Azərbaycan Bakıda almanlara 1:3 uduzdu

img

08-06-2011 [12:25]


Bu gün Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda növbəti oyununu keçirdi. Millimiz bu dəfə Almaniya ilə üz-üzə gəldi. FİFA referisi Mixail Koukoulakisin idarə etdiyi matç bizim üçün heç də yaxşı bitmədi. Halbuki oyunun əvvəlindən almanların istəksiz futbol nümayiş etdirəcəyini proqnozlaşdırmaq olardı. Bizimkilərin isə əksinə. Vüqar Nadirovun 9-cu dəqiqədə uzaqdan vurduğu topun qapı tirindən qayıtması ən azı belə deməyə əsas verirdi. Lakin qonaqlar bu proqnozları alt-üst etdi. Belə ki, yığmamızın müqaviməti cəmi 30 dəqiqə davam etdi. Məsut Özilin 30-cu dəqiqədə vurduğu zərbə dəqiq oldu. Bu qoldan sonra qonaqlar biraz sakitləşdi. Ancaq bu sakitlik çox davam etmədi. Belə ki, 41-ci dəqiqədə almanlar ikinci qolu vurdular. Bu dəfə Mario Qomes fərqləndi. Bu qollardan sonra tribunalarda əyləşən azarkeşlər Berti Foqtsu istefaya çağırdı. Maraqlı odur ki, hər iki qol Rail Məlikovun oynadığı sağ cinahdan vuruldu... İkinci hissədə futbolçularımız bir qədər fəallığı artırmağa səy göstərdilər. 53-cü dəqiqədə millimiz Almaniyanı əks-hücumda yaxaladı. Lakin futbolçularımız rəqib qapıçı ilə təkbətəkdən yararlana bilmədi. Nəhayət 65-ci dəqiqədə Vüqar Nadirov qol vurdu. Amma bu qol ofsayddan vurulduğu üçün hesaba alınmadı. 69-cu dəqiqədə almanlar üçüncü qola yaxın idilər. Ancaq bu, onlara nəsib olmadı. Künc zərbəsindən sonra bəxtimiz gətirdi. Oxşar hal 76-cı dəqiqədə təkrarlandı. Mesut Özil özünün ikinci, komandasının üçüncü qoluna imza ata bilərdi. Ancaq o, bir neçə metrdən topu qapıya vura bilmədi. Nəhayət 88-ci dəqiqədə azarkeşlərimiz sevindilər. Murad Hüseynov vurduğu qolla futbolsevərləri biraz da olsa, ümidləndirdi. Lakin hakimin əlavə etdiyi vaxtda almanlar yenə bizi məyus etdi. Bu dəfə Andre Şkürrle fərqləndi. Oyun elə 1:3 hesabı ilə bitdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA