sizlərə!?. Bayram mitinqi himnimizin oxunması ilə başa çatdı. Daha sonra liderlər M.Ə.Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn olunan yaxınlarının məzarlarını, daha sonra isə Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA