"YAP hakimiyyətini tarixin arxivinə göndərəcəyik"

img

23-10-2011 [07:17]


[b]Əvəz Temirxan: "Bir gün su boğaza çatacaq, səbr kasası daşacaq, Azərbaycan xalqı ayağa qalxaraq bu hakimiyyətin taleyini həll edəcək" [/b] Artıq uzun müddətdir ki, müxalifət düşərgəsinin təmsilçiləri iki cəbhəyə bölünüb, daxili çəkişmə, şəxsi ambisiya, mövqe savaşı ilə məşğuldurlar. Bir tərəfdə İctimai Palata, o biri tərəfdə isə digər qüvvələr. İctimai Palata öz yolunu cızıb və təkbaşına mübarizə aparmaq qərarındadır. Birləşmə məsləhətləşmələri aparan tərəf isə hələ də yekun qərara gələ bilmir. Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşərkən birlik istiqamətindəki vəziyyətdən də danışdı: - Düşünürəm ki, bu ayın sonuna kimi "5-lər" tərkibində yeni bir məsləhətləşmə raundu olacaq. Yəqin ki, bundan sonra bir nəticəyə gələrik və birləşmə istiqamətində hansısa irəliləyiş ola bilər. Kimsə "5-lər" formatında birləşmək istəyəcəksə, onunla əməkdaşlığa sona qədər davam edəcəyik. Hesab edirəm ki, birlikdə "5-lər"dəki partiyalar da ola bilər. Gələcəkdə kənar qüvvələrlə, o cümlədən İctimai Palata ilə, müstəqillərlə, ziyalılarla, politoloqlarla, gənclərlə də əməkdaşlıq mümkündür. - Ancaq belə görünür ki, İctimai Palatanın tutduğu mövqe indiki məqamda müxalifətin ümumi birliyinin yaranmasına imkan vermir. - Mən ittiham xarakterli açıqlamalar vermək istəmirəm. Amma hər halda, mənə belə gəlir ki, növbəti mərhələdə geniş çevrədə məsləhətləşmələrə başlaya bilərik. Düşünürəm ki, ümummilli məsələlər, demokratiya və digər işlərlə bağlı məsləhətləşmələrə mane olacaq hər hansı bir səbəb yoxdur. - İctimai Palata yetkililəri deyirlər ki, istəyirlərsə, gəlib bizə birləşsinlər... - Biz kiməsə birləşməyəcəyik. Amma ümummilli məsələlərin çözülməsi, demokratiya uğrunda mübarizə yönündə kiminləsə bir araya gələ bilərik. Biz o qədər də kiçik qüvvə deyilik ki, kiməsə birləşək. Əgər birləşmək lazımdırsa, qoy, gəlib bizə birləşsinlər. Sadəcə olaraq, mən indi kiməsə başqa cür cavab vermək istəmirəm, çünki daxili intriqalardan cəmiyyət də bezib, biz də. - Əli Kərimli isə təklif edir ki, min nəfər üzvü olan qüvvə İctimai Palataya gəlirsə, avtomatik olaraq Koordinasiya Şurasına düşür. Sizin belə bir niyyətiniz varmı? - Liberal Partiya ilə VİP birlikdə son parlament seçkilərində 83 namizədlə iştirak edib. Seçkilərdə namizədlərin qeydə alınması üçün lazım olan hardasa 50 min seçicinin imzasını toplamışıq. Sizcə, 50 min çoxdur, yoxsa min? Bizim namizədlər imza verən seçicilərin nümayəndəsi sayılırlar. Əgər kim İctimai Palatada təmsil olunmaq istəyirsə və min nəfər üzvü ilə İctimai Palataya gedərək Koordinasiya Şurasına düşmək istəyirsə, bu, onun öz işidir. Amma ALP ilə VİP-in belə niyyəti yoxdur. - Son seçkidən bəri ancaq birləşmə və müxalifətdaxili intriqalarla məşğulsunuz. Sizcə, artıq prezident seçkilərinə hazırlaşmağın vaxtı deyilmi? - 2013-cü il prezident seçkilərinə hazırlığa öncə ölkədə demokratik seçki mühitinin yaradılmasından başlamaq lazımdır. Buna başlamağın nəinki vaxtı deyil, əksinə, bu, artıq gecikmiş və zəruri bir addımdır. Bu istiqamətdə hər bir siyasi qüvvə çalışmalıdır. Çünki demokratik seçki mühiti olmadan, normal fəaliyyət üçün şərait yaradılmadan, hansısa seçki prosesinə başlamaq yersizdir. - Vahid namizəd məsələsi ilə bağlı nə düşünürsünüz? - Hesab edirəm ki, bu, sonrakı məsələdir. Öncə həmin mərhələyə qədərki zəruri olan addımlar atılmalı, demokratik seçki mühitinin formalaşmasına nail olunmalıdır. Sonra qeyd etdiyiniz məsələləri həll eləmək mümkün olacaq. Bu günə kimi vahid namizədlər olub, amma demokratik seçki şəraiti olmayıb. Bu mənada öncə demokratik şəraitin yaranmasına çalışmalıyıq. - Yaxşı, onda niyə Siz və müttəfiqləriniz bu istiqamətdə hərəkətə keçmirsiniz? - Biz müttəfiqlərimizlə bu istiqamətdə zəruri olan addımları hər gün atırıq. Amma Azərbaycanda demokratik şəraitin yaradılması bir-iki partiyanın işi deyil, ümumən cəmiyyətin işidir. Məhz ona görə də biz istəyirdik ki, 8 partiya səmimi olaraq bir araya gəlsin və xalq hərəkatının nüvəsini yaratsınlar. Təəssüf ki, bu, mümkün olmadı. Amma bu o demək deyil ki, biz öz yolumuzdan dönəcəyik, yaxud geri çəkiləcəyik. Biz bu istiqamətdə bütün səylərimizi davam etdirəcəyik. Liberal Partiyanın müttəfiqi Əli Əliyevin rəhbərlik etdiyi VİP-in, xüsusiylə də Lalə Şövkətin cəmiyyətdə o qədər nüfuzu var ki, bizim millət qarşısında alnımız açıq, üzümüz ağdır. - Kimlərin üzü qaradır ki? - Xahiş edirəm, məni qalmaqala çəkməyin. Mən qalmaqal yaradacaq suallarınıza cavab verməyəcəm. - İctimai Palata kütləvi etiraz aksiyaları keçirmək niyyətindədir. O fikirlər də səslənir ki, cəmiyyətdə aktivlik yaratmaq üçün aksiyalara başlamaq lazımdır. Bu barədə nə düşünürsünüz? - Cəmiyyətin klassik mənada aktivləşməsi üçün aksiyalar lazımdır. Amma Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır. Burada baş verən siyasi proseslərə həm də beynəlxalq hadisələr, xüsusən geopolitik maraqların nisbəti çox böyük təsir edir. Azərbaycan cəmiyyətinin ayağa qalxması üçün ona həm də beynəlxalq ictimaiyyətin real dəstəyi lazımdır. Hazırda beynəlxalq dəstək demokratiyanın inkişafında var, amma hələki çox zəifdir. Heç kim düşünməsin ki, Qərbdən kimsə onu hakimiyyətə gətirəcək. Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin dəstəyi ilə ölkədə demokratiyanın bərqərar olmasına nail olmalıdır, sonra seçkilərdə kimin hakimiyyətə gəlməsini həll eləməlidir. - Azərbaycanda proseslərin bu şəkildə zəif getməsi demokratik düşərgənin zəifliyindən irəli gəlir, yoxsa hakimiyyətin daha sərt üsul-idarəsindən? - İntellekt, bacarıq baxımından çox zəif olan iqtidar Azərbaycan cəmiyyətini zorakı metodlarla zəiflətmək istəyir. Amma bir gün su boğaza çatacaq, səbr kasası daşacaq, Azərbaycan xalqı ayağa qalxaraq bu hakimiyyətin taleyini həll edəcək, həm də o gün uzaq deyil. Ölkədə vəziyyət o qədər ağırdır, narazılıq o həddə çatıb ki, çox qısa müddətdə YAP hakimiyyətin tarixin arxivinə gödərəcəyik. - Əvəz bəy, hakimiyyət ilin əvvəlində korrupsiyaya qarşı mübarizəyə başladığını bəyan elədi. Bir müddət öncə təhsil nazirinin üç müavini işdən çıxarıldı və bu islahat prosesinin davamlı olacağı bildirilir. Opponentlərinizin islahat apara biləcəyinə inanırsınızmı? - (Gülür) Bu hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparması kənardan çox gülünc görünür. Bu xalqın qanını soran özləri, büdcə pullarını dağıdan özləri, neft pullarını ciblərinə axıdan özləri, hələ üstəlik, özlərinin çiçəkləndirdiyi korrupsiya şəbəkəsinə qarşı mübarizə aparan da özləri?! Bu hakimiyyət heç vaxt korrupsiyaya qarşı mübarizə aparmaz, onu ləğv edə bilməz. Ona görə ki, bu hakimiyyətin dayaqları korrupsiya üzərindədir. Kim öz dayağını kəsər ki, tez bir zamanda da yıxılsın?! Əgər bu hakimiyyətə cəmiyyətdə inam olsaydı, seçkiləri saxtalaşdırmazdı. Hakimiyyətdəkilər çox gözəl bilirlər ki, Azərbaycan xalqı onları istəmir. Ona görə də seçkiləri saxtalaşdırır, korrupsiyaya qarşı mübarizə aparmır. Bu səbəbdən xalqa da arxa çevirə bilmir. Çünki hakimiyyət qəti şəkildə əmindir ki, demokratik seçki keçirən kimi, iqtidarı itirəcək. - Ancaq o fikirlər də səslənir ki, hakimiyyət özü istəməsə belə, Qərb islahatlara getməyi tələb edir... - Azərbaycanda demokratiyaya dəstək var, amma bu, yetərincə deyil. Siyasi sinoptiklərin proqnozuna görə isə, Azərbaycanda demokratik islahatlara dəstək mehi, sonra küləyi və nəhayət tufanı olacaq. Ola bilər ki, hazırda bu dəstək yetərincə görünməsin, amma əsas odur ki, belə bir iradə var və bu tendensiya getdikcə daha da dərinləşəcək. Bu istiqamətdə beynəlxalq təzyiq artıqca, biz indiyə kimi nə etmişdiksə, onu daha da intensiv şəkildə davam etdirəcəyik. Azərbaycan xalqına indiyə kimi nəyi etmək imkanı verilmirdisə, beynəlxalq dəstək olandan sonra xalq da onu edə biləcək. - Bu günə kimi Siz də, digər müxalifət liderləri də hakimiyyətin yanlışlarını demisiniz, amma vəziyyətdən çıxış yolunu göstərməmisiniz. Tələbiniz də odur ki, hakimiyyət getsin, biz gələk, sonra hər şeyi yoluna qoyaq... - Yox, biz demirik ki, hakimiyyət getsin, biz gəlib hər şeyi düzəldəcəyik. Çünki bu, siyasi baxımdan qeyri-ciddi yanaşma olardı. Biz bilirik ki, inşallah, hakimiyyətə gələndə Azərbaycanda çox köklü islahatlar aparacağıq. Əgər hakimiyyət "nə etmək" sualına cavab tapmaqda çətinlik çəkirsə, o cavab çox aydındır. Hakimiyyət müxalifətlə dialoqa getməlidir və gələcək konstitusion siyasi islahatların aparılmasında ortaq məxrəcə gəlməlidir. Bir məsələni də demək istəyirəm ki, Liviyada da demokratiya çox zəif idi, amma nə oldu? Mən istəmirəm ki, Azərbaycanda hadisələr Liviya ssenarisi üzrə cərəyan etsin. Ona görə də hakimiyyət dünyada baş verənləri, o cümlədən ölkədəki vəziyyəti ciddi şəkildə analiz edib, qərar verməlidir. Ya normal şəkildə islahatlara gedib, demokratik seçki keçirərək ölkədə demokratik hakimiyyətin formalaşması üçün lazım olan addımları atmalıdır, ya da ərəb ölkələrindəki inqilab ssenariləri burda da reallaşacaq. Odur ki, bu barədə ciddi düşünmək lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA