ADP hakimiyyəti siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb

img

17-10-2011 [06:13]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Latviya Respublikasının Ermənistanla yeni növ silah sövdələşməsi məsələsinə münasibət bildirib və Cənubi Qafqazda işğalçı dövlət kimi tanınan Ermənistanın bir tərəfli qaydada hərbiləşdirilməsinə gətirib çıxaran bu cür faktların bölgədə sülhün və təhlükəsizliyin daha da pozulmasına xidmət edəcəyindən ciddi narahat olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri hakimiyyəti, Latviyanın Ermənistana silah satmaq istiqamətində atdığı addımlardan geri çəkilməyə yönələn tədbirlər görməyə və bu məsələyə adekvat reaksiya verməyə çağırıb. İdarə heyəti üzvləri 2 Aprel mitinqində həbs edilən məhbusların valideynlərinin aclıq aksiyasına başlaması faktından narahat olduqlarını bildirib və onların övladlarının müdafiəsinə yönələn bu aksiyaya həmrəy olduqlarını diqqətə çatdırmaqla, hakimiyyəti bir daha siyasi məhbusların azadlığa buraxılması üçün təcili addımlar atmağa çağırıb. İdarə heyəti üzvləri Ələt Astara yolunun podratçı təşkilatı olan İtaliya şirkətində çalışan azərbaycanlı işçilərin bu təşkilatda çalışan xarici vətəndaşlardan aşağı əmək haqqı verilməsinə etiraz olaraq aksiya keçirmələrini ciddi hadisə kimi dəyərləndirib, hakimiyyətdən Azərbaycanda fəaliyyət göstərən bu və digər xarici şirkətlərdə vətəndaşlarımıza qarşı həyata keçirilən diskriminasiya siyasətinə son qoyulması üçün lazım olan addımları atmasını tələb edib. İdarə heyəti üzvləri Ukrayna müxalifətinin və bütövlükdə Ukrayna narıncı inqilabının simvolunun daşıyıcılarından birinə çevrilən Y.Timoşenkonun həbs olunmasından narahat olduğunu bildirib və hazırkı Ukrayna hakimiyyəti tərəfindən gerçəkləşən bu faktın arxasında, qərb dövlətlərinin narıncı inqilablara sonradan əsaslı dəstək verməməsinin durduğunu qeyd edib və bu cür həbslərin bütövlükdə demokratik hərəkatlara zərbə olmasını diqqətə çatdırıb. ***ADP İDARƏ HEYƏTİNİN XALQA TƏBRİKİ ADP İdarə Heyəti 18 oktyabr dövlət müstəqilliyi günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikin tam mətni: ?18 oktyabr o taylı, bu taylı Azərbaycan xalqının tarixində ən möhtəşəm tarixi günlərdən biridir. Xalqımızın fəal dəstəyi və iştirakı ilə 20 il əvvəl, 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Parlamenti müstəqillik haqqında Konstitusiya aktını qəbul etməklə dünyanın siyasi tarixinə daha bir dövlətin ? Azərbaycan Respublikasının daxil olduğunu rəsmən bəyan etdi. Beləliklə Azərbaycan xalqı 20-ci yüz ildə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. 20 ildir ki, Azərbaycan dövlətinin bayrağı BMT-nin əsas binasının qarşısındakı meydanda, digər dünya dövlətlərinin bayraqları ilə yanaşı dalğalanır və dövlətimiz beynəlxalq aləmdə öz yerini tutmağa çalışır. Beləliklə də biz, Azərbaycan xalqının indiki nəsli olaraq babalarımızın böyük arzu və ümidlə qarşımıza qoyduqları müstəqil dövlət yaratmaq missiyasını şərəflə yerinə yetirməyi bacardıq və artıq ikinci on illikdir ki, bu dövləti yaşadırıq. Əziz xalqımız! Qardaşlar və bacılar! Sizi bu böyük tarixi gün münasibəti ilə təbrik edirik. Bu tarixi gündə müstəqillik uğrunda şəhid olanların mübarək ruhlarına Uca Allahdan rəhmət diləyir, bu yolda zəhməti keçən hər bir vətəndaşımızın və ümumilikdə xalqımızın qarşısında baş əyirik. Əziz vətəndaşlarımız! Təəssüflə qeyd edirik ki, müstəqilliyimizin 20-ci ilini də müqəddəs Qarabağ torpaqlarında suverenliyimizin bərpa olunmadığı, qardaş və bacılarımızın öz Vətənlərində köçkün halında yaşadığı şəraitdə qeyd etməyə məcburuq. Eyni zamanda bu illər ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının, qanunların aliliyinin və demokratiyanın bərqərar olmasına, beləliklə də hər bir vətəndaşımızın azad və xoşbəxt həyatına nail ola bilməməyimiz bizi üzür. Biz bilirik ki, Azərbaycanın mövcud idarəçilik sisteminin istiqlal təfəkküründən uzaq olması, xalqına və millətinə laqeyd yanaşması, ölkənin demokratik inkişafı deyil, hakimiyyətinin ömrünü daha çox uzatmaq strategiyası ilə fəaliyyət göstərməsi, ölkəmizdə əsas azadlıqların boğulması, seçkilərin saxtalaşdırılması, iqtisadi monopoliyanın, korrupsiyanın, polis rejiminin mövcudluğu və s. problemlər hər bir vətəndaşımızı incidir, sizi müstəqilliyə layiq olan dəyəri verməməyə sövq edir və dövlətimizin həm iqtisadi, həm də hüquqi baxımdan inkişafı uğrunda mübarizə aparmaqdan çəkindirir. Amma biz dünya xalqlarının təcrübəsindən onu da bilirik ki, dövlətin yaradılması ilə xalqların işi bitmir, əksinə müstəqillik əldə edən millətlərin nümayəndələri daha ayıq olmalı, daha ciddi mübarizə aparmalı və öz dövlətinin əsil sahibi olduğunu heç bir zaman unutmamalıdır. Əziz Azərbaycan xalqı! Bir daha sizi bu möhtəşəm bayram münasibəti ilə təbrik edir, sizə xoşbəxtlik, hamımıza xalqımızın ümumi mənafeləri uğrunda mübarizədə daha böyük dönməzlik və qətiyyət arzu edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA