ADP dağınıq mübarizə metodunu bəyənmir

img

18-04-2011 [05:09]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət və partiyanın cari həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, İctimai Palatanın 17 aprel mitinqinin nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu mitinqin Konstitusiyanın, sərbəst toplaşma haqqında qanunun tələblərinə və Azərbaycan xalqının ölkədə demokratik islahatların ləngimədən həyata keçirilməsi istəklərinə uyğun olaraq keçirildiyini diqqətə çatdırmaqla dinc aksiya iştirakçılarına, xüsusilə də qadınlara və azyaşlılara polis və naməlum mülki şəxslər tərəfindən aşırı güc tətbiq edilməsini, onlara işgəncələr verilməsini, qeyri qanuni həbsləri qətiyyətlə pisləyib və hakimiyyəti xalqın qanuni istəklərinə hörmətlə yanaşmağa, antikonstitusion hərəkətlərdən geri çəkilməyə, eyni zamanda dinc aksiya iştirakçılarına açıq formada, xəbərdarlıq edilmədən qatı zorakılıq göstərən polis əməkdaşlarını cəzalandırmağa və aksiya zamanı həbs edilən vətəndaşları dərhal azadlığa buraxmağa çağırıb. Siyasi mübarizədə və demokratik dəyişilmələrdə dinc siyasi aksiyaların və kütləvi tədbirlərin zəruriliyini bir daha xatırladan partiya yetkililəri müxalif siyasi qüvvələrin təmsil olunduğu daha geniş koalisiyada mitinqlər keçirilməsinin tərəfdarı olduğunu bildirib və bütün siyasi qüvvələri uğursuzluğa səbəb ola biləcək dağınıq mübarizə metodundan daha çox, hakimiyyətin zorakılığının qarşısını ala bilən və xalqın demokratiya uğrunda qələbəsini təmin edəcək mütəşəkkil siyasi mübarizəyə önəm verməyə çağırıb. Yaxın şərq ölkələrində baş verən inqilabi proseslərə münasibət bildirən İdarə Heyəti üzvləri ilk növbədə demokratiyanın daha böyük təhdid altında saxlandığı və hər gün demokratik dəyişilmələr uğrunda mübarizəyə qalxan yüzlərlə insanın məhv edildiyi Liviya hadisələrindən narahat olduğunu bildirib və beynəlxalq birliyi bu ölkədə demokratik, iqtisadi və humanitar fəlakətləri önləyən addımlar atmağa və diktaturaya qarşı mübarizədə xalqın tələblərinə cavab verən təsirli və qaçılmaz tədbirlər görməyə çağırıb. İdarə Heyəti Misir prezidenti H. Mübarək və onun övladlarının yaşadığı hazırkı acı taledən bütün diktator və avtoritar rejim başçılarının ibrət götürməsinin və öz xalqının demokratiya çağırışlarına zamanında reaksiya vermələrinin vacibliyini diqqətə çatdırıb və dünya ictimaiyyatını zülm və ədalətsizlik mənbəyi olan diktaturaya qarşı mübarizədə həmin ölkə xalqlarının yanında yer almağa çağırıb. Fil Dişi sahilləri ölkəsində seçkilərdə uduzmuş keçmiş prezidentin hakimiyyəti qanuna müvafiq şəkildə qalib gələn namizədə təhvil verməkdən imtina etməsi müqabilində beynəlxalq ictimaiyyətin yaxından dəstəyi ilə hakimiyyətin konstitusion ötürülməsi faktını alqışlayan İdarə heyəti üzvləri beynəlxalq ictimaiyyəti bu qəbildən olan bütün hadisələrdə də eyni qətiyyəti nümayiş etdirməyə çağırıb. Urmiya vilayətində Türkiyə, İran və Azərbaycan Xarici İşlər nazirlərinin birgə keçirdiyi görüşü təqdir edən toplantı iştirakçıları bu cür görüşlərin dostluq, qardaşlıq və regionda qarşılıqlı etimadın qorunması baxımından faydalı olduğunu bildirib və bu görüşdə hər üç nazirin öz xalqlarının demokratiya uğrunda mübarizə aparmasına bəraət verən müddəanın da yer aldığı bəyanatla çıxış etmələrini mühüm dəyərləndirib. Lakin bu bəyanatın mürəkkəbi qurumamış Azərbaycanda demokratik haqlar uğrunda dinc mübarizəyə qalxan insanlara qarşı şiddətli zorakılıq göstərilməsindən təəssüfləndiyini bildirən İdarə Heyəti üzvləri Azərbaycan hakimiyyətini ölkə və ondan kənarda verdiyi bəyanatların məsuliyyətini daşımağa, demokratiya və insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb. İdarə Heyəti rəsmi informasiya vasitələrində ADP-dən çıxmalar və regional təşkilatların özünü buraxması ilə bağlı yayılan faktlara münasibət bildirərkən bu faktların heç bir əsasının olmadığını bildirib, bunu hakimiyyətin ADP-yə qarşı aparmaq istədiyi qara piar kampaniyası kimi dəyərləndirib və bütün bunların əksinə olaraq bir çox rayonlarda icra hakimiyyəti nümayəndələrinin ADP-çi aktivlərə təzyiq edərək partiyadan çıxmaları ilə əlaqədar bəyanat vermələri tələbi qarşısında partiyanın monolitliyini qorunduğunu bəyan edib. İclasda həmçinin bir sıra təşkilati məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA