"Azərbaycanda ciddi dəyizikliklər gözlənilir"

img

17-10-2011 [06:05]


[b]Pənah Hüseyn: "Söhbət təkcə "Ərəb baharı"ndan yox, artıq ümumdünya prosesindən gedirsə, bunun da ən zəif həlqəsi Azərbaycanda olacaq" [/b] Hakimiyyətin müxalifətə qarşı sərt mövqeyi davam edir. 2 aprel mitinqinə görə həbs olunan müxalifətçilərə verilən cəza da buna sübutdur. Ancaq müxalifətin hakimiyyətə qarşı mübarizəsi aktiv müstəviyə keçməyib. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən sabiq millət vəkili Pənah Hüseynlə söhbətə yeni məhkum olunan mitinq məhbuslarından başladıq. - Öncə onu deyim ki, bu, məhkəmə yox, siyasi repressiya aktıdır. Bu, müxalifətin mübarizəsinə qarşı təqib vasitəsi kimi istifadə olunan məhkəmə hökmü idi. Ona görə də bu, ədalətsiz, qanunsuz, əsassız və vicdansız qərardır. Mən də Arif Hacılının məhkəmə iclaslarında iştirak elədim. Baş verənlər rəzalət idi. Burda hansısa hüquqdan danışmaq belə yersizdir. Bunun təşkilatçıları da qəsdən belə məhkəməni nümayiş etdirdilər ki, söhbət hansısa əməldən yox, müxalifətə qarşı münasibətdən gedir. Amma məncə, burda yanlışlığa da yol verildi. Hər halda həmin məhkəmələr müxalifətin indiki şəraitdə siyasi mübarizəsinin bir etapı kimi baş tutdu. Bu baxımdan proses müxalifətin xeyrinə işlədi. - Bəs, müxalifət məhkəmənin bu ədalətsiz qərarına lazımi şəkildə etiraz edə bildimi? - Bu mərhələnin əsas qəhrəmanları siyasi məhbuslar - Arif bəy və digərləri idi. Məhkəmə prosesinin özü çox ciddi bir siyasi aksiya kimi baş tutdu. - Pənah bəy, İctimai Palata payızda kütləvi etiraz aksiyaları keçirəcəyi ilə bağlı qərar versə də, bu istiqamətdə real addımlar atılmır. Hansısa səbəb varmı? - Kütləvi aksiyaları davam etdirmək haqqında İctimai Palatanın qərarı var və bu qərar dəyişdirilməyib. Hazırda dinc, sistemli, ardıcıl və idarəolunan kütləvi aksiyaların keçirilməsi məsələsi müzakirə olunur. Aksiyaların konkret olaraq nə vaxt başlanacağını isə Koordinasiya Şurası müəyyənləşdirəcək. Hesab edirəm ki, bu barədə hər an konkret qərar verilə bilər. - Hazırda mitinq məsələsi İctimai Palatanın əsasını təşkil edən Müsavatla AXCP funksionerləri arasında narazılığa səbəb olub. Mustafa Hacıbəyli cəbhəçiləri hakimiyyətə işləməkdə suçlayır, onlar da əksinə cavab verirlər... - Müsavatın siyasətini onun başqanı ifadə edir, o da İctimai Palatanın üzvüdür. AXCP-nin də mövqeyini Əli Kərimli müəyyənləşdirir, o da İctimai Palatada təmsil olunur. İctimai Palatanın hər bir üzvü də hansı partiyaya mənsub olmasından asılı olmayaraq, öz fikrini söyləmək səlahiyyətinə malikdir. O baxımdan sizin narazılıq dediyiniz məsələni sadəcə, diskussiya kimi ifadə edərdim. Yəni, orda artıq partiya funksionerləri yox, İctimai Palatanın üzvləri mövqelərini ifadə edirlər. Digər tərəfdən, İctimai Palata partiyaların bloku deyil, bir vətəndaş hərəkatıdır. O baxımdan da yaranmış vəziyyətlə bağlı sizin ifadə və üslubunuzla razı deyiləm. Yəni, mitinqlə bağlı fikir ayırılıqlarına da tibii baxıram. - 2 aprel mitinqindən sonrakı aksiyalarda zəiflik hiss olundu. Daha sonra müxalifətin mitinqlərə ara verməsi hakimiyyət nümayəndələrinin əlinə şans verdi ki, "müxalifətin gücü göründü, 5-6 yüz adamı meydana çıxara bilmədi",- kimi fikirlər səsləndirməyə başladılar. Qarşı tərəfin bu fikirlərinin əsası varmı? - Bəli, 2 aprel mitinqində 10 minlərlə adam iştirak eləmədi, amma xeyli insan küçəyə çıxdı və öz etirazını çəkinmədən bildirdi. Siz hələ insaflı tərpəndiz, çünki Bakı şəhər prokurorluğu və polisinin yaydığı rəsmi məlumatlarda bildirilirdi ki, guya 60-70 nəfər adam iştirak edib. Amma mitinqə çıxdığı üçün təxminən 200-ə yaxın adam inzibati məsuliyyətə cəlb olunmuşdu. Bəli, Azərbaycanda on minlərlə insanın iştirak elədiyi kütləvi aksiya hələ ki olmadı. Amma belə bir aksiya istənilən an başlaya bilər. Çünki hazırda dünya dəyişikliklər dövrünə daxil olub. Azərbaycan da bu dəyişikliklərdən kənarda qala bilməz, yaxud qalmayacaq. Bu gün daxildə narazı vətəndaş toplumu var. Onlar indiki anti-demokratiyadan, qanunsuzluqdan, azadlıqların məhdudlaşdırılmasından əziyyət çəkirlər. Həmin qüvvələr mövcud duruma etiraz etmək istəyirlər. İctimai Palatanın və digər müxalifət qüvvələrinin də müəyyən anda bunun önündə dayanıb, situasiyanın başlanması istiqamətində addımlar ata bilər. Hesab edirəm, 2 aprel başlanğıc idi, kütləvi aksiyalar daha böyük dalğa ilə davam edəcək. Yəni, hər şeyi nə iqtidar, nə da müxalifət həll etmir. Xarici və daxili faktorların üst-üstə düşməsi səbəbindən hər şeyi əlahəzrət xalq həll edir. Məncə, bu situasiya dünyanı bürüyübsə, söhbət təkcə "Ərəb baharı"ndan yox, artıq ümumdünya prosesindən gedirsə, bunun da ən zəif həlqəsi Azərbaycanda olacaq. Mənə elə gəlir ki, yaxın bir ildə Azərbaycanda ciddi dəyişikliklər gözlənilir. - Son parlament seçkilərindən sonra müxalifət düşərgəsində birləşmə məsələləri gündəmə gəldi. İctimai Palata yaradıldı, amma bu da müxalifətin ümumi birliyi olmadı. Birlik barədə Sizin fikirləriniz nədir? - Cəmiyyətdə siyasi müxalifətin birliyi deyəndə İctimai Palata nəzərdə tutulur. Artıq ictimai rəy bunu qəbul edib. Hərçənd ki, İctimai Palata müxalifətdən ibarət deyil. Bilirsiniz ki, burada QHT-lər, seçkilərdə iştirak etmiş ayrı-ayrı namizədlər, bitərəflər, hətta bizə verilən məlumata görə YAP üzvüləri də var. Amma bir daha deyirəm, Azərbaycanın ictimai rəyində müxalifət deyəndə İctimai Palata ünvan kimi qəbul edilir. Əlbəttə, məhdud dairədə siz dediyiniz suallar yaranır. Arzuolunan odur ki, burada daha geniş qüvvələr təmsil olunsun. O cümlədən ayrı-ayrı partiyaları da təmsil edən şəxslərin burada iştirakı yaxşı olardı. Bu istiqamətdə də müəyyən məsləhətləşmələr gedir. Ortada müəyyən təkliflər, modellər də var. Mən də əlverişli mexanizm olaraq, İctimai Palatanın olduğu qənaətindəyəm. Şübhəsiz, müəyyən dəyişikliklər edilə bilər ki, siz dediyiniz qüvvələrin də bura gəlməsi istiqamətində irəliləyişlər olsun. Mənə elə gəlir ki, yaxın bir neçə ayda ictimai-siyasi fəallıq artıqdan sonra bu məsələ də həll olunacaq. - Kənarda qalan partiyalar bildirirlər ki, bizim təmsil olunmadığımız birlik müxalifətin ümumi birliyi sayıla bilməz... - İnsanların nəsə deməsinə qadağa qoyulmasının əleyhinəyəm. Düzü, mən belə fikirlə rastlaşmamışam. Amma Sərdar Cəlaloğlunun belə bir fikiri olub ki, Müsavatla-AXCP-nin olmadığı birlik ciddi qəbul oluna bilməz. Əgər siz deyən kimi fikir səslənibsə də, burada hər hansı bir problem görmürəm. Mən ictimai rəyə söykənməyin tərəfdarıyam, hələlik ictimai rəy də İctimai Palatanı qəbul edir. - Pənah bəy, parlamentdə təmsil olunan zaman büdcə müzakirələrində, hökumətin hesabatında araşdırmalarınızla, arqumentlə çıxış edirdiniz. 2012-ci ilin büdcə layihəsi açıqlanıb. Budəfəki layihə ilə bağlı hansısa fikriniz varmı? - Məsələ o qədər əndazəni aşıb ki, sözün doğrusu, normal iqtisadi təhlilə belə ehtiyac yoxdur. ?ormal cəmiyyətlərdə büdcə qanunu hansı funksiyanı yerinə yetirirsə, bizdə artıq bir neçə ildir ki, büdcənin bu funksiyası ortadan götürülüb. Çünki büdcənin təxminən yarısı transfer hesabına ?eft Fondundan yaranırsa, bu, artıq büdcə deyil. Eyni zamanda, burada qanunun tələblərinə də əməl olunmur. Bu baxımdan deyərdim ki, indi büdcə layihəsi tamamiylə formal maliyyə sənədi kimi hazırlanır. Onun müzakirəsi və qəbulu da simvolik mərasim xarakteri alıb. Ona görə də bu məsələlərə, bu sənədin necə yazılmasına, hansı rəqəmlərin olmasına çox ciddi yanaşmaq lazım deyil. - Maraqlı məqamlardan biri də odur ki, korrupsiya imkanları geniş olan yöl-keçid lahiyələrinin icrasına 2,7 milyard manat ayrılır, amma bərbad vəziyyətdə olan kənd təsərrüfatına 32 milyon manat... - (Tələsik) Bu məsələlər barədə o qədər danışılıb ki, artıq hamı məsələnin nədən ibarət olduğunu yaxşı bilir. Fərqi yoxdur ki, bu qədər vəsait metroya ayrıldı, yoxsa hansısa yol çəkilişinə. İstənilən infrastruktur layihələrində korrupsiya imkanları genişdir. Bilirsiniz ki, bizdə korrupsiyanın rəsmi qanunlarından da sərt bölüşdürmə normaları müəyyənləşib. İstər Müdafiə Nazirliyinə, istər Müdafiə Sənayesi Nazirliyinə, ya da hansısa digər quruma ayrılsın, fərqi yoxdur, orda normalar yuxarıdan qoyulduğu kimi gedir. Mən, nəqliyyat sektoruna bu qədər vəsaitin ayrılmasının əleyhinə deyiləm. Hesab edirəm ki, Azərbaycanda xeyli yollar var ki, onlar çəkilməlidir. Məsələ odur ki, milyonlarla büdcə vəsaitləri yol çəkilişi, körpü-keçid tikintisi adı ilə mənimsənilir, talan edilir, oğurlanır. Bizim əleyhinə olduğumuz da budur. Deyilənə görə, yol çəkilişlərinə ayrılan vəsaitlərin 35-40 faizi sərf olunur. Amma elə sahələr var ki, ayrılan pullar bütöv mənimsənilir. Mən milyonların talan edilməsinə qarşı çıxıram. Maraqlanmışdım, Türkiyədə bizdəki yol keçidlərini 100-150 min dollara tikirlər, amma bizdə əvvəl 2-3 milyondan danışırdılar, sonra layihələrə mühəndis qurğularının ötürülməsi və qurulması kimi saxta maddə əlavə edərək, layihənin dəyərini 4-5 dəfə artırdılar. Aqrar sahənin inkişafına gəlincə, mənimsəmələr ordada baş verir. Məsələn, şumlamaya görə yanacaq pulu, yaxud buğda əkilməsinə görə pul verirlər. Ancaq bu vəsaitlərin böyük hissəsi mənimsənilir, əkinçiyə çatmır. Ümumiyyətlə, deyəsən, Azərbaycanda aqrar sahənin "fatihə"sini veriblər. Bu günlərdə aqrar siyasəti aparanlar, o cümlədən Milli Məclisdə bu sahəyə baxanların bir televiziya müzakirəsini izlədim. QHT-lərdən Rövşən bəy də iştirak edirdi. Orda belə bir fikir səsləndi ki, aqrar sahə iflas olub, böhran həddinə çatıb. Yəni vəziyyət elədir ki, bunu pul ayırmaqla həll eləmək olmaz, ciddi tədbirlər həyata keçirmək lazımdır. - Deyirsiniz ki, ölkənin bütün sahələrində korrupsiya var... - (Sözümüzü kəsərək) Mən elə bir söz demədim. Sual verdin, mən də cavab verdim. - Ölkədə korrupsiya yoxdur ki... - Azərbaycanda formalaşmış korrupsiya sistemi mövcuddur. Hakimiyyət də bu korrupsiyanın ali orqanıdır. - Bir müddət öncə anti-korrupsiya tədbirləri başlamışdı, amma sonradan dayandı... - Ərəb inqilabları başladı və birdən yada düşdü ki, Gürcüstanda məişət korrupsiyanın ləğv olunması və guya elitar korrupsiyanın saxlanılması nəticə verdi. Bizim korrupsiya ideoloqları da bu variantı reallaşdırmaq istədilər. Amma bilmək lazımdır ki, məişət korrupsiyası olmayan yerdə elitar korrupsiya da uzun müddət davam edə bilməz. Əslində köklər kütləvi korrupsiyadadır. Hakimiyyət bunu aradan götürmək istədi, o da baş tutmadı. Arada eşidirik ki, hərbi komissarlıqdan kimlərsə həbs olunur, yaxud hansısa həkim tutulur. Əlbəttə ki, bunu korrupsiyaya qarşı mübarizə adlandırmaq olmaz. Bir ara vahiməli xəbər yayıldı ki, vəzifəli məmurların paket alan təbəqəsinin paketləri də kəsilib. Ancaq sonradan bu proses də bərpa olundu. Son dövrlər dünyanın böyük güclərinin bu və ya digər ölkələrə qarşı irəli sürdüyü tələblər arasında əsas iki amil var - insan hüquqları və terrorizm. Bilirsiniz ki, bunlara istinad edərək hətta silahlı müdaxilələr də olub. Hazırda bu siyahıya korrupsiya məsələsini də əlavə etmək istəyirlər. Yəni, korrupsiyanın kritik həddə çatdığı ölkələrə müdaxilələr gündəmə gələ bilər. Bu baxımdan, mümkündür ki, yeni dalğalar olsun. Artıq məlumatlar verilir ki, bu ilin axırı, gələn ilin əvvələrində yeni kampaniya başlayacaq. Bu mənada Azərbaycana qarşı da hansısa tədbirlər görülə bilər. Düzdür, görünüşdə guya korrupsiyaya qarşı mübarizə aparırlar. Amma ciddi danışsaq, əlbəttə ki, korrupsionerləri anti-korrupsiya kampaniyası real bir şey deyil. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA