Bakıda TürkPA-nın beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilib

img

03-11-2011 [05:00]


Bu gün Azərbaycan Respublikasının Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirilib. Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğız respublikalarının deputatlarının, TürkPA katibliyinin əməkdaşlarının iştirak etdiyi iclasda assambleyanın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri müzakirə olunub. İclasda əvvəlcə Türkiyədə baş vermiş terror aktları və zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxış edən komissiyanın sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov assambleyanın fəaliyyətindən danışmış, TürkPA-nın yarandığı gündən türkdilli ölkələr arasında əlaqələrin inkişafında, beynəlxalq əlaqələrin genişlənməsində mühüm işlər gördüyünü qeyd edib. Ə.Əmiraslanov deyib ki, bu fəaliyyət hazırda uğurla davam etdirilir və inanırıq ki, TürkPA parlament diplomatiyasının inkişafında bundan sonra da çox işlər görəcək. Toplantı iştirakçılarını Azərbaycan parlamentinin rəhbərliyi adından salamlayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dünyada parlament diplomatiyasının rolundan danışmışdır. O, TürkPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının dünya üçün səmərəsini və perspektivlərini xüsusi vurğulayıb. TürkPA-nın baş katibi Ramil Həsənov qurumun fəaliyyəti barədə məlumat verib, beynəlxalq təşkilatlardakı təmsilçiliyindən danışıb. Bildirilib ki, assambleya bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu alıb. TurkPA-nın BMT Baş Məclisində də müşahidəçi statusu alması üçün də müraciət olunub və artıq məsələ Baş Məclisin gündəliyinə salınıb. Sonra komissiyanın sədri Əhliman Əmiraslanov ?TükPA beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri? mövzusunda hesabat məruzəsini müzakirəyə təqdim edib. Hesabatda beynəlxalq sahədə görülən işlər, perspektivlər, əməkdaşlığın genişləndirilməsi üçün planlaşdırılan tədbirlər və digər məsələlər əksini tapıb. Müzakirələr zamanı çıxış edən Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Ülkər Gözəl, Milli Məclisin deputatları İlham Əliyev, Sədaqət Vəliyeva və başqaları beynəlxalq sahədə əməkdaşlığın genişləndirilməsinin müxtəlif istiqamətlərindən, dünyadakı mövcud problemlərin həlli yollarından danışıblar. Qeyd olunub ki, TürkPA-ya üzv ölkələr bu gün dünya dövlətlərinin arzuladığı çox zəngin ortaq dilə, mədəniyyətə, dəyərlərə sahibdirlər. Bu dəyərlərin qorunması üçün konkret addımlar atılmalıdır. Müzakirələrdən sonra hesabat məruzəsi təsdiqlənib. Türkiyəli deputat Ülker Güzel assambleyanın gələn il Bişkekdə keçiriləcək 3-cü plenar iclasına hesabat məruzəsi üzrə məruzəçi təyin olunub. Məruzə ilə bağlı əməkdaşlığın müxtəlif istiqamətlərinin əks olunduğu təkliflər layihəsi də təsdiqlənmiş və bu məsələ ilə bağlı Ə.Əmiraslanov məruzəçi təyin olunub. Sonda prosedur qaydalarına əsasən komissiyanın ikinci iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb və həmin toplantının gündəliyi təsdiqlənib. Bununla da iclas öz işini başa çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA