05-11-2011 [05:46]
Azərbaycan Liberal Partiyasi üzvlərinin partiya lideri, professor Lalə Şövkətə təbrik ünvanlayıblarr. MİA-ya daxil olan təbrikdə deyilir.
Əzizimiz Lalə Şövkət xanım!
Bu gün mənasını xalqımıza xidmətdə gördüyünüz ömrünüzün 60 ili tamam olur. Bu əlamətdar gün münasibətlə Sizi səmimi qəlbdən təbrik edirik.
Sizin ad gününüz sıradan bir gün deyil. Çünki, Siz ömrünüzü sözdə deyil, əməllərinizlə xalqa, millətə həsr etmişsiniz, böyük anlamda 60 illik ömrünüzün böyük əksəriyyətini BÖYÜK MİLLƏT üçün yaşamışsınız.
Ali insani keyfiyyətləriniz, mənəviyyatınız, dönməz əqidəniz, bitkin və suveren şəxsiyyətiniz həm milli, həm də bəşəri dəyərlərdən qaynaqlanır. Sizdə çox nadir hallarda olan əzəmətlə sadəliyin vəhdəti var.
Əhatə olduğunuz milli-mənəvi mühit və özünüzün iradəsi sayəsində dərin və geniş spektrli biliklərə yiyələnmiş, tibb elmləri doktoru, professor, fəxri fəlsəfə və hüquq elmləri doktoru, uzun illər qürbətdə elitar elmi və ictimai-siyasi dairələrdə xalqımızı ləyaqətlə təmsil etmiş ziyalı və ən başlıcası ümumxalq məhəbbətini qazanmış dövlət xadimisiniz.
Siz öz elmi sahənizdə SSRİ-də ən cavan alim olmuş, onlarla elmi kadr yetişdirmiş, 100-dən çox elmi əsərin, məqalənin müəllifi olmuş, "Postsovet məkanında sosial siyasət konsepsiyasını" hazırlamışsınız.
XX əsrin 80-90-cı illərində Sovet ittifaqının görkəmli demokratları ilə birgə ölkədə demokratik dəyərlərin formalaşmasında əhəmiyyətli iş görmüşsünüz, onlar uğrunda davamlı və ardıcıl mübarizə aparmışsınız, 1991-ci ilin avqustunda kommunist irticası dövlət çevrilişinə cəhd edərkən həlledici və təhlükəli məqamda Moskva barrikadalarında Azərbaycan bayrağı altında aktiv etiraz edənlərin ön sıralarında olmuş, parlaq çıxışınızla respublikamızın adına qara yaxmağa çalışan qüvvələri neytrallaşdırmış, xalqımızın milli-azadlıq hərəkatına milyonlarla insanın rəğbətini qazandırmış və Azərbaycanın dövlət müstəqilliyinə yol açan qələbəyə öz mühüm töhfənizi vermişsiniz.
SSRİ-də azərbaycanlıların yeganə ümumittifaq təşkilatı olan "Azərbaycanda Demokratik İslahatlar və İnsan Haqları Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkatın lideri kimi Azərbaycan diasporunun təşkilatlanmasında, ölkədə və xaricdə xalqımızın demokratik imicinin formalaşmasında, çeşidli beynəlxalq tədbirlərdə erməni təcavüzünün ifşa olunmasında çox mühüm rol oynamışsınız.
Ağır 20 yanvar və Xocalı soyqırımı günlərində bir çoxlarından fərqli olaraq, konyunktur mövqe tutmamış, xalqımızın haqq səsini qətiyyətlə dünyaya çatdırmış və bu qırğınları törədənləri cəsarətlə ifşa etmişsiniz.
Azərbaycanın dövlət katibi olduğunuz qısa müddətdə bu iqtidarın hakimiyyəti dönəmində yeganə iqtidar-müxalifət dialoqunu təşkil etmiş, fəaliyyətdə olan prezidentlə sabiq prezidentlərin barışmasına və bununla ümummilli siyasi barışa nail olunmasına çalışmışsınız.
Aztəminatlı geniş xalq kütlələrinin, sosial ədalətin müdafiəsi, torpaqlarımızın azadlığı, qüdrətli ordu quruculuğu, milli-mənəvi dəyərlər sisteminin və milli ideologiyanın formalaşmasının dövlət siyasətinə çevrilməsi, bir sözlə ölkəmizdə köklü demokratik islahatların aparılması üçün böyük səylər göstərmişsiniz.
Ermənistandan qovulmuş soydaşlarımızın haqqını ardıcıl müdafiə etmiş, onlara tarixi yurdlarında Dağlıq Qarabağ erməniləri ilə eyni statusun verilməsini müdafiə etmişsiniz.
O zaman kükrəməyə başlayan korrupsiyanın xalqımızı və dövlətimizi bugünkü acınacaqlı vəziyyətə salacağını öncədən görmüş, ona qarşı mübarizə aparmış və etiraz edərək, istefa vermiş, ləyaqətini ləyaqətiniz, dərdini ürək ağrınız bildiyiniz qədirbilən xalqımıza üz tutmuş, ona arxalanmışsınız.
Korrupsion siyasətin dünyada, tarixdə vəkili olmaqdan, Azərbaycanın BMT-də daimi nümayəndəsi vəzifəsindən və başqa yüksək dövlət postlarından, həmçinin 2005-ci il parlament seçkilərində xalqımıza və müttəfiqlərinizə verdiyiniz sözə sadiq qalaraq, halal deputat mandatından imtina etmişsiniz. Bununla beynəlxalq ictimaiyyətə demokratiya uğrunda mübarizədə Azərbaycan xalqının əzminin qırılmadığını əyani göstərmişsiniz.
Pərakəndə müxalifətin və cəmiyyətin birləşməsi üçün əlinizdən gələni etmişsiniz.
Son 18 ildə xalqımız naminə hər cür məhrumiyyətlərə, böyük fiziki və mənəvi təzyiqlərə, hər cür böhtanlara dözmüşsünüz. Heç kim, heç nə qarşısında sınmamış, ləyaqətinizi, adınızı, simanızı qorumuşsunuz.
Siyasətdə əsas qayənizin xalqın maraqları naminə mücadilə olduğunu, hər kəsin Vətən, Xalq uğrunda mübarizəyə öz nəfsinə qarşı cihaddan başlamalı olduğunu, təkcə hakimiyyətin ali eşelonundakıların deyil, müxalifətçi siyasi xadimlərin də "dövlət üçün, millət üçün, xalq üçün etalon" olmaq borcunu əməllərinizlə dəfələrlə nümayiş etdirmişsiniz, müxalifətin birliyi naminə dəfələrlə səy göstərmişsiniz.
İnsan, Millət, Vətən naminə fədakarlığınızı və alicənablığınızı xalqımız layiqincə qiymətləndirir. Adınız intellektual, ziyalı dövlət xadimi, xalqa xidmət, milli birlik, istefa mədəniyyəti, korrupsiyaya qarşı barışmaz mübariz və Azərbaycan əsgərinə ana qayğısı simvoluna çevrilmişdir. Siz Azərbaycan siyasətinə "bütöv söz" möhürünü vurmuşsunuz.
Təsadüfi deyil ki, bu gün siyasi ziddiyyətlərin kulminasiyaya çatdığı cəmiyyətimizdə təkcə müttəfiqləriniz, xalqımızın əksəriyyəti deyil, rəqibləriniz belə Sizi "hamının hamı ilə" barışını istəyən və təmin edə bilən, böyük əksəriyyətin qəbul etdiyi lider kimi görürlər.
Lalə Şövkət dedikdə göz önündə mənəviyyatı siyasətdən üstün tutan millət fədaisi, məğrur millət, zəngin dövlət, bütöv məmləkət uğrunda mətin mübariz canlanır.
Çox dəyərli Lalə Şövkət xanım! Biz Sizi sadəcə bir dövlət xadimi, partiya lideri deyil, həm də özümüzə mənəvi Ana sayırıq. Bundan sonra da xalqımıza həsr etdiyiniz ömür yolunuzda Sizinlə çiyin-çiyinə Azərbaycan davası aparmaqdan qürur duyuruq.
60 illik yubileyinizi bir daha təbrik edir, Sizə cansağlığı, uzun ömür, qüdrətli Azərbaycan uğrunda apardığınız mübarizədə uğurlar diləyirik.
Ümid edirik ki, Ulu Tanrı Sizə öz layiq olduğunuz səviyyədə xalqımıza xidmət etməyi qismət edəcək.