19-10-2011 [06:21]
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-tədqiqatçı İlqar Altay Qarabağ Azadlıq Təşkilatının(QAT) Daxili İşlər Naziri R. Usubovun Ermənistana səfəri ilə bağlı verdiyi bəyanata münasibətini bildirib.
[b]Nazir R.Usubovun səfərinin mahiyyəti[/b]
Azərbaycan, respublika tipli dövlət olaraq, demokratik təməl prinsiplər əsasında formalaşıb. Ona görə də, istənilən ictimai təşkilatın istənilən məmuru tənqid etməsi heç də təəccüblü görünməməlidir. Ancaq hər bir tənqidin məntiqi əsasları və etik sərhədləri olmalıdır. Təəssüflər olsun ki, QAT-ın Dİ naziri Ramil Usubovun Ermənistan-İrəvan səfərinə yönəlik tənqidi bəyanatını məntiqi, hüquqi və ictimai normalar çərçivəsində qəbul etmək çətindir.
13-15 oktyabr 2011-ci il tarixdə R. Usubovun İrəvanda keçirilən MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının növbəti toplantısına səfəri onun dövlət qarşısında vəzifə borcundan irəli gəlib. Niyə? Azərbaycan MDB üzvüdür. Bu birlikdə hər bir MDB ölkəsinin ehtiyacı, dividendi olduğu kimi, təbii ki, öhdəliyi də var. Öhdəliklər isə, müxtəlif sahələr, problemlər üzrə təşkil olunmuş şuralarda, sammitlərdə onun iştirakını vacib edir. Bu cür toplantılar MDB-nin müqavilə razılaşmalarına görə rotasiya formasında müxtəlif ölkələrin paytaxtlarında keçirilir. Bu gün İrəvanda, sabah Bakıda, sonra Moskvada və s.
Daxili İşlər Nazirləri Şurası MDB-nin varlığının əsas komponentlərindəndir. MDB regionunda ictimai təhlükəsizlik, cinayətkarlığa qarşı mübarizə və bir sıra önəmli məsələlər üzrə mübadilə və qarşılıqlı əməkdaşlıqda Şuranın rolu çox böyükdür. Məsələn, dünyanı bürümüş gibernetik cinyətkarlığa qarşı mübarizə xeyli vaxtdır ki, Avropa ölkələrində, Ukraynada, Rusiyada DİN nəzdində yaradılmış müvafiq qurumlar vasitəsilə aparılır. Azərbaycan bu məsələdə geri qalır və məcburdur ki, MDB ölkələri ilə qarşılıqlı mübadilə və əməkdaşlıqla problemi aradan qaldırsın. Burada narkotik dövriyyəsi, insan alveri və sair, bildiyimiz və bilmədiyimiz xeyli məsələlər də var.
Qaldı ki, nazirin bu toplantıda şəxsən iştirakının vacibliyinə, daxili xidmət orqanları elə bir xüsusiyyətə malikdir ki, nazirin xüsusi səlahiyyət və ən məxfi informasiya imkanları heç vaxt onun hansısa müavini və ya, digər əməkdaşında ola bilməz. Bu, hansısa iqtisadi- bank yaxud, təsərrüfat qurumu deyil. Və bir ölkənin daxili işlər naziri digər ölkənin müvafiq qurumunun nazir müavini ilə heç vaxt tam və dolğun mübadilə təmasına girməz. Bunu hüquq-mühafizə sistemi strukturuna bələd hər bir mütəxəssis bilir.
Mənim bu təhlilə varmaqda məqsədim nazirin öz xidməti vəzifəsini icra edərək, tələb olunan regiona və toplantıya getməsini guya, milli mənafeyə gözlənilməz şok zərbə kimi göstərmək, qınaq obyektinə çevirmək cəhdinin qeyri-səmimi və məntiqsiz olmasını nəzərə çatdırmaqdır. Çünki, məntiqlə, Dİ nazirinin İravana səfərini qınaq hədəfinə çevirən ictimai təşkilat göstərdiyi bu qüdrət və təəssübü, kəskin etirazı vaxtında, Azərbaycan MDB-yə daxil olan zaman ortaya qoymalı idi.
Diqqət edəriksə, mövcud hakimiyyətə qarşı radikal mövqedə olub, onun hər addımında səhv axtaran hər hansı bir siyasi partiya nazir R. Usubovun məlum səfəri barədə tənqidi fikir söyləmədi. Çünki, heç bir, düşünüb-daşınan samballı təşkilat dövlət rəsmisinin sıradan bir işgüzar səfəri ətrafında süni ajiotaj yaradıb özünü absurd qərəzli vəziyyətə salmaz!
[b]Qarabağ Azadlıq Təşkilatından gözləntilər[/b]
Onu da qeyd etmək lazımdır ki, QAT, adına və missiyasına görə ölkədə ciddi təşkilat təsiri bağışlayır. Üzərinə belə bir, ümummilli mənafeyə xidmət missiya və məsuliyyəti götürmüş təşkilat fikrimcə, öz səmimilik, tərəfsizlik və samballı hərəkətləri ilə bütün cəmiyyəti ətrafına toplamalıdr, onun əksər təbəqələrini razı salan ölçülüb-biçilmiş addımlar atmalıdır. Xüsusilə, Qarabağ kimi ciddi konflikt-münaqişənin üzərinə gedən, müharibə çağırışları edən təşkilatın öz müvafiq intellektual analitik mərkəzi fəaliyyət göstərməlidir ki, verilən qərarlarını düzgün əsaslandıra bilsin.
Mühüm odur ki, birinci növbədə, düşüncələrdə müharibə ilə münaqişənin fərqi ayırd olunmalıdır. R. Usubovun rəsmi səfərinə qeyri-adi və ifrat kəskin yanaşma da, məhz bu fərqin yerbəyer edilməməsi səbəbindəndir. Özlüyümüzdə konkretləşdirməliyik: biz bu gün Ermənistanla müharibə edirik, yoxsa münaqişə həll edirik? Cavab odur ki, biz, bu gün Ermənistanla münaqişə müstəvisindəyik, müharibə yox! Bu faktdır və bu məfhumları, prosesləri bir-birinə qarışdırıb, öz aləmində, xəyalında qeyri-real müharibə emosiya-fırtınası və ondan da doğan isterik mühit yaratmaqla cəmiyyəti çaş-baş salmaq olmaz. Bu gün hələlik, Azərbaycan və Ermənistan arasında istər BMT, istər ATƏT, istərsə də prezidentlər, dövlətlər, cəmiyyətlərarası səviyyədə Qarabağ müharibəsinin yox, münaqişəsinin dinc yolla həllindən söhbət gedir.
Münaqişə həllində isə, müxtəlif səviyyələrdə danışıqlar, görüşlər, təmasların olması nəinki mümkündür, hətta, labüddür. Çünki, ordu potensialamızı nə qədər gücləndirsək belə, mübarizəmiz hələlik gücün yox, diplomatiyanın, intellektin, ictimai təsirin üzərindədir. Odur ki, QAT-ın proqramında Qarabağın azadlığında yalnız müharibə yox, digər sülhpərvər alternativ yollar da nəzərdə tutulursa, o zaman bu təşkilat milli mənafeyə xidmət edən, ölkəyə üstünlük gətirən təmasları süngü ilə qarşılamamalıdır.
Azərbaycan nazirinin küsüb, İrəvana MDB toplantısına rəsmi səfərdən imtina etməsi, torpaqlarımızın azad olmasında heç bir əhəmiyyət daşıya bilməz və bu hal bizi düşmənlər və beynəlxalq aləm qarşısında cılız vəziyyətə salar. Əksinə, Azərbaycan güc strukturu nazirinin, generalının Ermənistana, İrəvana sərbəst səfəri Ermənistan ictimaiyyətinə sarsıdıcı, beynəlxalq aləmə isə, inamlı bir təsir bağışlayar: Azərbaycan var, hərəkət və inkişafdadır, haqsız işğaldan sınmayıb, sarsılmıyıb! Onun dövləti, güc strukturu var və onun general naziri çəkinmədən gəlib, Ermənistan paytaxtında öz müzakirəsini aparır, dövlətinin mənafeyini qoruyur! Üstəlik, bu səfər, həm də ölkəmizin ictimaiyyəti tərəfindən tam anlaşma ilə dəstəkləndiyi halda, əlbəttə, daha effektli təsir yaratmış olur. Məhz bu mənada QAT-ın məlum, ifrat kəskin əks-reaksiyalı bəyənatı təəssüf doğurur.
P.S. O da qeyd edilməlidir ki, məlum bəyanatdan dərhal sonra QAT sədri Akif Nağının DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb xəbərdar edilməsi özü də, qeyri-adekvat və qanunsuz hərəkətdir. Çünki, bəyanatın ən uzağı, doğura biləcəyi təhqir və böhtan kimi hüquq pozuntuları mütəşəkkil cinayətlər dairəsinə tamamilə aidiyyyətsizdir. Qeyri-adekvat bəyanat, yeni bir qeyri-adekvat hərəkətə və ya, cəzaya əsas vermir. Xüsusilə də, hüquq-mühafizə orqanları tərəfindən.