"2013-cü il seçkiləri hakimiyyət üçün 2008-dəki qədər asan olmayacaq"

img

30-10-2011 [04:28]


[b]Yusif Bağırzadə: "Ərəb ölkələrindəki inqilablara, regionda və ölkə daxilindəki vəziyyətə görə hakimiyyət budəfəki seçkilərdə saxtakarlıq edə bilməyəcək" [/b] Bu ilin yazında ard-arda mitinq keçirdiyi üçün İctimai Palatadan kənarlaşan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) neçə müddətdir, digər müxalifət qüvvələri ilə də təmasları dayandırıb. Hətta müxalif düşərgədə yeni formalaşan "5-lər"in müzakirələrinə də qoşulmur. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşən AMİP sədri Yusif Bağırzadə müxalifətin birliyinin vacib olduğunu və bu istiqamətdə yeni təkliflər paketi hazırladıqlarını bildirdi: - Bildiyiniz kimi, 2010-cu il parlament seçkiləri saxtalaşdırıldı və AMİP-in seçkiyə qatılan 70 namizədindən biri də deputat seçilə bilmədi. Biz də seçkinin saxtalaşdırılması ilə bağlı bəyanatla çıxış elədik. Ondan sonra başqa siyasi qüvvələr də seçkinin nəticələrini qəbul etmədilər. Beləliklə, narazı elektorat bir araya gəldi, həmin birliyə AMİP də qatıldı. Sonda bu birlik mənim təklifimlə İctimai Palata adı ilə formalaşdı. Əvvəlcədən verilən kollegial qərara görə, İctimai Palatada qərarlar Koordinasiya Şurası tərəfindən qəbul olunurdu, bizim də orda təmsilçiliyimiz var. Mən təklif edirdim ki, İctimai Palatanı mitinq komitəsi kimi formalaşdırmayaq. Çünki bu, Azərbaycanda yeganə birlik idi ki, orda həm vətəndaş cəmiyyətinin, həm də siyasi partiyaların nümayəndələri təmsil olunurdu. Təəssüf ki, sonradan İctimai Palata mitinqlər yolunu tutdu. Bir neçə cəhddən sonra, yumşaq desək, razılaşmamız pozuldu. Sözümüz keçərli olmadığına görə, ordakı fəaliyyətimizi dayandırdıq. Yəni, biz ordan çıxmamışıq, çünki İctimai Palatanın təsisçisiyik. Zamanı və şariti gələrsə, yenidən bir yerdə olmaq mümkündür. - Bəs, hazırda müzakirəsi gedən "5-lər"ə qoşulmaq barədə nə düşünürsünüz? - Bu barədə bizim məlumatımız var və nümayəndəmiz müşahidəçi qismində müzakirələrdə iştirak edir. AMİP sədri seçiləndən sonra gecə-gündüz deyirəm ki, müxalifət vahid düşərgədə, vahid platforma ilə çıxış etməlidir. Ancaq istəmirəm, elə bir vəziyyət yaransın və desinlər ki, AMİP gedib "5-lər"ə qoşuldu, sonra da ordan çıxdı. Ona görə də tələsmədən qərar verməliyik. Doğrusu, hələlik nə İctimai Palatadan çıxmışıq, nə də "5-lər"ə qoşuluruq. Ancaq bizim təmaslarımız davam edir, bütün qüvvələrlə əməkdaşlıq etmək fikrindəyik. Açığı, hazırda müxalifətin yumşaq ittifaqının yaradılması ilə bağlı sənəd hazırlayırıq. Seçki ərəfəsində adətən möhkəm ittifaq yaradılır, ancaq biz indiki mərhələdə yumşaq ittifaqın tərəfdarıyıq. Məndə olan məlumata görə, başqa siyasi partiyalar da bu mövqedən çıxış edirlər. - AMİP lideri Etibar Məmmədov birlik məsələləri ilə bağlı nə düşünür? - Yaxşı olardı ki, bu barədə Etibar bəyin özündən soruşasınız. Etibar bəy partiyanın lideridir, Azərbaycanın müstəqilliyinin qazanılmasında rolu olmuş bir şəxsiyyətdir. Məncə, müxalifətin birliyi ilə bağlı onun mövqeyini özündən eştisəniz, daha yaxşı olardı. - Amma Etibar Məmmədov da ancaq güneydən danışır, daxili siyasətdən yox? - Daxili siyasətdən danışmır, çünki o, siyasi fəaliyyətlə məşğul deyil. Sadəcə olaraq, partiyanın fəxri lideridir. - Son dövrlər hamı birliyin vacib olduğunu deyir. Birlik nə verəcək, əvvəllər də birliklər olub, amma nəticə ortada olmayıb, indi nə dəyişib ki?.. - Ona görə də mən daha geniş, daha yumşaq birliyin tərəfdarı kimi çıxış edirəm. Yumşaq birlik o deməkdir ki, müxtəlif ideyalı qüvələrin bir araya gəlməsi mümkündür. Formatı hansısa bir sənədlə, reqlamentlə məhdudlaşdırsaq, o birlik tez dağılar. Müxtəlif qüvvələrin birliyini isə nə qədər az sıxsan, o qədər gec dağılar, ömrü daha uzun olar. Mənim təklif etdiyim format öz arzusu ilə gələn, ciddi öhdəliklər götürməyən qüvvələrin birliyini nəzərdə tutur. Bu məsələdə nə tələsmək, nə də gecikmək lazımdır. Əgər iqtidar düşərgəsi vahid komanda ilə seçkiyə gedirsə, müxalifət niyə birliyə nail olmasın? Məncə, birlik cəmiyyətin özünə bir mesaj olardı. Əgər biz öz birliyimizə nail ola bilmiriksə, cəmiyyəti necə bir araya gətirə bilərik? Bu mənada bütün qüvvələr belə bir ittifaqın yaradılması istiqamətində səylərini artırmalıdır. - Növbəti prezident seçkilərinə müxalifətin vahid namizədlə getməsi təklifi ilə çıxış edirsiniz. Ümumiyyətlə, vahid namizədin kimliyini özünüz üçün müəyyənləşdirmisinizmi? - Vahid namizəd məsələsinə çox həssas yanaşmaq lazımdır. Çünki bu məsələyə həm də elə yanaşıla bilər ki, müxalifət qüvvələrinin birliyi mümkünsüz olar. Mən AMİP sədri seçiləndən sonra müxalifət qüvvələri ilə görüşürdüm. Liderlərlə görüşümdə bildirirdim ki, hakimiyyət rəsmən elan eləməsə də, növbəti prezident seçkilərinə də namizədliyini müəyyənləşdirib, seçkiyə monolit qüvvə kimi gedir. Mən də deyirdim ki, gəlin biz də, parlament seçkilərinə də, prezident seçkilərinə də vahid namizədlə gedək. Bu zaman birliyə nail olardıq. İkincisi, seçkiyə nəzarəti birə beş artırardıq. Çox təəssüf ki, son parlament seçkilərində bu, mümkün olmadı, heç olmasa, prezident seçkilərində bunu etməliyik. Vahid namizədin kimliyi önəmli deyil. Əsas odur ki, o şəxs demokratik düşüncəli olsun və qalib gələndən sonra ölkədə demokratik seçkilərin keçirilməsinə şərait yaratsın. - Etibar Məmmədovun vahid namizəd olması necə, mümkündürmü? - Bəli. Etibar Məmmədovun həmişə belə şansı var. Azərbaycanda bütün siyasi qüvvələr də Etibar Məmmədovu qəbul edirlər. Onun ölkədə kifayət qədər nufuzu var. Şərait tələb edərsə, onun namizəd olması istisna deyil. Amma bunu özündən soruşsanız, yaxşı olar. - Bəs, müxalifətdən başqa şəxsin namizədliyinə necə baxırsınız, bunu qəbul edərsinizmi? - Əgər ortaq məxrəcə gələ bilsək, kimsə mənim namizədliyimi qəbul edə bilər, biz də kiminsə namizədliyini qəbul edərik. AMİP-in heç vaxt belə problemi olmayıb. Biz həmişə müxalifətin vahid qüvvə kimi çıxış etməsinin tərəfdarı olmuşuq. - Ümumiyyətlə, 2013-cü il seçkilərindən nə gözləyirsiniz? - Düşünürəm ki, 2013-cü il prezident seçkiləri çox gərgin keçəcək. Biz "Evronest" deyilən bir təşkilatın üzvü olmuşuq. Həmin seçkilərə o təşkilatın da, Avro İttifaqının da, digər beynəlxalq təşkilatların də diqqəti yönələcək. Azərbaycan ictimaiyyəti də seçki ilə bağlı öz sözünü deməlidir. Biz demirik ki, hansısa şəxsin, yaxud siyasi qüvvənin hakimiyyətə gəlməsi şərtdir. Biz deyirik ki, azad rəqabət, demokratik seçki keçirilsin. ?ormal rəqabət şəraitində seçkiyə gedilməlidir ki, nəticələr də ədalətli olsun. İnandırım ki, 2013-cü il prezident seçkiləri hakimiyyət üçün 2008-dəki qədər asan olmayacaq. Ərəb ölkələrindəki inqilablara, regionda və ölkə daxilindəki vəziyyətə görə hakimiyyət budəfəki seçkilərdə saxtakarlıq edə bilməyəcək. Artıq dünyada elə bir xətt hakim kəsilib ki, bütün dünya demokratikləşməlidir. Əgər bir ölkədə islahatlar getmirsə, hakimiyyət cəmiyyətin tələblərini qəbul etmirsə, seçkilər demokratik əsaslarla keçirilmirsə, heç bir beynəlxalq təşkilat o ölkədə keçirilən seçkinin nəticələrini tanımayacaq. Bəzi dövlətlər var ki, Azərbaycan hakimiyyətindən iqtisadi maraqları deyil, demokratiyanı gözləyirlər. Bəli, elə qüvvələr var ki, şəxsi maraqlarını güdürlər, ancaq artıq demokratikləşmə qlobal bir müstəviyə qalxıb və bunun qarşısını heç bir qüvvə ala bilməz. Odur ki, düşünürəm, Azərbaycanda demokratikləşmə prosesinin ən pik nöqtəsi 2013-cü il prezident seçkilərində baş tutacaq. Ona görə də müxalifət olaraq, bu prosesin daha da inkişaf etməsi və müsbət nəticə ilə sonuclanmasına çalışmalıyıq. - Yusif bəy, bir müddət öncə partiya daxilində narazılıq baş qaldırmışdı. Bir qrup rəhbərliyin fəaliyyətinin qənaətbəxş olmadığını iddia edirdi. Məsələ indi nə yerdədir? - Hazırda partiya daxilində heç bir narazılıq yoxdur, ola da bilməz. AMİP monolit partiyadır, ancaq bizim partiyanın nizamnaməsi digərlərindən fərqlidir. Elə bil ki, partiya parlamentli dövlət kimi idarə olunur. Yəni, burada hamının öz fikiri, öz mövqeyi var və onu çəkinmədən deyə bilir. Bir müddət səhhətimlə əlaqədar ölkədə olmadım. Bundan əlavə, yay vaxtında siyasi prseslər süstləşir, üstəlik, Ramazan ayı da bu dövrə təsadüf elədi. Buna görə də bəziləri partiyanın fəaliyyətində bir qədər sönüklük hiss elədiyi üçün fikirlərini bildirib. Bəzi funksionerlərimiz istəyir ki, partiya daha aktiv olsun. Başqa cür başa düşülməsin, mən gələndən sonra AMİP daha da güclənib. Hazırda partiyada vəziyyət normaldır və hər hansı narazılıq yoxdur. - Etibar Məmmədovun oğlunun partiyada vəzifəyə gətirilməsindən sonra müxtəlif məlumatlar dolaşmaqdadır. O da bildirilir ki, AMİP lideri gələcəkdə varis planını reallaşdırmaq istəyir. Bu barədə nə deyə bilərsiniz? - Etibar bəyin oğlu atası kimi siyasəti sevən və siyasətlə məşğul olan bir şəxsdir. Baxmayaraq ki, yaşı azdır, amma kifayət qədər bacarıqlı və qabiliyyətli gəncdir. Bizdə bu yaxınlarda Gənlər Təşkilatı bərpa olundu, konfransı keçirildi. Orda açıq səsvermə oldu, Ayxan Məmmədov Gənlər Təşkilatının ictimaiyyətlə əlaqər üzrə müavin oldu. Belə bir gəncin, partiyada hansısa post tutması ancaq bizim partiyaya başucalığı verər. - Bəs, onun gələcəkdə sədr postuna gətirilməsi kimi fikirlərə... - [i](Tələsik)[/i] Ayxan bəyin 18 yaşı var. Onun sədr olub-olmayacağı isə gələcəyin işidir. İnşallah, olar...

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA